
XƏZƏR NEFTİNƏ PLOTSK ƏNGƏLİ
"Sarmatia" Beynəlxalq Boru Kəməri Müəssisəsinin baş direktoru Sergey Skripkanın "R+"a müsahibəsi
Müəllif: Emil İSMAYILOV Bakı
Azərbaycan artıq özünü regionun enerji təhlükəsizliyinin təmini məsələsində etibarlı tərəfdaş kimi təsdiqləyib. Bu sahədə növbəti mərhələ Azərbaycan qazının Avropaya nəqli olacaq. Bu, Aİ-nin "mavi yanacaq" mənbələrinin şaxələndirilməsi məqsədinə çatmasına köməkdir. Bundan əvvəl Azərbaycan Bakı-Tiflis-Ceyhan boru xəttilə öz neftini dünya bazarlarına çıxarıb. Avropanın enerji təhlükəsizliyinin təminində növbəti addım Avrasiya Neft Nəqli Dəhlizinin (ANND) işə salınmasıdır. Məqsəd Şərqi Avropanın bir sıra ölkələrinin Xəzər regionundan hasil olunan "qara qızıl" ilə təmin edilməsidir. Bu məqsədlə ilk mərhələdə Odessa-Brodı boru xəttilə Ukraynaya, Slovakiyaya və Çexiyaya neft nəql edilməsi nəzərdə tutulub. Növbəti mərhələdə isə Polşanın Plotsk və Qdansk şəhərlərinədək boru xəttinin çəkilməsi planlaşdırılır. Nəticədə, Xəzərin enerji resurslarının düz Baltik dənizinədək nəql edilməsi mümkün olacaq.
Bu layihənin reallaşdırılması ilə "Sarmatia" Beynəlxalq Boru Kəməri Müəssisəsi məşğul olacaq. Onun səhmdarları arasında Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd. (GOGC), Ukraynanın "Ukrtransnafta", Polşanın Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.və Litvanın AB Klaipedos Nafta şirkətlərilə yanaşı, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) də var. O, müəssisədə 24,75%-lik paya malikdir.
Layihə ilə bağlı planlaşdırılan işlərin hansı müddətə gerçəkləşdiriləcəyi, ümumilikdə bu neft kəmərinə hazırda nə qədər ehtiyacın olduğu haqda sualları "Sarmatia"nın baş direktoru Sergey Skripka R+ jurnalına müsahibəsində cavablandırıb.
- Bu gün Avrasiya Neft Nəqli Dəhlizi layihəsinin iştirakçı ölkələr üçün perspektivlərini necə qiymətləndirmək olar?
- Layihənin reallaşdırılacağı təqdirdə bütün iştirakçılara faydalı olacağına heç bir şübhə yoxdur. Onun reallaşdırılması halında Xəzər regionu dövlətləri neftini Avropa bazarına çıxarmaq üçün əlavə etibarlı marşrut, yeni alıcılar əldə edəcək, bitişik bazarlarda işləmək üçün geniş imkanlar qazanacaq, Avropa ölkələrisə yüksək keyfiyyətli xammal ala biləcəklər. Onların bəziləri üçün bu marşrut enerji daşıyıcılarının tədarükünün diversifikasiyası imkanını yaradacaq. Tranzit ölkələrin, o cümlədən Gürcüstan, Ukrayna, Polşanın da bundan əldə edəcəkləri qazancı yaddan çıxarmaq olmaz.
Layihənin əhəmiyyətini ciddi şəkildə artıran hazırkı şəraitdir: Yaxın Şərqdə və Afrikada qeyri-sabit vəziyyət hökm sürür, ənənəvi neft tədarükçülərinin enerji strategiyalarında dəyişikliklər baş verir, onlar karbohidrogen xammalının nəqli üçün yeni xətlər çəkir, köhnə marşrutların istifadəsindən imtina edirlər. Çin və Asiyanın digər ölkələrində neft istehlakçıları Avropa üçün rəqabəti artırır. Bu şəraitdə bu çağırışların bir çoxuna, məhz, Avrasiya neft nəqli dəhlizi cavab ola bilər. Bu layihə gələcəkdə qlobal infrastrukturun Avropanın neft bazarında balansın qorunub saxlanılmasına kömək edəcək, xammal tədarükündə çatışmazlığın meydana çıxmasına imkan verməyəcək elementinə çevrilə bilər.
Amma layihənin əhəmiyyəti bununla məhdudlaşmır. 2007-ci ilin noyabrında Vilnüsdə enerji sahəsində əməkdaşlığa dair razılaşmanın imzalanması zamanı 5 ölkə təmsilçiləri Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa və Litva arasında iqtisadi tərəfdaşlığın perspektivləri haqda fikirləşiblər. Onlar bu layihənin ölkələrimiz arasında etibarlı əlaqələndirici halqa olacağını, digər birgə layihələrin inkişafına təkan verəcəyini, Avropa İttifaqı ilə əməkdaşlığın qurulması üçün səylərin birləşdirilməsini təmin edəcəyini, fövqəldövlətlərimizi Avropa qitəsinin enerji təhlükəsizliyinin təminində vacib elementə çevirəcəyini düşünüblər. Bunu yaddan çıxarmaq olmaz.
- Layihə çərçivəsində indiyədək hansı işlər görülüb? Hazırda layihənin reallaşdırılması hansı mərhələdədir?
- 2013-cü ildə "Sarmatia" Brodı-Adamov keçidi neft kəmərinin layihəsinin hazırlanması istiqamətində ciddi irəliləyiş əldə edib. Hazırda bu, ANND-nin yeganə çatışmayan hissəsidir. Bu ilin yanvarında layihə ilə əlaqədar olaraq, Polşada torpaq istifadəsi və tikinti işləri planlarına müvafiq dəyişikliklərin edilməsi prosesinə başlanılıb. Bu, Polşada kifayət qədər çətin və uzun prosesdir. Onu bir il ərzində başa vura bilməyimiz, şübhəsiz ki, böyük uğurdur. Buna yalnız məsləhətçilərimizin (ARCADIS və ILF şirkətləri) zəhmətilə yox, həm də yerli özünüidarəetmə orqanları və ictimaiyyətin dəstəyilə nail olmuşuq.
Martda isə layihə üçün dövlət yardımının ayrılmasına hazırlıq prosesi başa çatdırılıb. Məlum olduğu kimi, layihəmizin dəstəklənməsi üçün Aİ-nin "İnfrastruktur və ətraf mühit" əməliyyat proqramı çərçivəsində, təxminən, 120 milyon avro məbləğində vəsait ehtiyat kimi ayrılıb. Bu vəsaitin ayrılmasınadək Avropa Komissiyası planlaşdırılmış maliyyələşdirmənin bazarda tarazlığı pozmadığına, azad rəqabət prinsiplərilə ziddiyyət təşkil etmədiyinə əmin olmalıdır. Dövlət yardımına nota verilməsi proseduru çərçivəsində, məhz, bu məsələlərə baxılır. Avropa Komissiyasının bizim layihəmizlə bağlı qərarında bildirilir ki, onun üçün planlaşdırılmış yardım "ictimai vacib məqsədlərə nail olunmasına xidmət edir və Aİ bazarının daxili tələblərinə uyğundur".
Layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsinə hazırlıq proseduru son mərhələsindədir. Layihənin reallaşdırılması üçün ekoloji icazənin bu il avqustun sonunadək veriləcəyini gözləmək olar.
Ekoloji icazənin alınması layihənin "İnfrastruktur və ətraf mühit" əməliyyat proqramı fondundan maliyyələşdirilməsi üçün Avropa Komissiyasına rəsmi müraciət olunmasınadək həyata keçirilməli olan son şərtdir.
- Məlumdur ki, layihənin hazırlanmasının maliyyələşdirilməsi üçün bu il "Sarmatia"nın nizamnamə kapitalı artırılmalıdır. Bu məsələ nə yerdədir və onun başa çatdırılmasından sonra hansı işlərin görülməsi planlaşdırılır?
- Layihəyə hazırlıq planına uyğun olaraq bu il tikinti üçün torpaq ayrılması proseduru həyata keçirilməlidir. Prosedur çərçivəsində Polşada neft kəmərinin keçəcəyi ərazilərdə 8 mindən artıq torpaq sahəsinin sahibi ilə müqavilə imzalanmalıdır. Təəssüf ki, Polşa hökuməti verdiyi vədlərə baxmayaraq, hələ də "Enerji dəhlizləri haqqında" qanunun qəbulunu təmin etməyib. Torpaq ayrılması məsələsinin ciddi şəkildə sadələşdirilməsi üçün, məhz, bu qanunun qəbulu tələb olunur.
Ukraynada qanunvericilik ictimai maraqların keşiyində durur və strateji, ictimai vacib infrastruktur layihələrini reallaşdıran investorları dəstəkləyir. Bu səbəbdən də, Ukraynada torpaq ayrılması məsələsində ciddi çətinliklərlə üzləşəcəyimizi düşünmürük.
Bu il neft kəmərinin inşası üzrə işçi layihənin hazırlanmasına başlamaq da vacibdir.
Qeyd olunan mərhələlər kifayət qədər xərc tələb edir. Bu səbəbdən, "Sarmatia" Beynəlxalq Boru Kəməri Müəssisəsinin nizamnamə kapitalı həmtəsisçilər tərəfindən hazırkı 4,65 milyon avrodan 15 milyon avroyadək artırılmalıdır.
Lakin bu məsələ bir qədər dalana dirənmiş vəziyyətdədir. Məsələ ondadır ki, "Sarmatia"nın Polşadan olan həmtəsisçisi - PERN "Pşiyazn" neft nəqli şirkəti nizamnamə kapitalının artırılması ilə bağlı mövqeyini layihənin reallaşdırılmasına dair dövlət səviyyəsində qəbul ediləcək qərardan və müvafiq hökumətlərarası müqavilələrdən asılı vəziyyətə qoyub. Bu, qanunauyğun haldır. Çünki PERN "Pşiyazn" tamamilə dövlətin nəzarətindədir. Polşa hökumətinin layihə ilə bağlı mövqeyisə hələ də tam aydın deyil. ANND-yə dəstəklə bağlı çoxtərəfli hökumətlərarası razılaşmanın hazırlanması məsələsinə onun münasibətinin dəyişdiyi ortadadır. Pricewater house Coopers, Granherne, ILF kimi məşhur şirkətlərin ekspertləri hesab edirlər ki, qeyd olunan razılaşma gələcək neft nəqli dəhlizinin fəaliyyət göstərməsi üçün hüquqi əsas olmalı, layihə iştirakçılarına, investorlara, yaradılacaq infrastrukturun istifadəçilərinə zəmanət verməlidir. Neft tədarükçüləri və istehlakçıları arasında kommersiya müqavilələrinin, həmçinin neftin nəqlinə dair sənədlərin imzalanmasına, məhz, bu razılaşma yol açacaq. Beynəlxalq infrastruktur layihələrinin reallaşdırılması üçün bu cür razılaşmanın vacibliyinə misal kimi, Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşası təcrübəsini göstərmək olar. Bu layihə bizə bir çox cəhətlərilə nümunədir.
Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexotinskiyə hökumətlərarası razılaşmanın imzalanmasının vacibliyini Azərbaycanın enerji naziri Natiq Əliyev də bildirib. Layihənin digər iştirakçıları da bu fikirdədirlər.
Polşa isə nədənsə hesab edir ki, hökumətlərarası razılaşmanın imzalanması ANND layihəsinin reallaşdırılması üçün vacib şərt deyil. Onlar hesab edirlər ki, ilk olaraq neftin tədarükü ilə bağlı kommersiya müqavilələri imzalanmalıdır. Bu müqavilələrin vacibliyini də heç kim inkar etmir. Amma məsələyə bu cür yanaşma atı arabanın arxasına bağlamağa bənzəyir. Dövlətlərarası zəmanət olmadan kommersiya subyektlərinin layihənin risklərini öz üzərlərinə götürməyə razılaşacaqlarına inanmaq çətindir.
Çox ümid edirik ki, layihənin iştirakçısı olan ölkə nümayəndələri arasında aparılacaq məsləhətləşmələr, Ukraynanın enerji və kömür sənayesi nazirilə Polşanın iqtisadiyyat naziri arasında keçiriləcək görüş vəziyyətə aydınlıq gətirəcək. Bu məsləhətləşmələrin hər ikisilə bağlı təklif mayda Ukraynadan gəlib. Onların iyunun sonlarında baş tutacağı gözlənilsə də, bildiyimə görə, Polşa tərəfi hələ də təklifi cavablandırmayıb.
- Avropa Komissiyasının layihə ilə bağlı mövqeyi nədən ibarətdir?
- Avropa Komissiyasının layihə ilə bağlı mövqeyi dəyişməz qalır. O, layihəyə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinin vacib aləti kimi baxır, ANND-nin Aİ üçün enerji mənbələrinin və neft tədarükü marşrutlarının şaxələndirilməsinə kömək edəcəyini düşünür. Avropa Komissiyasının layihəyə dövlət yardımının göstərilməsinə nota verilməsi haqda müsbət qərarı bu yanaşmanın təzahürüdür.
ANND layihəsinin "ümumavropa əhəmiyyətli layihələr"in (Project of Common Interest) siyahısına salınacağı gözlənilir. Bu siyahı Avropa Komissiyası tərəfindən bu ilin sonunadək hazırlanmalıdır.
MƏSLƏHƏT GÖR: