Müəllif: Natiq NAZİMOĞLU
Moldovada keçirilən prezident seçkisi və ölkənin Avropa İttifaqına üzvlüyü məsələsilə əlaqəli təşkil olunmuş referendum postsovet məkanında daha bir əlamətdar hadisə kimi yadda qalıb. Onun həm konkret ölkənin taleyinə, həm də qitənin geosiyasi simasına birbaşa aidiyyəti var. Səsvermənin nəticələri Avropa yolu tərəfdarlarının qalibiyyətini rəsmiləşdirsə də, bu qələbəni qeyd-şərtsiz və geri dönüşü olmayan zəfər saymaq çətindir.
İki turun nüansları
Oktyabrın 20-də prezident seçkisinin ilk turu ilə eyni vaxtda Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı referendum da keçirilib. Seçicilər Aİ-yə inteqrasiya kursunun Moldova Konstitusiyasının preambulasında yazılmasına, gələcəkdə ölkənin parlamentdəki çoxluğun dəstəyi ilə Aİ-nin əsas müqavilələrinə qoşulmasına səs verməli idilər.
İlk turda seçici fəallığı 51%-dən bir qədər artıq olub. Səsverməyə gəlmiş vətəndaşların 50,5%-i qoyulmuş suallara müsbət cavab verib, yəni Moldovanın Aİ üzvü olmasına «hə» deyiblər. 49,5% seçici isə bunun əleyhinə çıxıb. Demək, Avropaya inteqrasiya məsələsində Moldova ictimaiyyətində ciddi parçalanma var. Üstəlik, bu parçalanma özünü prezident seçkisində də göstərib.
Moldovaya 2020-ci ildən rəhbərlik edən hazırkı dövlət başçısı Mayya Sandunun dövründə ölkə Aİ-yə üzvlük üçün ərizə ilə müraciət edib və namizəd statusu qazanıb. Başqa sözlə, Sandu, həmçinin hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) qatı qərbpərəst xarici siyasət yürüdür. Bu, özünü rəsmi Kişineunun Rusiya-Ukrayna müharibəsinə münasibətində də göstərir: savaşın ilk günlərindən Sandu Moskvanı birmənalı şəkildə tənqid edir, Kiyevə dəstək verir.
Seçkidə Sandunun əsas rəqibi sabiq baş prokuror Aleksandr Stayanoqlo olub. O, yarışa müxalifətçi Moldova Respublikası Sosialistlər Partiyasının (MRSP) namizədi kimi qatılmışdı. Stoyanoqlo da Aİ-yə inteqrasiya tərəfdarıdır, hətta bunu «Moldovanın milli ideyası» adlandırır. Amma eyni zamanda o, Rusiya ilə sıx münasibətlərin olmasını da vacib sayır. Məhz bu məqama istinad edən qatı qərbpərəstlər seçki kampaniyasının gedişində onu «rusiyapərəst»likdə günahlandırırdılar.
Prezident seçkisinin ilk turunda Sandu 42,4, Stoyanoqlo isə 25,9% səs qazanıb. İkinci turda intriqa Stoyanoqlonun digər müxalifət partiyaları tərəfindən də dəstəklənə biləcəyində idi (prezidentlik uğrunda yarışa bu iki liderlə yanaşı, daha 9 namizəd qatılmışdı və onlardan dördü ilk turda 1%-dən də az səs toplamışdı). Odur ki, seçkinin nəticəsinə həlledici təsiri «Bizim partiya»nın lideri Renato Usatının tərəfdarlarının göstərəcəkləri gözlənilirdi. O, Moldovanın hər hansı inteqrasiya strukturunda təmsil olunmasının əleyhinədir.
Birinci turun yekunlarına görə Usatı 14% səslə üçüncü yeri tutmuşdu. Məhz bu üzdən Mayya Sandu ikinci tur ərəfəsində onun seçicilərinə müraciət edərək, onları «səyləri birləşdirməyə», ölkənin keçmiş rəhbərlərinin «hakimiyyətə qayıdışına» imkan verməməyə çağırmışdı. Lakin artıq 2016 və 2020-ci illərdə «həlledici rol» təcrübəsi qazanmış, prezidentlik yarışında müvafiq olaraq İqor Dodon (hazırda MRSP lideri) və Mayya Sandunun qələbəsinə kömək etmiş Usatı bu dəfə heç kimi dəstəkləmədiyini bildirmiş, tərəfdarlarını istəklərinə uyğun səs verməyə çağırmışdı.
Beləliklə, prezident seçkisinin noyabrın 3-də keçirilən ikinci turunun nəticəsi göstərib ki, Sandu qələbəni elə öz gücünə qazanıb. Bu turda seçici fəallığı 54% olub ki, bu da səsvermədə təxminən 1,6 milyon seçicinin iştirak etdiyi deməkdir. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ikinci turda Sandu 55,3, Stoyanoqlo isə 44,7% səs toplayıb. Qələbənin ardından çıxış edən Sandu «hamının prezidenti olacağını» deyib, bunun Stoyanoqloya səs vermiş vətəndaşlara da aid olduğunu bildirib.
Qələbə və məğlubiyyət amilləri
Mayya Sandunun qələbəsini şərtləndirən amillər arasında ekspertlər onun ilk turdan sonra dövlətin fəaliyyətinin ayrı-ayrı sahələrində iflası etiraf etməsini, həmçinin bu ilin sonunadək hökumətin tərkibində dəyişikliklərə gediləcəyi vədini önə çəkirlər. Onun mövqeyini laxladan amil, həqiqətən də, bir sıra dövlət qurumları rəhbərlərinin fəaliyyəti ilə bağlı idi. Moldovalıların əksəriyyəti korrupsiyanın yüksəlməsində, məhkəmə-hüquq sisteminin işində, sosial-iqtisadi siyasətin uğursuzluğunda müvafiq qurumları tənqid edirlər. Sonuncu məqam insanları xüsusilə qıcıqlandırır. Məsələ ondadır ki, qonşuluqdakı dağıdıcı müharibə fonunda Ukraynadan Moldovaya saysız-hesabsız qaçqın gəlib, belə bir vəziyyətdə kommunal xidmətlər, dərman və enerji daşıyıcılarının qiyməti xeyli artıb. Görünür, Sandu etirazçı elektoratın ən azı bir hissəsini mövcud hakimiyyətin reytinqinə mənfi təsir göstərən bu problemləri ən yaxın zamanda çözmək iqtidarında olduğuna inandıra bilib.
Moldovanların seçim qərarına PAS-a yaxın dairələrin «Stoyanoqlonun qaqauz olması, bu üzdən də ona səs verməyin məqsədəuyğun olmaması» haqda çağırışları da təsir göstərə bilər. Doğrudur, hakim partiyanın özü rəsmi olaraq belə ksenofob bəyanatlardan çəkinir. Lakin ictimaiyyətin və siyasi qüvvələrin bir hissəsinin daxilində bu fikirlərə rast gəlindiyindən, düşünmək olar ki, müxalifətçi namizədin etnik azlığı təmsil etməsi onun reytinqinə təsirsiz ötüşməyib.
Lakin Mayya Sandunun qələbəsini təmin edən əsas amil, əlbəttə ki, Moldovadakı qərbpərəst qüvvələrin səfərbər olmasıdır. Ölkənin geosiyasi taleyi ilə bağlı olan bu amil Sandu tərəfindən xüsusi qabardılırdı. O, məhz bu amilə istinad edərək, seçkinin Moldova üçün həyati əhəmiyyət daşıdığını deyirdi. Moldova Avro-Atlantik məkana inteqrasiya yolunu davam etdirəcək, yoxsa Rusiyanın nüfuz dairəsində qalacaq? Sandu hökuməti elektorat qarşısına məhz bu tezislə çıxmışdı. Görünən odur ki, bu, Avropaya inteqrasiya arzusunda olan moldovalılara münasibətdə keçərli olub və onlar sosial-iqtisadi vəziyyətlə bağlı bütün şübhələri kənara qoyaraq, «rusiyapərəst» Stoyanoqlonun əleyhinə gediblər.
Düşünmək olar ki, Moldova elektoratının qərbpərəst hissəsinə Gürcüstanda bir müddət əvvəl keçirilmiş seçkinin nəticəsi də təsir göstərib. Orada qəti olaraq qərbpərəst mövqedən çıxış etməyən, nəticədə, ABŞ və Aİ tərəfindən dəstəklənməyən qüvvələrin qələbəsi faktiki olaraq, Gürcüstanın Avropa yolunu bağlayıb. Demək, eyni təhlükə Moldovanı da gözləyə bilərdi. Hökumət məhz bunun qarşısını almaq üçün q
qərbpərəst elektoratın səfərbər edilməsi istiqamətindən əlindən gələni etmişdi. Moldova hökuməti bildirirdi ki, bu yolda əsas təhlükə Moskvada əyləşən oliqarx İlan Şorun «korrupsiyalaşmış şəbəkəsi»nin seçiciləri ələ almaq cəhdləri imiş. Qeyd edək ki, Şor Kişineunun Avropaya inteqrasiya kursunun əleyhdarlarındandır.
Hər halda, Moldovanın baş prokuroru İon Muntyanu Şorun qurduğu sxemin ifşa edildiyini bildirib. Onun sözlərinə görə, ifşa olunmuş şəbəkə maddi vəziyyəti çətin olan vətəndaşlara hökumət əleyhinə aksiyalara qatılmaları, «lazımlı namizəd»ə səs vermələri müqabilində ucuz qiymətə ərzaq, pul təklif edilmişdi.
Şor özü isə BBC-nin efirində Moldovanın avrasiyapərəst siyasi kurs yürütməsinə nail olmağa çalışan ayrı-ayrı siyasi kampaniyaları maliyyələşdirdiyini etiraf etsə də, kimlərinsə aksiyalar çıxması və ya seçkidə hansısa namizədə səs verməsi üçün heç zaman vəsait xərcləmədiyini bildirib. Oliqarx insanları ona qarşı siyasi təqiblər aparan Moldova hökumətinə inanmağa çağırıb. Amma Moldovada «Moskvanın əli» sayılan, 2023-cü ilin aprelində ölkənin bank sistemindən 1 milyard dolların çıxarılması ilə bağlı cinayət işi üzrə qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilmiş Şorun həmvətənlərini ikinci turda Sandunun əleyhinə səsverməyə çağırması faktı əks effekt verib. Son anadək tərəddüd edən bir çox seçicinin ikinci turda Sandunu məhz sevmədikləri oliqarxa, onun hökumətə qarşı apardığı təbliğata etiraz kimi dəstəklədikləri istisna deyil.
Qərbpərəst elektoratın Sandunun qələbəsini təmin edən səfərbərliyi kontekstində həlledici rolu Avropada yaşayan moldovalılar oynayıb. Bu, 2020-ci ildə, Mayya Sandunun ilk dəfə prezidentlik yarışına qatıldığı seçkidə də baş vermişdi. O zaman da xanım siyasətçinin qələbəsini məhz diaspor üzvlərinin səsi təmin etmişdi. Moldova diasporunun elektoral çəkisini göstərən amil səsverməyə qatılmış 1,5 milyondan artıq vətəndaşın 300 mindən çoxunun başqa dövlətlərin sakinləri olmasıdır. Bu, özünü prezident seçkisinin ilk turu ilə eyni vaxtda keçirilmiş referendumun nəticəsində də göstərib. Bəli, Kişinyovun Aİ-yə inteqrasiyası məsələsinin taleyini də Aİ ölkələrində keçirilmiş səsvermə müəyyənləşdirib.
Son səsvermədə Sandu önə, demək olar ki, son anda, Avropadakı məntəqələrdə səslərin sayılmasından sonra keçib. Bülletenlərin 90%-nin sayılmasından sonra Stoyanoqlo 50,81% səslə öndə olsa da, Avropadakı moldovalıların səsi sonda Sandunu qalib edib.
Dövlət başçısının əleyhdarları bildirirlər ki, Avropa ölkələrində yaşayan moldovalıların səs vermələri üçün bütün şəraiti yaradan hökumət Rusiyada onlar üçün cəmi 2 məntəqə açıbmış və onların hər ikisi Moskvada imiş. Halbuki Rusiyanın müxtəlif yerlərində ümumilikdə yarım milyonadək Moldova vətəndaşı yaşayır. Kremlin Moldovada keçirilmiş seçkinin nəticələrinə mənfi reaksiyası da buradan qaynaqlanıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moldovada təşkil olunmuş səsverməni «təmiz və demokratik adlandırmaq olmaz». O, fikrini Rusiyada yaşayan minlərlə Moldova vətəndaşına səs vermək imkanının yaradılmaması ilə əsaslandırıb, «Avropa ölkələrində yaşayan moldovalılar üçün isə hər şeyin əksinə olduğunu» deyib.
Bəli, xaricdə yaşayan moldovalıların səsini nəzərə alsaq, seçkinin qalibi daxildə 51,2% səs toplamış Stoyanoqlodur. Moldovada Sandunu 48,8% seçici dəstəkləyib. Əvəzində, xaricdə səs vermiş moldovalıların 82%-nin namizədi məhz Sandu olub. MRSP məhz bu rəqəmlərə əsasən «xaricdəki məntəqələrdə keçirilmiş səsvermənin nəticələrini tanımadığını» bəyan edib. O, «məhz bu səslər hesabına qalib gəlmiş» Mayya Sandunu «diasporun prezidenti» adlandırıb.
Maraqlıdır ki, «Bizim partiya» da eyni mövqedədir. «Sandu seçkini xaricdəki vətəndaşların səsi hesabına qazanıb. O, Moldovanın deyil, diasporun prezidentidir. Biz onu belə adlandıracağıq», - deyə seçkinin ikinci turundan sonra «Bizim partiya»nın lideri Renato Usatının müavini Dmitri Çubaşenko bildirib. Bu, Moldova ictimaiyyətinin parçalandığını bir daha təsdiqləyir.
Moldovanı nə gözləyir?
Yəqin ki, Moldovanın siyasi gələcəyinə aydınlıq gəlməsi prosesi davam edəcək və bu prosesdə növbəti mərhələ 2025-ci ilə təyin edilmiş parlament seçkisi olacaq. Parlamentdəki çoxluğu qoruyub saxlamağa çalışan hakim partiyanın növbəti hədəfi də məhz bu seçki olacaq. Çünki əks təqdirdə Mayya Sandunun onsuz da dayanıqlı olmayan mövqeyi daha da laxlaya bilər.
Müxalifətçi MRSP isə potensialını gücləndirmək niyyətindədir. O, parlament seçkisinə daha güclü qatılmağı hədəfləyir. Yəni sosialistlər Sandunun qələbəsini qəbul etməsələr də, nə etiraz aksiyalarına hazırlaşır, nə də seçkinin nəticələrini məhkəmədə mübahisələndirməyi düşünürlər. Aleksandr Stoyanoqlonun «nifrət və parçalanma»ya son qoyulacağına ümidini ifadə etməsi də bunu təsdiqləyir. «Ölkəmizin gələcəyində mənasız münaqişələrə yer yoxdur. Birlik, qarşılıqlı hörmət vacibdir. Enerjimizi o an üçün qoruyub saxlayaq və dinc, çiçəklənən Moldovanı birlikdə quraq», - deyə Stoyanoqlo bildirib.
Amma prezident seçkisindən sonra Stoyanoqlo ilə MRSP-nin yollarının ayrılacağı da istisna edilmir. O, seçki kampaniyasının gedişində heç bir partiyanın üzvü olmadığına dəfələrlə diqqət çəkib. Odur ki, indi, həm də MRSP lideri, eks-prezident İqor Dodonun liderlik iddialarından çəkilmədiyi şəraitdə Stoyanoqlo bəlkə də öz siyasi təşkilatını qurmaq qərarına gələcək.
Hər bir halda, ayrı-ayrı siyasətçilərin və siyasi qüvvələrin perspektivi Moldovanı hansı gələcəyin gözləməsi məsələsi fonunda o qədər də önəmli görünmür. Yaxın illər, yəqin ki, postsovet məkanının digər ölkələr kimi, Qərb-Rusiya qarşıdurmasının episentrində qalmış Moldovanın geosiyasi taleyinin müəyyənləşməsində həlledici olacaq. Dnestryanı bölgə və Qaqauziyada hadisələrin necə inkişaf edəcəyi də bu prosesin tərkib hissəsidir. Söhbət bu və ya digər dərəcədə Rusiyanın nəzarətində olan, Moldovanın suverenliyi və ərazi bütövlüyü üçün təhdid sayılan məsələlərdən gedir.
MƏSLƏHƏT GÖR: