
"İZLƏ GEDƏNİN İZİ QALMAZ..."
"Hər dəfə "Qarabağ şikəstəsi" ifa edəndə qəlbimin necə qan ağladığının şahidi elə özüməm"
Müəllif: Turan ŞAKİR Bakı
Kim olur-olsun, ən güclü insan belə söhbət uşaqlığı, gəncliyi ilə birgə əldən gedən Vətəndən düşəndə kənardan aciz görünərmiş. Bu, müsahibimiz, gənc xanəndə Babək Niftəli- yevin zahirinə, qüruruna xələl gətirən acizlik deyildi. Bu, Vətən həsrəti qanına hopmuş bir insanın söhbəti idi. Anladım ki, azərbaycanlı olaraq, o qədər Qarabağ həsrəti çəkirik ki, qarabağlılarla birgə cümləmiz Qarabağı daha tez görmək, gəzmək arzusundayıq.
- İlk olaraq istərdim ki, yenicə qayıtdığınız İtaliya səfəriniz haqda danışasınız...
- İyun ayının 22-də İtaliyanın Roma şəhərinə yola düşdük. Tərəf-müqabilim Vəfa Vəliyeva ilə birgə Şəhriyar İmanov və Elvin İbayevin müşayiəti ilə Azərbaycan xalq mahnıları və muğamlarından ibarət konsert proqramı ilə çıxış etdik. Digər səfərlərimizə nisbətən bu, tamamilə başqa proqramda təşkil olunmuş bir konsert idi. Çünki qırx beş dəqiqə dayanmadan, mahnıları bir-birinin ardınca ifa edirdik. Səfəröncəsi hazırladığımız proqramı professor Səyavuş Kərimi dinləmiş və çox bəyənmişdi. Səfər zamanı isə iki dəfə tamaşaçıların xahişi ilə səhnəyə qayıtdıq. Proqram "Şəbi-hicran"la başladı, "İrəvanda xal qalmadı", "Simayi-şəms" ilə davam etdi və təbii ki, sonda "Qarabağ şikəstəsi" ilə bitdi.
- Sizin kimi gənc xanəndələri, yəqin ki, müfəssəl seçim əsasında xarici qastrollara göndərirlər...
- Bizim hər birimiz respublikada təşkil edilən layihələrdə yaxından iştirak edirik. Bu layihələr Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun və başqa təşkilatların layihələri ola bilər. Bu da müəyyən mənada bizim seçilməmizə köməklik göstərir. Məsələn, layihələrin əksəriyyətində "Kor ərəbin mahnısı"nı ifa edirəm. Ona görə əgər haradasa bu mahnını ifa etmək lazım olacaqsa, mütləq məni dəvət edirlər. Eləcə də başqaları müəyyən şeylərdə öz imzalarını qoyub. Ümumiyyətlə, bu proses ardıcıllıqla hə-yata keçirilir. Xüsusilə muğamın Azərbaycanda indiki dövrdə sürətli inkişafı, gənc muğam ifaçılarına dəstək, bunların hamısı YUNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sa-yəsindədir ki, ona da sonsuz minnətdarlığımızı bildiririk.
Biz müəyyən ölkələrdə qastrol səfərlərində olmuşuq. Dünyanın heç bir yerində bu cür Muğam Mərkəzi, belə muğam ocaqları yoxdur. Bizdə isə Mehriban xanım Əliyevanın sayəsində var. Bizdənöncəki muğam ifaçıları xanəndəlik sənətini qoruyub-saxlamaq üçün çox keşməkeşli yollardan keçib. O vaxt mövcud olan siyasi rejimdə bu istiqamətdə müəyyən qadağalar olub. Məsələn, ustadlarımızdan eşitmişəm ki, o vaxt "Humayun" muğamını ifa etməyə qoymurmuşlar. Səbəb isə bu muğamın bir az qəmli notlar üzərində olması olub. Amma indi o baxımdan bizdə çox sərbəstlik və bundan əlavə dəstək var. Əvvəlki dövrlərdə Özbəkistandakı "Şərq təranələri" festivalına gedərdik, orada ya birinci yeri tutar, ya da "Qrand-Pri"ni qazanardıq. Amma şəxsən mən həmişə heyfsilənərdim, həsəd aparardım ki, kaş bizdə də belə böyük festivallar olaydı. İndi şükür Allaha, bu arzumuza da çatmışıq, indi Azərbaycanda da beynəlxalq muğam festivalları və müəyyən beynəlxalq mədəni layihələr keçirilir.
- Müsahibələrinizin birində demisiniz ki, ən böyük arzum "Məcnun"u oynamaqdır. Arzunuza çatmısınızmı?
- Bilirsiniz, hər bir xanəndənin ən böyük arzusu bu möhtəşəm əsəri ifa etmək, onda öz imzasını qoymaqdır. Mənim də belə bir arzum var. Amma müəyyən məqamlar var ki, o məqamlara toxunmaq olmur. İnşallah, yəqin ki, qismət olar. Müəyyən mənada arzuma qismən çatmışam da. İsveçrədə qastrol səfərində olanda ora üçün hazırlamışdıq. Vüsalə Vəliyeva ilə tamamilə yeni bir üslubda, dinamik şəkildə "Leyli və Məcnun"u tamaşaçılara nümayiş etdirdik və zənnimcə, pis də alınmadı.
- Bu yenilik haqda ustadlarınıza məlumat verdinizmi? Etiraz doğurmadı ki?
- Xeyr, şükür Allaha, elə bir şey olmadı.
- Sizin də muğamla sintez etdiyiniz hansısa bir estrada, yaxud başqa janrda mahnılar varmı?
- Eldar Mansurovun "Bəhramnamə" əsərini ifa etmişəm. Bu musiqi estrada rok janrına daha yaxın hesab olunur. Həmin mahnının arasında mən də muğam ifa edirdim. Zənnimcə, bu layihə də maraqla qarşılandı.
- Bəs xarici musiqi qrupları ilə? Belə bir təklif almısınızmı?
- Hələ ki yox. Amma olarsa, təklifi dəyərləndirərəm.
- Bildiyimiz kimi, Qarabağda, doğulduğunuz Kəlbəcər rayonunun camaatında müəyyən bir konservativlik var. Siz yeni layihələr, bəstəkar mahnıları, sintezlərlə bağlı gələn təklifləri dəyərləndirəndə pərəstişkarlarınızın rəyini nəzərə alırsınızmı?
- Hər müğənninin, xanəndənin öz tamaşaçısı və tamaşaçının da özünəməxsus rəyi və fikri var. Ona görə özümə, ifama kənardan həmişə tənqidi yanaşıram. Aldığım təklifləri də özüm kimi yox, kənardan bir nəfər kimi analiz edirəm. Əgər orada dediyiniz konservativliyə zidd bir şey varsa, təbii ki, onu qəbul etmirəm. Müəyyən şeylər var, onları qəbul etməmişəm. Düşünmüşəm ki, əgər bunu qəbul edərəmsə, özümün sanbalımı itirmiş olaram.
Məsələn, ilk ifa etdiyim estrada mahnısı Maestro Ceyhunun bəstəsi olan "Sənsiz keçən günlərim" mahnısı da çətinliklə alındı. Ceyhundan müraciət gələn zaman, bunu çətinliklə qəbul etdim. Düşündüm ki, muğam ifaçısıyam, bu, məndə yaxşı alınmaya bilər. Amma Ceyhunun təklifi və təkidi ilə studiyaya getdim və mahnını ifa etdim. Deyilənə görə, pis də alınmadı. Sonra elə tamaşaçıların təklifini nəzərə alaraq, Fuad Əlişovun quruluşunda bir klip də çəkdirdik.
- Qocaman sənətkarlarımız arasında tez-tez gənc xanəndələrin el şənliklərində iştirakının tənqidinə rast gəlirik. Bu fikirlərə sizin münasibətiniz necədir?
- Əvvəllər muğama maraq da indi kimi deyildi. Toya getdiyimiz zaman elə məclis sahibi xəbərdarlıq edirdi ki, muğam ifa etməyək. Elə mən özümü misal olaraq deyim ki, məcbur olaraq, ara mahnıları ifa etməyə məcbur olurdum. Günlərlə onları əzbərləyirdim. Amma sonradan Azərbaycanda muğama qayğı dövlət səviyyəsində artdı, muğam müsabiqələri keçirildi və bu zaman el şənliklərində də muğama maraq artdı. İndi bizi toylara dəvət edəndə xüsusi olaraq muğam dəsgahları ifa etməyimizi istəyirlər.
- Elə olurmu ki, məclis sahibi sizin üçlük şəklində muğam ifa etməniz üçün çağırıb, amma auditoriyanın bunu istəmədiyini hiss etmisiniz? Bu məqamda nə etmisiniz?
- Onu xanəndə özü hiss etməlidir. Bu, bir balaca siyasət tələb edən bir məqamdır. Alqışların sürəkli olmasından anlamaq olur ki, auditoriya uzun, yaxud qısa bir muğam istəyir. Əgər əksəriyyəti cavandırsa, daha çox klassik musiqilər ifa edirəm. Amma bir məqamı da qeyd edim ki, hazırda muğam dinləyiciləri arasında cavanlar üstünlük təşkil edir desəm, yanılmaram. Artıq cavanlar anlayıblar ki, əsl musiqi budur. Muğam sağlam beyinləri düşündürən bir məfhumdur. Üzeyir Hacıbəyovun maraqlı bir ifadəsini ustadlarımız həmişə qeyd edirlər. Böyük Üzeyir bəy deyərmiş ki, muğam baş yellədir, digər musiqilərsə ayaq.
- Qeyd etdiniz ki, auditoriyanı daha çox nəzərə alırsınız. Bəs düşünmürsünüz ki, bu fikriniz sizin publikaya işlədiyinizə dair fikirlər yarada bilər?
- Mənim fikrimcə, publika şərtdir.
- Bəs sənətkar auditoriyanı arxasınca çəkməyi bacarmalıdır fikri?
- Bu dediyiniz fikir televiziyaya aiddir. Xanəndə televiziyada publikanı arxasınca aparır. Amma el şənliklərində publikanın fikri nəzərə alınmalıdır.
- Könlünüz tez-tezmi Qarabağdan keçir?
- Əlbəttə. Hər bir qarabağlı kimi. Qarabağ mənim ana beşiyimdir. Uşaqlığımın xatirə daşıdır. Hər dəfə "Qarabağ şikəstəsi" ifa edəndə qəlbimin necə qan ağladığının şahidi elə özüməm. İnsan nə qədər güclü olur-olsun, Kəlbəcərlə sərhəd bir istiqamətə gedəndə və şahid olanda ki buradan o biri tərəfə gedə bilməyəcək, özünü aciz hiss edir. Dəfələrlə həmin istiqamətdə olmuşam və hər dəfə də gözümün yaşını oradan üzübəri gələn çayın suyunda yumuşam. Qarabağ mənim müqəddəsim, muğamımın beşiyidir.
- Kəlbəcərə aid də mahnı ifa etmisiniz...
- Bəli, bu mahnı ürəyimin arzusu idi. Mahnının sözləri kəlbəcərli şairindir. Musiqisi Abid Surxay oğlunundur. Özümə borc bildim ki, belə bir mahnını ifa edim. Toyumda da bu mahnının sədaları altında Kəlbəcərin görüntülərindən ibarət rolik kimi təqdim etdim. Mən keçmişimi heç zaman unutmayan biriyəm, vətənimi itirən oğulam. Kəlbəcər mənim keçmişim, bugünüm və gələcəyimdir.
- Səsiniz necə - irsi keçmədir, yoxsa o da Qarabağ torpağının vergisidir?
- Təbii ki, Qarabağ torpağının da rolu var. Amma nənəmin çox gözəl səsi var imiş. Deyilənə görə, gözəl "Qarabağ şikəstəsi" ifa edərmiş. Elə qohum-tanışın içərisində olanda da deyirlər ki, səs mənə nənəmdən keçib. Kəlbəcər tərəfdə daha çox aşıq yaradıcılığına maraq olduğuna görə muğam ifaçıları az olub. Amma indi artıq bizdə də muğam ifaçılarının sayı artır. Muğama olan qayğı gənclərin bu istiqamətə marağını artırır. İstər-istəməz bir-birinə baxıb daha yaxşılara bənzəməyə çalışırlar. Məsələn, həmişə Alim Qasımov kimi bir sənətkar olmağa çalışmışam. Uşaq vaxtından o sənətkar idealım olub. Onun ifalarının təsiri ilə muğama gəlmişəm, onun vurğunuyam. Alim müəllimin ifasını özü kimi də təkrar edə bilərəm. Amma heç vaxt bunu etməyi düşünməmişəm. Çünki izlə gedənin izi qalmaz, deyib atalarımız. Mən də bu prinsiplə yaşamışam həmişə. İstəməzdim desinlər ki, Babək kimsə kimi ifa edir, istəyərəm desinlər: Babək elə özü kimi ifa edir.
- Son dövrlər sənət adamlarına verilən fəxri adların ləğvi ilə bağlı müəyyən təkliflər səsləndirilir. Hətta millət vəkilləri də məsələyə münasibət bildirib. Sən necə düşünürsən, adların verilməsinin sənətçiyə təsiri varmı?
- Əgər işimi layiqincə, sənətimə, xalqıma yaraşan bir şəkildə həyata keçirirəmsə, niyə də fəxri ad almamalıyam? Bu, insanı ruhlandırır, sənətini bir daha sevdirir, həvəsləndirir. Məsələn, mənə prezident təqaüdü veriləndə çox sevindim və məsuliyyətim də sevincim qədər artdı. İrəli getmək üçün daha yaxşı işlər görmək lazım olduğunu bir daha anladım. Böyüklərimizdən eşidirik ki, xalqımız üçün, dövlətimiz üçün əlimizdən gələni layiqincə etsək, fəxri adlarımızı da alacağıq. Hərdən elə insanlar fəxri ad istəyir ki, baxırsan, axı bu xalq üçün nə edib ki, ad da tələb edir?!
MƏSLƏHƏT GÖR: