ŞƏRİƏT KÖMƏK ETMƏDİ
“R+” jurnalının suallarını məşhur misirli yazıçı, bloger Məhəmməd Saleh cavablandırır
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Misirin müvəqqəti prezidenti Adli Mənsur yeni Konstitusiya Bəyannaməsinin qəbul edilməsi haqqında fərman imzalayıb. RİA "Novosti" xəbər verir ki, sənəd iki həftə ərzində ölkənin yeni Konstitusiyasının hazırlanması üçün Konstitusiya Assambleyasının toplanmasını, bəyannamənin nəşrindən 6 ay sonra prezident seçkisinin keçirilməsini nəzərdə tutur.
Bununla yanaşı, Misirdəki siyasi böhranın tam həlli hələ ki, çox uzaqdadır. Ekspertlər hazırkı gərginliyin vətəndaş müharibəsinə keçəcəyini istisna etmir. Misirli yazıçı və bloger Məhəmməd Saleh ordunun vəziyyətə nəzarət etdiyini bildirir. Onun fikrincə, bu səbəbdən devrilmiş prezident Musrinin yeganə tərəfdarı olan "Müsəlman qardaşlar" qarşıdurmaya getməyəcək. M.Saleh jurnalımıza telefonla verdiyi müsahibəsində Misirdə yaşananlar haqda fikirlərini bölüşüb.
- Ümumilikdə baş verənləri prezident Məhəmməd Musrinin siyasətinə qarşı qiyam kimi xarakterizə etmək olar. Misir şəhərlərinin küçə və meydanlarına milyonlarla insan çıxıb. Məsələ ondadır ki, Musrinin siyasəti birmənalı olaraq Misirdə islam dövlət quruluşu yaratmağa yönəlmişdi. Musri "Müsəlman qardaşlar"dan olan komandası ilə cəmi 2 gün içərisində yeni Konstitusiya hazırladılar və onu leqallaşdırdılar. Konstitusiyada misirlilərin həmişə yaşadıqları, indi də yaşamağa davam etdikləri bütün ictimai normaların üzərindən xətt çəkilirdi. "Müsəlman qardaşlar"ın seçkilərdə savadsız kənd əhalisinin səsini toplamaqda böyük təcrübəsi var. Odur ki, "Müsəlman qardaşlar" opponentlərinin istənilən tənqidinə seçkiyə istinadla cavab verir və təkrar səsvermə keçirmək təklifini irəli sürür. Musri üçün "Müsəlman qardaşlar"ın maraqları Misirin dövlət maraqlarından daha yuxarıda dayanırdı. Bu, özünü onun xarici siyasi kursunda da açıq şəkildə göstərirdi. "Müsəlman qardaşlar"ın cəmi 1 illik hakimiyyəti dövründə ölkənin valyuta ehtiyatlarının 10 milyard dollaradək azalması ilə müşahidə olunan ağır iqtisadi böhran fonunda Musri Suriya ilə münasibətlərin gərginləşməsinə gedir. Suriya səfiri Misirdən çıxarılır, səfirlik bağlanır, hökumət strukturları Dəməşqdə hökumətə qarşı cihad çağırışları edir, hətta Misir ordusunun Suriyadaxili münaqişəyə müdaxiləsi belə, istisna olunmur. Bütün bunlar azmış kimi, Musri televiziyanın canlı efirində Nil çayının yuxarı hissəsində bənd tikməyi planlaşdıran Efiopiyanı müharibə ilə hədələyir. Absurd siyasi kurs, hökumətin səriştəsizliyi ölkədə ciddi etiraz dalğasına yol açmışdı. Ordu hökumətə vəziyyəti düzəltmək üçün vaxt da verdi. Əks təqdirdə, böhrandan Məhəmməd Musrinin iştirakı olmadan çıxmaq üçün "yol xəritəsi" hazırlamaq lazım idi.
İndi "Müsəlman qardaşlar" vətəndaş müharibəsi hədələri səsləndirir, bəzi hallarda terror aktlarına belə, əl atır. Musrinin tərəfdarları Qahirənin Rabala meydanına toplaşıblar. Onlar bir neçə dəfə Musrinin saxlanıldığı saraya hücum etməyə çalışıblar. Nəticədə polislə onların arasında toqquşma yaşanıb. Yeri gəlmişkən, məhkəmə-tibbi ekspertizası tərəfindən həlak olmuş insanların cəsədi yarılıb və onların yaxın məsafədən kürəklərindən 7 millimetrlik güllə ilə güllələndikləri məlum olub. Misir ordusunda isə belə silah yoxdur. "Müsəlman qardaşlar"ın məşhur taktikası var: onlar adi vətəndaşların arxasında gizlənərək hərbi obyektləri atəşə tutur, cavab atəşi nəticəsində isə dinc insanlar həlak olurlar.
- KİV-də Musrinin bir il ərzində 120 milyard dollar kredit aldığına dair xəbərlər yayılıb. Bu, doğrudurmu?
- Musri çox borc yığıb. Amma bu qədər də yox. Seçki kampaniyası zamanı o, hakimiyyətə gələcəyi təqdirdə, təxminən, 200 milyard kredit toplayacağına söz vermişdi. Bu, Musrinin məzəmmət olunmasına yol açmışdı. Çoxları bu plana şübhə ilə yanaşırdı. Bir il ərzində Musri Liviyadan 2 milyard dollar, Türkiyədən 2, Qətərdən 3 milyard, Səudiyyə Ərəbistanından da təxminən bir o qədər kredit alıb. Buna baxmayaraq, ölkədə həyat səviyyəsi kəskin şəkildə pisləşib, sosial-iqtisadi vəziyyət sürətlə geriləməyə başlayıb.
- "Müsəlman qardaşlar" Misirdə hansı tipli teokratik dövlət qurmaq istəyirdi? İranda olduğu kimi, yoxsa fərqli? Mətbuatda Musrinin orta əsrlərə aid adətləri parlamentdən keçirmək istədiyinə dair məlumatlar gedirdi...
- Güman ki, onlar İran yox, taliblərin hakimiyyətdə olduğu dövrdəki Əfqanıstan variantına çalışırdılar. Məsələn, hökumət qızlar üçün minimal nikah yaşının göstərildiyi istənilən qanunun ləğvini istəyirdi. Qadınların sünnət edilməsinə görə cinayət məsuliyyətinin ləğvi də təklif olunurdu. Əfqanıstanda Buddanın heykəli dağıdılırdısa, Misirdə sələfilər və "Camaa-islamiyyə" tərəfindən insan şəklində olan Sfinks monumentinin uçurulması təhlükəsi var idi.
- İndi Misirdə vətəndaş müharibəsinin başlanması riski nə qədərdir?
- Ümumilikdə hadisələrin gələcək inkişafı ilə bağlı bütün versiyalar açıq qalır. Lakin vətəndaş müharibəsinin olacağını düşünmürəm.
Vaşinqtonun son bəyanatı göstərir ki, ABŞ artıq Musrini dəstəkləmir. Amerika artıq bu mövzunu bağlayıb. Musrini yalnız "Müsəlman qardaşlar" dəstəkləyir. Onlar kifayət qədər təşkilatlanıblar və özlərinin hərbiləşmiş milisi var. Qahirədə bu təşkilatın, təxminən, 1,5-2 milyon tərəfdarı olar. Onlar iğtişaşlar törədə bilərlər. Amma prosesin vətəndaş müharibəsinə gedib çıxacağına inanmıram. İndi ölkəyə müvəqqəti olaraq, Konstitusiya Məhkəməsinin başçısı rəhbərlik edir. Yeni Konstitusiya hazırlanır. Qarşıdakı yarım il ərzində parlament seçkisinin keçirilməsi mümkün olarsa, ehtiraslar tezliklə yatacaq. Müxtəlif regionlarda terror aktlarının törədiləcəyini istisna etmək olmaz. Amma "Müsəlman qardaşlar" sayına görə dünyada 14-cü, Yaxın Şərqdə isə İsraildən sonra ikinci olan Misir ordusu ilə vətəndaş müharibəsinə getmək iqtidarında deyil. Ölkənin bölgələrində sakitlikdir. Məsələ ondadır ki, Musrinin bütün tərəfdarları Qahirəyə toplaşıblar.
- Bəs, qonşu dövlətlərin Misirdə baş verənlərə reaksiyası necədir?
- Musri İsrailin nəzərində çox yaxşı prezident idi. O, HƏMAS-la dil tapa bilirdi. Son 8 ayda Fələstin tərəfdən İsrail ərazisinə bir dənə də raket atılmamışdı. 1 ildə İsrailin qazla təmin edən boru xəttinin partladılmasına heç bir cəhd göstərilməmişdi. İsraildə və ABŞ-da hesab edirdilər ki, "Müsəlman qardaşlar"ın hakimiyyəti onların İsrail və Süveyş kanalının təhlükəsizliyinin təminilə bağlı tələblərinə tam cavab verir. İndi bu dövlətlər Misirdə baş verənləri diqqətlə izləyir. Son zamanlar Misir Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə yaxınlaşmağa başlayıb. Qətərlə sıx münasibətlər Misirə mənfi təsir göstərmişdi. Çünki bu, onun Suriyadakı vətəndaş müharibəsinə cəlb olunması təhlükəsini yaradırdı. Fars körfəzi regionundan suriyalı qiyamçılara pul məhz Misirin xeyir-duası ilə axırdı.
- Misirdə keçiriləcək növbəti prezident seçkisində qələbə şansı daha çox olan siyasətçi varmı? Məsələn, Məhəmməd əl-Baradeyi...
- İndi aşkar lider yoxdur. Baradeyinin şansları da minimumdur. Hazırda Baradeyi baş nazirin müavinidir və onun missiyası ölkənin böhrandan çıxarılması yollarının tapılmasına yardım etməkdir. Yaxın vaxtlarda siyasi arenaya yeni namizədlər çıxacaq. Mümkündür ki, bu, ordunun dəstəklədiyi şəxslərdən olsun. İslamçı təşkilatların namizədləri də olacaq: aktiv siyasi fəaliyyətini davam etdirən "An-Nur" partiyası və sair.
- Koalision hökumət böhrandan çıxış yoludur, yoxsa əksinə, bu, gərginliyi daha da artırar?
- Koalision hökumətdə kabinet üzvlərinin peşəkarlığına zəmanət yoxdur. İndi Misirdə böhrandan çıxış yolunu texnokratlar hökumətində görürlər. İlk növbədə, ölkəni ağır iqtisadi böhrandan çıxarmaq, sosial-iqtisadi vəziyyəti düzəltmək lazımdır.
MƏSLƏHƏT GÖR:

717

