24 Noyabr 2024

Bazar, 10:08

HAMIYA, HƏR YERDƏ VƏ HƏR ZAMAN

Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunması üçün baza hazırlanır

Müəllif:

30.07.2013

Azərbaycanda icbari tibbi sığorta (İTS) sisteminin tətbiq olunmasının zəruriliyi haqda "R+" jurnalı çoxdan yazmaq niyyətində idi. Lakin "bağıran" informasiya bəhanəsi, kaş ki, olmayaydı, 2 yaşlı İmran Cəfərzadə ilə Nabran Holiday Village istirahət mərkəzində baş verənlər oldu.  Uşağın başına gələn faciə heç kimi biganə qoymadı: insanlar dərhal köməyə çağırıldılar - onun Almaniyada müalicə olunması üçün 11 min manat yığılmışdı. Baş vermiş olaydan xəbər tutaraq, Azərbaycan Prezidenti məsələni şəxsi nəzarətinə götürüb. Yəni uşağın sağlamlığının bərpa olunması üzrə bütün xərcləri ölkə başçısının qərarı ilə hökumət öz üzərinə götürdü. 

Hamıya, həmçinin telejurnalistlər Hacı Nuran və Gülər Məmmədova ilə bağlı hadisələr məlumdur. Onların dostları və həmkarlarının sosial şəbəkələrdə müraciətlərinə çoxları hay verdi, xeyriyyə aksiyaları keçirildi və tezliklə lazımi məbləğ toplandı. Di- gər jurnalist Nicat Dağlar ilə baş verən məsələni isə yenidən dövlət başçısı nəzarətinə götürdü.  

Sağ qalmaq üçün maliyyə yardımı bu gün hamıya lazımdır. Sosial şəbəkələr tam mənası ilə  ölkədə və ya xaricdə bahalı müalicə lazım olması barədə məlumatlarla doludur. Lakin hamıya yardım etmək sadəcə olaraq real deyil. Ölkədə təsdiq olunmuş İTS sistemi qüvvəyə minsə, nə qədər həyat xilas etmək olardı.

 

Azərbaycanda  sığorta

Sığorta təbabəti vasitəsilə səhiyyəyə ayrılan resursların həcmini artırmaq mümkündür ki, bu da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün zəruri iqtisadi zəminin yaradılmasına imkan verəcək. Azərbaycanda bunun üçün zəruri baza yaradılıb - "Tibbi sığorta haqqında" qanun ölkədə hələ 1999-cu ildə qəbul olunub. Lakin onun həyata keçirilməsini büdcədə resursların defisiti imkan vermirdi. Aydındır ki, hazırda bu istiqamətdə böyük işlərin görülməsi vacibdir, belə ki, bu sistemi bir anda tətbiq etmək sadəcə mümkün deyil.

Səhiyyə Nazirliyində hesab edirlər ki, İTS-in tətbiqi işçilərin əməkhaqlarından tutulmasıyla  başlayaraq tibbi müəssisələrin akkreditasiya olunmasına qədər müxtəlif məsələləri əhatə edən çoxtərəfli prosesdir.

Səhiyyə nazirinin müavini Elsevər Ağayevin sözlərinə görə, Nazirlər Kabinetinin bununla bağlı qərarı bütün məsələlər həllini tapdıqdan sonra qəbul oluna bilər. "Hərçənd Azərbaycanda "Tibbi sığorta haqqında" qanun  1999-cu ildə qəbul olunub, icbari tibbi sığorta bu vaxta qədər tətbiq olunmur. Qanuna əsasən, tibbi sığortanın icbari forması dövlət sosial sığortasının tərkib hissəsidir və əhalini tibbi və dərman yardımı ilə təmin edir", - deyə o, qeyd edib.

Artıq bugünkü gündə məlumdur ki, Azərbaycan İTS-in maliyyələşməsinin üç mənbəyini nəzərdən keçirir. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun da bildirdiyi kimi, İTS sistemi üzrə hazırlanmış  layihə ölkənin hər bir vətəndaşının minimum tibbi xidmət paketindən istifadə etmək imkanının olmasına yönəlib. Düzdür, hələlik bu məhsulun inkişaf mexanizmini məmurlar tam açıqlamırlar, lakin tibbi sığortanın aktiv sisteminin tətbiqi hökumətin yaxın planlarına daxildir.

"Artıq gündəlik həyatda icbari tibbi sığortanın aktiv şəkildə  tətbiq olunmasının vaxtı çatıb, belə ki, son illər reallaşdırılan sosial-iqtisadi siyasət nəticəsində səhiyyənin infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşıb", - deyə forum çərçivəsində ölkənin maliyyə naziri Samir Şərifov qeyd edib.

 

Hələlik ancaq könüllü

Bununla bağlı, Azərbaycanda sığorta biznesinin nümayəndələri nə düşünürlər? "R+"la söhbəti zamanı ölkədəki aparıcı sığorta şirkətlərindən birinin sədrinin müavini Rafail Çəndirli qeyd edib ki, hazırda səhiyyə sistemində maddi-texniki bazanın gücləndirilməsi üzrə fasiləsiz iş gedir. Bu isə "İcbari tibbi sığorta haqqında" qanunun tətbiq olunma planının ayrılmaz hissəsidir. Tibb müəssisələrinin təmiri, yenilərinin tikintisi, onların avadanlıq və aparıcı texnika ilə təchiz olunması, tibbi heyətin hazırlanması - bütün bunlar ümumilikdə uğurlu tibbi sığorta üçün zəmindir. 

"Nəzərə alsaq ki, bizim səhiyyə sistemimiz hələ ki, sovet sisteminin qalıqlarını saxlayır, xüsusilə İTS-in artıq qüvvəyə mindiyi keçmiş sovet dövlətlərinin təcrübəsi ehmalca öyrənilir", - deyə bizim ekspert bildirib.

Onun sözlərinə görə, tibbi sığortadan birmənalı fayda yoxdur. Ailə büdcəsinin düzgün bölünməsi və illik xərclərin hesablanması zamanı xüsusi çətinlik olmadan özünüz və ailənizin sığortalanması üçün kənara pul qoya bilərsiniz. Sual yaranır, vətəndaşa bu lazımdırmı? "Sözsüz ki, hə. Adi misalda bunu bu şəkildə yazmaq olar. Ailə başçısı ailəsinin illik gəliri haqda məlumatlıdır. O, pulunun nə qədər hissəsinin qidaya, nə qədərinin geyimə, nə qədərinin digər zəruri ehtiyacların ödənilməsinə getdiyini və əlində nə qədərinin qaldığını bilir. Necə deyərlər, bədbəxt hadisədən heç kim sığortalanmayıb. Bədbəxt hadisə baş verən zaman ailə büdcəsinə ziyan vurmadan və ailə gəlirinin əsas vəsaitlərini istifadə etmədən sığorta polisindən yararlanaraq, xərclərin böyük hissəsini ödəmək olar. Bu, borca düşməkdən və borc quyusunda olmaqdan daha yaxşıdır", - deyə sığortaçı qeyd edir.

Ölkənin digər aparıcı sığorta şirkətinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Mehriban Atakişiyeva "R+"la söhbəti zamanı qeyd edib ki, Azərbaycanda keyfiyyətli müasir tibbi yardım və xidmətin göstərilməsi üçün bütün şərtlər var, deməli, icbari tibbi sığorta artıq indi reallaşdırıla bilər. Onun fikrincə, yeganə problem sığortalanmanın nisbətən zəif inkişaf etmiş mədəniyyəti, əhalinin sığortanın özü və onun müsbət tərəfləri haqda az məlumatlı olmalarıdır. ""Hamıya, hər yerdə və hər zaman sığorta" ifadəsini mən şüar edərdim. Axı, öz-özlüyündə sığortalanma nəinki tibbi xarakterli, həm də tibbi xidmət təqdim edən olduqca çevik, rahat operativ sistemdir. Vətəndaş az vaxt sərf edərək ona münasib olan vaxtda yüksək keyfiyyətli sığorta xidməti ala bilər. Bunun üçün nə uzun növbələrdə durmaq və nə də qızıl vaxtını və əsəblərini itirmək lazımdır. Hər şeyi onun əvəzinə edəcək sığorta agentinə zəng etmək kifayət edir: "tibbi xidmətin göstərilməsi üçün vaxtı da, tarixi də sığorta şirkətinin nümayəndəsi müəyyənləşdirir.

 

Bu necə işləyir?

DünyadaənqədimtibbisığortasistemiAlmaniyadadır. Hələ 1883-cü ildə kayzer I Vilhelm və reyxkansler Otto fon Bismarkın hakimiyyəti dövründə hər bir işçinin əməkhaqqının yarı hissəsini xəstəxana kassası adlanan yerə vermək haqda qanun qəbul edilmişdi. Bu, sığorta məbləğinin üçdə iki hissəsini təşkil edirdi, daha üçdə bir hissəsini isə iş verən ödəyirdi. Bu sistem Almaniyada hələ də mövcuddur, lakin əlbəttə ki, o, mürəkkəbləşib və təkmilləşdirilib. Xəstəxana kassası - fəaliyyəti dövlət tərəfindən ciddi nəzarət olunan qeyri-kommersiya sığorta fondudur. İcbari tibbi sığorta Almaniya vətəndaşlarının 90%-ni əhatə edib, 8%-in özəl sığortası var, 2% yoxsul təbəqə üçün isə ödənişi dövlət edir.

Demək olar ki, Fransada da eyni vəziyyətdir, sadəcə xəstəxana kassalarının əvəzinə orada iri sığorta fondları fəaliyyət göstərir. Bu sığorta üsulu Avstriya, Belçika, Niderland, İsveçrə və bir çox Şərqi Avropa ölkələrində işləyir. Onun mühümlüyü dövlətin əsas yükü iş verənlərin (işçinin maaşının 50-60%) üzərinə qoyaraq, dövlətin səhiyyəyə nisbətən az xərcləməsindən ibarətdir. Vətəndaşlar özləri az ödəyirlər: Fransada maaşın 50-60%-i, İtaliyada - 13%-i, Niderlandda - 9%-i, Yaponiyada - 7%-i. Belə çıxır ki, zənginlər yoxsullar, sağlamlar xəstələr üçün, işləyənlər isə pensiyaçılar üçün ödəyirlər. Hər bir kəsə gəlirindən asılı olmayaraq, tibbi xidmətin bərabər səviyyəsinin təmin olunması sayəsində ictimai həmrəylik prinsipi işləyir. Digər büdcədən ibarət olan model Böyük Britaniya, İsveç, Danimarka və Şimali Avropanın bir sıra ölkələrində fəaliyyət göstərir. Orada tibbi müəssisələrin (Norveçdə 100%-i) böyük əksəriyyəti dövlətə məxsusdur və tibbi xidmətlər büdcədən ödənilir. Büdcədən pulu kömək üçün müraciət edən pasiyentlərin sayına uyğun olaraq həkimlər və tibb müəssisələri üzrə bölünür, yəni xəstəxanalara yardım etdiyi üçün bütün xərclər məqsədyönlü paylanır. Bundan başqa, bəzi hallarda dövlət pulları pasiyentlərə (həmin rayonda dövlət xəstəxanasında olmayan avadanlıqla təhciz olunmuş ixtisaslaşmış klinikalar) xidmət edilməsi üçün müvafiq müqavilələr imzalanan özəl klinikalara gedir.

ABŞ da demək olar ki, bütün tibb özəlləşdirilib, bununla yanaşı, iri sığorta fondları mövcuddur və əhalinin 80%-nin şəxsi sığortası var. Əgər beləsi yoxdursa, müalicə böyük hesaba çevrilə bilər.

ÜST-ün tədqiqatlarına əsasən, tibbi sığorta sistemi ümumi tibbi xidmətə malik olmaq üçün istifadə olunmamış potensiala malikdir. Onlar sağlamlığın yaxşılaşmasına yardım edir, belə ki, tibbi sığortası olan insanlar böyük ehtimalla sığortası olmayanlarla müqayisədə istər stasionar, istərsə də ambulator tibbi xidmətdən istifadə edirlər. Lakin bu gün orta və aşağı gəlir səviyyəsi olan bir çox ölkələr maksimum həcmdə bu sxemlərdən istifadə etmirlər. 2011-ci ildə ÜST-ə üzv olan 193 dövlət tibbi xidmətə ümumi girişi təmin etmək məqsədilə səhiyyənin maliyyələşmə sistemində islahatlar aparmağa hazır olduqlarını bildiriblər. Lakin heç də hər yerdə tərəqqi müşahidə olunmur. ÜST üzv dövlətlərin tibbi xidmətlərə ümumi girişin təmin olunmasına yönəlmiş səylərinin dəstəklənməsi üçün onlarla işləyir. Sözsüz ki, Azərbaycanda İTS-in tətbiq olunması yolunda çətinliklər çoxdur, onların hər biri də təxirəsalınmaz həllini gözləyir. Sevindiricidir ki, ölkədə artıq bu istiqamətdə işlər aparılır, onların yekun nəticələrinin necə olacağını zaman göstərəcək...


MƏSLƏHƏT GÖR:

679