12 Mart 2025

Çərşənbə, 13:06

EFFEKTLİ MALİYYƏLƏŞDİRİLMƏ

"R+"un DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa LEŞENKO ilə müsahibəsi

Müəllif:

10.10.2013

20 il müstəqilliyi ərzində Azərbaycan yoxsul, daxili çəkişmələr və müharibə ilə parçalanan ölkədən stabil və sürətli inkişaf edən iqtisadiyyatı və azad xarici siyasəti olan möhkəm dövlətə qədər ağır yol keçib. Bu nailiyyətlərdə maliyyə, texniki və beynəlxalq maliyyə institutlarının məsləhətçi yardımı, xüsusən ölkənin ən ağır zamanlarında - 1992-ci ildən əməkdaşlıq etməyə başlayan Dünya Bankının köməyi az rol oynamayıb. Bu illər ərzində həcmi 3 mlrd. dollardan artıq 54 layihəni maliyyələşdirən bank, Azərbaycanda ölkənin iqtisadi və sosial həyatının ən müxtəlif sahələrində mühüm layihələrin reallaşdırılmasını bu gün də dəstəkləməyə davam edir. Dünya Banknın (DB) fəaliyyətinin Azərbaycana hansı faydanı verməsi haqda "R+"a müsahibəsində DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko danışıb. 

- Dünya Bankı Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələrində mühüm işlər görür. DB-nin layihələrinin nəticələrinin əhalinin hansı hissəsinə müsbət təsir göstərdiyi haqda hesablamalar varmı? Nə qədər insan birbaşa və ya bilavasitə onlardan faydalana bilib?

- Dünya Bankı üçün Azərbaycanın mümkün qədər çox vətəndaşının bankın fəaliyyətinin, verilən kreditlərin, təqdim olunan texniki yardımın və analitik işin nəticələrini birbaşa hiss etmələri son dərəcə mühümdür. Demək istərdim ki, biz qürur duya bilərik, çünki bir çox layihələrimiz, həqiqətən, yaxşı fayda verib, nəticədə, olduqca çox insan real kömək alıb. Təxmini hesablamalara görə, DB-nin layihələri sayəsində, təxminən, 1,2 mln. insan daha keyfiyyətli yollardan istifadə edir. Bu, təkcə onların gündəlik həyatlarının keyfiyyətini yaxşılaşdırmır, həm də iqtisadi nöqteyi-nəzərdən də mühümdür. Sahibkarlar fəaliyyətləri üçün ən yaxşı şərtlər əldə edərək, məhsullarının nəqli ilə bağlı çətinlik çəkmirlər. Bu, öz növbəsində, vətəndaşların gəlirlərini artırır. 
Bundan başqa, Azərbaycanın rayonlarında 180-200 min insanın evinə keyfiyyətli su gəlir. Hazırda bank bu sahədə layihələr həyata keçirir ki, yekunda bu rəqəmlər əhəmiyyətli dərəcədə artacaq. 
Təxminən, 50 min fermer DB-nin layihələrinin reallaşması çərçivəsində təqdim olunan kredit resurslarından faydalanıblar. Bu kreditlər sayəsində fermerlər öz işlərini genişləndirə və gəlirlərini artıra biliblər. DB-nin tədqiqatlarının nəticələrinə müvafiq olaraq, biznesin inkişafı, o cümlədən fermer təsərrüfatları üçün əsas maneələrdən biri maliyyə mənbələrinə girişin məhdudluğudur. Dünya Bankı bu istiqamətdə işləməyə davam edir. 
Biz, həmçinin səhiyyə sahəsində də çalışırıq. Təxminən, 200 min insan bu sahədə daha keyfiyyətli xidmətlər əldə edib. Qeyd edim ki, DB layihələrinin sayəsində bu sektorda Şəki və Ağdaşda yeni xəstəxanalar əvvəllər tibbi xidmət üçün paytaxta gedən daha çox insana xidmət göstərir. 
8 mindən artıq müəllimə yeni tədris üsulu öyrədilib. O cümlədən, təqribən, 200 min insanı əhatə edən məcburi köçkünlərə yardım proqramı da olduqca mühümdür. Sayca ikinci bu istiqamətdə indi reallaşdırılan layihə, bu kateqoriya insanlarının tədris fəaliyyətinin inkişafı üçün yardım təqdim olunmasını nəzərdə tutur. Məcburi köçkünlərin sadəcə sosial yardımdan asılı olması deyil, onların öz işlərinin mövcudluğu daha mühümdür. Həmçinin bizim Azərbaycanda işimizin diqqətəlayiq istiqaməti hökumətə məhkəmə sisteminin təkmilləşdirilməsi, bu sahədə xidmətlərin əldə edilməsi və keyfiyyətinin yaxşılaşdırılmasına yardım etməkdən ibarətdir.

- Hansı sahələrdə olan layihələri daha uğurlu hesab edirsiniz? 

- Şəxsən mən kənd infrastrukturunun inkişafı və icmaların həyat keyfiyyətinin yaxşılaşdırılması sahəsində insanlara faydalı olan layihələri çox sevirəm. Bu cür yardımla bağlı yaxşı nümunə "Azərbaycan kənd investisiyaları" layihəsi və onun kənd infrastrukturunun inkişafına yardım göstərilməsinə yönəldilmiş davamıdır. Əgər bu layihənin reallaşdığı kəndləri digərləri ilə müqayisə etsək, çox böyük fərqi görmək olar. Birincilər yeniliklərə açıqdırlar, problemlərinin həlli sorağındadırlar, ümumi vəzifələrin həlli üçün daxili və xarici resursların mobilizasiya yollarını axtarırlar. Ona görə də bu layihəni uğurlu hesab edirəm. 
Bundan başqa, məcburi köçkünlərin həyat şərtlərinin yaxşılaşdırılması üzrə artıq xatırlanan layihələrin reallaşması zamanı da böyük uğura nail olmuşuq. Cəmi iki yaşı olacaq ikinci layihə çərçivəsində bu gün əsasən məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və inkişafı üçün nəzərdə tutulmuş önəmli vəsaitlər istifadə olunub. Bu, bu növ layihələrə böyük tələbatın olmasından xəbər verir. 
Həmçinin Dünya Bankı üçün özlüyündə unikal olan bərk məişət tullantılarının idarə olunması layihəsini xatırlatmaq olar. Bir çoxlarının bilmədiyi layihələr var ki, onlar bilavasitə əhalinin geniş təbəqəsinə toxunur. Onlardan biri korporativ və büdcə sektorlarında hesabatlılıq layihəsidir ki, onun çərçivəsində DB Azərbaycana büdcə vəsaitlərinin daha effektli istifadə olunma sisteminin yaradılmasına yardım edir. Onların xərclənməsində şəffaflıq dövlət resurslarının istifadə olunmasında məsuliyyətin səviyyəsini artıracaq. 
Əhalinin sosail müdafiəsinin inkişafı üzrə layihə - əsas məqsədlərdən birini ünvanlı sosial yardımın (ÜSY) verilməsi mexanizminin təkmilləşdirilməsini də unutmaq olmaz. Layihə sahəsində ÜSY ancaq, həqiqətən, bu köməyə ehtiyacı olanlara konkret meyarlar üzrə təqdim olunur. Layihənin uğurunun şahidi digər ölkələrin Azərbaycanın təcrübəsini öyrənmək istəyidir. Məsələn, ÜSY ödənişləri sistemini tətbiq edən Moldova fəal şəkildə Azərbaycanın təcrübəsini öyrənir. 

- Azərbaycanda layihələrə ayrılmış vəsaitlərin istifadə olunması vəziyyətini necə qiymətləndirirsiniz? Digər - tərəfdaş ölkələr ilə müqayisədə bu göstərici üzrə vəziyyət necədir? Hansı layihələr üzrə istifadədə ləngimələr müşahidə olunur və bunun səbəbi nədir?

- Təşəbbüs göstərməyən, səhv etməz. Biz Azərbaycanda böyük həcmdə işlər həyata keçiririk və təbii ki, layihələrin reallaşdırılması zamanı problemlərlə rastlaşmışıq. Lakin ən əsası problemi mümkün qədər tez müəyyənləşdirmək və onu həll etmək lazımdır. Bizim su təchizatı və kanalizasiya üzrə layihələr çərçivəsində, dəmir yolları və məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində vəsaitlərin istifadəsində ləngimələrimiz olub. Lakin layihələrə bir sıra düzəlişlər edildikdən və quruluşunu yenidən müəyyənləşdirdikdən sonra problemlərin böyük əksəriyyəti öz həllini tapdı. 
Ən əsası odur ki, bugünkü gündə Azərbaycanda vəsaitlərin xərclənməsinə dair göstərici regionda ən yaxşılarından biridir. İyunun sonunda bitən ötən fiskal ili ərzində vəsaitlərin istifadə olunma səviyyəsi 22,4%-ə çatıb. Keçən il bu göstərici 13,8%, ondan əvvəlki il isə 8% təşkil edib. Biz böyük irəliləyiş görürük. Prinsipcə, vəsaitlərdən istifadə olunmanın səviyyəsi 20-25%-ə çatırsa, bu, olduqca yaxşı nəticə hesab olunur.

- Fəaliyyət göstərən strategiyanın qalan müddətinə DB-nin hökumətlə əməkdaşlığının istiqamətləri müəyyən edilibmi? Hansı sahələrdə əlavə vəsaitlərin cəlb olunmasını gözləmək olar?

- Hazırda müddəti gələn ilin sonunda bitəcək fəaliyyətdə olan strategiya ilə gələcək strategiya arasındakı keçid mərhələsindəyik. Sonuncu ilin strategiyası ilə bağlı planlara gəlincə, biz, həqiqətən də uğurlu olan istiqamətlər üzrə işləməyi davam etdirmək niyyətindəyik - bu infrastrukturun yaxşılaşdırılması, yollar və su təchizatı sisteminin yenidən qurulması və tikintisidir. Biz burada əlavə maliyyələşdirmə, yeni məntəqələrin tikilməsində zərurət görürük. Biz artıq bu sahədə nail olduğumuz nəticələri möhkəmləndirmək istəyirik. 
Bundan başqa, bank məhkəmə sisteminin islah edilməsi üzrə də yeni layihənin hazırlığına başlamışıq. Yeni layihənin diqqət mərkəzində, əsasən, sistemin institusional inkişafı, yeni prosedurlar, yanaşmaların tətbiqi, mühakimə üsulunda informasiya texnologiyalarının daha dərin tətbiqi, daha keyfiyyətli məhkəmə xidmətlərinin təqdim olunması ilə əlaqədar, həmçinin iqtisadi mübahisələrin həllində xidmətlərin genişləndirilməsi ilə bağlı məsələlər olduqca vacibdir. Hazırda daxili hazırlıq prosesləri gedir, noyabrda layihənin reallaşmasının müddətini nəzərdə tutan, maliyyələşmə həcmi tələb edən zəruri işlərin miqyasını üzə çıxaracaq ilkin qiymətləndirilmələr aparılacaq. Hesab edirəm ki, martın sonuna qədər Dünya Bankı bu layihəni təsdiq edə bilər. Paralel olaraq, biz müzakirələri yeni strategiyanın hazırlıq çərçivəsində başlayacaq əməkdaşlığın yeni istiqamətlərini də nəzərdən keçiririk.

- DB Azərbaycanda yeni strategiya işlərinin hazırlıqlarına nə vaxt başlayacaq? Ümumilkdə, bu sənəd hansı əməkdaşlıq sferalarını əhatə edir?

- Noyabr - dekabrda nəticələri yeni strategiyanın hazırlanmasının əsasını formalaşdıracaq konsultasiya prosesinə başlamağı planlaşdırırıq. Sənəd istər hökumət, istərsə də ictimaiyyətlə Bakı və regionlarda geniş şəkildə müzakirə olunacaq. 
Strategiyada infrastrukturun inkişafında, sosial sferada fəaliyyətin ənənəvi istiqamətləri də və tamamilə yeni layihələr də öz əksini tapacaq. Bu, həm turizmin inkişafı, həm də enerjinin alternativ mənbələrinin istifadəsidir. Əgər istək və tələbat olarsa, DB bu istiqamətlərdə əməkdaşlıq etməyə hazır olduğunu bildirir. Əgər əvvəlki layihələrimizdə məsələ təhsil sferasında diqqəti, əsasən, orta təhsilə cəmləşdirməkdən ibarət idisə, hazırda bu, əsas diqqəti bazar iqtisadiyyatının tələblərinə uyğun olacaq peşəkar-texniki sahəyə yönəldərək, ali təhsildə islahatların aparılması layihəsinin hazırlanmasından ibarətdir. Biz hökumətə səhiyyənin maliyyləşdirilmə sistemində islahatların aparılmasına yardım etməyə hazırıq. 
Bundan başqa, DB "ASAN" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyət xidmətini genişləndirmək məqsədilə layihədə iştirak etmək imkanlarını müzakirə edib. Bu xidmətin işi çox yaxşı effekt göstərib. Bu xidmətə müraciət edən vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir, həm də minimum ödənişlərlə. Biz, xüsusən, hazırkı strukturda rayonlarda yeni mərkəzlərin tikilməsi, proqram təminatının yaxşılaşdırılması, təqdim olunan xidmətlərin siyahısının genişləndirilməsinə və s. yardım etməyə hazırıq. Ən əsas - hər bir Azərbaycan vətəndaşının dövlətin keyfiyyətli və effektli xidmətlərindən istifadə edə bilməsi üçün bu xidmətin əhatəsini genişləndirməkdir. 
Yeni strategiya üzərində işlərin yekunlaşdırılmasını bir il müddətinə planlaşdırırıq, yəni gələn ilin oktyabr ayına sənədin layihəsini nəzərdən keçirmək üçün bankın direktorlar şurasına artıq təqdim edə bilərik. 


MƏSLƏHƏT GÖR:

831