24 Noyabr 2024

Bazar, 09:44

BİRİNCİ DƏFƏ BİRİNCİ SİNFƏ

Orta məktəbə qəbul zamanı uşaqlardan imtahan götürülməsi nə dərəcədə məqsədəuyğundur?

Müəllif:

10.09.2013

Tezliklə Bilik gününün ilk zəngi çalınacaq. 15 sentyabr Azərbaycanın orta və ali məktəblərində dərs ilinin ilk günüdür. Kimlər üçünsə ag köynəkdə məktəb qarşısında toplaşmaq adi gələcəksə, di-  gərləri bunu ilk dəfə görəcəklər. Bu, güman ki, müəllimlər üçün də vərdiş etdikləri mənzərədir: həyəcanlı valideynlər, parlaq gözlü, əllərində gül dəstəsi tutmuş, gözəl geyinmiş birinci sinif şagirdləri. Əslində, bu, hər il təkrarlanan mənzərədir. Lakin bugünün birinci sinif şagirdləri dünənkindən, srağagünkündən nə iləsə fərqlənir.

 

 

Keçmişdə məktəbəqədər uşaqlar necə idilər?

Çox tez-tez elə olur ki, insan 6-7 yaşlı uşağın ağlına, vaxtından əvvəl böyüməsinə təəccüblənir. Amma əslində, onların uşaqlıq dövrünü bizim həmin dövrümüzlə müqayisə etsək, bu, heç də təəccüblü deyil. Tərəqqi və sivilizasiyaların inkişafını nəzərə alsaq, bu, bütün nəsillərə aiddir. Əgər əvvəllər məktəb yaşına çatmamış uşaqlar bütün gününü həyətdə keçirirdisə, nadir halda rast gəlinən vunderkindlər isə qeyri-normal və "botanik" sayılırdısa, indi hətta böyükləri də təəccübləndirəcək səviyyədə elmli uşaqlarla tez-tez rastlaşmaq olur. Hər tərəfdən gələn geniş informasiya axını, hələ məktəbə gedənədək kompüter və İnternetlə davranmaq bacarığı heç də həmişə düzgün deyil və bilik dərəcəsini hər zaman düz istiqamətdə artırmır. Bununla yanaşı, bu amillər uşağın həyatın bütün sahələri  ilə bağlı məlumatlı olmasına kömək edir.

Üstəlik, bu günün birinci sinif şagirdləri həm də yaşı ilə fərqlənirlər. Əgər əvvəllər uşaqları 7 yaşadək orta məktəbə nadir hallarda verirdilərsə, bu gün, hətta Təhsil Haqqında Qanuna əsasən belə, uşaq artıq 6 yaşından məktəbə getmək hüququna malikdir. Əksər valideynlər bir il əlavə vaxt  itirməmək üçün bu imkandan yararlanmağa üstünlük verir.

Bəs bu, nə dərəcədə düzgündür? Təhsil sahəsində ekspert Məlahət Mürşüdlü hesab edir ki, 5-6 yaşlı uşaq üçün məktəbdəki yüklənmələr və həddindan artıq məşğulluq çətin ola bilər. "Uşağı həddindən artıq yükləmək və bununla da onu uşaqlıqdan məhrum etmək lazım deyil", - deyə ekspert bildirir.

Onunla sabiq müəllimə, hazırda aşağı sinif şagirdi olan Natavanın anası Aliyə Haqverdi də razılaşır: "Öz təcrübəmə əsasən deyə bilərəm ki, əksər valideynlər vaxtından əvvəl inkişaf və təhsil ideyasına mübtəladırlar və uşaqlarını, az qala, qundaqda olandan bütün mümkün vasitələrlə buna sürükləmək istəyirlər".

Aliyə öz uşağını heç bir hazırlıq kursuna verməyib. Doğrudur, təhsil proqramının bir qədər sürətləndirilməsi  ilə bağlı birinci sinifdə o, müəyyən çətinliklər yaşayıb, amma uşaqlar vəziyyətə daha tez uyğunlaşırlar və qısa müddətdə qızcığaz buna vərdiş edib.

6 yaşlı Artyom dərrakəli uşaqdır; o, oxumağı və yazmağı bacarır, plastilindən heykəlciklər düzəldir və artıq indidən etiraf edir ki, "riyaziyyatı oxudan daha çox sevir". Uşağın anası Alla Məmmədova uşağın bağçaya getdiyini, amma bütün biliklərin onun öz zəhmətinin bəhrəsi olduğunu söyləyir. "Bir neçə il ərzində oyun formasında asta-asta məşğul olmuşuq", - deyə o, bildirir. Məhz bu biliklər Allanın oğluna məktəb-liseyə qəbul testindən keçməyə imkan verib: "Uşağın hansı məktəbə verilməsi üzərində çox düşündüm, bir neçə məktəbi nəzərdən keçirdim və sonda məktəb-liseyin üzərində dayandım". Ananı cəlb edən liseydə yuxarı sinif şagirdlərinin texniki fənləri qavramasına daha çox zaman ayrılması olub. 8-ci sinifdən sonra isə imtahan əsasında zəif şagirdlərin liseydən kənarlaşdırılması mümkündür. Aydındır ki, bu cür sistem uşaqlarda daim yaxşı oxumağa stimul yaradır. Hüquqi baxımdan onları attestat almaq imkanından məhrum etməyə icazə olmasa da, uşağın başqa bir məktəbə keçirilməsi tamamilə mümkündür.

Məktəblərdəki fərqlə bağlı məsələ ayrıca söhbətin mövzusudur. Sovet İttifaqı illərində orta təhsil məcburi idi və onda təhsilin səviyyəsinə də diqqət ayrılırdı. Bununla yanaşı, yerləşdiyi yerdən və "nüfuz"undan asılı olmayaraq, bütün məktəblər hamıya lazımi səviyyədə bilik verirdi. İndi hər kəsin övladını daha yüksək səviyyəli təhsillə təmin etmək istəyi aydındır. Əksər valideynlərin uşağını adi rayon məktəbinə vermək istəmədiyi də heç kimə sirr deyil.

 

Uşaq üçün imtahan

Valeriya Dövlətova şəhərin uzaq rayonlarının birində yaşayır. "Evimizin yanında məktəb var. Amma mən övladımı özümün bitirdiyim məktəbə qoydum", - deyə 6 saylı ümumtəhsil məktəbinin məzunu olmuş Valeriya bildirir. Ananın sözlərinə görə, onun əksər tanışları övladlarını özlərinin bitirdikləri məktəbə qoymağa üstünlük verirlər və hətta məktəbin evdən uzaqda yerləşməsi belə, buna mane olmur.

Valeriyanın qızı sözügedən məktəbə qəbul olunması üçün 5 yaşdan 6 yaşadək elə həmin məktəbdəki hazırlıq kursuna gedib: "Kursa qəbul etməzdən əvvəl uşaqları testdən keçirirlər. Testlərin çox çətin olduğunu söyləmək olmaz. Məsələn, uşaqlardan ilin hansı fəsillərini tanıdıqlarını soruşa bilərlər. Bəzi məntiqi suallar da var. Amma onlar da çətin deyil". Məktəbdəki birillik kursu keçmiş uşaq avtomatik olaraq həmin orta məktəbə qəbul olunmuş sayılır. Kursu başqa məktəblərdə keçənlər üçün isə müvafiq test imtahanı nəzərdə tutulur. Maraqlıdır ki, onlara daha kiçik uşaqların kursa qəbulu zamanı verilən suallarla, demək olar ki, eyni suallar verilir.

Alla Məmmədova isə fərqli düşünür: "Əgər əvvəllər uşağın məktəbə qəbulu üçün onu sadəcə sorğu-sual edirdilərsə, bu zaman ona elementar suallar verilirdisə, indi onlardan əsl imtahan götürülür. Bir çox hallarda, hətta uşağın oxumaq, yazmaq bacarığının olması da tələb edilir". Əgər 6 yaşlı uşaq imtahandan keçə bilmirsə, onu həmin məktəbə götürməyə bilərlər.

Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova isə iddia edir ki, uşağın imtahanın nəticəsinə əsasən məktəbə qəbul edilməməsi yalnız bir halda mümkündür ki, söhbət lisey və gimnaziyadan getsin. Çünki orada istedadlı uşaqlar üçün nəzərdə tutulmuş dərin tədris proqramından istifadə olunur. Qalan heç bir ümumtəhsil məktəbində belə hala yol verilə bilməz.

A. Məmmədova bəzi orta məktəb direktorlarının Təhsil Haqqında Qanunun əksinə fəaliyyət göstərdiklərini də etiraf edib. O, buna misal kimi direktorların məktəbdə "yer yoxdur" bəhanəsi ilə oraya uşaq götürməkdən imtinasını göstərib. Halbuki, yerləşdiyi məkandan asılı olmayaraq, uşağın məktəbə qəbulunu qadağan edən və ya çətinləşdirən heç bir qanun-qayda yoxdur.

Azərbaycanda Təhsil Problemləri İnstitutunun direktoru Abdullah Mehrabov isə orta məktəbə qəbul imtahanından keçməyən uşaqların da oraya qəbul edilməli olduqlarını deyir. Bunun üçün sadəcə məktəbin həmin uşağın yaşayış yerinə ən yaxın məktəb olması lazımdır.

Bir çoxlarında tam məntiqi sula yarana bilər: qanuna və ədalətə görə, hazırlıq dərəcəsi və inkişaf səviyyəsindən asılı olmayaraq, bütün uşaqlar üçün təhsil alma ilə bağlı bərabər şərait və imkanlar yaradılmalıdırsa, bilavasitə siniflərdə, təhsil prosesində vəziyyət necə olacaq? Müəllim imtahanı uğurla vermiş və verə bilməmiş uşaqların hər biri üçün tədris prosesinin idraklı və cəlbedici olmasını necə təmin edəcək?

İlk növbədə, əlbəttə ki, psixoloji vəziyyəti, stress amilini nəzərə almaq lazımdır. Məlahət Mürşüdlü deyir ki, uşaqlar "imtahan" sözünü eşitdikdə çox tez-tez qorxudan ağlayır, ciddi stress yaşayır və hətta sadəcə məktəbə getmək istəmirlər.

Tədris prosesinin yüngülləşdirilməsi üçün Abdullah Mehrabov bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ibtidai siniflərdə bütün fənlərin bir müəllim tərəfindən keçilməsini təklif edir. Bunun üçün müəllimin işə qəbulu zamanı onun müxtəlif fənlər üzrə bilik səviyyəsi yoxlanılmalıdır; buraya ümumi fənlərlə yanaşı, xarici dil, musiqi və informatika da daxildir. Bununla yanaşı, A. Mehrabov həmin sahələrdə müəllimin dərin biliklərə malik olmasına ehtiyac duymur. Sadəcə, bu biliklər ibtidai sinifdə dərs deməyə kifayət edəcək səviyyədə olmalıdır. Bu üzdən də müəllimlər attestasiyadan keçirilməli, ixtisasartırma kurslarına getməlidirlər.

Bu, institut direktorunun yeganə önəmli təklifi deyil. O, hesab edir ki, uşaqlar məktəblərə məktəbəqədər tədris proqramını keçdikdən sonra qəbul edilməlidirlər. Azərbaycanda məktədəqədər təhsil olcaqlarının çox aşağı səviyyədə olduğu məlumdur. Oradakı təhsilin səviyyəsindən isə danışmağa dəyməz. Üstəlik, heç də bütün valideynlərin uşaqlarını bağçalara vermədikləri də artıq kimsəyə sirr deyil.

Bu üzdən də A.Mehrabov məktəbdə siniflərin şagirdlərin hazırlıq səviyyəsinə uyğun formalaşdırılmasını təklif edir. Burada söhbət yalnız bilikdən yox, həm də fiziki və psixoloji hazırlıqdan gedir. Bu baxımdan hazırlıq keçməmiş uşaqlar şənbə günləri və ya yay tətili dövründə əlavə məşğələlərə cəlb olunmalıdırlar. Bütün bu tədbirlər hazırlıq keçməmiş uşaqların tezliklə kollektivə uyğunlaşmasına və qoşulmasına kömək edəcək.

...Bir neçə gün sonra ölkənin bütün məktəblərində uşaqları dərsə çağıran zəng səsləndiriləcək. Kimin üçünsə bu, yeni həyatın başlanğıc zəngi olacaq. Gəlin sehrli Bilik Dünyasına ilk dəfə qədəm qoyacaq balacalara uğurlar arzulayaq!



MƏSLƏHƏT GÖR:

708