28 Noyabr 2024

Cümə axşamı, 02:48

ANA DİLİ

Azərbaycan dilinin həm xaricdə, həm də ölkə daxilində populyarlaşdırılmasına ehtiyac var

Müəllif:

06.08.2013

Dil hər bir xalqın milli mahiyyətini müəyyən edən vacib faktorlardan biridir. O, bütün tarixi dövrlərdə xalqla bir yerdə olur, onun taleyini bölüşür, onun problemlərilə üzləşir, milli özünüdərkinin və ləyaqətinin qorunub saxlanmasına kömək edir, gələcəyə inamı möhkəmləndirir. Azərbaycan xalqı üçün ana dili Azərbaycan dilidir.

Bu gün dövlət Azərbaycan dilinin mükəmməlləşdirilməsi, qorunması və təbliğatına böyük diqqət ayırır. 2002-ci ildə Azərbaycanda dil haqqında qanun qəbul olunub, bu yaxınlarda isə bu qanun bir qədər də mükəmməlləşdirilib.  Dil haqda son rəsmi sənədlərdən biri "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq olunmasına dair Prezidentin 9 aprel 2013-cü il tarixli Sərəncamıdır. Bu proqram sözügedən istiqamətdə 2013-2020-ci illər ərzində lazımi tədbirlərin görülməsini nəzərdə tutur.

Sovet illərində dünyanın iki-üç ölkəsində dil mərkəzləri fəaliyyət göstərirdi. Onlar üzərilərinə qoyulan funksiyanın öhdəsindən gəlirdi,  düzdür, o vaxt, rus dili üçün. Bu, tamamilə normal haldır və bununla, dünyanın bütün ölkələri məşğul olublar və olurlar. 90-cı illərdə bu ənənə unuduldu. Xoşbəxtlikdən, 2000-ci illərdə ənənə yavaş-yavaş bərpa olunmağa başladı və indi artıq milli səviyyəyə qaldırılıb. Məhz bu illər ərzində yaxın və uzaq xaricdə Azərbaycan dili və mədəniyyətini təbliğ edən mərkəzlər, bazar günü məktəbləri açılmağa başladı. Hazırda Azərbaycan dilinin populyarlaşdırılması məqsədilə yeni mədəni-təhsil mərkəzləri, diaspor icmaları nəzdində mərkəzlər açılır, orada Azərbaycan dili və mədəniyyəti tədris edilir, elmi tədqiqat işləri aparılır.

 

Azərbaycanşünaslıq...

Azərbaycan dili və mədəniyyətinin populyarlaşdırılmasında ölkənin ali məktəbləri də az rol oynamırlar. Məsələn, Bakı Slavyan Universitetinin (BSU) rektoru Kamal Abdulla- yevin təşəbbüsü və universitetdə fəaliyyət göstərən "Azərbaycanşünaslıq" tədris mədəniyyət mərkəzinin səyilə xarici ölkələrdəki bir sıra ali məktəblərdə dil və mədəniyyət mərkəzləri yaradılmağa başlayıb. BSU-da bütün bu mərkəzlər bir ad -  Azərbaycan dili və mədəniyyəti mərkəzləri adı altında unifikasiya edilib.  BSU-nun prorektoru, professor Asif Hacıyev "R+"a müsahibəsində bildirib ki, bu mərkəzlər Azərbaycana dost ölkələrdə yaradılır. Və xaricdə Azərbaycan dilinə maraq və ehtiyac hiss olunur. Azərbaycan kimi balaca bir ölkə üçün bu, çox mühüm məsələdir. Ən əsası isə odur ki, indi bu mərkəzlər artıq dövlət səviyyəsində yaradılır.

BSU-nun mərkəzlərində müasir Azərbaycan, onun beynəlxalq siyasi və iqtisadi əlaqələri, turizmin, ölkənin mədəni həyatının, ədəbiyyatın və yaradıcılığın inkişafına dair çox zəngin məlumat bazası yaradılıb. Mərkəzlərin kitabxana fondu Azərbaycan tarixi və mədəniyyətinə həsr olunmuş albom və kitablar, tanınmış şair və yazıçıların əsərləri, elmi nəşrlər, dərsliklər və tədris ədəbiyyatı, lüğətlər, mətbuat nümunələri və s. ibarətdir.

A. Hacıyevin sözlərinə görə, hazırda BSU-nun dörd tədris-mədəni mərkəzi fəaliyyət göstərir. "Bu ilin sentyabr və oktyabr aylarında Sofiyadakı müqəddəs Kliment Oxridski adına Universitetdə və Rusiyanın Yekaterinburq şəhərindəki B.Yeltsin adına Ural Federal Universitetində daha iki mərkəzin açılışı gözlənilir.  Bunun ardından isə Almaniya, Çexiya və Yunanıstanda da analoji mərkəzlər açılacaq.

"Universitetlərdə "Azərbaycanşünaslıq" ixtisası üzrə dərslər keçilir, Azərbaycan dili isə tədris olunan məcburi və əlavə dillər siyahısına salınıb. Mərkəzlərin sayı artdıqca, azərbaycanşünasların sayı da artır", - deyə A.Hacıyev vurğulayıb.

 

Pulsuz Azərbaycan dili 

Siz Bakıda pulsuz fransız dili kursuna yazıla, pulsuz yapon dili öyrənə bilərsiniz. Bəs, xaricdə də pulsuz Azərbaycan dili öyrənmək mümkündürmü? Diaspor ilə İş üzrə Dövlət Komitəsi informasiya, təbliğat və analiz şöbəsinin müdiri Elşad Miraləmin sözlərinə görə, Azərbaycan dili öyrənmək istəyənlər diaspor mərkəzləri nəzdindəki məktəblərdən yararlana bilərlər.  Özü də bu mərkəzlərdə dildən əlavə, həm də könüllü şəkildə Azərbaycan tarixi, coğrafiyası və mədəniyyətini də öyrənmək mümkündür.

"Diaspor ilə İş üzrə Dövlət Komitəsi hələ 2002-ci ildən etibarən Azərbaycan dili, tarixi və coğrafiyasının təbliğatı üzrə işlərə başlayıb. O zaman bazar günü məktəblərinin sayı 32 idi. 2003-cü ildə bu rəqəm artıq 140-a çatdı. Bazar günü məktəbləri layihəsinin davamı isə virtual məktəblər layihəsi oldu. İnformasiyalar Texnologiyaları İnstitutunun köməyi ilə videokurslar, Azərbaycan dili, tarixi və coğrafiyasına dair videodərsliklər hazırlanıb", - deyə E.Miraləm bildirib.

Azərbaycan dilinin distansional kurslarının iştirakçısı olmaq istəyənlər virtual məktəbin virtual-mekteb.az saytında qeydiyyatdan keçməlidirlər, bundan sonra isə proqram onların kompyuterinə yüklənir. Bu kurslar həm xaricdə yaşayan azərbaycanlılar, həm də dili öyrənmək istəyən əcnəbi vətənlaşlar üçün nəzərdə tutulub.

 

Azərbaycanda Azərbaycan dili 

Bəs, Azərbaycanın özündə bu cür kurslar açmağa nə mane olur? Axı, ölkə daxilində bu kurslara yazılmaq istəyənlərin sayı heç də xaricdəkilərdən az olmazdı, ələlxüsus da nəzərə alsaq ki, Azərbaycan dili öz mövqelərini getdikcə möhkəmləndirir və istərsə ali məktəbə, istərsə də işə qəbul zamanı əsas tələblərdən biridir. Yəni Azərbaycan dilini öyrənmək zəruridir. Digər tərəfdənsə Azərbaycanın hər bir vətəndaşının yaşadığı ölkənin ana dilini bilmək hüququ var. Bu gün Azərbaycanda 200 minə yaxın rus və ukraynalı yaşayır ki, bu da ümumi əhalinin 2 faizi deməkdir. Bundan başqa, Azərbaycan orta və ali məktəblərdə rus dilinin saxlanıldığı, rus dilində KİV-in çap olunduğu azsaylı keçmiş SSRİ respublikalarından biridir. Odur ki, ümumi əhalinin kifayət qədər böyük hissəsi rusdillidir.

A.Hacıyevin sözlərinə görə, Azərbaycanın özündə bu cür mərkəzlər və ya kurslara ehtiyac yoxdur: "Bizdə hər yerdə Azərbaycan dilində danışırlar. Məktəblərdə, universitetlərdə bu dil tədris olunur, radio, televiziya bu dildə yayımlanır. Yəni dil öyrənmək istəyənin qarşısında heç bir maneə yoxdur. Sadəcə, istək lazımdır".

Buna baxmayaraq, Azərbaycanda ana dilin bədii, işgüzar, elmi-texniki, hüquqi, tibbi profillər üzrə daha dərindən öyrənilməsi üçün geniş kurslar şəbəkəsinə ehtiyac var. Azərbaycan dilinin öyrənilməsi üçün müasir dərsliklər və kursların, video və audiomaterialların, kompyuter proqramlarının yaradılması vacibdir. Hələlik bütün bunlar Azərbaycanda çox zəif inkişaf edib. Odur ki, məhz bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Rusdilli əhaliyə əməli yardım sistemi yaradılmalıdır ki, onlar dil problemilə üz-üzə qalmasınlar. Öz növbəsində rusdilli əhali də azərbaycanca danışmaqdan utanmamalıdırlar, daha çox təmasda olmalı, Azərbaycan dilində film və verilişlərə baxmalıdırlar.

Digər tərəfdən əhali mətbuatda ədəbi Azərbaycan dilinin təhrif olunmasından ciddi narahatdır. KİV-də rast gəlinən səhvlər, tam haqlı olaraq, hiddətlə qarşılanır. Kinofilm və multiplikasiya filmlərinin dublyajı da istənilən səviyyədə deyil.  Bütün bunları nəzərə alan Milli Məclis üzvləri dilin mədəni səviyyəsini yüksəltmək və dillə bağlı şikayətləri olan vətəndaşları dinləmək üçün "qaynar xətt"in yaradılmasını təklif edirlər.

Göründüyü kimi, Azərbaycan dilinə sözdə yox, əməldə dövlət statusunu qaytarmaq üçün hələ çox iş görülməlidir. Və bu işlərə artıq bu gün başlamaq lazımdır, çünki biz onsuz da, gecikmişik. Cəmiyyətdə elə dil mühiti yaranmalıdır ki, yaxşı səviyyədə ana dilini bilməmək eyib və qəbahət sayılsın. Buna görə də biz dövlət dili ilə bağlı problemi kompleks şəkildə həll etməliyik. 

 



MƏSLƏHƏT GÖR:

611