Müəllif: Vəfa ZEYNALOVA Bakı
Bakı gündən-günə gözəlləşir. Artıq şəhərin bir çox küçələri nəinki öz köhnə simasını tamam dəyişib, həm də daha təmiz olub. Bir sözlə, müvafiq strukturların fəaliyyəti göz qabağındadır. Paytaxtımız haqqında cəmi bir neçə il əvvəl de- yilən "uçan kağızlar şəhəri" fikri aktullağını artıq itirib və bu əlbəttə ki, sevindiricidir. Açığı, bu cür xarakteristika zəngin tarixi, çevik turizmi olan şəhər üçün xoş deyildi və hətta acı təsir bağışlayırdı. Amma bütün bunlarla yanaşı, şəhərin sözügedən sahədəki problemlərinin tam həll olunduğunu da söyləmək olmaz. Bakının bəzi hissələrində, xüsusilə şəhərətrafı bölgələrdə məyusluq yaradan zibil təpələri yığılıb-qalmaqdadır. Müxtəlif rəngli polietilen kisələrlə "bəzənən" bu təpəciklər həm şəhərin xarici görünüşünə, həm də nüfuzuna ciddi zərbə vurur.
Şübhəsiz, bu sözləri şəhərin mərkəzi haqda söyləmək mümkün deyil və hətta mərkəzi küçələrin təmizli- yinə, süpürgəçilərin və bu işdə istifadə olunan müasir texnikanın sayına, zibil yeşiklərinin "kvota"sına görə nümunəvi saymaq olar. Lakin bir qədər kənara çıxarkən, ensiz küçələrlə addımlayarkən yenə də cansıxıcı mənzərənin şahidi olursan. Mərkəzdən kənarda yerləşən rayonlarda, xüsusilə insanların daha çox cəmləşdiyi ərazilərdə, metro stansiyaları və avtobus dayanacaqlarının ətrafında əvvəlkitək butulkalar, digər məişət tullantıları hər tərəfə səpələnir. Burada ikili vəziyyət yaranır və o, ortaya iki sual da çıxarır:
"Kimdir günahkar?" və "Nə etməli?"
Son illər şəhərdə inkişaf tempinin həddindən artıq yüksək olması əhalinin də sürətlə artmasına səbəb olub. Nəticədə, onların istehlak etdikləri məhsulların və əmələ gələn zibilin də həcmində artım baş verib. Mənzil-kommunal təsərrüfat sahəsində işçilərin və ya zibil qutularının sayı ilə bağlı hər hansı kvota varsa belə, o, heç də insanların artan sayıını nəzərə almadan müəyyənləşdirilib. Paytaxt küçələrində çoxlu sayda dolub-daşan zibil qutuları və konteynerlər bunun göstəricisidir.
Xüsusilə yay aylarında şəhər sakinlərinin, gənclərin, kifayət qədər yaşa dolmuş insanların, ən pisi isə uşaqların sərinləşdirici içkini və ya suyu içdikdən sonra onun qabını yaxınlıqdakı zibil qutusuna atmaq əvəzinə səkiyə qoyduğuna, yaxud elə ayaqlar altına tulladığına şahid oluruq. Düşüncəli şəxslər isə ya utandıqlarından, ya da doğma şəhərin təmizliyinin qeydinə qaldıqlarından, gün ərzində "istehsal" etdikləri zibili əllərində və ya çantada gəzdirirlər.
Yerdə qalanlara gəlincə, əgər 15-20 il əvvəl zibili yerə atan uşaq ətrafdakıların sərt tənqidi ilə üzləşirdisə, indi ona irad bildirən belə yoxdur.
Artıq qeyd edildiyi kimi, sürətlə inkişaf edən şəhəri sürətlə də yığışdırmaq çox çətindir. Bu problemin həlli üçün ən asanı, əlbəttə ki, şəhərin zibillənməməsidir. Amma necə edəsən ki, aralarında yaşlıların da olduğu bu insanlar özləri təmizliyə riayət etsinlər?
Bunun üçün 2012-ci ilin iyununda Azərbaycanın müvafiq qanunvericiliyinə dəyişiklik edilib. Dəyişiklik zibili xüsusi qutulara və ya konteynerlərə atmayan insanların cərimələnməsini nəzərdə tutur. Vətəndaşlar və fiziki şəxslər üçün bu cərimə 20 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 500 manat həcmində müəyyən olunub.
Dəyişikliyin növbəti maddəsi məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş qutuların arasındakı məsafə ilə bağlıdır. Bu normalara əməl etməməyə görə vəzifəli şəxsləri 500 manat, hüquqi şəxsləri isə 1000 manat cərimə gözləyir.
İlk baxışdan düşünmək olardı ki, bu qanun vətəndaşların düşüncəsizlik problemini aradan qaldıracaq, nəhayət, onları təmizliyə və başqalarının əməyinə hörmətlə yanaşmağa öyrədəcək . Axı, cərimədən yaxşı "arqument" nə ola bilər? Amma bu yerdə ortaya başqa bir çətinlik çıxır: küçələrdə məişət tullantıları ilə bağlı məsələyə hansı struktur nəzarət etməlidir?
Düşünmək olardı ki, Mənzil Kommunal Təsərrüfat birliklərinə nəzarət edən Bakı Şəhər İcra Hakimiyyəti bu sualın cavabını da bilir. Üstəlik, o, zibil qutuları arasında məsafə normativlərinin nə qədər olduğunu da bilməli idi. Elə bu normaların pozulmasına görə nəzərdə tutulan cərimənin məbləği heç də az deyil. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti nəzərdə tutulmayan yerə zibil atılmasına görə cərimələnmə məsələsinin onlara aid olmadığını bildirir. Qurumdan bizə məsələ ilə bağlı "Təmiz şəhər" ASC ilə əlaqə saxlamağı məsləhət gördülər. Lakin oradan qurumun vətəndaşların təmizkarlığına nəzarət etmək məqsədilə yaradılmadığını da dedilər. "Təmiz şəhər"dən bildirdilər ki, onlar məişət tullantılarının idarə olunması, istifadəsi və yenidən emalına baxırlar.
Şəhərdə gigiyena və təmizliklə bağlı qəbul edilmiş normaların icra olunması məsuliyyətini İqtisadi İnkişaf Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi də üzərinə götürmədi. Biz isə qanunu diqqətlə öyrəndikdən sonra qanunun yuxarıda qeyd olunan maddələrinin inzibati pozuntusuna görə Daxili İşlər Nazirliyinin cavabdeh olduğunu müəyyənləşdirdik.
Bu qurumun mətbuat xidmətindən şəhərin zibillənməsinə görə cərimələrin tətbiq edilib-edilməməsi ilə bağlı suala cavab olaraq bildirdilər ki, bu məsələni ərazi müfəttişləri tənzimləyir. Üstəlik, qanunu pozan "iş başında yaxalanmalıdır" ki, bu da kifayət qədər çətin məsələdir.
DİN-in mətbuat xidməti bu tipli pozuntular və tətbiq olunmuş cərimələrlə bağlı statistikanı açıqlamaqdan da imtina etdi. Digər tərəfdən, "R+" jurnalının əhali arasında apardığı kiçik sorğu göstərdi ki, heç kim DİN əməkdaşlarının küçələri zibilləyən şəxsi cərimələməsi halı ilə rastlaşmayıb. Bakının küçələrində və çimərliklərindəki tullantıların sayı da bu qanunun icrasının başlı başına buraxıldığını göstərir.
MƏSLƏHƏT GÖR: