Müəllif: İlhamə MövsümovaBakı
Xaricdə təhsil Azərbaycanda daha da böyük populyarlıq qazanır. Hərçənd bir qədər əvvəl Avropa və Amerika təhsil ocaqları əlçatmaz görünürdülər. Bu günsə bizim ölkədə çoxları xaricdə təhsil ala bilirlər, bu, istər dil kursları, ali və ya orta təhsil olsun, istərsə də aspirantura, təcrübə keçmə və s.
Hər il onlarla azərbaycanlı tələbələr yeni biliklər və imkanlar axtarışında xaricə yollanırlar. Məzun və universitetə daxil olanların hesabına kontingent də dəyişir. Son illərin göstəricilərinə görə, hər il, təxminən, 200 nəfər dövlət təqaüdü hesabına təhsil almaq hüququ qazanır. Belə ki, 2012-2013-cü tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 26 ölkədə 1170 azərbaycanlı tələbə təhsil alıb.
Hazırda Azərbaycanda xaricdə təhsilin dörd növü mövcuddur: öz hesabına xaricdə təhsil; müxtəlif mübadilə təhsil proqramları reallaşdıran təşkilat və digər donor strukturların hesabına xaricdə təhsil; dövlət xətti ilə Təhsil Nazirliyinin həyata keçirdiyi xaricdə təhsil, yəni təhsil sahəsində əməkdaşlıq haqda ikitərəfli razılaşma əsasında Azərbaycan vətəndaşlarına ayrılan təqaüd hesabına; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil.
Şəxsi təşəbbüs
Bir çox qərb ölkələrində, o cümlədən ABŞ-da qəbul komissiyaları abituriyentləri bir sıra kriterilərə görə qiymətləndirirlər: qəbul imtahanları, inşa, tövsiyə məktubu, məktəbdən kənar fəaliyyət, müsahibə. Bu komponentlər bərabər səviyyədə mühümdürlər, ona görə də təkcə imtahanlara ciddi hazırlaşmaqla deyil, eləcə də hər şeyi mümkün qədər tez, lakin doqquzuncu sinif başlamazdan gec olmayaraq planlaşdırmağa başlamaq lazımdır. Abituriyentin elmi və ictimai fəallığına böyük önəm verilir. Xaricdən gələn tələbələrə uyğunlaşma prosesi heç də asan keçmir. Dil çətinlikləri, mədəniyyət ənənələrinin fərqliliyi - bütün bunlar tələbələri uğura nail olmaq üçün böyük səy göstərməyə vadar edir.
Aysel Rəhimli - Böyük Britaniyada Rifama (Reepham High School and College) ali məktəbi və kollecinin məzunu ingilis dilini mükəmməl öyrəndiyi üçün yüksək qiymət alan ilk azərbaycanlı tələbə olub. Rifamadakı kollecə qədər Aysel Taverhama (Taverham High School) ali məktəbində, eləcə də Aberdində qızlar üçün Marqaret məktəbində (Margaret's School for Girls), Böyük Britaniyada, Qətərdə beynəlxalq London məktəbində və Bakı-Qafqaz Türk gimnaziyasında müvəffəqiyyətlə təhsil alıb.
İndi 18 yaşlı Ayseli Böyük Britaniyanın ən nüfuzlu universitetlərindən birində - Esseksdə (University of Essex) "biotibb" ixtisası üzrə oxumaq gözləyir və məhz ondan universitetə qəbulda ölkəmizin bayrağını qaldırmaq gözlənilir. İmtahanlar, esse və müsahibələrin nəticələrinə görə, A. Rəhimli, həmçinin digər 5 Britaniya universitetinə qəbul olunub, bundan başqa, ona Kembric Universitetində linqvistika fakültəsində təhsilini davam etdirmək təklif olunub. Lakin Aysel Esseks-i seçib. Doğma Azərbaycan dilindən savayı, Aysel ingilis, fransız, rus və türk dillərini bilir, o, ingilis dili və ədəbiyyatı, fransız dili, coğrafiya və təbii elmlər üzrə imtahanlarda ən yüksək balları toplayıb. Həmsöhbətmiz "R+" jurnalına müsahibəsində danışıb ki, həmişə müxtəlif məktəb olimpiadaları, müsabiqələrdə iştirak edib, Kollec Şurasının üzvü seçilib, bir çox elmi müsabiqələrdə qalib gəlib, nailiyyətinə görə fərman və sertifikatlarla mükafatlandırılıb. Bütün bunlar xarici ali təhsil ocaqlarının komissiyaları tərəfindən yüksək qiymətləndirilir. Digər tərəfdən, Aysel həyatda da fəal mövqeyi ilə seçilib, bütün Böyük Britaniya ərazisində təşkil olunan xeyriyyə aksiyalarında fəal iştirak edib. Qətərdə London beynəlxalq məktəbinin 10 ən yaxşı tələbələrindən biri kimi Dohada BMT-nin modeli üzrə yaradılmış bu təşkilatın "fəaliyyətində" iştirak etmək üçün qurumun "təmsilçi"si seçilib. Esseks Universitetinə daxil olmağı o, həyatında dönüş mərhələsi hesab edir. "Maksimum həddə bilik əldə etməyi qarşıma məqsəd qoydum, axı, təcrübə bilik əsasında durur, biliyi isə ali məktəblər də, özü də Esseks kimilərdə əldə edirlər. Azərbaycanı xaricdə təmsil etməyimdən məmnunluq duyuram. Və artıq sinif yoldaşlarımın qarşısında Azərbaycan haqda təqdimatla çıxış etmək, onlara Vətənimizin tarixi, mədəniyyəti, iqtisadiyyatı haqda danışmaq imkanı əldə etmişəm", - deyə A. Rəhimli davam edib.
İndi Aysel gələcək karyerasının necə inkişaf edəcəyini bilmir, amma elmi dərəcə almaq, tədqiqat fəaliyyəti ilə məşğul olmaq və biotibdə yeni kəşflər edəcəyinə böyük ümid bəsləyir.
Proqram təhsili
Xaricdə təhsilin daha bir növü - müxtəlif təşkilatların keçirdikləri müsabiqələr əsasında xaricdə təhsil proqramlarıdır. Azərbaycanda fəaliyyət göstərən belə təşkilatların sıraları təhsil mübadiləsi və onların həyata keçirdikləri proqramlar üzrə olduqca genişdir. Mübadilə proqramları Bakıdakı "ACCELS" (ABŞ), "IREX", "World Learning", "British Council" (Böyük Britaniya), "DAAD" (Almaniya) təşkilatlarının nümayəndəlikləri, eləcə də Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Misir, Polşa və digər ölkələrin səfirlikləri tərəfindən elan olunur. Eyni zamanda müsabiqədə qalib gələn tələbələrin bütün təhsil, o cümlədən nəqliyyat xərcləri də müvafiq proqram çərçivəsində ödənilir.
Bizim digər həmsöhbətimiz - Əminə Salamovadır. O, 2002-ci ildə İndiana Universitetinin (Bluminqton, ABŞ) ictimai və ekologiya məsələləri məktəbində (School of Public and Environmental Affairs) ekologiya sahəsində magistr üzrə proqramı bitirib. Bu, ABŞ-da ekologiya sahəsində ən yüksək proqram hesab olunur və bütün dünyada ən yaxşılarından biri kimi qəbul olunub. Əminənin təhsili ABŞ Dövlət Departamentinin "E.S. Muskie Freedom Support Act Graduate Fellowship" proqramı tərəfindən maliyyələşib ki, buna nail olmaq olduqca çətindir. Məlum olduğu kimi bu proqram üzrə təhsil ancaq ən yaxşı tələbələr üçün ödənilir. "R+"la söhbəti zamanı Əminə danışıb ki, ekoloji kimya, daha doğrusu, atmosferin zəhərli antropogen maddələrlə çirklənməsi problemi sahəsində elmi tədqiqatlara marağı magistratura təhsili zamanı yaranıb və o, doktorluq dərəcəsi almaq qərarına gəlib:
"Mən doktoranturaya İndiana Universitetinin elə School of Publicand Environmental Affairs-nə magistraturanı bitirən kimi təhsilimin tam maliyyələşdirilməsi ilə daxil oldum". 2011-ci ildə dissertasiyasını müdafiə etdikdən sonra Əminə PhD (ABŞ-da bir çox proqramlar üzrə ən yüksək təhsil) dərəcəsi alıb və Amerika ali təhsil müəssisəsində ekologiya sahəsində bu dərəcəni alan ilk azərbaycanlı qadın olub.
Hazırda Əminə İndiana Universitetinin ekoloji kimya laboratoriyasında atmosfer monitorinq proqramının direktoru vəzifəsində çalışır. O, bu proqram çərçivəsində tədqiqat aparır, ətraf mühitin qlobal kontekstdə çirklənməsi ilə maraqlanır. Bu yaxınlarda Əminə Portuqaliya Səhiyyə Nazirliyinin bu ölkənin ən iri şəhərlərində uşaq bağçaları və qocalar evində havanın tədqiqatı üzrə əməkdaşlıq etməyə başlayıb. Tədqiqatın nəticələri elmi məqalələrdə dərc olunub və bir çox beynəlxalq konfranslarda təqdim olunub. Vətənimizin ətraf mühitin çirklənməsi ilə bağlı problemin tədqiqatı sahəsində nailiyyətləri haqda nüfuzlu Amerika KİV-ləri yazıb.
Dövlət proqramı
Prezident İlham Əliyevin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na sərəncamı ilə dövlət hesabına xaricdə təhsil getdikcə daha böyük populyarlıq qazanır. Bu proqramla təhsil alanların bütün xərcləri dövlət hesabına ödənilir. Nüfuzlu Britaniya ali təhsil müəssisəsinə daxil olmazdan öncə Vüsal Məmmədovun çiyinlərində "BP" neft şirkətində artıq 10 illik təcrübə yatırdı.
"Qərara aldım ki, xaricdə magistr təhsili karyeramda irəliləyiş üçün növbəti təkan olacaq və London İmperial kollecinə (İmperial College of London) daxil oldum. Bu, təkcə Böyük Britaniyada deyil, həm də dünyada ən məşhur ali təhsil ocaqlarından biridir. Onun adı Oksford və Kembric kimi nüfuzlu ali təhsil müəssisələri ilə bir çəkilir. Texniki fənlər üzrə, hətta yuxarıda adıçəkilən iki universiteti qabaqlayır və demək olar ki, hər il dünyanın ən yaxşı ali təhsil ocaqlarının beşliyinə daxil olur", - deyə o, şərh edir.
Bu ali təhsil ocağına qəbul olunmaq üçün seçim çoxmərhələlidir. Müsabiqə hər zaman yüksəkdir - bir yerə 8-10 nəfər. Ona görə də qəbul elə də asan olmadı.
Vüsalın seçdiyi ixtisası İmperial Kollecə daxil olana qədər məşğul olduğu işə - ətraf mühitin mühafizəsinə uyğundur.
Vüsal iddia edir ki, xaricdə təhsil yeni imkanlar açır. Lakin eyni zamanda o, xaricdə magistraturaya qəbul olmağı Vətəndə 3-5 il iş stajından sonra məsləhət görür. "Bakalavr dərəcəsini yaxşısı Azərbaycanda almaqdır. 16-17 yaşlarında gəncin xarakter və dünyagörüşü formalaşmır, milli və mədəni dəyərlərə münasibəti dəyişkən olur. Və başqa mədəni dəyərlər olan cəmiyyətə düşmək risklidir", - deyə o, hesab edir.
Xaricdə təhsil istər təhsil alan, istərsə də onun xalq və dövləti üçün gələcəyə ən yüksək effektli sərmayədir. Azərbaycan dünyanın ən nüfuzlu təhsil ocaqlarında yüksəkixtisaslı mütəxəssislərin hazırlanması kimi, milli kadrların ölkəni tərk etməsinin qarşısını almaqda da maraqlıdır. Bunun üçün xaricdə təhsil alan gənclər üçün hesablanmış iş yerləri yaradılır. Dövlət proqramı çərçivəsində xaricdə təhsil almış tələbələrlə Təhsil Nazirliyi arasında imzalanmış razılaşmaya əsasən, xarici təhsil müəssisələrinin azərbaycanlı məzunları Vətənə qayıtmalı, özəl və ya dövlət sektorunda 5 il işləməlidirlər. Lakin ölkə prezidentinin qeyd etdiyi kimi bu məsələdə insanları hansısa çərçivələrə salmaq olmaz, belə ki, gənclərin qayıtması üçün Azərbaycanın özündə belə şərtlər yaradılmalıdır. Eyni zamanda dövlət başçısı etiraf edir ki, hələlik Azərbaycan xaricdə vətəndaşlarını təhsil almasına ehtiyac duyur. "Biz Azərbaycanda təhsil sahəsində elə mühit yaratmalıyıq ki, xaricə getməyə ehtiyac qalmasın. Gənclərin xarici ölkələrə göndərilməsi təşəbbüsü mənim tərəfimdən zərurət kimi irəli sürülüb... Təhsil sahəsində aparılan islahatlar, hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycanda ali təhsilin səviyyəsini yüksəldəcək. Belə olan halda xaricə getməyə ciddi zərurət qalmayacaq. Amma bu, təbii ki, bu günün işi deyil", - deyə İlham Əliyev azərbaycanlı tələbələrlə keçirdiyi söhbətlərin birində qeyd edib.
MƏSLƏHƏT GÖR: