Müəllif: Vəfa Zeynalova Bakı
Bir neçə ay əvvəl sosial şəbəkələrdə əlil arabasında oturan bir gəncin şəkli yayılmışdı. Özü də əsas diqqəti şəklin özü yox, onun üzərindəki mətn cəlb edirdi: bu gənc yardım yox, işə düzəlmək istəyirdi. Təbii ki, özəl sahənin diktə etdiyi bazar iqtisadiyyatı şəraitində, sağlamlıq imkanları məhdud olan insanlara iş tapmaq asan məsələ deyil. Bununla bağlı, səslənən arqumentlər isə fərqlidir - materialist fikirlərdən tutmuş, etik izahlara qədər. Birincilər bu insanların iş qabiliyyətinə və deməli, həm də müəssisəyə xeyir gətirə biləcəyinə şübhə ilə yanaşırlar, ikincilər isə əlil işçiyə görə öz üzərinə məsuliyyət götürmək istəmirlər. Nəticədə, əhalinin sosial cəhətdən müdafiəsiz olan təbəqəsi çox çətin vəziyyətə düşür.
Azərbaycanda lal-kar insanlar işə düzəlmədə tez-tez problemlərlə üzləşirlər, amma biznesmenlər sayəsində vəziyyət dəyişə bilər.
Rövzət Əbdülmabudovun 22 yaşı var. Valideynləri böyük həsrətlə onun toyunu gözləsələr də, Rövzətin özü evlənməyə tələsmir. O, qarşısına karyera qurmaq məqsədi qoyub, kompyuter üzrə mütəxəssis olmağı arzulayır və futbolla məşğul olur. Rövzət öz həmyaşıdlarından heç nə ilə seçilmir. Yalnız bir fərq var - o, lal-kardır.
Rövzət orta təhsil alıb - lal-karlar üçün 1 nömrəli xüsusi məktəbi bitirib. Ali təhsil almaq arzusunda olsa da, buna nail olmayıb və bu, iş axtarışında onun şanslarını xeyli azaldır. Bu yaxınlarda Lallar-Karlar Cəmiyyətinin köməyilə Rövzət onlarcla əlilə iş verən şirkətdə işə düzəlib. "Mən kompyuterdə sənəd işlərilə məşğulam. İşdə mənim ətrafımdakı insanların əksəriyyəti, elə mənim kimi danışmaq imkanından məhrum olanlardır", - deyə Rövzət başa salır. O qeyd edir ki, kollektivdə hamı ilə münasibətləri normaldır və öz işindən də razıdır.
Lallar-Karlar Cəmiyyətinin jestlər dili üzrə mütəxəssisi Nizami Xalıqzadənin sözlərinə görə, lal-karlar informasiya əldə etmək və təhsil almaq baxımından, adi insanlardan fərqlənirlər. Özü də söhbət yalnız ali təhsildən yox, hətta xüsusi təhsildən də gedir. "Sovet dövründə xüsusi ixtisaslaşdırılmış peşəkar-texniki birliklər var idi. İndi isə belə təhsil müəssisələri yoxdur. Bu məsələ Təhsil Nazirliyinin səlahiyyətindədir və yaxın vaxtlarda biz lal-karlar üçün təhsil ocağının açılmasına dair layihəni nazirliyə təqdim etməyə hazırlaşırıq", - deyə o vurğulayır.
Xalıqzadənin sözlərinə görə, məhdud imkanlı gənclər təhsilə çox can atırlar, asanlıqla kompyuteri mənimsəyirlər. Hazırda cəmiyyət nəzdində jestlər dili kursları fəaliyyət göstərir. Özü də bu dilə yalnız lal-karlar yox, adi insanlar da maraq göstərirlər. Xalıqzadə və Əbdülmabudov hesab edirlər ki, bu məsələdə dövlətlə yanaşı, böyük biznes də aktiv olmalıdır.
İnternetdə reklam və brendin irəli çəkilməsilə məşğul olan şirkətin rəhbəri Vüqar Səfərov deyir ki, onun şirkəti lal-karların işlə təmin olunması probleminin həllinə çalışır.
Məhdud imkanlı insanlara işlə təminatdan başqa heç bir kömək lazım deyil. Onlar da bu cəmiyyətin dəyərli üzvləridirlər və onlar da işləməyi bacarırlar. Amma onlara münasibət, çox vaxt, bərabərsizlik ovqatı yaradır.
Lallar-Karlar Cəmiyyətində 8 minə yaxın lal-kar və zəif eşitmə qabiliyyətli şəxs qeydiyyata alınıb, amma qurumda əmindirlər ki, onların real sayı, ən azı, bir neçə dəfə çoxdur.
Gözdən əlillər də spesifik çətinliklərlə üzləşirlər. Digər əlillər, heç olmasa, oturaq iş, kompyuter, ofis, sənədləşdirmə və s. işlə məşğul ola bilirlər. Zəif görənlərin şansları isə daha azdır.
Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirir ki, hazırda ölkədə 30 mindən artıq gözdən əlil var. Onların yalnız 3-4 mini əmək qabiliyyətlidir. İşlə təmin olunanların sayı isə daha da azdır - cəmi 600-700 nəfər. Onlar, əksər hallarda, telefon kommutatoru, massajist işləyirlər. İndiki dövrdə - hər bir əmək qabiliyyətli insanın qarşısında geniş seçim olduğu halda, gözdən əlillər bu seçimdən məhrumdurlar.
Sovet dövründə zəif görmə qabiliyyətli vətəndaşlar zavod və fabriklərdə, konveyerlərdə işlə təmin edilirdilər. Hətta işçi personal tamamilə gözdən əlillərdən ibarət trikotaj fabriki bütün SSRİ-də məşhur idi. İndisə bu cür müəssisələrdən yalnız xatirələr qalıb.
İlqar Kərimov gözdən əlildir və üç övlad atasıdır. O, Brayl metodu ilə oxuyaraq təhsil alıb. Amma əlilliyinə görə iş tapa bilmir. "Mən də ailəmi təmin etmək istəyirəm, mən də övladlarım üçün yaxşı ata olmağı arzulayıram. Amma mənim işim yoxdur deyə, qardaşımın ailəsinə yük olaraq qalmışam", - deyə İ.Kərimov şikayətlənir.
Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov deyir ki, dövlət tərəfindən müəyyən kvota ayrılıb: işçilərin sayı 25-dən artıq olan müəssisələrdə 4 iş yeri əlillərə verilməlidir. Amma gözdən əlillərlə bağlı sosial ədalətə riayət etmək çətin, bəlkə də, mümkünsüzdür. Xələfovun sözlərinə görə, bu kvotaya yalnız əlillər deyil, qaçqın və məcburi köçkünlər də aid edilir. Onlar isə, sosial cəhətdən müdafiəsiz olsalar da, əmək qabiliyyətlidirlər və gözdən əlillər onlarla "rəqabət" apara bilmirlər. Kommersiya şirkətlərinə işə düzəlmək isə onlar üçün daha da çətindir, çünki rəhbərlik zəif görən və ya ümumiyyətlə, görmə qabiliyyəti olmayan işçinin effektiv olmadığını düşünür.
Şahbaz Xələfov onu da qeyd edib ki, bəzi gözdən əlillər masaj kurslarını keçirlər, amma bu halda da iş tapmaq asan olmur. "Səhiyyə Nazirliyinin nəzdində masaj kurslarının açılması haqda qərar qəbul edilib ki, bu kursları bitirənlər poliklinika və xəstəxanalarda işlə təmin olunsunlar. Bundan başqa, biz dörd Brayl proqramı da almışıq ki, gözdən əlillər kompyuterdə işləməyi öyrənə bilsinlər", - deyə o vurğulayıb.
"Yaş keçdikcə, gözdən əlillərin problemləri daha da artır. Az-çox iş stajı olanların pensiyaları, ümumiyyətlə, işləmək imkanı olmayanların pensiyalarından, təxminən, iki dəfə çoxdur", - deyə nazirliyin əməkdaşı Saday Abdullayev bildirir.
Məhdud imkanlı insanlar işləmək istəyirlər və bacarırlar. Onlara mesenatlar tərəfindən maddi yardım və "ürək yanma" lazım deyil. Amma təəssüf ki, onlar fiziki və material baxımdan məhdud olmayan insanlar tərəfindən məhz bu cür münasibət görürlər. Onlara ianələr və digər jestlər lazım deyil. Onlar bu yardıma görə təşəkkür etsələr də, bununla belə, öz güclərinə arxalanmaq, heç kəsdən asılı olmamağı arzulayırlar. Ümid edirik ki, biznes nümayəndələri həm sahibkarların, həm də məhdud imkanlı şəxslərin maraqlarına cavab verə biləcək iş yerlərinin açılması haqda da düşünməyə başlayacaqlar.
MƏSLƏHƏT GÖR: