14 Mart 2025

Cümə, 23:32

MÜŞTƏRİ YOX, TƏRƏFDAŞ

"The Jerusalem Post"un ekspertləri: "Azərbaycanla münasibətlər müqabilində İsrail "loyallıq" tələb etmir"

Müəllif:

06.08.2013

Nüfuzlu İsrail qəzeti olan "The Jerusalem Post" İsraillə Azərbaycanın əməkdaşlığının zəruriliyinə dair məqalə dərc edib. Məqalənin müəllifləri - Bar-İlan Universitetinin aparıcı əməkdaşı Anna Qeyfman və bu ali təhsil ocağının aspirantı Daniil Kors mövzu ilə bağlı baxışlarını bizim jurnala bölüşüblər.

- Azərbaycan-İsrail münasibətlərinin gələcəyi haqda nə deyə bilərsiniz?

Anna Qeyfman:  Aydındır ki, bu münasibətlərin perspektivləri bir çox faktorlardan asılıdır, amma əlaqələrin inkişafının potensialı çox böyükdür. Çünki bizim ölkələrimiz arasında ümumi cəhətlər çoxdur, maraqlarımız isə üst-üstə düşür. Azərbaycan üçün İsrail texnologiyalar mənbəyidir, xüsusilə də hərbi sahədə.  Qeyd etmək lazımdır ki, digər tərəfdaşlarından fərqli olaraq, İsrail Azərbaycanla münasibətlər müqabilində  "loyallıq" tələb etmir. Ümumiyyətlə, Azərbaycan İsrail üçün "müştəri" deyil. Bizim ölkələrimiz hər iki terrorizmlə mübarizə aparır. Azərbaycanla İsrail enerji resurslarının emalı və nəqli, həmçinin turizm və mədəniyyət kimi sahələrdə də əməkdaşlığı inkişaf etdirə bilərlər.  Məsələn, elə bu günlərdə Yerusəlim simfonik orkestri Qəbələdə keçirilən festivalda iştirak edib.

- Necə hesab edirsiniz, Azərbaycan nə vaxt İsraildə öz səfirliyini açacaq? Ümumiyyətlə, indiyədək səfirliyin olmaması ikitərəfli münasibətlərin inkişafına maneə yaradırmı?

Anna Qeyfman: Bu suala cavab vermək o qədər də asan deyil. Belə görünür ki, Azərbaycan rəhbərliyi müsəlman dünyasının əksəriyyəti tərəfindən mənfi qarşılanacağını nəzərə alaraq, birmənalı şəkildə İsrailin tərəfində dayanmamaq xatirinə bu addımı atmır. Digər tərəfdən bizdə indiyədək Azərbaycan səfirliyinin olmamasının ikitərəfli münasibətlərimizə zərbə vurduğunu düşünmürəm.  İsrail məsələnin spesifikliyini və onun həllinin çətinliyini çox yaxşı dərk edir.

- Siz Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığa toxundunuz. Necə hesab edirsiniz, bu sahədə perspektivlər necədir?

Daniil Kors: İndiyədək bütün açıq mənbələrin dəfələrlə təkrarladığı fikirləri söyləməyi lazım bilmirəm. Eyni zamanda bu mənbələrin susduğu məqamları açıqlamaq da lazım deyil. Amma istənilən halda, bizim aramızda əməkdaşlıq üçün kifayət qədər əsas var. Şübhəsiz, İsrail Azərbaycan üçün keyfiyyətli mal və xidmət tədarükçüsüdür. Azərbaycan isə İsrail üçün öz sərvətini və suverenliyini qorumaq əzmində olan ciddi alıcıdır. Məsələ ondadır ki, Azərbaycan tarixən silah istehsalına meyilli olub, odur ki,  Azərbaycan ərazisində silah-sursat istehsalına dair müəssisələrin yaradılmasına dair ölkələrimiz arasında danışıqlar haqda məlumatlar təəccüblü deyil.  Hazırda söhbət müxtəlif növ döyüş sursatından, geniş assortimentdən - atıcı silahdan tutmuş, pilotsuz uçan aparatlar, həmçinin Azərbaycan ordusundakı ağır texnikanın modernləşdirilməsindən gedir.

- ABŞ-ın yəhudi icması 20 il əvvəl qəbul edilmiş 907-ci düzəlişin "dondurulması"nda, həmçinin konqresmenlərin digər anti-Azərbaycan qərarlarının qarşısının alınmasında mühüm rol oynayıb. Azərbaycanla icmalar səviyyəsində əməkdaşlıq məsələsində İsrailin mövqeyi necədir?

Daniil Kors:  İsrailin ABŞ-dakı yəhudi icmalarına mühüm təsir göstərmək iqtidarında olması haqda fikirlər reallıqdan çox uzaqdır. Əslində, bu, heç də belə deyil və Amerikanın yəhudi icmaları tez-tez İsrailin xarici siyasətinə də mənfi yanaşmalarını ortaya qoyurlar. Digər tərəfdən İsrail, doğrudan da, enerjili və təcrübəli lobbisi vasitəsilə ABŞ Konqresinə təsir göstərə bilir.  Məsələn, bir vaxtlar İsrail aktiv şəkildə Türkiyənin maraqlarını müdafiə edirdi, çünki bu ölkə bizim strateji tərəfdaşımız sayılırdı. Unutmaq lazım deyil ki, istənilən lobbiçilik İsrailə o qədər də asan başa gəlmir. Odur ki, bu cür dəstəyə yalnız strateji tərəfdaşlar ümid edə bilərlər. Başqa sözlə desək, bizim münasibətlərimiz kifayət qədər möhkəm olmalıdır ki, İsrail Azərbaycana dair belə siyasət yeridəcəyinə dair öhdəlik götürsün.

- İsrailin ayrı-ayrı rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi Ermənistanda açıq qısqanclıqla qarşılanır. İsrailin getdikcə həlli uzanan Dağlıq Qarabağ münaqişəsinə yanaşması necədir? Ələlxüsus da nəzərə alsaq ki, bu münaqişəyə də son vaxtlar Yaxın Şərq problemi kimi, həlli hələ çox vaxt çəkəcək münaqişələr kimi yanaşılır...

Anna Qeyfman: Düzü, mən bilmirəm siz İsrail rəsmilərinin hansı bəyanatlarından danışırsınız. İsrail təmsilçiləri Dağlıq Qarabağ haqda nəsə söyləsələr belə, bunu Yerusəlimin rəsmi mövqeyi kimi qəbul etmək lazım deyil. Şübhəsiz, söhbət, bizimlə ərəblər arasında yaşanan münaqişə ilə müqayisə edilə biləcək bir problemdən gedir. Bu münaqişəyə yeganə yanaşma o olmalıdır ki, problem azərbaycanlılarla azərbaycanlıların özləri tərəfindən həll edilməlidir. İnanmıram ki, üçüncü qüvvə bu məsələyə həlledici təsir göstərə bilsin.


MƏSLƏHƏT GÖR:

716