24 Noyabr 2024

Bazar, 09:35

YAŞ BÖHRANI

Azərbaycanda yaşlı insanların həyat xüsusiyyətləri nədən ibarətdir?

Müəllif:

01.10.2013

Oktyabrın 1-i bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Ahıllar günüdür. Ahıl yaş həddini pensiyaya çıxış yaşı saysaq, onda Azərbaycanda qadınlar 60, kişilərsə 63 yaşda "gəncliklə vidalaşırlar". Bəs bu gün ölkədə pensiyaçılar necə yaşayır?

Azərbaycan əhalisi gənc olan ölkələrdən sayılır. 2010-cu ilin statistikasına görə, ölkə əhalisinin yalnız 14%-i pensiyaçıdır (söhbət, əlbəttə ki, yaşa görə pensiyaya çıxmış şəxslərdən gedir). Bununla yanaşı, yaşlı insanların cəmiyyətə inteqrasiyası çox zaman zəif olur. Ya mental, ya da başqa səbəblərdən yaşlı nəslin nümayəndələrinin gənclərlə "ayaqlaşması" çətindir. Bu, xüsusilə işədüzəlmə sahəsində nəzərə çarpır. Belə ki, yaşı 50-yə çatmış insanların iş tapmaq şansı onların gənc həmkarları ilə müqayisədə xeyli azdır.

 

Təcrübə geniş anlayışdır

Şəfiqə Məmmədovanın 55 yaşı var. Sovet illərində o, qurumların birində maşinist işləyib. Sonradan Şəfiqə xanım uzun illər evdə oturaraq uşaqlarına baxıb: "İndi uşaqlar böyüyüblər, müstəqil insanlara çevriliblər. Odur ki, insan artıq özü haqda da fikirləşə bilər". Ş. Məmmədova belə düşünsə də, onun ofislərin birində katibə işləmək cəhdi uğursuzluqla nəticələnib. "Məni işə götürməmələrinin səbəbini anlamıram. Tamamilə sağlam, gümraham. Kargüzarlığı yaxşı bilirəm, sürətlə yazıram. Amma seçim vaxtı gənc və təcrübəsiz qıza üstünlük verdilər", - deyə Şəfiqə xanım bildirir. Üzücü fakt olsa da, həqiqətdir. Adının açıqlanmasını istəməyən sahibkar deyir: "Mən yaşı çox olan şəxslərin daha təcrübəli olduğunu başa düşürəm. Amma burada əhəmiyyətli olan yalnız təcrübə deyil. Məsələn, katibə yalnız zənglərə cavab verməli, sənədləşdirmə işləri aparmamalıdır. O, məsələn, qonaqlar gələn zaman çay verməlidir; üstəlik bizdə iş gərgin, stresslidir və mən yaşca valideynlərimlə tay-tuş olan şəxsə kobud cavab vermək  istəmirəm".

Gənc biznesmen, animasiya və reklam şirkətlərindən birinin təsisçisi olan Vüqar Səfərov "R+" jurnalına açıqlamasında bildirib ki, onun rəhbərlik etdiyi qurumda yaşı 50-dən artıq olan şəxslər işləmir. Lakin şirkət belə şəxslərlə əməkdaşlıq edir: - "Əgər reklam klipi çəkiriksə, bizə sənədli film rejissoru lazım gəlir. Bu halda, əlbəttə ki, yaşlı, təcrübəli şəxsə üstünlük verilməsi daha yaxşıdır və biz belə də edirik. Amma işin xüsusiyyətinə uyğun olaraq, bizə əsasən gənc insanlar lazım olur".

V. Səfərovun sözlərinə görə, yaşlı insanların daha pis işlədiyinə dair stereotip olsa da, bu, doğru deyil: "Yaşlı insanlar bir qayda olaraq, daha diqqətli və vicdanla işləyirlər. Onlar subardinasiya qaydalarını bilir və hər şeyə daha məsuliyyətlə yanaşırlar.  Bizdə daimi əsaslarla gənclər işləyir. Çünki bizdə məsələlərə kreativ yanaşma tələb olunur. Amma mənə, məsələn, mühasib lazımdırsa, bu zaman onun yaşına baxmıram. Əsas odur ki, işçi yaxşı olsun. Burada yaşın fərqi yoxdur. Məsələn, belə bir fikir var ki, yaşlı insanlar kompüterlə bağlı işləri yaxşı bacarmır. Amma Bakıda Photoshop proqramı üzrə ən yaxşı mütəxəssisin yaşı 50-dən artıqdır".

Dövlət məşğulluq fondlarından birinin müfəttişi isə ona yaşı 50 civarında olan şəxslərin çox tez-tez müraciət etdiklərini bildirir. Müfəttişin sözlərinə görə, belə şəxslərə kvalifikasiyalı iş təklif etmək nadir hallarda mümkün olur: qadınlara daha çox tələbat xəstələrə, uşaqlara qulluq, təmizlik işlərinin görülməsi kimi sahələrdədir. Kişilərin müvafiq ixtisası varsa, onlar tikintidə işləyə bilərlər; bəzən təcrübəli sürücülərə də ehtiyac olur. Amma avtomobili idarə etməyi bacaranların sayı həddindən artıq çox olduğundan, bu sahədə iş başında olanlar da çoxdur.

Bəzi yaşlı insanlar işə düzəlmək məqsədilə özəl işədüzəltmə şirkətlərinə də müraciət edirlər. Paytaxtın bu sahədə çalışan böyük şirkətlərindən birinin əməkdaşı bildirir ki, burada hər şey potensial işçinin ixtisasından asılıdır: "Gənclər daha zirək olur və daha tez öyrənirlər. Amma yaşlı insan kompüterlə işləməyi bacarırsa,  hər hansı xüsusi proqramları, üstəlik, xarici dilləri bilirsə, onun işə düzəlməsi asandır. Bu cür insanlara daha çox mühasib vəzifəsində ehtiyac olur. Çünki bu, məhz böyük təcrübə tələb edən işdir". İşədüzəltmə şirkətinin əməkdaşı bildirir ki, onlara müraciət edən, demək olar ki, hər bir şəxs işlə təmin olunur. Bu, özəl agentliklərə, işədüzəltmə sahəsində fəaliyyət göstərən İnternet saytlarına əsasən əhalinin "irəli çıxmış", ən azı İnternetdən xəbərdar olan hissəsinin üz tutması ilə izah olunur.

 

Yaşlı insanlara aktivlik lazımdır

Azərbaycanda yaşlı nəslin pensiyaya çıxması adətən qorxu ilə qarşılanır. Məsələ ondadır ki, belə insanların əksəriyyəti işə çıxmamağı həyatın sonu kimi qiymətləndirir. Onlar düşünürlər ki, pensiyaya çıxandan sonra adama ən yaxşı halda nəvələrə baxmaq, boz həyat yaşamaq qalır. Bəziləri, hətta sanki işindən ikiəlli yapışaraq pensiyaya çıxacağı vaxtı uzatmağa çalışır. Amma Azərbaycanda artıq pensiya yaşına çatmış şəxslərin daha bir neçə il işdə qalması mümkün deyil.

Yaşlı insanlar işədüzəlmə sahəsində problemlər olduğu üçün pensiyaya çıxdıqdan sonra özlərinə ən yüngül iş belə, tapa bilmirlər. Söhbət təcrübəli konsultantdan, ev şəraitində müəyyən işlərin görülməsindən və s. gedə bilər. Onlar sadəcə darıxırlar. Odur ki, yaşlı insanların cəmiyyətə inteqrasiyası üçün dövlət səviyyəsində layihələrin hazırlanması pis olmazdı. Bu halda onlar pensiyaya çıxmağı həyatın sonu kimi qəbul etməzdilər. Onlar üçün pulsuz kompüter,  xarici dil kurslarının təşkili, xeyriyyəçilik də yerinə düşərdi. Yeri gəlmişkən, bir çox ölkələrdə bu işlər həm də ona görə görülür ki, yaşlı insanların qocalmış beyni tonusda qalsın, onlarda yaşla əlaqədar zehni zəiflik, yaxud digər problemlər əmələ gəlməsin.

Xarici ölkələrdə yaşlı insanların öz həyat spesifikası var. Məsələn, Yaponiyada iqtisadi, tarixi və mədəni ənənələrə uyğun olaraq, yaşlı insanlar uşaqlarla birlikdə yaşayır, onların qeydinə qalır. Bundan başqa, yaşlılar ailənin başçısı olaraq da qalırlar. Üstəlik,  arzulayanlar işləməyə davam edə də bilər.

Qonşu Türkiyədə Şərq ənənələri müqəddəs sayılır və ona əsasən, qadın işləməyə məcbur deyil. O, evə, təsərrüfata və uşaqlara baxır. Bu, yaşlı nəslə də aiddir. Qadınların işi bu mənada asandır. Çünki gənc qadınlar ailə quranadək dünyadan köçmüş atasının pensiyasını, dul qadınlar isə vəfat etmiş həyat yoldaşının pensiyasını alır.  Əksər kişilərin də boş vaxtı çox olsa da, onların 6%-i pensiyaya çıxdıqdan sonra da işləməyə davam edirlər: bilet yoxlayan, qəzet paylayan, lotereya biletləri satan və sair.

ABŞ-da isə ahıllıq azadlıqdır. Orada məzuniyyət bizdəkindən az olduğundan, amerikalılar arasında səyahətə getmək geniş yayılmayıb. Əvəzində onlar pensiyaya çıxdıqdan sonra işləyərkən vaxt çatdıra bilmədikləri hər şeylə məşğul ola  bilirlər.

Fəal, şən ahıl kişilər və qadınların dörd divar arasında qalmağı özləri üçün qəbuledilməz saydığı, sosial həyat yaşadığı bir çox ölkələrdə isə pensiyaçılar klubu ənənəsi mövcuddur. Hətta qonşu Rusiyada belə klubların sayı kifayət qədər çoxdur. Orada ahıllar mahnı oxuyur, rəqs edir, söhbətləşir, müxtəlif oyunlar oynayır, həmçinin birgə yaradıcılıqla  məşğul olurlar.

Bizdə isə təəssüf ki, bu heç də çətin olmayan ənənə hələ də formalaşmayıb. Nəticədə ahıllar vaxtlarını necə gəldi keçirirlər. Kişilər şəhərin parklarında domino və ya şahmat oynayır, həmyaşıdları ilə söhbət edir, qadınlar isə nəvələrinə baxır və ev işləri görürlər. Halbuki, bir daha təkrar edirik ki, bizdə də sözügedən klubların yaradılması yaxşı olardı. Bu, pensiyaçılara nəinki boş vaxtlarını mənalı  keçirməyə, həm də öyrənməyə, cəmiyyət və özləri üçün nəsə etməyə imkan verərdi.



MƏSLƏHƏT GÖR:

554