24 Noyabr 2024

Bazar, 09:22

BİRİNCİLƏR

Azərbaycan mətbuatının baniləri hansı çətinliklərdən keçiblər?

Müəllif:

23.07.2013

Milli Mətbuat Gününün qeyd olunduğu tarix təsadüfən seçilməyib. 1875-ci ilin məhz 22 iyul tarixində Həsən bəy Zərdabi Azərbaycan dilində "Əkinçi" qəzetinin ilk nömrəsini dərc edib. Bu, Azərbaycan milli mətbuatı tarixinin başlanğıcıdır. Ondan bir müddət əvvəl daha bir qəzet - "Bakı vərəqəsi" də çıxırdı. Amma o, Azərbaycanın ilk çap mətbuatı ola bilmədi. Çünki müəyyən çətinliklər onun Azərbaycan dilində çap olunmasına macal vermədi. Milli mətbuatın yaradılması çox çətin şəraitdə baş verirdi. Amma bu iki "nəşr qaranquşu" öz əsas ictimai-tarixi missiyasını həyata keçirə bildi.

 

Öz ünvanına tənqidi çap edən redaktor

Moskva Universitetinin məzunu, Bakı Real Gimnaziyasının müəllimi Həsən bəy Məlikov (Zərdabi) 1873-cü ildə Bakı quberniyasının general-qubernatoru D.S.Staroselskiyə Azərbaycan dilində qəzetin təsisinə yardım etməsi xahişi ilə müraciət ünvanladı. Məsələyə müsbət yanaşan qubernator qəzetin senzoru olmağı da boynuna götürdü, hətta ona ad da təklif etdi - "Əkinçi". Həsən bəy doğma dildə qəzet nəşrinə azərbaycanlı əhalinin maarifləndirilməsi vasitəsi kimi baxırdı. Qəzet dərc etmək üçün böyük istək var. Amma bu istəyi necə reallaşdırmalı? "Pul yox, yazarlar yox, tipoqrafiya yox, şriftlər yox, oxucu sayı isə uzağı 100, 200. Dövlətdən icazə almaq da başağrısıdır", - deyə o, qəzetin nəşri ərəfəsində yazırdı.

Amma hər halda, 1875-ci ildə qəzetin dərcinə icazə alındı. Elə həmin il iyulun 22-də Azərbaycan qəzetinin ilk nömrəsi işıq üzü gördü. O, adını doğrultdu. "Əkinçi" kəndlilərin həyatına aid məqalələrə çox yer ayırır, əkinçilikdən, maldarlıqdan və s. bol-bol yazırdı. Elmi, tibbi bölmələr qəzetin dəyərini daha da artırırdı. Bir sözlə, bu, müsəlman əhalinin ciddi ehtiyac duyduğu nəşr idi.

Həsən bəy çox çətin şəraitdə işləməli oldu. O, qəzetin demək olar ki, hər nömrəsində tipoqrafiyanın natamamlığından, lazımi redaksiya ştatının olmamasından, düzücülərin, ən başlıcası isə maliyyə çatışmazlığından şikayətlənirdi. Şrift Konstantinopoldan götürülür, yazını isə az qala Həsən bəyin özü yığırdı. Hər halda, o, qəzetin nömrələrinin birində belə yazır. Lazımi sayda şrift olmadığından, bəzən lazımi söz başqası ilə əvəzlənir, bu isə dilin stilistikasına öz təsirini göstərirdi.

"Kaspi" qəzetinin 1913-cü ildə çap olunmuş buraxılışlarının birində Azərbaycan mətbuatının tarixinə dair yazılmış məqalədə deyilir: "Şəhər sakinləri, demək olar ki, onunla ("Əkinçi" qəzeti ilə - red.) maraqlanmırdılar. Qəzetin dərc olunduğu ikinci ildə ona abunə yazılmış 600 nəfərin üçdə ikisindən çoxu kəndlilər, kənd sakinləri idi. Qəribə idi ki, Zaqafqaziyada nəşr olunan qəzet Zaqafqaziya şəhərlərindən çox başqa şəhərlərdə populyar idi. Məsələn, "Əkinçi"nin Şuşada 3, Şamaxıda 3, Nuxada 3, Yelizavetpolda 1, Lənkəranda 1 abunəçisi var idi. Təəccüblü deyilmi? Üstəlik, bu 2-3 abunəçi qəzetin məzmununa təsir etmək iddiası ortaya qoyur, redaktora iradlar bildirir, bəzən isə hətta "həcv" (hər şeyin öz adı ilə deyildiyi həddindən artıq açıq yazılan pamflet) yazırdılar. Onlar yazdıqlarının qəzetdə çap olunmasını belə, tələb edirdilər!".

Qeyd etmək lazımdır ki, H.Zərdabi özünə ünvanlanmış, bəzən hətta təhqirlərin yer aldığı tənqidi məktubları belə, dərc edirdi. Şuşadan olan "Qadi" təxəllüslə bir şair Zərdabini kafir müsəlman sayır və növbəti həcvində yazırdı: "Sənə Həsən yox, Vartan və ya Qaspar adı yaraşır!". Eyni müəllif deyirdi: "Ay savadsız Həsən, sən öz məqsədinə çata bilmədin". Həsən bəy bu ədəbsizlikləri cavabsız qoyurdu.

Mövcud olduğu ilk günlərdən üzləşdiyi maliyyə çətinlikləri "Əkinçi"nin tezliklə qapanmasına səbəb oldu. Qəzetin 1877-ci ildə çıxan 20-ci sayında naşir redaktor yazır: "Xəstəliyimiz ucbatından bu il qəzetimizin son nömrələri vaxtında çıxmayacaq. Onların nə vaxt çapdan çıxacağı məlum deyil". 3 ildə "Əkinçi"nin ümumilikdə 56 sayı işıq üzü görüb. Amma bu onun Azərbaycan dilində dərc olunan ilk kütləvi qəzetə çevrilməsinə mane olmayıb.

 

İlk "həftəlik"

"Əkinçi"yədək Bakıda "Bakı vərəqəsi" qəzeti nəşr olunmuşdu. Yerli mətbuat tarixinin tədqiqatçıları son zamanlaradək 1871-1872-ci illərdə çıxmış bu qəzetlə tanış ola bilmirdilər. Məsələ ondadır ki, bu qəzetin nüsxələri milli arxivdə yoxdur. Lakin Azərbaycan Prezidenti Adminis- trasiyası İşlər İdarəsinin siyasi sənədlər arxivi şöbəsinin müdiri Lalə Hacıyeva Peterburqdakı Rusiya Milli Kitabxanasından bu qəzetin nümunələrini tapmağa nail olub. O, Peterburqa Bakıdan aparılıb.

"Bakı vərəqəsi"" qəzetinin təsisçisi və redaktoru Bakı Real Gimnaziyasının alman dili müəllimi Xristian Sink idi. Onun haqqında məlumat çox azdır. Lüteran inancı və alman dili müəllimi olması məlumdur, həmçinin adı və soyadı onun alman olduğunu göstərir. Onun Moskvada tacir adı daşıdığı, Bakıya gəlməsi ilə əlaqədar bu addan məhrum edildiyi də bilinir. Sink Bakı Real Gimnaziyasında müəllimlik etməyə Qafqaz tədris dairəsinin müdiri tərəfindən dəvət olunub. Bu məktəb onun ixtiyarında idi. Sinkin müdirə təqdim etdiyi sənədlər arasında Moskva Universitetinin şəhadətnaməsinin surəti və ona kiçik müəllim adının verildiyinə dair şəhadətnamə də var. Azərbaycanın Dövlət Arxivində 1868-ci il 9 sentyabr tarixli bir sənəd də var. O, X.Sinkin Bakıya Peterburqdan Bakı Real Gimnaziyasında müəllimlik etmək üçün göndərildiyini göstərir. Sink Bakıya sentyabrın 27-də gəlib. Ona ildə 700 rubl əməkhaqqı kəsilib. Sonradan Qafqaz Tədris Dairəsinin müdiri Sinkə müəllimliklə yanaşı, "gimnaziyanın pansionu yanında tərbiyəçinin köməkçisi (müavini - red.) səlahiyyətlərini icra etmək" icazəsi də verib.

Sinkin Bakı Real Gimnaziyasına gəlişindən bir il sonra, Həsən bəy Məlikov (Zərdabi) da bu tədris ocağında dərs deməyə başlayıb. Təəssüf ki, Sinklə Zərdabinin münasibətlərinə işıq salacaq mənbələr yoxdur. Yalnız Sinkin Zərdabiyə 1878-ci ildə Moskvadan yazdığı məktub istisnadır. Məktubdan bir hissəni N.Axundovun "Sənədlərin dili ilə" kitabında (1980, Azərb. dilində) oxumaq mümkündür. Sink yazır: "Sizin son fəaliyyətinizi diqqətlə izləyir və qəhrəmancasına apardığınız mübarizəni alqışlayardım. Təslim olduğunuzu bildikdə çox məyus oldum. Amma yenə də mənim təsəvvürümdə layiqli qəhrəman kimi qalacaqsınız. Biz sizinlə gücümüz daxilində nəsə edə bildik. Silahı hələ də əldən verməmişik. Doğrudanmı, bununla kifayətlənəcəyik?.. Xeyr, əziz Məlikov".

Bu bir neçə cümlədən də görünür ki, Məlikov və Sink bir çox məsələlərdə eyni düşüncəyə malik olublar, bir-birlərinə qarşılıqlı hörmət bəsləyiblər. Bəlkə də "Bakı vərəqəsi" qəzetinin nəşrinə dair icazə üçün müraciət edərkən, o, məhz Zərdabiyə ümid edərək yazırdı ki, qəzetin bir hissəsi tatar (Azərbaycan - red.) dilində nəşr olunacaq. O, ərizəni Bakının general-qubernatoru Kolyubyakinə 1870-ci il fevralın 25-də təqdim edib. Artıq iki gün sonra Kolyubyakin sənədi Bakı Real Gimnaziyasının direktoruna ünvanlayıb və ondan Sinkin niyyətinə münasibət bildirməsini istəyib. Gimnaziya direktorunun məsələyə münasibəti müsbət olub. Nəticədə general-qubernator Qafqaz Canişin Baş İdarəsinin rəisinə "Bakı vərəqəsi"" qəzetinin dərcinə icazə verilməsinə dair ərizə ilə müraciət edib. Bununla yanaşı o, Sinkin "qəzetin möhkəmlənməsi üçün maddi yardım" istəyini rədd edib, hətta qəzetin səhifələrində rəsmi məlumatların yerləşdirilməsinə görə ödəniş etmək imkanından məhrum olduğunu bildirib.

Qafqaz bölgəsi administrasiyasından Sinkin ərizəsinə cavab özünü çox gözlətməyib. 1870-ci il dekabrın 3-də Canişin Baş İdarəsinin rəisi tədris dairəsinin müdirinə həftəlik "Bakı vərəqəsi" qəzetinin dərcinə razı olduğunu çatdırıb. Bu icazə Kolyubyakinin də nəzərinə çatdırılıb. General-qubernatora tabeliyində olan məmurlardan qəzetə senzor müəyyənləşdirməsi, eyni zamanda, yerli işçilər arasından rus dilindən Azərbaycan dilinə tərcüməçi seçilməsi həvalə olunub. Nəticədə, general-qubernatorun dəftərxanasına rəhbərlik edən Kitayev qəzetin senzoru təyin olunub. Sinkə isə qəzetin işıq üzü görmüş nüsxəsinin dərhal Qafqaz senzura komitəsinə göndərilməsi, həmçinin 3 nüsxənin Bakı və Tiflis ictimai kitabxanasına verilməsi tapşırılıb.

 

Erməni tipoqrafiyasının hiyləsi

"Bakı vərəqəsi" qəzetinin ilk sayı 1871-ci il martın 6-da işıq üzü görüb. Qəzet erməni insanpərvərlər cəmiyyətinin tipoqrafiyasında nəşr olunurdu. Amma qəzetin redaktoru ilə tipoqrafiya rəhbəri arasında münasibətlər əməkdaşlığın ilk günündən normal alınmamışdı. Qəzetin ilk nömrəsindəcə "Redaksiyadan" başlığı altında yazılıb: "Bizim insanpərvərlər cəmiyyətinin tipoqrafiyası ilə vaxtında əldə etdiyimiz razılaşmaya baxmayaraq, sonuncu hələ də üzərinə götürdüyü öhdəliklərə tam əməl etmək üçün lazımi vasitələrə malik deyil; qəzetimizin tatar şöbəsinə gəlincə, adıçəkilən tipoqrafiya onun nəşrinin aprelədək təxirə salınmasını istəyib. Nəticədə biz abunəçilərimizdən müəyyən müddətə tipoqrafik çatışmazlıqlara iltifatlı yanaşmalarını xahiş etmək məcburiyyətindəyik. Tipoqrafiyanın özünə, eyni zamanda kütlə qarşısında bizə haqq qazandıracaq tədbirlər görəcəyinə ümid edirik".

Amma bu ümidlər doğrulmayıb. Qəzetin mövcud olduğu iki il ərzində orada Azərbaycan dilində materiallara rast gəlinməyib. Lakin 1872-ci il mayın 13-də işıq üzü görmüş 20-ci sayında "Bakı vərəqəsi"ndə Zaqafqaziya bölgəsinin şeyxülislamının Bakıya gözlənilən səfəri və islamdakı sünni-şiə məzhəbləri haqda yazının fars dilində tərcüməsinə rast gəlinir.

1871-ci ilin iyulunda erməni insanpərvərlər cəmiyyətinin tipoqrafiyası, ümumiyyətlə, qəzeti dərc etməkdən boyun qaçırıb. Nəticədə, qəzetin növbəti nömrəsi düz 6 ay sonra çıxıb. Redaksiya bunu belə izah edirdi: "Redaksiya özünü abunəçilərinə qəzetin çapının, təxminən, yarım il dayanmasının səbəblərini izah etməyə borclu bilir. Qəzet erməni insanpərvərlər cəmiyyətinin tipoqrafiyasında çap olunurdu. Oxucularımıza bu işin hansı ciddi çatışmazlıqlarla, diqqətsizliklə görüldüyü yaxşı məlumdur. Nəticədə, redaksiya məhkəməyə müraciət edərək, tipoqrafiya ilə mövcud razılaşma əsasında günahkarların cəzalandırılmasını tələb etməyi lazım bildi; nəticədə, tipoqrafiya ümumiyyətlə, qəzeti nəşr etməkdən boyun qaçırdı və redaksiya başqa tipoqrafiyalarda nəşr olunmaq hüququ əldə etmək üçün məhkəmədən müqavilənin ləğvini istədi. Bu il dekabrın 23-də (1871-ci il - red.) Bakı Dairə Məhkəməsi redaktora cərimə ödənilməsinə və müqavilənin qüvvədən düşməsinə dair qərar qəbul etdi. "Bakı vərəqəsi"nin nəşrini yarım il müddətinə dayandırmasının tarixini bir neçə sözlə belə ifadə etmək olar:

 

Qərəzsizlik, cəsarət, dürüstlük

1872-ci ildən başlayaraq, "Bakı vərəqəsi" Minasov tipoqrafiyasında nəşr olunmağa başlayıb. İki il ərzində qəzetin 40 sayı işıq üzü görüb - 1871-ci ildə 17, 1872-ci ildə isə 23. Real olaraq qəzet yalnız 9 ay ərzində nəşr olunub. Lakin bu qədər qısa zaman kəsiyində belə, o özünü qərəzsiz, cəsarətli, dürüst çap orqanı kimi göstərə bilib. Məsələn, "Bakı vərəqəsi" Bakıda şkiper məktəbinin açılması üçün fəal təbliğat aparıb. Rıbinsk şəhərində fəaliyyət göstərən belə məktəb haqda oxucuya məlumat verən qəzet yazırdı: "Çayın sahilində olan Rıbinsk şəhərində şkiperlərə önəm verilirsə, coşqun Xəzər dənizi sahilində şkiperlərin vacibliyi həqiqətənmi şübhə doğurur?".

Müəllif nəinki Bakıda naviqasiya məktəbinin açılmasının vacibliyini yazır, həm də onun reallaşdırılması üçün yollar da göstərirdi.

Qəzet yerli icra orqanlarını tənqid etməkdən də çəkinmirdi. Məsələn, onun martın 18-də işıq üzü görmüş 12-ci sayında yazılırdı: "Niyə polis bazarda bu işə şəhər deputatlarını dəvət etmədən qiyməti müəyyənləşdirir? Üstəlik bu, şəhərdə bahalaşmanın sonunun görünmədiyi indiki təhlükəli bir vaxtda baş verir... Polis həyata keçirdiyi hərracları nədən açıqlamır? Bu günlərdə mərhum konsul Pavlovun əşyaları satılıb və bu haqda çox insan satışdan sonra təsadüfən xəbər tutub". Bu cür neqativ hallarla bağlı məqalələr qəzetin hər sayında getdikcə artırdı. "Bakı vərəqəsi"ni ən çox hiddətləndirən Bakı Xeyriyyə Cəmiyyətinin fəaliyyəti haqda ictimaiyyətə məlumat verməməsi idi.

Qəzet geniş maarifləndirmə işi də aparırdı. Məsələn, onun 1871-ci ildə işıq üzü görmüş 4-cü sayında Nazirlər Sovetinin imperatorun iştirakı ilə baş tutmuş iclasından yazılırdı. İclasda qadınların dövlət qulluğuna buraxılması məsələsi müzakirə edilmişdi. Qəzet qadınların qəbul edilə biləcəkləri işlərin siyahısını dərc etmişdi. Elə həmin nömrənin digər bir sayında Dərbənd Qızlar Məktəbi haqda tərifli məqalə yer almışdı. Həmin vaxt məktəbdə 15 müsəlman, 5 rus qız təhsil alırdı. "Bakı vərəqəsi" bu cür məqalələri dərc etməklə cəmiyyətə düzgün inkişaf yolu göstərirdi. Bu cür misalları çox çəkmək olar.

Bununla yanaşı, qəzet yerli xəbərlərlə, yerli problemlərin göstərilməsi ilə kifayətlənmirdi. Vaxtaşırı onun səhifələrində Rusiyanın müxtəlif şəhərlərində və vilayətlərində baş verən vacib hadisələr haqda da yazılırdı. "Bakı vərəqəsi" imperiyadan kənarda baş verənlərə də diqqət yetirirdi. Qəzetin səhifələrində müntəzəm şəkildə Fransada baş vermiş inqilab, Avstriyanın xarici siyasəti, İrandakı vəziyyət haqda xəbərlər yer alırdı.

Qəzetin sonuncu - 40-cı sayı 1872-ci il iyunun 3-də çap olunub. Orada qəzetin nəşrinin dayanmasına səbəb ola biləcək çətinliklərlə bağlı heç bir fikrə rast gəlinmir. Amma "Bakı vərəqəsi" bu nömrədən sonra çapını dayandırdı.

Azərbaycanda, daha doğrusu, Bakı quberniyasında ilk qəzetlərin nəşri uğursuz alınıb. Onlar cəmi 2-3 il yaşaya biliblər. "Əkinçi" və "Bakı vərəqəsi"ini uzun müddət çap oluna bilməməsinin əsas səbəbi çox sadə idi - maliyyə çətinlikləri. Kütlənin içərisinə ayaq açmaq, populyarlıq qazanmaq üçün istənilən qəzetə müəyyən zaman və maliyyə lazımdır. Lakin ilk yerli qəzetlərin dərc olunduğu XIX əsrin sonunda Bakıda xalqın maarifləndirilməsinin vacibliyini anlayan, bu xeyirxah işə maliyyə ayırmağa hazır olan milli burjuaziya formalaşmamışdı. Bu dövrdə milli ziyalılar təbəqəsi o qədər də inkişaf etməmişdi. Bakı quberniyasında "qəzet bumu"nun XX əsrin əvvəllərində yaşanması heç də təsadüf deyil. Həmin dövrdə quberniyanın işgüzar dairələrindən olan yerli şəxslər hərəkətə keçmiş, Azərbaycan ziyalılarının parlaq nümayəndələri meydana çıxmışdılar. Amma bu, Həsən bəy Zərdabi ilə Kristian Sinkin zəhmətini azaltmır. Onlar çətin dövrdə bu yola ilk çıxan oldular və Bakıda ilk qəzetin nəşrini öz üzərlərinə götürdülər.



MƏSLƏHƏT GÖR:

635