24 Noyabr 2024

Bazar, 10:56

MƏKTƏB YEMƏKXANASI

Azərbaycanın təhsil ocaqlarında uşaqlara verilən yeməkləri və içkiləri niyə sağlam qida adlandırmaq olmaz?

Müəllif:

24.09.2013

Yeni tədris ilinin başlandığını bildirən zəng çalındı, ilk dərs oldu və bu vəziyyətə öyrəşməmiş şagirdlər məktəblərin bufetlərinə qaçdılar. Bəs, onları orada nə gözləyir?

Aybəniz Kərimova Bakının Nizami rayonu ərazisində yerləşən liseylərdən birində təhsil alan birinci sinif şagirdinin anasıdır. O, övladı məktəbə getməmişdən məktəb bufetlərində uşaqlara satılan şokoladlar, çipslər, qazlı sular, qarğıdalı çubuqları və s. haqda eşitmişdi. "Lakin tədris ilinin başlanmasına bir neçə gün qalmış valideyn iclası oldu. Müəllim iclasda hər kəsə xəbərdarlıq etdi: uşaqları yemək-içməklə özümüz təmin etməliymişik. Çünki məktəb bufetlərində uşaqlara satılan məhsulların onlara uyğun olmaması azmış kimi, məhsulların istifadə müddəti keçmiş də ola bilərmiş. Müəllim bildirdi ki, birinci sinif şagirdləri məhsulun istifadə müddətinə nəzarət etmək üçün hələ çox balacadırlar", - deyə valideyn qeyd edir.

Şəhər mərkəzinə yaxın yerləşən məktəblərdə, elit liseylərdə, gimnaziyalarda və özəl məktəblərdə vəziyyət, əlbəttə ki, daha yaxşıdır. Məsələn, 132-134 saylı təhsil kompleksinin 10 yaşlı şagirdinin anası Aliyə bildirir ki, bu təhsil ocağının bufetində ənənəvi "snikers"lə, duzlu çubuqlarla yanaşı, şirə və təzə bulka da satılır. Burada, eyni zamanda uşaq bağçası və uzadılmış məşğələ də fəaliyyət göstərdiyindən, orada təhsil alan uşaqların bəxtləri gətirib: ümumi mətbəxin olması  məktəbin yeməkxanasını digər məktəblərinki ilə müqa-yisədə kifayət qədər müxtəlif çeşidlərlə təmin etməyə imkan verir: qızardılmış kartof, salat, çay və kakao. Doğrudur, onların hamısı pula satılır. Lakin qiymətlər kifayət qədər ucuzdur.

  

Qanunvericilik  bazası normaldır 

Amma artıq bu rejimi bütün məktəblərdə tətbiq etməyin zamanıdır. Bu ilin avqustunda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 747-2013 "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nı təsdiqləyib. Bu standarta uyğun olaraq, məktəblərdə, tədris və tərbiyə ocaqlarında bir sıra məhsullara qadağa qoyulub. Siyahıda istifadə müddəti bitmiş, baytarlıq orqanları tərəfindən yoxlanılmamış ət məhsulları, köhnəlmiş yeməklər, hermetikliyi pozulmuş konservlər və s. var. Məşhur qazlı içkilər, ədviyyatlar, ketçuplar, piroq və ponçiklər, ərinmiş yağda bişirilmiş fastfud çeşidləri də qadağan edilmiş məhsullar sırasındadır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov "R+" jurnalına bildirib ki, sözügedən standart beynəlxalq normalar nəzərə alınmaqla hazırlanıb. Orada uşaq bağçaları və məktəblər üçün hazırlanmış ərzaq məhsullarının optimal normaları da göstərilir. Məqsəd məktəblilərin sağlamlığının qorunmasıdır. Qeyd etmək lazımdır ki, bu standart məktəbəqədər təhsil ocaqlarında və məktəblərdə qidalanmanı tənzimləyən yeganə sənəddir və ona mütləq əməl olunmalıdır.

Bundan başqa, Ə.İmanovun sözlərinə görə, tədris ocaqlarına yarımfabrikatlar və ərzaq məhsulları verən şirkətlər də ciddi şəkildə yoxlanılacaqlar. Eyni zamanda artıq indiyədək təhsil ocaqlarına verilən bəzi qaynar qidalar və yarımfabrikatların tədarükünə qadağa qoyulub.

 

Bəs,  əməldə? 

Məktəb yeməkxanaları və bufetlərinin işində nöqsan aşkarladıqda hər biriniz Standartlaşdırma Komitəsinə və ya onun regional şöbəsinə müraciət edə bilərsiniz. Ümumiyyətlə, isə orta məktəblərdə ildə bir dəfə yoxlama aparılmalıdır. Bununla yanaşı, hər hansı təhsil ocağından şikayət olarsa, orada təkrar yoxlama keçirilə bilər.

Amma həmişə olduğu kimi, yenə də lazımi qanunvericilik bazasının olmasına rəğmən, ortaya bəzi suallar çıxır: qanunun tələblərinə əməl olunmasına nəzarəti kim həyata keçirir? Qanunu pozanlar üçün hansı sanksiyalar nəzərdə tutulur və ən başlıcası, bu çatışmazlıqları kim aradan qaldıracaq?

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyir ki, məktəblərdə qidalanmanın təşkili "Məktəb və tələbə yeməyi" ASC-yə verilib. Bu qurum isə yalnız məktəblərə ərzaq məhsullarının çatdırılmasını öz işi sayır. Amma məktəblərdə satılan istənilən qida məhsulu keyfiyyətli olmalıdır və buna nəzarəti məktəblərin özləri həyata keçirməlidirlər.

Bununla yanaşı, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi hər il məktəblərdə özləri tərəfindən yoxlamalar aparır. Məqsəd məhsulların saxlanılmasında sanitar-gigiyenik normaların pozulması hallarının üzə çıxarılması, onların keyfiyyətinin və məktəb menyularının yoxlanılmasıdır. Mərkəzin sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımov isə "R+" jurnalına açıqlamasında bildirib ki, məktəb bufetlərinə tam nəzarət yalnız vahid reyestr sisteminin işə salınmasından sonra mümkün olacaq. Amma Kazımovun fikrincə, bu da hər bir məktəb yeməkxanasının qapısı qarşısında bir tibb işçisinin dayanacağı anlamına gəlmir.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Zəminə Əliqızının sözlərinə görə, məktəb bufetlərinə nəzarət "Valideynlər və müəllimlər assosiasiyası" qeyri-hökumət təşkilatının əlindədir.

Assosiasiyanın direktoru Təranə Şərifova isə əslində onların bunun üçün xüsusi səlahiyyətləri və məsuliyyətlərinin olmadığını bildirir. O, rəhbərlik etdiyi qurumun qeyri-hökumət təşkilatı olduğunu deyir və bildirir ki, təşkilatın məhsulların keyfiyyətinin üzə çıxarılması üçün öz laboratoriyası belə, yoxdur: "Uşaqlar bütün dünyada çips, qazlı su və sair qəbul edirlər; onları məktəb yeməkxanalarında qadağan etsələr belə, uşaqlar eyni məhsulları yaxınlıqdakı mağazalardan alacaqlar".

Hər şey doğrudur. Amma bir məqamı da unutmaq olmaz - məktəb yalnız təhsil yox, həm də tərbiyə ocağıdır. Odur ki, uşaqların sağlamlığı üçün son dərəcə vacib olan qidalanma məsələsini onların onsuz da həmin qidaların cazibəsi qarşısında duruş gətirə bilməyəcəklərilə əsaslandıraraq özbaşına buraxılması yolverilməzdir.

  

Yaxşı olardı ki...

 Zemfira Mahmudova orta məktəbi sovetlər dönəmində oxuyub. Onun sözlərinə görə, həmin dövrdə kart sistemi tətbiq olunurdu: valideyn övladı üçün abonement alır, uşaq da onun vasitəsilə yeməkxanada kompleks nahar əldə edə bilirdi. Zemfira xanım həmin sistemdə də çatışmazlıqların olduğunu xatırlayır. Məsələn, abonementi tanışlıqla əldə edirdilər.

Xarici təcrübə göstərir ki, dünyada məktəbdə qidalanma ilə bağlı vahid standart yoxdur. Məsələn, Braziliyada bu mürəkkəb bir sistemdir və yalnız məktəblərdə uşaqların qidalanmasını yox, həm də regionlarda kiçik fermer təsərrüfatlarının stimullaşdırılmasını nəzərdə tutur. Beləliklə, orada məhsul tədarükçüləri yalnız öz cibləri haqda düşünmür, həm də məhsulları tədarük etdikləri uşaqlarının sağlamlığını da fikirləşirlər. Məhsulun keyfiyyətinə nəzarət üçün isə 7 nəfərdən ibarət xüsusi komissiya yaradılır. Bu sahədə baş verən bütün pozuntular federal hökumət tərəfindən araşdırılır.

Almaniyada tam mənada yeməkxanalar yoxdur. Olanlar isə kommersiya əsasında fəaliyyət göstərir. Bununla yanaşı, məktəbəqədər tədris müəssisələrinə və məktəblərə verilən bütün məhsullar isə mütləq sertifikatlaşdırılma prosesindən keçməlidir.

Bizdə isə məktəb bufetlərinin piştaxtasında olan məhsulları məktəblərin özləri müəyyənləşdirirlər. Məktəblilərin sağlamlığı ilə bağlı bütün məsələlər də hələ ki, məktəb rəhbərliyinin vicdanına qalıb.



MƏSLƏHƏT GÖR:

764