
TƏHRİKÇİLİKDƏN QAÇMAQLA
Böyük Britaniyanın LINKS qeyri-hökumət təşkilatının direktoru Dennis Sammutun “R+“ jurnalına müsahibəsi
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq 20 ildir həll olunmamış qalması, ATƏT-in Minsk qrupunun fəaliyyətinin effektivsizliyi Cənubi Qafqaz regionunda vəziyyəti daha da təhlükəli vəziyyətə gətirib. Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsini, 1 milyon qaçqın və məcburi köçkünün hüquqlarının bərpasını tələb edir və öz ərazi bütövlüyünün təmini çərçivəsində münaqişənin həllinə razıdır. Lakin İrəvan bu mövqeni qəbul etmir və nəticədə problemin dinc yolla həllinə edilən cəhdlər sıfır nəticə verir. Bu üzdən də Azərbaycan Ordusunun silahlandırılmasına getdikcə daha çox vəsait xərcləməli olur.
Böyük Britaniyanın LINKS qeyri-hökumət təşkilatının direktoru Dennis Sammut regiondakı vəziyyətlə bağlı fikirlərini “R+” jurnalı ilə bölüşüb.
- Ermənistanda Rusiyanın Azərbaycana 1 milyrd dollarlıq silah satması ilə bağlı ciddi narahatlıq var. Əksər erməni ekspertlər bunu Ermənistanın strateji müttəfiqinin (Rusiyanın) regional siyasətində dəyişiklik kimi qiymətləndirirlər. Bu haqda sizin düşüncələrinizi bilmək maraqlı olardı...
- Mən düşünürəm ki, Rusiya özünü çox həyasızcasına aparır. Rusiya işi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən ibarət olan Minsk qrupunun həmsədridir. Amma o, regionu silahla doldurur - Azərbaycana silah satır, Ermənistana bu ölkədəki hərbi bazasına görə kompensasiya olaraq silah verir. Cənubi Qafqazda silahlanma yarışı müşahidə olunmaqdadır və Rusiya bu silahların tədarükünü həyata keçirən əsas ölkələrdən biridir. Bu silahlar gec-tez çoxlu sayda günahsız erməninin və azərbaycanlının öldürülməsi üçün istifadə olunacaq. Rusiya Cənubi Qafqazı tanıyır və bu bölgənin silah arsenalına çevrilməsinin təhlükəli olduğunu hamıdan yaxşı bilir.
- Bu, Rusiyanın Ermənistanla Avropa İttifaqı arasında mümkün assosiativ razılaşmaya cavabı ola bilərmi?
- Ermənistanda, Rusiyada, hətta Azərbaycanda da İrəvanla Avropa İttifaqı arasında assosiativ razılaşmanın imzalanmasını istəməyən insanlar var. Bəziləri hesab edir ki, bu, Rusiyanın Ermənistandan üz döndərməsinə səbəb ola bilər. Bu, çox bayağı yanaşmadır. Moskva ilə İrəvan arasında hər iki tərəfi qane edən hərbi və siyasi əlaqələr mövcuddur. Aİ ilə assosiativ saziş ən azı yaxın perspektivdə bu münasibətlərə təsir göstərməyəcək. Amma bir şey aydındır. Bu saziş uzaq perspektivdə Ermənistanın Rusiyadan asılılığını azaldacaq. Ola bilsin ki, Rusiyada bəziləri bunu istəmir. Ötən həftə İrəvanda Avropa İttifaqının komissarı Ştefal Fülenin dediklərindən məlum oldu ki, Aİ Ermənistandan assosiativ sazişin imzalanmasınadək və ya ondan sonra Rusiyaya münasibətini dəyişməsini xahiş etmir. Hesab edirəm ki, Rusiyanın Azərbaycana silah satmasını bu məsələ ilə əlaqələndirmək düzgün deyil.
- Moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistan parlamentindəki çıxışından sonra onunla bağlı yaşanmış insident haqda nə düşünürsünüz? Bu, Ermənistan ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsilə bağlı alternativ fikri qəbul etməyə hazır olmadığının göstəricisi sayıla bilərmi?
- Cənubi Qafqazda fərqli fikrə malik insanlara qarşı dözümsüzlük var. Aureliya Qriqoriunun səsləndirdiyi fikirləri dilə gətirməyə tam haqqı çatırdı. O, bu fikri diplomatikcəsinə və ya incik şəkildə, hətta bilərəkdən təxribat məqsədilə belə deyibsə, bu, başqa söhbətin mövzusudur. Məsələ ondadır ki, onun öz fikrini ifadə etmək hüququ var. Düşünürəm ki, Ermənistanın məsələyə reaksiyası həddini aşdı.
- Azərbaycan və Ermənistan ictimaiyyətləri arasında qarşılıqlı inamın gücləndirilməsi üçün hansı işlər görülməlidir?
- Bu gün iki ictimaiyyət arasında ümumilikdə Ermənistan-Azərbaycan münasibətlərinə dair səmimi müzakirələrin aparılmasına ehtiyacın olduğu həmişəkindən daha çox aydındır. Bu diskussiya emosiyalara əsaslanmamalı, gələcək nəsillər üçün daha yaxşı şəraitin yaradılması yollarının tapılmasına yönəlməlidir. Sonradan onlara müxtəlif icmalar arasında daha intensiv diskussiyalar da əlavə olunmalıdır. Bu proses yuxarıdan aşağı gedə bilməz. O, aşağıdan yuxarı getməlidir. Eyni zamanda ictimaiyyət liderlərilə yanaşı, KİV-in də üzərinə böyük məsuliyyət düşür. Mətbuat təhrikçilikdən qaçmaqla, nümunə göstərməlidir. Nə qədər ki, hər iki ölkədə və münaqişə zonasında atmosfer dəyişməyəcək, sülh danışıqlarının nəticə verəcəyinə ümid azdır.
- Azərbaycan tərəfi bəyan edir ki, Minsk qrupunun həmsədrləri diqqəti təmas xəttindəki vəziyyətə yönəltməkdən daha çox münaqişənin faktiki həlli üzərində işləməlidirlər. Həmsədr ölkə rəsmilərinin çıxışlarında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnaməsinə istinad etməməsi də Bakıda narahatlıq yaradır. Nizamlama prosesi haqda siz nə düşünürsünüz?
- Mən də o fikirlə razıyam ki, Minsk qrupunun ilk vəzifəsi münaqişənin həlli olmalıdır. Cəbhə xəttində sabitliyin yaradılmasına yönəlmiş işlər bütünlükdə vəziyyətin dondurulmasına rəvac verməməlidir. Status-kvo dayanıqlı deyil və qəbuledilməzdir. Amma təmas xəttində də vəziyyət gərgin və təhlükəli olaraq qalır. Odur ki, Minsk qrupu diplomatlarının bundan narahat olmaları, vəziyyəti idarə etməyə çalışmaları, gərginliyin azaldılması istiqamətində çalışmaları tamamilə gözləniləndir. Onlar birinci işlə məşğul olan zaman eyni vaxtda ikinci işi də gördüklərinə görə tənqidə məruz qalmamalıdırlar.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə gəlincə, onlar icrası mütləq olan qətnamələr deyil. Amma bu halda belə, bu sənədlər beynəlxalq ictimaiyyətin münaqişəyə münasibətini göstərir və həmin qətnamələrə etinasız yanaşılmamalıdır.
MƏSLƏHƏT GÖR: