14 Mart 2025

Cümə, 23:36

TÜRK SƏHNƏSİNİN ÇƏTİNLİKLƏRİ

Azərbaycan teatrının sıralarında Mirzə Muxtar Məmmədovun da olduğu ilk aktyorlarına, bu yükü çəkmək asan deyildi

Müəllif:

16.07.2013

1913-cü ildə Bakının mədəni həyatı əlamətdar hadisələrlə zəngin idi. Şəhərin əsas  səhnəsində - H.Z.Tağıyev teatrında (indiki Musiqili Komediya Teatrı) M.F.Axundovun komediyaları və Ü.Hacıbəyovun operaları, həmçinin rus və avropalı müəlliflərin tamaşaları uğurla səhnələşdirilirdi. Yeni tamaşalar da qoyulurdu. Məsələn, "Nicat" müsəlman maarifləndirmə cəmiyyətinin opera truppası yeni "Molla Cəbi" operettasını ilk dəfə tamaşaçılara təqdim etdi. Onun müəllifi M.Kazımovski idi. Operettada kütlənin cəhalətindən istifadə edərək pul qazanan mollalar məsxərəyə qoyulurdu. Yeri gəlmişkən, tamaşanın rejissoru olan Kazımovski özü də orada rol alırdı.

Teatra hər tərəfdə çox böyük maraq var idi. Balaxanıda müsəlman dram aktyorları türk yazıçı Kemalın "Vətən" dramını səhnələşdirmişdilər. Novruz bayramı günlərində Real Məktəbin şagirdləri ədəbiyyat axşamı təşkil etmişdilər. Onlar Krılovun Azərbaycan dilinə tərcümə olunmuş təmsillərini oxuyurdular. Şagird K.Həsənovun tərcüməsi ilə Turgenyevin "Pulsuzluq" komediyası da nümayiş etdirildi. Elə həmin il "İlal" adı ilə yeni müsəlman dram cəmiyyəti yaradıldı. Onun səhnələşdirdiyi ilk tamaşa "Gənc zabit" oldu. əsəri türk dilindən Babdadbəyov tərcümə etmişdi. Maraqlıdır ki, tamaşada müsəlman aktrisa Gülsabah xanım da rol almışdı. Həmin illərin aktyorlarının xatirələrindən məlum olduğu kimi, o dövrdə tamaşalarda iştirak etdikləri üçün onlar təhqirlərə, həqarətlərə məruz qalırdılar. Məsələn, Hüseynqulu Sarabski, hətta tamaşalara tapança ilə silahlanaraq getmək məcburiyyətində qalırdı.

 

Birincilərin aqibəti

Hədə və ələ salınmasına rəğmən, xalqın maarifləndirilməsilə məşğul olan cəsarətli şəxslərdən biri də Mirzə Muxtar Məmmədov olub. Təəssüf ki, həyatının uzun illərini  teatr sənətinə  həsr etmiş ilk azərbaycanlılardan  olan bu şəxs haqqında çox az şey məlumdur - cəmi bir neçə qəzet məqaləsi, həmkarlarının söylədiyi bir neçə cümlə.

O, 1859-cu ildə Şuşada doğulub. Amma teatrın tarixilə bağlı bütün yerli mənbələrdə Mirzə Muxtarın doğum tarixi 1841-ci il göstərilir. Güman ki, bu qeyri-dəqiqlik "Övraqi-nəfisə" qəzetindəki ("Zərif səhifə", 1919, 27 aprel) kiçik qeydlə bağlıdır. Orada müəllif iddia edir ki, Mirzə Muxtar Əli Əsgər oğlu Məmmədov 1841-ci ildə anadan olub. Lakin bizdə Muxtar Məmmədova 1881-ci ildə Şuşa şəhər ikisiniflik məktəbi tərəfindən verilmiş attestatın surəti var. Orada attestat sahibinin 22 yaşının olduğu yazılıb. Bu səbəbdən də, M.Məmmədovun 1859-cu ildə doğulduğunu söyləmək olar.

Mirzə Muxtar 1919-cu ilin əvvəllərində teatr fəaliyyətinə başlaması haqda danışarkən deyirdi: "45 il əvvəl Şuşada mərhum Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərini səhnələşdirdim. Teatr binası olmadığından tamaşanı kazarmada oynamalı olduq. O zaman mətbəələr yox idi. Bu səbəbdən, tamaşa olacağı haqda 35 elanı karandaşla yazaraq xalqa payladım. Axşam isə tamaşaçılardan bəzilərindən hədələr almağa başladım: "Dinə qarşı nəsə görsək, özündən küs! Gəldilər, dinə qarşı heç nə görmədilər və razı getdilər".

1913-cü ilin mayında Bakının teatr ictimaiyyəti Mirzə Muxtar Məmmədovun səhnə fəaliyyətinin 40 illiyini qeyd edib. Bununla bağlı, "Kaspi" qəzeti yazırdı: "Mirzə Muxtar müsəlman səhnəsinin ilk həvəskar aktyorlarındandır. O, ilk dəfə Şuşada müsəlmanların Molyeri - Mirzə Fətəli Axundovun ölməz "Hacı Qara" komediyasında oynayıb. Müsəlman səhnəsi qarşısında onun xidmətləri böyükdür. Çünki o zaman səhnəyə çıxmaq küfr sayılırdı. Bunu edən şəxs qara kütlə və dindarlar tərəfindən lənətlənirdilər. O dövrdə qadın rollarını ifa etmək daha böyük biabırçılıq hesab olunurdu. Bu rolu oynayanlar hər cür təhqirə məruz qalır, hətta ömürlərinin sonunadək canlandırdıqları rolun adı ilə çağırılırdılar. Müsəlmanlarda kişinin qadın adı ilə çağırılmasının nə qədər təhqiramiz sayıldığı hər kəsə bəllidir. Müsəlman səhnəsinin bu böyük həvəskar aktyoru bu cür maneələri aşıb".

Məlum olduğu kimi, o dövrlərdə tamaşalar müntəzəm şəkildə təşkil olunmurdu. Pedaqoq olan Mirzə Muxtar 1883-1890-cı illərdə Yelizavetpolda və Tiflisdə müəllim kimi fəaliyyət göstərib, eyni zamanda həmin şəhərlərdə tamaşalarda rol alıb. 1899-cu ildə o, Bakıya köçüb. Əvvəlcə dram tamaşalarında oynayan aktyor sonradan operada da çıxış etməyə başlayıb. Bundan başqa, o, Bakı məktəblərində 15 ildən artıq dərs deyib.

 

Qrimsiz

Yubiley axşamı mayın 10-da Tağıyev teatrında keçirilib. Axşam Cahangir Zeynalovun iştirakı ilə "Dursunəli və ballıbadı" vodevililə başlayıb. İkinci hissədə aktyora təbriklər səsləndirilib. Mərasimi yubiley komissiyasının sədri, "Nicat" cəmiyyətinin teatr bölməsinin rəhbəri İmran Qasımov açıb. O, Mirzə Muxtar Məmmədovun milli teatrın inkişafındakı rolundan bəhs edib. "Nicat", "Səfa", "İlal" cəmiyyətlərinin təmsilçiləri yubilyara təbriklər səsləndiriblər. Müxtəlif qurumlardan gəlmiş təbrik tele-qramları da oxunub. Hədiyyələrdən əlavə, yubilyara H.Z.Tağıyev və artist dostlarının adından iki zərf də verilib.

Daha sonra çıxış edən M.Məmmədov mərasimə qatılaraq, onu təbrik edənlərin hər birinə minnətdarlığını bildirib.

Sonda səbəbkarın iştirakı ilə "Leyli və Məcnun"un ikinci pərdəsi, "Rüstəm və Zöhrab" operasının ikinci pərdəsi, daha sonra isə "Pulsuzluq" tamaşası nümayiş olunub.

 Qeyd edək ki, o, teatr səhnəsində dövrün H.Sarabski, H.Ərəblinski, A.Vəliyev, C.Zeynalov və digər məşhur aktyorları ilə tərəf müqabili olub. "Leyli və Məcnun" operasında H.Sarabski Məcnunu, Mirzə Muxtar isə onun atasını oynayıb. "Əsli və Kərəm"də isə Mirzə Muxtar İsfahan şahının obrazını yaradıb, onun səhnədəki tərəf müqabilləri H.Sarabski ilə yanaşı, Ə.Ağdamski H.Terequlov olublar.

H.Sarabski özünün "Bir aktyorun xatirələri" kitabında Mirzə Muxtarın heç zaman qrimdən istifadə etmədiyini yazır: "Bir dəfə İsmayıl Rüstəmbəyovun "Dövləti bisəmər" tamaşasını qoymaq qərarına gəldik. Gəlini ər evinə yola salacaq qadın obrazı lazım idi. Bu rola Mirzə Muxtarov seçildi. O, bığını yaylıqla örtdü, onu boynuna düyünlədi, başına şal örtdü və şalvarın üzərindən yubka geydi. O, sənhəyə çıxıb oxumağa, rəqs etməyə başladıqda tamaşaçılardan gurultulu gülüş qopdu. Rol Mirzə Muxtarı o dərəcədə çəkib aparmışdı ki, o, qadın rolu oynadığını unutmuşdu", - deyə kitabda bildirilir.

Mirzə Muxtarın yubiley axşamını da xatırlayan H.Sarabski bu cür tədbirlərin aktyorların daha böyük ruh yüksəkliyilə çalışmasına yol açdığını yazır.

Əhalinin əsas hissəsinin cahil olmasına baxmayaraq, ziyalılar və iş adamları artistlərə əllərindən gələn köməkliyi göstərirdilər. Məsələn, 1913-cü ildə artist H.Ərəblinski ağır xəstəliyə tutulmuşdu. Aktyorun müalicəsi üçün xərclərin əsas hissəsini neft sənayeçisi Ağa Murtuza Muxtarov öz üzərinə götürmüşdü. Həmin dövrün çox məşhur müsəlman müğənnisi Fatma xanım Muxtarovanı da yada salmaq olar. Maddi çətinliklərə görə onun musiqi təhsili yarımçıq qalmıhdı. "Kaspi" qəzetinin yazdığına görə, "məşhur müsəlman müğənni Fatma xanım Muxtarovanın taleyində ciddi rol oynamış müsəlman ziyalılar qrupu onun musiqi təhsilini davam etdirməsinə imkan yaratdılar; vətəninə yollanmış ifaçıya bu insanlar tərəfindən eyni vaxtda maddi yardım göstərildi; müğənninin gələcək taleyinin məsuliyyətini isə xeyriyyəçi Murtuza Muxtarov öz üzərinə götürdü".

 

Əməyə görə "hədiyyə"

Mirzə Muxtar Məmmədov ömrünün son illərində aktyorluq fəaliyyətindən uzaqlaşmışdı. Hacıbəyov qardaşları truppası ona ayda 500 rubl əməkhaqqı ayırmışdı. Mirzə Muxtar sovet hökumətindən pensiya da alırdı. Lakin Xalq Maarif Komissarlığı yanında iqtisadiyyat komissiyası onu pensiyadan məhrum etdi. Bu fakt "Molla Nəsrəddin" jurnalında felyetona səbəb olmuşdu. 1926-cı ildə yazılmış felyetonun müəllifi bildirirdi ki, bütün həyatını teatra həsr etmiş, səhnənin əsasını qoymuş şəxslərdən birinə, yəqin ki, bundan qiymətli hədiyyə düşünmək olmazdı.

Mirzə Muxtar Məmmədov 1929-cu il yanvarın 17-də vəfat edib. Aktyorun vəfatının səhəri gün "Kommunist" qəzetində yazılmışdı: "Türk səhnəsinin bütün ağırlıqlarını öz çiyinlərində daşımış, həyatının böyük və çox dəyərli hissəsini səhnədə keçirmiş böyük aktyor M.Muxtar həyat səhnəsini birdəfəlik tərk etdi".


MƏSLƏHƏT GÖR:

482