15 Mart 2025

Şənbə, 00:34

QASTARBAYTERİN AQİBƏTİ

Astananın miqrasiya siyasətində gözlənilən dəyişiklikləri "R+" jurnalına müsahibəsində Beynəlxalq Miqrasiya Təşkilatının Qazaxıstandakı nümayəndəliyinin koordinatoru Svetlana Xasımbekova şərh edib

Müəllif:

03.09.2013

Yaxın zamanlarda Qazaxıstanda əmək miqrantlarına icazə verilməsilə bağlı qanunvericilikdə sadələşdirilmənin aparılması planlaşdırılır. DİN-in miqrasiya polisi departamentinin rəisi Serik Sainovun yerli mətbuata verdiyi məlumata görə, əcnəbi işçi qüvvənin ölkəyə cəlbi sahəsindəki hazırkı mexanizm fiziki şəxslərin miqrantların əməyindən istifadə etməsini çətinləşdirir. Nəticədə miqrantların əhəmiyyətli bir hissəsi ölkədə qeyri-leqal fəaliyyət göstərir. Bu problemin həlli məqsədilə yeni qanun layihəsi hazırlanıb. Sənəddə əmək miqrantlarına işləmək icazəsnin verilməsi prosesinin sadələşdirilməsi nəzərdə tutulur. Sainovun sözlərinə görə, yeni qanunun qəbulu miqrantların əməyinin leqallaşdırılmasına imkan verəcək, vergi ödənilən bazanı genişləndirəcək.

Qeyd edək ki, Amerikanın din və ictimai həyat üzrə tədqiqat mərkəzi olan Pew Research Center Qazaxıstanda Azərbaycandan, təxminən 40 min miqrantın olduğunu bildirir.

Qazaxıstanda əmək miqrantlarının fəaliyyətini tənzimləyən qanunun qəbulu ilə hansı dəyişikliklərin baş verəcəyini “R+” jurnalına Beynəlxalq Miqrasiya Təşkilatının Qazaxıstandakı nümayəndəliyinin koordinatoru Svetlana XASIMBEKOVA danışıb.

 - Bu qanunun qəbulu ilə Qazaxıstanın miqrasiya siyasəti tam dəyişəcəkmi?

 - Əlbəttə ki, vəziyyət dəyişəcək. Ölkənin miqrasiya sahəsindəki qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsi təklif olunur. Onlar ilk növbədə ev işləri, inşaat, xidmət və digər sahələrdə çalışan miqrantlara təsirini göstərəcək. Fəaliyyətləri heç nə ilə tənzimlənməyən MDB ölkələrindən olan miqrantlar leqal şəkildə işləmək imkanı qazanacaqlar. Onların əksəriyyəti Qazaxıstana qonaq qismində gəlir və əmək kvotasına daxil olmur və müvafiq icazələri olmadan işə düzəlirlər. Əmək müqaviləsi imzalanmadığından onlar dərhal qeyri-leqal miqrantların sırasına düşürlər. Yeni qanunun qəbulundan sonra müxtəlif sahələrdə, o cümlədən tikintidə çalışan MDB-dən olan miqrantlar ölkəyə gələn zaman sahibkar tapmaq, əmək müqaviləsi imzalamaq və patent əldə etmək hüququ qazanacaqlar. Patent təxminən Rusiyadakı kimi olacaq. Yəni, o, miqranta işə qəbul olunmaq icazəsi verəcək. Bunun üçün onlar sadəcə dövlətə müəyyən məbləğ ödəyərək leqal şəkildə işləyəcəklər.

Qeyd edim ki, hazırda qüvvədə olan qanunda miqrantların patent əldə etməsi ümumiyyətlə nəzərdə tutulmur.

Patentə görə ödəniş təxminən 15-20 dollar olacaq. O, miqrantın sahibkarla bağladığı əmək müqaviləsinin qüvvədə olduğu müddətdə keçərli olacaq. Rusiyadan fərqli olaraq, Qazaxıstanda işçi yalnız əmək müqaviləsi imzaladıqdan sonra patenti əldə edə biləcək. Yəni miqrant dərhal əmək münasibətlərinin iştirakçısı olur və leqal əmək miqrantı statusu qazanır.

- Yəni onun sahibkar və dövlətlə münasibətləri bu qanun layihəsilə tənzimlənəcək?

- Bəli. Onun hüquqları Qazaxıstanın Əmək Məcəlləsi ilə tənzimlənəcək. Məsələ ondadır ki, eyni vaxtda bir sıra digər qanunlara da dəyişiklik ediləcək.  Məsələn, Miqrasiya haqqında qanun, Vergi Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər olacaq.

- Bəs, miqranta vəd edilən əməkhaqqının verilmədiyi və ya onun iş şəraitinin ağırlığı ilə bağlı problemlərinin yarandığı halda necə olacaq?

- Əmək miqrantı əmək müqaviləsilə qorunacaq. Sənəddə onun hüquqları və işçini işə götürmüş sahibkarın öhdəlikləri əks olunur. Beləliklə, miqrant istənilən zaman prokurorluq, əmək müvəttişliyi və digər qurumlara şikayət edə bilər. Onun əmək hüquqlarının pozulmaması üçün sahibkarla bağladığı müqaviləni diqqətlə nəzərdən keçirməsi vacibdir.

- Yeni qanunun qəbulu Rusiyada aparılan qeyri-leqal miqrasiya ilə mübarizə kampaniyası ilə bağlı deyil ki?

- Mən bunu Rusiyadakı vəziyyətlə əlaqələndirməzdim. Məsələ ondadır ki, bu qanun layihəsi üzərində iş hələ iki il əvvəl başlamışdı. Təşkilatımız qanun layihəsini hazırlayanlara beynəlxalq ekspertizanı təqdim edib. Onları beynəlxalq təcrübə ilə tanış etdik, fərqli ölkələrdə bu problemin həllinin müxtəlif aspektləri haqda məlumatlar verdik. Qanun layihəsi Qazaxıstan Məclisinə 2012-ci ilin noyabrında çıxarıldı və birinci oxunuşda qəbul edildi. İndi o, müzakirə mərhələsindədir. Hazırda parlament tətildədir. Sentyabrda sənədin müzakirəsi bərpa olunacaq.

- Ümumiyyətlə, Qazaxıstanda qeyri-leqal miqrantların, xüsusilə azərbaycanlıların sayı nə qədərdir?

- Qeyri-leqal miqrantların sayı haqda dəqiq məlumat yoxdur. Çünki onlar qeydiyyata alınmırlar. Azərbaycanlı miqrantlara gəlincə, Qazaxıstanda onlar əsasən ölkənin qərbində tikinti sahəsində çalışırlar. Daxili İşlər Nazirliyinin 2012-ci ilə ölkədəki miqrantların sayı haqda məlumatında söhbət təxminən 1 milyon nəfərdən gedir. Onların 90%-i MDB ölkələrindən olanlardır.

- Azərbaycanlı əmək miqrantları tərəfindən hər hansı şikayətlə rastlaşmısınızmı?

- Azərbaycandan olan miqrantlar nə bizə, nə də tərəfdaşlarımıza müraciət ediblər. Onlar əsasən Qazaxıstanın Xəzəryanı bölgəsində işləyirlər. Orada Azərbaycan diasporu çox güclüdür və görünür, bu sahədəki problemlər diasporun iştirakı ilə çözülür. İcmanın həmvətənlərə kömək etməsi adi haldır. Hüquqi məsələlərdə çətin vəziyyətdə qalan istənilən miqranta köməklik göstərməyə hazırıq. Bizim hüquq məsləhətçilərimiz Qazaxıstanın bütün regionlarında işləyirlər. Bu, Aktauya da aiddir.


MƏSLƏHƏT GÖR:

719