
"MÜNAQIŞƏDƏN ƏN ÇOX ERMƏNİSTAN ZƏRƏR GÖRÜR"
Türkiyənin keçmiş xarici işlər naziri (1991-1994-cü illərdə) Hikmət Çətinin "R+"a müsahibəsi
Müəllif: Almaz MAHMUDBakı
Bu gün Azərbaycan lobbisinə böyük dəstək verən Hikmət Çətin 1992-ci ildə Azərbaycana gələn ilk Türkiyə xarici işlər naziri olub. O zaman 1 illik müstəqilliyi olan Azərbaycan hansı vəziyyətdə idi?
Mən Azərbaycanı ikinci vətənim hesab edirəm. Azərbaycan müstəqillik əldə edəndən sonra buraya gələn Türkiyənin ilk xarici işlər naziri mən olmuşam. 1992-ci ilin başından bu günə qədər yaxşı gündə də, pis gündə də Azərbaycanın yanında olmuşam. Birlikdə ağır günlər yaşadıq, Xocalı faciəsini, Qarabağ hadisəsini yaşadıq. Mənim xarici işlər naziri olduğum vaxt Azərbaycanda vəziyyət çox pis idi. Bütün o illər ərzində burda baş verən sıxıntıları mən də yaşadım. Azərbaycan yenicə müstəqil olmuşdu, ölkənin vəziyyəti ürəkaçan deyildi. Buğda, şəkər, dərman yox idi, bir yandan da müharibə gedirdi. Azərbaycanın torpaqları işğal altında idi, amma bu işlərin bir qismi geridə qaldi.
- O illərlə müqayisədə indiki Azərbaycan haqqında nə deyərdiniz?
- Azərbaycan bu gün muasir bir ölkə olaraq, özü də örnək bir ölkə olaraq regionun liderinə çevrilib və bütün sahələrdə günbəgün parlamaqdadır. Biz Azərbaycanla qürur duyuruq. Tutduğum vəzifələrdən asılı olmayaraq, Azərbaycanın bütün prezidentləri ilə, Ayaz Mütəllibovdan başlayaraq, Əbülfəz Elçibəy, eləcə də böyük dövlət xadimi Heydər Əliyevlə əməkdaşlıq etmişəm. Bu gün də bu əməkdaşlığım İlham Əliyevlə davam edir.
Heydər Əliyev çox çətin zamanlarda Azərbaycanda rəhbərliyiə başladı. Azərbaycan bölünürdü və hər kəs bu ölkəni bir tərəfə çəkirdi, amma böyük dövlət adamı Heydər Əliyev Azərbaycanın birliyini, bütövlüyünü qoruyub-saxladı, atəşkəsi təmin etdi. Azərbaycan dünya qurumları ilə çox qısa zamanda, müasir bir ölkə olaraq çox tez bir zamanda birləşdi.
Əgər 22 il əvvəl gəlib desəydilər ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvü olacaq, o zaman buna gülərdik. Amma indi Azərbaycan BMT-nin 5 daimi üzvü xaricində ilk 9 ölkə arasındadır və dünyada bir dövlət kimi tanınır. Əlbəttə ki, cənab İlham Əliyevin zamanında da modernləşmə çox sürətləndi, neft və qaz enerji gəlirinin gələcək nəsillər üçün xərclənəcəyi bir ölkə oldu. Azərbaycanın si-yasəti, iqtisadiyyatı yalnız enerjiyə bağlı qalmır. Əgər bir gün enerji bitərsə belə, mən Azərbaycanın yenə muasirləşmiş bir ölkə olaraq öz ayaqları üzərində dayana biləcəyinə inanıram. Onun da təməlləri, addımları atılır.
- 1992-2013-cü illər... Bu illərdə şahidi olduğunuz Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa bir irəliləyiş baş verib?
- Dağlıq Qarabağ problemi təkcə Azərbaycan deyil, bütün bölgə üçün ən vacib məsələdir. Azərbaycanın bu günə qədər keçdiyi çətinlikləri mən yaxşı bilirəm. Təəssüf ki, bir irəliləyiş yoxdur. Tək sevindirici tərəf budur ki, qan tökülmür, yəni savaş yoxdur. Türkiyənin də üzv olduğu ATƏT-in Minsk qrupu yaradıldı, amma bir şey bacarmadı. Əslində, yenidən düşünmək lazımdir, Azərbaycanın sadəcə Qarabağı deyil, ətraf rayonları da işğal altındadır. Qarabağdan və digər rayonlardan bir milyon insan evindən, doğulduğu, yaşadığı yerdən uzaqda yaşayır. Torpaqların 20 faizi qanunsuz olaraq işğal altındadır və dünya bunu həlletmə mövzusuna maraq göstərmir. Bundan ən çox da Ermənistan zərər görür. Çünki bu gün Azərbaycan sürətlə irəliləyir. Bu bölgə iqtisadiyyatının 80%-i Azərbaycanın əlindədir. Ermənistan çox böyük fürsətləri itirdi, bölgənin inkişafı üçün birlik və güvənlik olduğu zaman sərhədlərin mənası qalmır.
Almaniya və Fransa müharibə etdi, sonra Avropa Birliyini qurdular və sərhədlərin mənası qalmadı. Bu məsələnin də oraya doğru getməsi lazımdır. Dünyanın ən önəmli bölgələrindən biridir bu region. Bu günə qədər, dediyim kimi, bir irəliləmə yoxdur və ən azından, bir addım atılmalıdır. Hamısı birdən həll olunmaya bilər.
- ATƏT-in Minsk qrupunun təklif etdiyi Madrid prinsiplərində problemin mərhələli şəkildə həll olunması irəli sürülür. Amma Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirərək buna əməl etmir...
- Mən dünyanın da bu məsələdə vəzifəsini düzgün yerinə yetirmədiyinə əminəm. Bu prosesdə iki ölkənin - ABŞ və Rusiyanın vacib rol oynaya biləcəyinə inanıram. Əlbəttə ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır, amma ABŞ və Rusiya daha çox rol oynayır. ABŞ Ermənistan lobbisindən xilas olmalıdır.
- Bu, mümkündürmü?
- Etmələri lazımdır. Ermənistan lobbisinə də başa salınmalıdır ki, burda Ermənistanın faydası var. Erməni lobbisi həyatını ən yaxşı şəkildə yaşayır və buradan lobbi olaraq mənfəət götürür. Amma Ermənistanda yaşayan ermənilərin işsizlik, iqtisadi problemləri var. Sülhün olması onlara sərf etmir. Sülh olarsa onların işi, təsiri azalacaq.
MƏSLƏHƏT GÖR: