"AZƏRBAYCAN MUĞAMINDA MƏRDLİK VAR"
Xalq artisti Nəzakət Teymurova: "Vətənim alınan günü öləcəyəm ki, məni ora - Qarabağ torpağına tapşırasınız"
Müəllif: Turan Şakir Bakı
Uşaqlıqdan həmişə tamaşa zalından yüzlərlə insanla birgə heyrətlə izlədiyim "Leyli və Məcnun"u bu dəfə lap yaxından səhnənin kənarında izləmək tamam başqa bir duyğu idi. Üstəlik, bu dəfə tamamilə tək. Dahi Üzeyir bəyin şah əsərinin qəhrəmanları bu qədər yaxından tamam fərqli idilər. Leyli və Məcnun bir-biri ilə dərdləşməsi səhnəsi isə məni tamamilə sehrli bir aləmə aparmışdı ki, müsahibimin səsi məni bu aləmdən oyatdı. Müsahibim xalq artisti, xanəndə Nəzakət Teymurovanın tamaşaya məşqinin üstünə çıxmışdım. Elə "Leyli və Məcnun" operasının təsiri altında ilk sualım da bu opera haqqında oldu.
- Gənc xanəndələrin əksəriyyətinin ən böyük arzusu "Leyli və Məcnun" tamaşasında rol almaqdır. Amma sizin gənc olmağınıza baxmayaraq, ilk rolunuz "Leyli" olub. Demək olarmı ki, başlanğıcda arzunuza çatmısınız?
- Demək olar, əlbəttə ki. Bizim səhnəyə gəlişimiz dövründə indiki kimi möhtəşəm muğam müsabiqələri yox idi. Mən Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirdikdən sonra təyinatımı Opera və Balet Teatrına verdilər. Teatra gəldikdən sonra isə haqqımda müsbət rəy verildi və ilk rolum da "Leyli" oldu. Amma bu rolu oynamaq da mənə asan başa gəlmədi və təkcə ilk dəfə səhnəyə çıxmağım üçün yeddi ay dayanmadan məşq etdim, hazırlaşdım. Bu, çox məsuliyyətli idi. Bildiyiniz kimi, xanəndələrdə aktyorluq baxımından bir az kasadlıq olur həmişə. Tamaşada isə ifa ilə yanaşı, müxtəlif mimika və jestləri etmək də vacibdir. Bax, bu çox məsuliyyətli və ağır bir prosesdir. Təbii ki, xanəndələrin ən böyük arzusudur.
Başqa bir tərəfədən bu operadır və burada tək bir nəfərlə hər şey həll olunmur. Gərək musiqi də, digər rolların ifaçıları da, səhnə tərtibatı da, ümumiyyətlə, isə hər şey qaydasında olsun ki, tamaşaçı bunu qəbul etsin... Şükür Allaha ki, ilk dəfə 1995-ci ildə Leyli kimi səhnəyə çıxanda hər şey yaxşı alınmışdı. Hətta həmin dövrdə mətbuatda da o barədə yazıldı. Amma insan elə bir varlıqdır ki, onun bacarıqları hədsizdir. Həmin dövrdən neçə illər keçməsinə və dəfələrlə "Leyli" oynamağıma baxmayaraq, hər dəfə başqa hisslər keçirirəm və hər dəfə yeni nə isə öyrənirəm. Səhnəyə "Leyli" kimi çıxıram, özümü buna hazırlayıram. Heç vaxt səhnəyə Nəzakət kimi çıxmamışam. İki ildən sonra 20 il olacaq ki, bu obrazı ifa edirəm və Allaha şükür ki, tamaşaçı da bundan razıdır. Tamaşaçını aldatmaq qeyri-mümkündür. O, hər şeyi bizdən yaxşı bilir və görür. Ona görə də hər bir məqama diqqətlə və məsuliyyətlə yanaşmaq lazımdır.
- Gənc yaşında hələ həyatın kəşməkəşinə düşməmiş Nəzakətə "Leyli" nə öyrətdi?
- İnsan düşdüyü mühitə öyrəşir, uyğunlaşır. Xasiyyətimdə olan uzaqlığı "Leyli" yaxınlaşdırdı. Xanəndə kimi tamaşaçılara yaxınlaşmağı, isinməyi öyrətdi bu obraz mənə. Eyni zamanda Üzeyir Hacıbəyov yaradıcılığının sirlərini də bu obrazla öyrəndim. Xoşbəxtəm ki, qismətimdə bu obrazı gənc yaşda yaratmaq və elə bu obrazla da sevilmək varmış.
- Deyirlər ki, qadınların gücü də, potensialı da heç də kişilərdən geri qalmır. Amma bəzən qadın olmaq onlar üçün bir maneədir. Bəs, Sizə necə qadınlığınız nə vaxtsa mane olubmu?
- Biz müsəlmanıq. Əvvəllər elə məqamlar var idi ki, qızın xanəndə olması, xüsusilə də səhnəyə çıxması yaxşı qarşılanmırdı. Bu baxımdan, çətinliklərim olub. Amma hərdən düşünürəm ki, bu tək mənim iradəmlə deyil, Allahın da mənə olan qisməti ilə əlaqədar bir məqamdır ki, mən səhnəyə çıxdım və xanəndə oldum. Daha dolğun desəm, sənət məni seçdi. Yəni bunun üçün Allahım şərait yaratdı. İndinin özündə də bəzi məqamlar var ki, mən qadın olduğum üçün onu özümə rəva bilmirəm, müəyyən qadağalar qoyuram. Çünki əgər istedadın varsa, sənə başqa yol lazım olmur. Təbii ki, söhbət istedadı olan sənəti sevən adamlardan gedir. Sənəti olmayanlar onsuz da hansısa yollarla məşhur olur, ad da alırlar. Səhnə elə bir yerdir ki, hər şeyi olduğu kimi tamaşaçıya göstərir. Ona görə, istedadını göstərənlə başqa maraqda olanların fərqi həmən üzə çıxır, bəlli olur.
- Muğam ifaçıları çox vaxt iddia edirlər ki, muğamda monopoliya var...
- Əgər bir insanın içi boşdursa, onun kim olduğundan asılı olmayaraq, o pislik üçün yaranıb. Bu tək muğam sahəsinə aid deyil, digər sahələrdə də belədir. Əgər insan zəifdirsə, istəməz ki, yanında güclülər olsun. Çünki özünün zamanla geridə qalacağına əmindir. Zamanında ilk səhnəyə çıxdığım vaxtlarda mənim üçün belə məqamlar çox olduğu üçün bu şeyi heç kim üçün təkrar etmərəm. Həmişə belə fikirləri özümdən uzaq tutmuşam. Özümə söz vermişəm ki, nə vaxtsa zirvəyə çatanda mütləq arxamca gələn yeni gənc xanım xanəndələrə dəstək olacağam, dayaq duracağam. Elə özümün bir tələbəm də var ki, əgər qəbul olunsa, ona "Leyli"ni özüm öyrədib bu səhnəyə çıxaracağam.
- Opera və Balet Teatrının solistisiniz. Tez-tez bura gəlib gedirsiniz. Bəs, digər teatrlara necə gedirsinizmi? Sonuncu dəfə hansı tamaşaya baxmısınız?
- Sonuncu dəfə Akademik Milli Dram Teatrında olmuşam. Bəzən orada elə tamaşalar olur ki, məmnuniyyətlə baxardım. Amma vaxt məhdudiyyəti olduğundan bəzən bu arzumu reallaşdıra bilmirəm.
- Amma hər halda teatrlardakı vəziyyətdən halisiniz...
- Bilirsiniz, hər teatrın öz repertuarı, öz istiqaməti var. Mən dedi-qodu sevməyən bir insanam. Ona görə bəzi məqamlardan danışmayacam. Digər teatrların öz direktorları var. Bu haqda onlar danışa bilər. Ancaq öz teatrımızdan danışa bilərəm ki, yeni tamaşalar, yeni opera əsərləri səhnələşdiririk. Düzdür, bizim milli operalarımız azdır, amma biz buna baxmayaraq, xarici bəstəkarların əsərlərinə müraciət edirik ki, boşluq yaranmasın.
- Görünür, yaradıcılıq müəyyən mənada Sizin həyatınızın mənasına çevrilib. Bəs, nəyi mənasız hesab edirsiniz?
- İnanın ki, çox şeyi mənasız hesab edirəm desəm yanılmaram. İç dünyam tamamilə fərqlidir, heç də göründüyüm kimi insan deyiləm. İnsan yaşa dolduqca hər şeyin daha dərin fərqinə varır. Hiss edirsən ki, bəzi insanların mənəviyyatı ucuzlaşıb. Belə məqamlarda özümü boşluqda hiss edirəm. Son vaxtlar isə hərdən oxumaq belə istəmirəm, oxuya bilmirəm.
- Bəlkə, bu boşluğun bir səbəbi də Vətənsizlik, Qarabağsızlıqdır?
- Təbii. Hərdən elə xəyala düşürəm ki, deyirəm torpaqlarımızı alandan sonra hər şeyimi satıb gedib orada yaşayacağam. Bəzən ən əziz insanın həyatdan gedir və sən zamanla onun yoxluğuna öyrəşirsən, onu unudursan. Bu, sənin balan olsa belə. Amma torpaq elə bir məfhumdur ki, zaman keçdikcə insanı özünə çəkir, yaxınlaşdırır, unutmağa imkan vermir. Həm bütün uşaqlıq xatirələrim beynimə elə həkk olunub ki, hərdən yuxumda belə həmin yerləri olduğu kimi görürəm. Anam həmişə deyir ki, mən ölsəm məni burada basdırmayın, nə qədər ki, buradayam ölməyəcəyəm. Vətənim alınan günü öləcəyəm ki, məni ora - Qarabağın torpağına tapşırasınız. Bunun başqa yolu yoxdur, insanlar bir gün mütləq doğulduqları torpağa qayıtmalıdırlar.
- İtirdiklərimizdən söz düşmüşkən bir müddət öncə "Nəva" muğamının yenidən ifa edilməsi ilə bağlı məsələ gündəmdə idi. Amma bu, deyəsən, tamamlanmamış qaldı...
- Düzün desəm, bu yaxınlarda bir dostumuz mənə təklif etdi ki, sənə bu muğamı öyrədim, ilk ifa edən qadın xanəndə sən ol. Amma mən bunu qəbul etmədim. Bu muğam digər muğamlardan törəmədir. Onsuz da şah sayılan muğamlarımızı ifa edirik. "Nəva"nın ifasında hər şöbəyə toxunub qayıtmaq kimi məqamlar var. Bunu tamaşaçı onsuz da çətinliklə anlayacaq. Ona görə də hələ ki qalıb.
- Xarici ölkələrdəki konsertlərinizdə Azərbaycan muğamına münasibət haqqında nə deyə bilərsiniz?
- Əvvəllər biz xarici ölkələrdə ifa etdiyimizdə bizi ya İran, ya da Hindistan muğam ifaçılarına bənzədirdilər. Çünki indiki dövrdəki kimi Azərbaycanda muğama qayğı yox idi. Çox az-az festivallara gedirdik. Hətta Azərbaycanın tarixində elə məqamlar var ki, muğam xalqın gücü ilə ayaqda qalıb. Amma bu gün Heydər Əliyev Fondunun və şəxsən Mehriban Əliyevanın muğama göstərdiyi qayğı və diqqətdən sonra respublikamızda muğamın qapıları daha geniş açıldı. Beynəlxalq müsabiqələrin Azərbaycanda keçirilməsi artıq bizi də xaricdə tanıtdı. İndi xarici ölkələrdə Azərbaycanın adı gələndə hamı tanıyır, maraqlanır. Ona görə də fəxrlə səhnələrə çıxırıq və bir neçə ölkənin bayraqları arasında bizim də ölkəmizin bayrağı dalğalanır. Bu çox qürurverici məqamdır. Məsələn, bu yay Samsundakı festivalda Azərbaycan bayrağını səhnədə görəndə özümü saxlaya bilmədim. Gözlərim doldu, ağladım.
- Niyə Azərbaycanda Alim Qasımov qədər dünyada tanınan başqa xanəndə yoxdur?
- Xaricdə tanınmaq üçün güclü prodüsserlər, təşkilatçılar lazımdır. Bu komanda ilə başa gələn bir prosesdir. Tək xanəndə ilə bu iş alınmır.
- Axı, bildiyimə görə, Alim Qasımovun elə bir güclü prodüsseri yoxdur...
- Vaxtında, zamanında onu da təqdim edən insanlar olub.
- Bəlkə, muğamı fərqli tərzdə ifa etməsidir onu məşhurlaşdıran?
- O da həmin məqamlardan biridir. Amma bir şeyi də qeyd edim ki, Azərbaycan muğamı elə bir sehrə malikdir ki, istənilən xarici ölkədə o qəbul olunur. Elə Alim müəllimdə də bu proses birdən alınmayıb. O neçə illərdir ki, bu istiqamətdədir. Amma bu işdə insana həm də şans lazımdır. Görünür, Alim Qasımov güclü xanəndə olmaqla yanaşı, həm də şanslı insandır.
- Niyə muğam müsabiqələrində münsif kimi iştirak etmirsiniz?
- Əslində, həmin müsabiqələrin hamısında oluram, yaxından maraqlanıram. Həmişə deyirəm və elə o fikirdə də qalacağam ki, əsas yol ustadların olmalıdır. Münsiflər heyətində həmişə ustadlarımız olub. Mən o iddiada olan insan da deyiləm. Əgər nə vaxtsa imkan olsa, şərait olarsa, bizə də növbə çatacaq. Müəyyən verilişlərə də dəvət alanda, ilk növbədə, onu deyirəm ki, qoy ustadlarımız danışsın və bu tarixdə qalsın. Bizim danışmağa vaxtımız çox olacaq.
- Bəzən bizim muğamları fars muğamı ilə qarışıq salırlar. Görünür bu, onlardan bəzilərinin adının fars dilində olması ilə bağlıdır. Məsələn Bayatı-Şiraz, Bayatı-Kürd, Segah...
- Tarixən müəyyən vaxtlarda bizim danışıq dilimiz də fars dili olub. Amma bu o demək deyil ki, biz fars olmuşuq. Elə muğamların adı da həmin dövrlərdən qalıb. Azərbaycan muğamının öz fərqlilikləri var. Bizim muğamda dinamika, ritm var. Fars muğamları isə darıxdırıcı, monotondur. Onlar muğamı əzik şəkildə ifa edirlər. Bizdə isə muğamda mərdlik var. Fars muğamları notla ifa edilir, bizim muğam isə improvizələrlə doludur, o qədər dərindir ki, onun sərhədi yoxdur. İstənilən iddiaya isə ifamızla cavab verə bilərik. Elmi tərəfini də nəzəriyyəçilər sübuta yetirə bilər.
- Sonda isə gələcək planlarınız haqqında.
- "Sarı gəlin" musiqisinə klip çəkdirmişəm və onu oktyabr ayında təqdim edəcəyəm. O ki, qaldı konsert, yəqin ki, gələcəkdə onu da həyata keçirə bilərəm.
MƏSLƏHƏT GÖR:


705

