25 Noyabr 2024

Bazar ertəsi, 08:35

RİSKSİZ GƏLƏCƏK

Azərbaycanın sığorta bazarı 8,2 dəfə artıb

Müəllif:

10.10.2013

Azərbaycanın qeyri-neft sektorunun dinamik inkişafı və artımı - bu, zamanın tələbidir. Ölkə uzunmüddətli gələcəyin inkişafı üçün ciddi ehtiyatlara sahib olmalıdır. Burada dünya praktikasının da sübut etdiyi kimi iqtisadiyyatın lokomotivinə çevrilə biləcək maliyyə sektoruna böyük diqqət yetirilir. Lakin bir çox mütəxəssislər bütün ümidləri keçən həftə Bakıda keçirilən "Azərbaycanın sığorta bazarının inkişaf dinamikası - 2003-2013" konfransında səsləndirilən rəqəmlərin də sübut etdiyi kimi ümumilikdə ölkə iqtisadiyyatının fundamental artımında mühüm rol oynayacaq sığorta bazarına bağlayırlar. 

Hamı və hər kəs üçün 

Əhalinin sığortaya marağı durmadan artır, buna sübut sığorta polislərinin satış həcminin artımıdır. Və nəticə olaraq - Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramovun sözlərinə görə, 2002-2012-ci illərdə Azərbaycanın sığorta bazarı 8,2 dəfə artıb. Bununla belə, bazarda əsas fəallıq 2011-ci ildə "Sığortanın icbari növləri haqda" qanun qəbul ediləndən sonra müşahidə olunub, belə ki, 2012-ci il ərzində sığorta şirkətlərində sığortanın icbari növləri üzrə sığorta haqqı 2,45 dəfə, ödəmələr isə 1,87 dəfə artıb. Eyni zamanda 19,7% ödəmə sığortanın məhz icbari növünün payına düşür ki, bu da ötən il ölkənin sığorta bazarının 37,2%-ni formalaşdırıb. O. Bayramovun iddialarına görə, ümumilikdə 10 il müddətində sığorta haqqı sığortanın könüllü növünə görə 6, icbari növü üzrə isə 40 dəfədən çox artıb. Rəqəmlər sığorta ödəmələrinin həcminin artmasını da göstərir ki, bu da, o cümlədən əhaliyə təqdim edilən sığorta xidmətinin keyfiyyəti ilə bağlıdır. 
Belə ki, 10 il ərzində sığorta ödənişləri 14 dəfə artıb, habelə sığortanın könüllü növləri üzrə ödənişlər 15 dəfə, icbari növü üzrə isə 11 dəfə çoxalıb. 
Bundan başqa, ötən on il müddətində Azərbaycan əhalisinin adambaşına sığorta haqqının həcmi 7 dəfə artıb, 5 manatdan 37 manata qədər, həm də artımın illik tempi, orta hesabla, 22% təşkil edib. 
"Sığorta əhalinin daha geniş təbəqəsini əhatə edib, bu gün Azərbaycanın 10 ailəsindən 7-si bu sektora cəlb olunub. Bu trend daha yeni məhsullar hazırlamaq və təklif etmək üçün sığortaçılara stimuldur",- deyə O. Bayramov bildirib. O, əlavə edib ki, yaxın illərdə əhalinin adambaşına düşən sığorta haqqı artıq 100 manat həcmində olacaq. Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə proqnozlarında daha nikbindir. Onun sözlərinə görə, yaxın 7 ildə, daha doğrusu, 2020-ci ilə qədər Azərbaycan əhalisinin sığorta haqlarının adambaşına düşən həcmi 120 manata çatacaq. Hökumət də öz tərəfindən sığortaçıların sayının artmasına yardım etməklə, maksimum effektli mexanizmləri tətbiq etmək niyyətindədir.
Odur ki, İqtisadi siyasət komissiyası "İcbari sığortanın növləri haqda" qanunun tələblərini yerinə yetirmədiyinə görə cərimə sanksiyalarının sərtləşdirilməsini nəzərdə tutan təkliflər paketi hazırlayır. Həmçinin bazarda vəziyyətə məsul olacaq orqanların müəyyən edilməsi və nəzarət edilməsi üzrə müvafiq mexanizminin yaradılması da planlaşdırılır.
"Əhalinin aşağı səviyyədə maariflənməsi kimi problem, şübhəsiz ki, mövcuddur... Lakin ümumilikdə sığorta bazarı artım tendensiyasını nümayiş etdirir və bu, davam edəcək", - deyə Z. Səmədzadə qeyd edib. 

Getdikcə artır 

Demək lazımdır ki, proqnoz son dərəcə realdır. Axı, bu gün sığorta bazarının heç də bütün seqmentləri əhatələnməyib. 
Xüsusən, ekspertlər böyük ümidləri həyat sığortası ilə bağlayırlar - təkcə ötən il bu sığorta növü üzrə haqlar 9 dəfə artıb və sığorta bazarının 10,74%-ni əmələ gətirib. Hərçənd 2011-ci ildə bazarın bu seqmenti, təxminən, 15,5 dəfə artıb. Lakin buna baxmayaraq, 2012-ci ildə həyat sığortası üzrə haqların böyük hissəsi, daha dəqiq, 59%-i istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta hesabına təmin olunub. Bunu, əlbəttə ki, seqmentin mükəmməl inkişafı üçün qənaətbəxş hesab etmək olmaz, ona görə də bu istiqamətdə işlər sürətləndirilir. 
"Hazırda bazarın stimulyatoru avtomobil və əmlakın (sığortanın icbari növləri) sığortası hesab olunur, lakin gələcəkdə əsas istiqamətlər həyat sığortası və icbari tibbi sığorta (İTS) olacaq. Bunun üçün az iş görülməyib - bu, həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir... İTS sisteminin tətbiqindən sonra sığortaya hər bir Azərbaycan vətəndaşı cəlb olunacaq", - deyə O. Bayramov vəd verib. 
O əmindir ki, gələcəkdə sığorta bazarının kəmiyyətdən daha çox keyfiyyət xüsusiyyətləri inkişaf edəcək. Hərçənd gözləntilər istər assortimentin artırılması, istərsə də sığorta xidmətlərinin keyfiyyətinin və onların tariflərinin yaxşılaşdırılması ilə bağlıdır. Şübhəsiz ki, ümumi işə sığorta polislərinin onlayn-satışının genişləndirilməsi də önəmli töhfə verəcək - belə ki, müqaviləni rəsmiləşdirmək üçün sığorta olunanın sığorta şirkətinə gəlməyə ehtiyac qalmayacaq. 
Ölkədə avtonəqliyyat vasitələrinin icbari sığortasının (AVİS) elektron polislərinin tətbiqi də planlaşdırılır. Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilovun sözlərinə görə, bu yenilik nəqliyyat sahiblərinin, sığortaçıların və dövlət yol polisinin (DYP) işini yüngülləşdirəcək. Sığortalar haqda bütün məlumatlar inteqrasiya olunacaq vahid informasiya sisteminə daxil ediləcək. Belə olan halda avtomobil sahiblərinin AVİS polislərinin DYP əməkdaşlarına, məsələn, texniki baxış zamanı təqdim etmələrinə ehtiyac qalmır. AVİS elektron polisləri ölkədə 1,5 - 2 ildən tez ola bilməz, belə ki, yeni sistemin tətbiq olunması üçün yol polisindən ötrü texniki imkanlar yaradılmalıdır, polis əməkdaşları polislərin olmasını onlayn rejimdə yoxlamaq imkanına malik olmalıdırlar. 
Bazarı canlandıra biləcək daha bir sığorta növü - kənd təsərrüfatına aiddir. "Əsas mühüm vəzifələrdən biri bu gün əhalinin məşğul hissəsinin 35%-dən artığının çalışdığı aqro-sənaye kompleksinin sığortalanmasının inkişafıdır. Onun sığortaya cəlb olunması bu bazarın imkanlarını genişləndirəcək", - deyə Z. Səmədzadə hesab edir. 
Bazarla paralel olaraq, 10 il müddətində onun iştirakçılarının gücü də möhkəmlənib, kapitalı da artıb. Bu sığorta sisteminin sabitliyinin artırılması, onun ölkənin artan iqtisadiyyatının tələblərinə və dünya standartlarına uyğunluğu məqsədilə edilirdi. Nəticədə, 2002-2012-ci illərdə sığorta şirkətlərinin kapitalı, təxminən, 20 dəfə artdı ki, bu da illik 35% səviyyəsində artımın olmasını sübut edir. 
Bir sözlə, yuxarıda qeyd edildiyi kimi, bu gün sığorta bazarının inkişafı üçün bütün ilkin şərtlər mövcuddur və Z. Səmədzadənin qeyd etdiyi kimi artıq qarşıya sığorta haqlarının həcmini 500 mln. və hətta 1 mlrd. manata qədər çatdırmaq məqsədi qoymaq lazımdır. Odur ki, illik 14-15% artım tempi ilə sığorta sektoru 2021-ci ilə kimi ölkə ÜDM-nin 1%-ni tamamilə real şəkildə təmin edə bilər...


MƏSLƏHƏT GÖR:

510