14 Mart 2025

Cümə, 23:32

NİZAMİYƏ SKANDİNAVİYA SEVGİSİ

Norveçli Ranqhild TORİ "Leyli və Məcnun" poemasının ingilis dilində uşaqlar üçün uyğunlaşdırılmış variantını dərc edib

Müəllif:

23.07.2013

Ranqhild Tori Norveçdə doğulub/... Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbdə müəllim olub. Ona nə vaxtsa taleyin hökmü ilə uzaq Azərbaycana gedib-çıxacağını söyləsəydilər, inanmazdı. Amma tale elə gətirdi ki, Tori günlərin biringə Gəncədə - dahi Nizaminin vətənində peyda oldu. Bu, onun gələcək fəaliyyətində öz rolunu oynadı. Dahi filosofun yaradıcılığı ilə tanışlıq Torini dünya ədəbiyyat? tarixinə dair baxışlarını də-yişmək məcburiyyətində qoydu. Torinin Nizaminin maarifçilik fəaliyyətini daha böyük auditoriyaya, xüsusilə uşaqlara çatdırmaq istəyi onu ingilis dilində "Nizami Gəncəvi. Leyli və Məcnun. Aforizmlər" kitabının nəşrinə sövq edib. O, 2005-ci ildən Azərbaycanda yaşayır və işləyir. Ranqhild burada müəllimlik edir.

- Ranqhild, necə oldu, uzaq Norveçdən Nizami Gəncəvinin vətəninə gəlib çıxdınız?

- Bu, 2005-ci ildə baş verdi. Mən Norveçin humanitar təşkilatlarından birinin nümayəndəsi olan tanışımın Gəncəyə dəvətini qəbul etdim. O vaxtadək Norveçdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı sinifdə dərs deyirdim. Dəvətə razılığı dərhal verdim. Vətənimə qətiyyən oxşamayan bir ölkədə olmaq çox maraqlı gəlirdi.

Yadımdadır, yanvarın əvvəlləri idi və hava çox soyuq idi. Şəhərdə elektrik enerjisi və qazın verilişində tez-tez fasilələr olurdu. Xəstələndi-yim üçün uzun müddət evdə qalmalı oldum. Bir qədər özümə gəldikdən sonra, yavaş-yavaş şəhərlə tanış olmağa başladım. Əvvəlcə evimizin ətrafında gəzişdim, bir müddət sonra isə Gəncənin mərkəzinə "ekskursiya" etmək qərarına gəldim. Gördüyüm ilk şey yerli icra hakimiyyətinin sovetlər dönəmini xatırladan nəhəng, simasız, boz binası oldu. Tikilinin inanılmaz ölçüləri məni çox maraqlandırdı. Nəhayət, yaz gəldikdə, ağaclar çiçək açdıqda və səma parlaq mavi rəngə boyandıqda şəhər sanki tamamilə fərqli şəkil aldı.

O vaxtadək mən bir çox gəncəli ilə tanış ola bilmişdim. Onlar çox qonaqpərvər və mehriban insanlardırlar! O anda sanki özümü evimdə hiss etdim. Gəncədə müəllimliyə başladıqda isə bizim çox möhkəm və maraqlı kollektivimiz yarandı. Onlar əsasən gənc müəllimlər idi. Biz saatlarla söhbətləşirdik. Necə oldusa, söhbət sevgidən düşdü və bu zaman gənc müəllimlərdən biri məndən soruşdu: "Sevgi nədir axı?". O, düşünürdü ki, yaşıma görə bu suala dəqiq cavab verə bilərəm. Bu zaman  onlardan sevgi haqda danışmalarını istədim. Sevgi onlar üçün nədir? Onların sevgisini nə poza bilər? Qızlar başlarına gələnlərdən danışmağa başladıqda anladım ki, "Leyli və Məcnun"un bir çox məqamları bu gün də aktualdır. Cəmiyyətdə hələ də hesab edirlər ki, onlar xoşlarına gəlməyən sevgililəri qınaya bilərlər. Onlar hələ də bəzən köhnəlmiş qaydalara və qanunlara əməl etmələrini istəyirlər. Hesab edirəm, bizim hər birimizin sevmək və sevilmək hüququmuz var. Bu, təbiətin bəxşişidir. Böyüklər uşaqlarının hisslərinə hörmətlə yanaşmalıdırlar. Bu, təbiətin bəxşişidir. Çünki sevgi insanı şəxsiyyət kimi böyüməyə məcbur edir. O, bizi daha yaxşı edir. Bunun xətrinə stereotipləri qırmağa dəyər...

- Belə çıxır ki, həmin söhbətədək siz artıq Nizami Gəncəvinin yaradıcılığı ilə tanış idiniz. Gəncəyə gələnədək bu dahi mütəfəkkir haqqında məlumatınız var idimi?

- Xeyr, Gəncədə yaşamağa başlayanadək Nizami haqqında eşitməmişdim. Bir gün necə oldusa, dərs dediyim məktəbdə yerli müəllimlər Nizami və onun irsi haqda danışmağa başladılar. Onunla maraqlandım və səhəri gün mənə Nizaminin "Leyli və Məcnun" poemasının ingilis dilində, ixtisar olunmuş variantını gətirdilər. Onu oxuduqda heyrətə gəldim! Süjet sanki Uilyam Şekspirdən götürülmüşdü. Bunu həmkarlarıma da söylədim. Lakin onlar Nizaminin XII əsrdə yaşayıb-yaratdığını bildirdilər! Sonradan Nizaminin həyat tarixini oxuduqda bildim ki, Şekspir də, Dante də, Puşkin və digər dahilər Nizami Gəncəvinin yaradıcılığından ruhlanıblar. Ağlıma şagirdlərimin iştirakı ilə tamaşa səhnələşdirmək ideyası gəldi. Nəticədə "Leyli və Məcnun"un əsasında ssenari yazmağa başladım. Bu möhtəşəm poemanı adaptasiya etdirdim, amma məhəbbət haqda əsas məğzi dəyişməyib olduğu kimi saxladım.

Bu işdə mənə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, professor Teymur Kərimlinin məsləhətləri çox kömək oldu. Gəncə Kukla Teatrının direktoru Bayram Fətəliyev isə balaca aktyorlara kuklalar, kostyumlar, səhnə və musiqi tərtibatı verdi. Tamaşamız "ura" ilə keçdi! Premyeradan sonra məndən "Leyli və Məcnun"un uşaqlara uyğunlaşdırılmış variantını istədilər. Amma məndə olan sadəcə ssenari idi... Hətta necəsə Gəncədəki məktəbimizə baş çəkən Norveçin Azərbaycandakı səfiri də ssenari ilə maraqlandı. Səfir bildirdi ki, iş masasının üzərində qonaqlar üçün belə kitabın olmasından məmnun olardı. Və mən nəyin bahasına olursa olsun, bu kitabı nəşr etmək qərarına gəldim.

Əlbəttə ki, qorxurdum. Axı mən nə yazıçıyam, nə də tərcüməçi. Sadəcə ingilis dili müəlliməsiyəm. Amma yenə də bu işə girişdim. Bu, çox uzun və çətin bir yol idi. Bakıda çox yaxşı bir dizayner tapdım. Bir çox beynəlxalq təşkilat və şirkətə müraciət etsəm də, onlar sponsorluqdan boyun qaçırırdılar. Həmin vaxt artıq Azərbaycan Dillər Universitetində Norveç dilini tədris etmək üçün Bakıya köçmüşdüm. Universitetin tədris məsələləri üzrə prorektoru Natiq Yusifov kitabın nəşrində mənə öz köməyini təklif etdi. O, mənim üçün bu işi boynuna götürən nəşriyyat tapdı. Azərbaycanın Təhsil Nazirliyilə əlaqə yaratdıq və nazirlik öz növbəsində Dünya Bankının simasında bu işə sponsor tapdı. Amma bütün bu işlərə yenə məni düz 6 ilim getdi! Seçdiyimiz nəşriyyat çox ləng işlədiyindən, başqa şirkətə müraciət etməli olduq. O, işinin öhdəsindən əla gəldi və nəzərdə tutulan müddətə ilk min nüsxəni çap etdi. Biz kitaba Nizami Gəncəvinin aforizmlərini də əlavə etdik, oraya kiçik, qəşəng şəkillər saldıq, şairin qısa bioqrafiyasını yazdıq. Hər bir kitaba bu işə başlamağımıza səbəb olan tamaşanın yer aldığı disk əlavə etdik. Bir ay ərzində kitabların hamısı satıldı. Onları Norveçin Azərbaycandakı səfirliyi, beynəlxalq məktəblər və kitab mağazaları kitabları aldılar. Bu günədək "Nizami Gəncəvi. Leyli və Məcnun. Aforizmlər" kitabı üç dəfə nəşr olunub. Uşaqlara uyğunlaşdırdığım variant artıq Azərbaycan və rus dillərinə də tərcümə edilərək nəşr olunub.

- Leyli Məcnun poeması sizi nə ilə cəlb etdi?

- Hesab edirəm, bu, bəşəriyyət tarixində yazılmış ən böyük dramlardan biridir. Nizami Gəncəvi dahidir! Onun əsərləri  ilə tanış olarkən bir çox tarixi sənədlərlə tanış olmuşam. Mənim üçün "Leyli və Məcnun" nədir? Bu, hətta ölümün əsl sevgini yox edə bilmədiyi bir tarixdir. Nizami orada insanın əsl dəyərlərinin onun ürəyində olduğunu əla göstərib. O, əsərində mənasız ənənələrin və ətrafdakıların fikrinin əsl hissləri necə pozmağa çalışdığını göstərib. "Leyli və Məcnun" poeması bu gün də aktualdır. Çünki insanlar hələ də başqalarının həyatına müdaxilə etməklə, başqalarının taleyini həll etməyə çalışmaqla səhvə yol verirlər. Bizim hər birimiz Nizami Gəncəvinin əsərində özümüzü tapa bilərik. Yeri gəlmişkən, Nizaminin özünə gəlincə, o, dövrünün stereotiplərindən yan keçməyi bacarıb və öz həyatını özünün istədiyi kimi qurub. İlk və sevimli həyat yoldaşı, şəninə çoxsaylı şeirlər həsr etdiyi kəniz Afaq Nizamiyə Dərbənd hökmdarı tərəfindən hədiyyə olunmuşdu. Həmin hökmdar tərəfindən ki, bu qadının ağlını, müdrikliyini qiymətləndirə bilməmişdi. Nizami isə onda ən yaxşı insani keyfiyyətləri gördü, cəmiyyətin əleyhinə gedərək Afaqı azad etdi və onunla ailə qurdu. O dövr üçün bu, çox cəsarətli addım idi...

Əsrlər sonra biz onun nə demək istədiyini başa düşür və dəyişə bilərik. Nizaminin bütün əsərlərinin mənası hər birimizin sevgiyə ehtiyacının olmasındadır. Pula, varidata yox, sevgiyə! Leyli ilə Məcnunun sevgisi inanılmaz dərəcədə saf və ilahi bir sevgi idi. Əsl sevgi insanı ucaldır! Nizami deyir ki, insanlar Şərq ənənələrinə görə, öz hisslərini gizlətməyə çalışırlar. Leylinin etdiyi kimi. Məcnun isə hamının əksinə gedirdi. O, sevgisi haqda oxuyur, onu yüksək səslə bütün dünyaya car çəkirdi. Bu üzdən də dəli edan edilir, cəmiyyət tərəfindən cəzalandırılır və səhraya qovulur. Məcnun orada vəhşi heyvanlar arasında özünə sadiq dostlar tapır. O, sevgisini kağıza yazdıqda və çarəsizlikdən hiddətlənərək kağızı parça-parça etdikdə külək Məcnunun sevgi mahnısının hissələrini insanların yaşadığı şəhərə aparır. İnsanlar kağızdakı parçaları oxuduqda naməlum müəllifin böyük sevgisinə məftun olur və ona tərif deməyə başlayırlar. Onların ağıllarına da gəlmirdi ki, bu sevgi mahnısını həmin qəbul etmədikləri Məcnun yazıb.

Nizaminin yaradıcılığı dünya ədəbiyyatında qlobal hadisədir. Nizami deyir ki, insan xoşbəxt yaşamaq üçün yaranıb, ona verilən tale heç bir şər qüvvə tərəfindən dəyişdirilə bilməz. Nizaminin bütün yaradıcılığında qırmızı xətlə keçən ideya məhz budur. Nizami yaradıcılığının ölməzliyi onun əsərlərində bəşəriyyətin bir çox problemlərinin müsbət həll yollarını göstərməsindədir. O, ictimai problemləri qabartmağı, onların həlli yollarını göstərməyi bacarırdı.

- Nizaminin başqa əsərləri haqda da fikirlərinizi bilmək maraqlı olardı...

- Bəli, "Leyli və Məcnun"dan sonra  Nizaminin digər poemalarını da böyük maraqla oxumağa başladım. "İsgəndərnamə" məni sevgililərin tarixindən heç də az təsirləndirmədi. Makedoniyalı İsgəndər Bərdəyə əfsanəvi padşah arvadı Nüşabənin hökmranlıq etdiyindən, onun sarayında yalnız qadınların olduğundan və kişilərin oraya buraxılmadığından xəbər tutur. İsgəndər bunun həqiqətən belə olub-olmadığını müəyyənləşdirmək üçün əynini dəyişərək, özünü Makedoniya hökmdarının elçisi qismində qələmə verərək Nüşabənin yanına yollanır. Lakin onun saraya "gəzəyən şir" kimi girməsi, qılıncını çıxarmağı unutması və taxt-tac qarşısında baş əyməməsi müdrik, ağıllı Nüşabənin diqqətini çəkir. İsgəndərin hiyləsini başa düşən Nüşabə böyük bir ziyafət təşkil edir. Hökmdarın qarşısına bahalı daşlarla bəzədilmiş qızıl qablar qoyulur. O, Nüşabəyə müraciət edərək, bunların yeməli olmadığını dedikdə, başqa yemək istədikdə, Nüşabə gülümsəyərək cavab verir:

 

Faydasız, yaramaz böylə daş üçün,

Bu qədər  vuruşmaq, çarpışmaq neçün?

 

Bu, sadəcə dahiyanədir! Nizami insanlara göstərir ki, zənginlik, cəvahirat və maddi rifah heç nədir. Onlar yalnız dərd gətirir. İnsanların sadəcə qidaya, suya və sevgiyə ehtiyacı var.

İnsanlar Nizamidən sitatlar gətirir. Çoxları üçün onun aforizmləri həyat qaydalarıdır. Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa dahi şair və filosofun əsərlərini Riqa Universitetinin müəllimləri üçün tədris proqramına əlavə etdirmişdi. Eyni şeyi mən də etmək istəyirəm. Düşünürəm, Norveçdə Nizami Gəncəvini tanımalı, onun dərin mənalarla zəngin əsərlərilə tanış olmalıdırlar. Yadımdadır, beynəlxalq tədbirlərdən birində əslən İsveçdən olan iordaniyalı kraliça Nura yaxınlaşdım və kitabımı ona təqdim etdim. Kitabçamız onun xoşuna gəldi. Misirdəki İsgəndəriyyə kitabxanasının direktoru fondunu zənginləşdirmək üçün kitabımızı əldə etmək istədiyini söylədi. Liviya nümayəndəsi isə "Nizami Gəncəvi. Leyli və Məcnun. Aforizmlər"i vərəqləyərək, bu kitaba ən çox onun ölkəsinin ehtiyac duyduğunu bildirdi. O, ölkəsində hələ də mənasız ənənələrə əməl olunduğunu, bunun bəzən çoxsaylı talelərin dağılmasına səbəb olduğunu söylədi.

- Məşhur norveçli antropoloq və səyyah Tur Heyerdal iddia edirdi ki, bizim xalqlarımız eyni kökə malikdir. Fikrinizcə, azərbaycanlılarla norveçlilərin bənzərliyi nədədir?

 - (Gülür) Düşünürəm, bütün insanlar bir-birlərinə bənzərdirlər. Hər halda, hamımızın əcdadımız birdir…


MƏSLƏHƏT GÖR:

484