14 Mart 2025

Cümə, 23:43

“NABUCCO WEST” NECƏ OLSUN?

Varşavanın Şərq Araşdırmaları Mərkəzinin enerji siyasəti layihəsinin direktoru Aqata Loskot-Straxotanın “R+” jurnalına müsahibəsi

Müəllif:

06.08.2013

Azərbaycan qazının Avropaya nəqli üçün Transadriatik qaz kəmərinin (TAP) əsas marşrut kimi seçilməsi ortaya bir sıra suallar çıxarıb. Çünki TAP Aİ tərəfindən ciddi siyasi dəstək almış güclü rəqibi “Nabucco West” layihəsini kənarda qoya bildi. Amma indi əksər ekspertlər iki layihənin kommersiya şərtlərini müqayisə edərkən "Şahdəniz" konsorsiumunun doğru qərar verdiyini təsdiqləyir. Varşavanın Şərq Araşdırmaları Mərkəzinin enerji siyasəti layihəsinin direktoru Aqata Loskot-Straxota bu haqda fikirlərini “R+” jurnalı ilə bölüşüb.

- Azərbaycanın Xəzər qazının Avropaya çıxarılması üçün Nabucco West yox, TAP layihəsini seçməsini necə qiymətləndirirsiniz?

- Bu qərar Aİ-nin qaz bazarındakı hazırki vəziyyətə bu və ya digər dərəcədə uyğun gəlir - tələb böhranı, yüksək qiymət, Avropanın qaz şirkətlərində investisiya yatırımına daha ehtiyatlı və real yanaşmanı tələb edən problemlər. Mən deyərdim ki, TAP praqmatik seçimdir. Xüsusilə yaxın və orta perspektiv üçün bu layihə kommersiya baxımından daha məqbuldur. Marşrut Aİ-yə daha qısa marşrut təklif edir. O, daha ucuzdur və Şahdəniz yatağının operatoru olan səhmdara (Statoil) malikdir. Bu, tikinti şanslarını artırır. Bundan başqa, ARDNŞ Yunanıstanın DESFA qaz nəqli şirkətinin səhmdarına çevrilib. Bu, Azərbaycanın Dövlət Neft Şirkətinə Azərbaycan qazınının axını üzərində ciddi nəzarət imkanı verir. “Nabucco West” isə Mərkəzi Avropaya istiqamətlənmişdi. Bu istiqamət, italyan bazarı ilə müqayisədə, daha balaca qaz bazarı təklif edir. Üstəlik, burada digər diversifikasi-yalı infrastruktur layihələri (LNG layihəsi, atom enerjisi, interkonnektorlar və s.) də var. Bundan başqa, Mərkəzi Avropa bazarı xeyrinə seçim edilməsi Rusiyanın "Qazprom" şirkətilə böyük rəqabətə girmək olacaqdı. Bu şirkət isə sözügedən regiona qaz tədarükündə hökmranlıq edir (üstəlik, hazırkı ağır bazar şərtlərində o, qaz tədarükü üçün daha əlverişli təkliflərlə çox açıqdır).

- Belə olan təqdirdə “Nabucco West” ölü layihə sayıla bilərmi? Yoxsa bəzi həmkarlarınızın onun gələcəyinə olan ümidlərini bölüşürsünüz?

- Yaxın dövr haqda danışırıqsa, əlbəttə ki, bu, mümkün deyil. Daha uzaq perspektiv baxımından isə bu layihə yenidən müzakirə mövzusu ola bilər. Bu, Aİ-nin qaza tələbatının artacağı, regiondakı əlavə qaz mənbələrinin isə (məsələn, İranın) Avropa üçün əlçatan olacağı və s. şəraitdə mümkündür. Amma bu halda da layihəni qaz tədarükçüləri üçün kommersiya baxımından cəlbedici etmək üçün ciddi dəyişikliklərə ehtiyac olacaq.

Bu baxımdan TAP ən azı yaxın bir neçə il üçün Aİ-nin regiondakı enerji siyasətində ciddi önəm daşı-yacaq. O, Aİ-nin Mərkəzi və Şərqi Avropadan olan üzvləri üçün diversifikasiya ilə nəticələnməyəcək. İtaliya bazarındakı bütün alternativ qaz mənbələrini nəzərə alsaq, indiki şəraitdə “Nabucco West” çətin ki, real "dəhliz"ə çevrilə bilsin.

- Yeri gəlmişkən, belə bir fikir də var ki, Azərbaycanın TAP-ın xeyrinə qərar verməsi məhz Rusiyanın Mərkəzi Avropanın qaz bazarında mövcud olması ilə bağlıdır. Azərbaycanla Rusiya Avropaya enerji resurslarının tədarükündə rəqib, yoxsa tərəfdaşdırlar?

- Düşünürəm ki, Azərbaycan bu cür strateji qərarların qəbulu zamanı rasionallıq edir, ən vacib tərəfdaşlarının və qonşularının maraqlarını nəzərə alır, qərarın onlarla münasibətlərə hansı təsirləri göstərə biləcəyini təhlil edir. Əlbəttə ki, Rusiya Azərbaycan üçün belə vacib qonşu və tərəfdaşlardan biridir.

Bundan başqa, fikrimcə, Aİ-nin qaz bazarının yeni iştirakçıları üçün dünyanın nəhəng qaz tədarükçüsü ilə birbaşa rəqabətə girmək çətin olar. Odur ki, Azərbaycanın seçimi TAP-ın xeyrinə etməsi tamamilə anlaşılandır.

- Bəzi mətbuat orqanları yazır ki, Azərbaycanın “Nabucco West” layihəsini seçməməsi Bakı ilə Avropa İttifaqının münasibətlərinə mənfi təsir göstərə bilər. Guya, Bakı bundan sonra Qarabağ probleminin həllində Brüsselin dəstəyinə arxalana bilməyəcək. Bu haqda nə düşünürsünüz?

 - Mən belə bədbin olmazdım. Fikrimcə, Aİ-nin enerji istiqamətindəki strateji layihəsi olan Cənubi dəhlizi ilə bağlı son hadisələr - TAP-ın bu istiqamətdəki əsas layihələrdən biri kimi seçilməsi

(TANAP-ın inşası haqda qərarın qəbulu və s.) Aİ-nin regiondakı siyasətinin sərhədlərini aydın şəkildə göstərir.

- Azərbaycanın siyasəti regionun enerji xəritəsinin dəyişdirilməsinə yönəlib. Bakının enerji siyasətini necə qiymətləndirirsiniz?

- Artıq qeyd etdiyim kimi, Azərbaycanın enerji siyasəti kifayət qədər praqmatikdir. İxrac layihələrinə gəlincə, onlar əsasən Türkiyə və onun enerji siyasətilə əlaqəlidir. Bu, Azərbaycanın öz imkanlarını həm məhdudlaşdıra, həm də artıra bilər.


MƏSLƏHƏT GÖR:

596