14 Mart 2025

Cümə, 20:53

"DEMOKRATİKLƏŞMƏ", YOXSA KAMALİZMDƏN İMTİNA?

Türkiyə baş nazirinin təklif etdiyi islahatlar paketi birmənalı qarşılanmır

Müəllif:

10.10.2013

Türkiyədə 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının (ƏİP) hakimiyyətə gəlməsilə ölkənin siyasi dairələri və analitikləri Türkiyənin bundan sonra əvvəlkitək olmayacağını dəfələrlə ifadə etməyə başlamışdılar. İctimaiyyətdə bu fikir növbəti dəfə 2013-cü ilin sentyabrında pik nöqtəsinə çatıb. Buna səbəb baş nazir Rəcəb Tayyib Ərdoğanın ictimaiyyətə təqdim etdiyi "demokratikləşmə paketi"dir. O, siyasi-hüquqi islahatların həyata keçirilməsini nəzərdə tutur.

Ərdoğanın təklif etdiyi paketin təhlili analitiklərdə onun Türkiyə Cümhuriyyətinin dövlət quruculuğu landşaftını dəyişəcəyinə heç bir şübhə yeri qoymayıb. Söhbət 90 ildən artıqdır Türkiyənin banisi Mustafa Kamal Atatürkün prinsiplərinə qeyd-şərtsiz sadiq qalmış bir dövlətdən gedir. Ərdoğan ən müfəssəl proqram sayıla biləcək çıxışına lap əvvəldən Türkiyənin sabiq baş nazirləri Adnan Menderesə, Turqut Özala və Nəcməddin Ərbakana minnətdarlıq etməklə başlayıb. Ərdoğanın bu demokrat, liberal və islamçı siyasətçilərin adlarını bir cərgədə sadalaması heç də təsadüf deyildi. Onların hər biri ölkədə ciddi islahatların tərəfdarı kimi yadda qalıblar (təbii ki, hərəsi özünə uyğun - Türkiyənin gələcəyini hansı formada görmələrinə uyğun olaraq). Amma bu rəhbərlərin hər üçü hakimiyyəti acınacaqlı şəraitdə tərk ediblər. Menderes və Özal hakimiyyət başında olarkən dünyalarını dəyişiblər: birincisi onu devirmiş hərbi hakimiyyət tərəfindən asılıb, ikincisi isə son zamanlar üzə çıxdığı və Ərdoğanın da əmin olduğu kimi, zəhərlənərək öldürülüb. Ərbakanı isə hakimiyyətdən daha insaflı yolla uzaqlaşdırdılar: hərbçilər sadəcə onu devirərək siyasətdən təcrid etdilər. Hakimiyyəti öz iradələrindən kənar, xalqın seçiminə əsaslanmayan şəkildə əldən vermiş sələflərinə lazımi qiyməti verən Ərdoğan, əslində, ordunu qanuni mülki hakimiyyətə qarşı güc tətbiqindən çəkinməyə çağırıb. Lakin hərbçilərin təsir imkanlarının məhdudlaşdırılması Ərdoğansa- yağı demokratikləşmənin alətlərindən yalnız biridir.
İslahatlar paketində məktəblilərin Atatürk dönəmindən tətbiq olunan andiçmə şəklindən imtina nəzərdə tutulur. Qeyd edək ki, həmin and "Ne mutlu Türküm diyene!" ifadəsilə bitir və əsrlər boyunca özünü osmanlı adlandırmış xalqın özünəməxsusluğunu ifadə edir. Ərdoğan qadınların dövlət qurumlarına hicabla daxil olmasını qadağan edən qanunun aradan qaldırılacağını da bildirib. O, bu işdə yalnız hakimlər, prokurorlar, polislər və hərbçilər üçün istisnanın nəzərdə tutulduğunu söyləyib. Məhz bu məqam baş nazirin bu məsələdə manipulyasiyalara yol verməkdə günahlandırılmasına səbəb olub. Onu da qeyd edək ki, ƏİP liderlərinin xanımlarının ictimaiyyət qarşısına daim müsəlmanlara xas baş örtüyündə çıxması fonunda məsələnin bu cür qo- yuluşu heç də aktual deyil. Onların hər bir tədbirə bu geyimdə qatılması zamanı heç kim dünyəvi dövlətdə bu hökumətin dress-kodunun qanuniliyi haqda düşünməyib.

İslahatlar paketində daha sonrakı məqam opponentlər tərəfindən, ilk növbədə, ƏİP hökumətinin maraqlarına cavab verən siyasi və partiya sisteminin möhkəmlənməsinə yönəlmiş tədbir kimi qiymətləndirilib. Söhbət parlament seçkisində minimal baryerin 10%-dən 5%-ə endirilməsindən gedir. Güman ki, Ərdoğan kiçik hökumətpərəst partiyaların yaradılmasına, onların müxalifətlə, ilk növbədə, Atatürkün Cümhuriyyət Xalq Partiyası və Millətçi Hərəkat Partiyası ilə mübarizədə ƏİP-ə dəstək olacağına bel bağlayır.

Türkiyəli politoloqların fikrincə, partiyalarda həmsədrlik postunun yaradılması da ƏİP-in siyasi nüfuzunun gücləndirilməsinə hesablanıb. Ekspertlərin fikrincə, burada məqsəd daxili siyasi manevr imkanlarının genişləndirilməsidir. Burada söhbət xüsusilə hakim partiyada Türkiyənin hazırkı prezidenti Abdullah Gülün həmsədrliyi və kürdlərin Sülh və Demokratiya Partiyasında ömürlük həbsdə olan Abdullah Öcalanın həmsədrliyindən gedə bilər. Yəni kürd terrorçuların lideri faktiki olaraq, həbsdən buraxılmalıdır. "Demokratikləşmə paketi" siyasi partiyalara seçki kampaniyasını yalnız türk deyil, ölkə sakinlərinin danışdığı digər dillərdə də aparmaq imkanı verir.
Paketin son maddələri birbaşa milli siyasətdə planlaşdırılan dəyişikliklərlə bağlıdır. Bu islahatlar çərçivəsində ksenofobiyaya, milli ədavət zəmnindəki cinayətlərə görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, sənədə əsasən, başqa dillərdə olan yaşayış məntəqələrinə öz adlarını daşımasına icazə verilir, onların türk toponimlərilə əvəzlənməsi məcburi xarakter daşımır. Məktəblərdə türk dilindən başqa dillərdə də dərslərin keçirilməsinə imkan veriləcək. Ərdoğanın kürdlərin q, x, w hərflərindən istifadəsinə icazə verilməsinə dair təklifi kifayət qədər maraqlıdır. Qeyd edək ki, əvvəllər buna yol verənləri məhkəmə gözləyirdi. 
Aydındır ki, bütün bu tədbirlərin həyata keçirilməsi millətlərarası münasibətlərdəki gərginliyin müəyyən dərəcədə azaldılmasına yönəldilib. Burada söhbət, ilk növbədə, kürd probleminin həllindən gedir. Bəs, bu islahatlar Türkiyədə vətəndaş birliyinə nə dərəcədə xidmət göstərəcək? Nəzərə alsaq ki, "Demokratikləşmə paketi" kürd əhalinin yaşadığı bölgələrdə nəinki gərginliyi azaltmayıb, əksinə, artıq yeni etiraz aksiyalarına yol açıb, onda bu birliyə ümid etmək olmaz. Kürd siyasi qüvvələrinin tələbini nümayişlərdən birində Sülh və Demokratiya Partiyasının mitinqlərindən birində Şaban Alkan dilə gətirib: "Kürd xalqı üçün Öcalanın azad edilməsi qırmızı xətdir. İkinci qırmızı xətt doğma dildə təhsildir. Biz özəl məktəblərdə təhsil almaq üçün pul ödəmək istəmirik. Biz Türkiyənin Mülki Məcəlləsində dəyişikliklər gözləyirdik, amma o, güc-bəla ilə paketə salınıb. Yerli administrasiyalar əsasında muxtariyyət statusu bizim əsas tələblərimizdən biri idi. Kənd adları və qadağan olunmuş hərflərə gəlincə, biz bu məsələni çoxdan həll etmişik".

Ərdoğanın təşəbbüsünü digər etnik mənbələr o qədər də xüsusi ruh yüksəkliyilə qəbul etməyiblər. Paketdə ölkədə dini məzhəbinə görə sayca ikinci olan ələvilər, ümumiyyətlə, nəzərə alınmır. Qeyd edək ki, onlar öz dini mərasimlərini keçirməyə icazənin olmamasından narazıdırlar. "Ərdoğanın bizim məscidlərimizə hüquqi status verilməsi istiqamətində bir addım belə atmaması azmış kimi, bu məsələni bəyanatında bir dəfə də dilə gətirmədi", - deyə Türkiyə şiələrinin liderlərindən olan Məhərrəm Erkan bildirib. Ələvilər yalnız eyniadlı əyalətin Nevşehir Universitetinə onların orta əsrlərə aid dini xadimləri Hacı Bektaşi Vəlinin adının verilməsilə kifayətlənməli olacaqlar.
Assuriyalılar icmasından da son paketlə bağlı xüsusi məmnunluq bəyanatları eşidilmir. Halbuki onlara vaxtilə müsadirə olunmuş kilsə torpaqlarının geri qaytarılacağı vədi verilib.

Deyəsən, paket yalnız qaraçıları qane edib. Onların probleminin, demək olar ki, siyasiləşməməsinə baxmayaraq, Ərdoğan qaraçılara qarşı səxavət nümayiş etdirib, onlara mədəniyyət və dil qurumlarının yaradılacağı vədini verib.

Bir çoxları baş nazirin milli siyasətlə bağlı təşəbbüslərində Türkiyə üçün ənənəvi olan türkizmdən imtina sezir. Paketi Ərdoğanın seçkiqabağı planı ilə əlaqələndirənlər də az deyil. Qeyd edək ki, o, Konstitusiyaya dəyişiklik etməyi və ölkədə prezident üsul-idarəsi yaratmağı planlaşdırır. Bununla yanaşı, Atatürkün qurduğu dövlətin ənənəvi siyasi qüvvələrinin əksəriyyəti "Demokratikləşmə paketi"ni Mustafa Kamalın prinsiplərinə əsaslanan dünyəvi Türkiyənin məzara göndərilməsi kimi qiymətləndirir. Onların fikrincə, hazırda türk xalqı və dövlətinin birliyinə yaranmış təhlükə də (söhbət heç də millətlərarası ziddiyyətlərdən getmir) məhz bununla bağlıdır.

Daha bir məqam: Türkiyədə yaşananlar maraqlı xarici qüvvələr tərəfindən də diqqətlə izlənilir. ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikardonenin "Demokratikləşmə paketi"nə ciddi dəstəyi diqqətdən yayınmayıb. Xarici diplomatik missiya rəhbərinin ölkənin daxili həyatına aid sənədə bu qədər açıq münasibəti istər-istəməz Türkiyədəki hazırkı siyasi təlatümlərdə Avroatlantik mərkəzlərin rolunu bir daha yada salır.



MƏSLƏHƏT GÖR:

471