14 Mart 2025

Cümə, 21:43

KEÇMİŞİN AXTARIŞINDA

Tarixin "özəyi"ni məhv edən İrəvan sovet dönəminə aid tikililərin reklamına çalışır

Müəllif:

10.10.2013

İrəvanda növbəti "memarlıq qızdırması" yaşanır. Memarlığa qiymət verə bilən yerli mütəxəssislər yaxın zamanlarda yeni şok yaşaya bilər - Zvartnos aeroportunun köhnə binasının söküləcəyi gözlənilir. Aeroportu "kommersiya idarəçiliyinə" götürmüş Ar-gentinadan olan erməni sahibkar Eduardo Ernekyanın sözlərinə görə, Zvartnosun dairəvi binasının dəyəri yoxdur və o, təhlükəsizlik baxımından istifadə üçün yararsızdır. Sahibkar binanın özülünün çox zəif olduğunu, bu səbəbdən də, köhnə binanın sökülməsinin, yerində yenisinin tikilməsinin məntiqli olacağını bildirib.

Bu fikirlər İrəvanda əsl səs-küyə səbəb olub. Təyyarəçilərlə yanaşı, memarlar və "fəal ziyalılar" Zvartnosun binasının müdafiəsinə qalxıblar. Onların bir sıra arqumentləri var - özülün möhkəmliyindən, sərhəd və gömrük xidmətlərinin fəaliyyəti üçün lazımi şəraitin olmasından tutmuş, köhnə terminalın hələ 1985-ci ildə memarlıq sahəsində Dövlət mükafatına layiq görülməsinə qədər.

Əlbəttə ki, İrəvan Ernekyanla çox nəzakətlə davranır. Bir yandan İrəvan reallığında diaspordan olan investorları "sağa-sola dağıtmaq" düzgün olmazdı. Digər tərəfdən onun "kommersiya idarəçiliyi" artıq milli aviadaşıma şirkəti olan "Armavir"in müflisləşməsinə səbəb olub. Aeroport son dərəcə həssas obyektdir. Hər halda, "Armavir"in iflası ölkənin əsas xəbərinə çevrildiyi dönəmlərdə şərhçilər bir fikirdə həmrəy idilər: "blokadada" olan ölkə "aviasiya suverenliyinin" itirilməsinə, milli aviadaşıma şirkətinin yox olmasına imkan verməməlidir.
Amma aeroportun yenidən qurulmasının onun buraxıcılıq qabiliyyətini azaldacağını heç kəs müzakirəyə çıxarmırdı. Bir çoxları isə qara yumor üslubunda danışır: hazırkı Ermənistan üçün Zvartnosun böyük buraxıcılıq qabiliyyəti uğurdan çox başağrısıdır. İrəvanın "Lraqir" qəzeti yazır ki, bu ilin ilk 8 ayında Zvartnos aeroportu vasitəsilə Ermənistanı 34 445 nəfər birdəfəlik tərk edib. Sabiq baş nazir Qrant Baqratyan isə vətəndaşların ölkəni piyada və dəmir yolu vasitəsilə də tərk etdiklərini bildirir.
İrəvanda, hətta sovet dönəminə aid tikilinin sökülməsi və ya yenidən qurulması cəhdinin yaratdığı səs-küyü başqa ölkələrdə əsrlərlə tarixi olan abidənin dağıdılması zamanı yaranan rezonansla müqayisə edilə bilər. Zvartnos bu mənada yeganə nümunə deyil: bu yaxınlarda irəvanlılar yerli bazarın toxunulmazlığının saxlanılmasını tələb edirdilər.
Bu, anlaşılandır. Ermənistanda bu haqda açıq danışmağı xoşlamasalar da, o, nadir şəhərlərdəndir ki, özünün "qədimliyindən" dəm vurur, amma qədim qala və tarixi tikililər göstərə bilmir. Bu vəziyyətin səbəbləri də bəllidir. Britaniyalı jurnalist "Qara bağ" kitabında yazır: "1905-ci ildə jurnalist Luici Villari 28 minlik əhaliyə malik kiçik Qafqaz şəhərinə heyran olmuşdu. Şərqin bütün sirlərini özündə əks etdirən tağlı pasajlar, qara parça ilə örtülmüş kiçik dükanlar, uzun göy köynəkli tatar dəstələri, hər tərəfdə gözə dəyən yaşıl molla əmmaları - bütün bunlar çox cazibədar idi", - deyə britaniyalı jurnalist həmkarından sitat gətirir: "Nəhəng, yöndəmsiz dəvələr qaranlıq qalereyalarda, kiçik həyətlərdə dincəlirdi. Üfunətli bazarın yanından keçdikdən sonra gözlənilmədən Göy Cami adlı gözəl bir məscidlə qarşılaşırsız". Villari hazırkı Ermənistan paytaxtını belə təqdim edirdi. Qeyd edək ki, həmin vaxt şəhərdə ermənilər heç də çoxluqda deyildilər və əlbəttə ki, oranı özlərinə paytaxt saymırdılar. 1728-ci ildə İrəvan əhalisinin 61,2%-ni "müsəlman türklər" təşkil edirdilər. Şəhərdə xristianlar yalnız 38,8% idi və onların, təxminən, yarısı ermənilərdən yox, xristian qaraçılardan ibarət idi. 1828-ci ildə İrəvanın Rusiya tərəfindən işğal olunduğu vaxt şəhərdə azərbaycanlı əhali 75,5%, erməni əhali isə 24,5% təşkil edirdi. XX əsrin əvvəllərində isə artıq burada altı kilsə, yeddi məscid var idi. Ermənilərin İran və Osmanlı İmperiyasından İrəvan və Qarabağ xanlıqlarına kütləvi köçürülməsi hələ XIX əsrin əvvəllərində Türkmənçay müqaviləsinin imzalanmasından sonra başlamışdı. XX əsrin əvvəllərində isə İrəvan memarlığına görə "Şərq nağılı" təcəssüm etdirirdi. Orada az sayda erməni tacirlərin evlərinə rast gəlinirdi.

İrəvanın Ermənistan paytaxtına çevrilməsi 1918-ci ildə aparılan danışıqlarda Azərbaycan Demokratik Respublikasının güzəştindən sonra mümkün olub. Ondan xristian Ermənistanının paytaxtı "düzəldilməsi"nə 20-30-cu illərdə başlanılıb. Doğrudur, bu prosesi "yenidənqurma" adlandırırdılar. Əslində, söhbət görünməmiş miqyasda saxtalaşdırmadan gedirdi. Mütəxəssislərin dediyi kimi, bəşəriyyət tarixində çox saxtakarlıqlar olub. Sikkələri və heykəlləri, şəkilləri və tarixi sənədləri saxtalaşdırıblar. Amma bütöv bir şəhərin saxtalaşdırılması tarixdə bir ilk idi. Bu zaman döşəməsi güzgü olan, Qriboyedovun "Ağıldan bəla" komediyasının ilk dəfə səhnələşdirdiyi gözəl xan sarayı da dağıdıldı. İrəvan qalası, məscidlər, ictimai hamamlar - bir sözlə, şəhərin əsl tarixi köklərini xatırladan hər şey məhv edildi... İrəvan xanlığının dağıdılmış paytaxtının yerində isə memar Aleksandr Tamanyan Ermənistan paytaxtını ucaltdı. Orada, həqiqətən də, bir sıra maraqlı landşaft və dizayn var idi. Amma onların heç biri "tarixi" rol oynaya bilmədi. Oxşar hadisə yalnız İrəvanda yaşanmadı: Sardarabad qalası və bir çox digər tarixi və memarlıq abidələri də məhv edildi.

Memarlıq sahəsində aparılan "etnik təmizləmə" bitdikdən sonra növbə əhaliyə çatdı. Ermənistandan əvvəlcə azərbaycanlılar, 80-ci illərin sonlarında isə artıq yəhudilər, ruslar, kürdlər sıxışdırılaraq çıxarılmağa başladı...
İndi, deyəsən, İrəvanda "tarixi tikililərin" yoxluğundan narahat olmağa başlayıblar və onu mövcud tikililər hesabına yaratmaq fikrinə düşüblər.

Vəziyyət, hətta lap gülməli hal alıb. Bir neçə il əvvəl Ermənistan İrəvanın mərkəzində nadir memarlıq kompleksi yaratmaq fikrinə düşmüşdü. XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid xüsusi tarixi-memarlıq dəyəri olan tikililər bu kompleksdə cəmləşdirilməli idi. Ermənilər sanki uşaq konstruktorunun yığım prinsipi ilə ayrı-ayrı elementlərdən yeni qədim şəhər yaradacaqdılar. Əlbəttə ki, qədim binaların yerinin dəyişdirilməsi dünyada çoxdan nou-xau sayılmır: 30-cu illərdə Moskvada bir yaşayış binasının yerini, hətta oradan əhalini köçürmədən dəyişiblər. ABŞ-da isə "milyonçular məhəlləsi"ndə sökülərək okeanın o tayından gətirilmiş və yenidən qurulmuş Avropa feodal qalalarını görmək mümkündür. Lakin "qədim şəhərin salınması" öz-özlüyündə oksümoron - "ağıllı səfehlik"dir. Bunu tarixin seçimilə bağlı da söyləmək olar : memarların diqqətini yalnız XIX-XX əsrlərə aid tikililər çəkib. Halbuki, məsələn, Azərbaycanda memarlıq və tarixi abidələrin əksəriyyəti XII-XIII əsrlərə aiddir. Cənubi Qafqazda ötən və ondan əvvəlki əsr elə bir qədim dövr deyil. Üstəlik, Bakıdan fərqli olaraq, həmin illərdə İrəvanda kütləvi memarlıq bumu da yaşanmayıb. Amma çar hökumətinin İran və Türkiyədən erməni əhalini Azərbaycana məxsus İrəvan xanlığına kütləvi köçürməsinin piki məhz XX əsrin əvvəllərinə təsadüf edir. Elə həmin illərdə müsəlman memarlıq kompleksi olan İrəvanda "erməniləşmə" izləri görünməyə başlayır.

Təcrübə göstərir ki, müəyyən "diribaşlıq" göstərilsə və bu nağıllara inanan auditoriya tapılsa, Şah İsmayılın göstərişilə Zanqa çayı sahilində salınmış şəhəri "qədim erməni Erebuni"si adlandırmaq mümkündür. Eldəgizlər sülaləsinə məxsus sikkələrə "əl gəzdirmək" olar ki, sonradan onları qədim erməni sikkəsi kimi qələmə verəsən. Erməni tarixçilərinin məhz bu əməli akademik Piotrovskini dəhşətə gətirmişdi. Azərbaycana məxsus qəbirüstü daşları "qədim erməni petroqlifləri" adlandırmaq da olar. Hətta bütöv bir şəhəri saxtalaşdırmaq, onu tamamilə dağıdaraq yenidən, artıq qalaları, xan sarayı, məscidləri, müsəlman elitanın evləri olmadan yaratmaq da mümkündür. Amma bütünlükdə "mədəni təbəqəni" məhv etmək və saxtalaşdırmaq mümkün deyil.

Budur, Ermənistanın şimal-qərbində yerləşən Aşots şəhərinin (tarixi adı Qızıl Qoç) ətrafında canavara sitayiş izləri tapılıb. Ermənistanın Abidələrin Mühafizəsi Agentliyinin Şirak və Araqasotn vilayəti şöbəsinin rəhbəri Larisa Yeqanyan jurnalistlərə bildirib ki, qazıntılar bu sitayişlə bağlı izləri üzə çıxarıb. "Qazıntılar zamanı heyvan sümükləri aşkarlamışıq. Onların arasında 7 canavar kəlləsi də var", - deyə o, bildirib.

Gözlənildiyi kimi, Yeqanyan tapıntını "hind-Avropadakı canavar sitayişi" kimi təqdim etməyə çalışır. Amma bir məqam şübhə doğurmur: heç özləri də bilmədən, ermənilər bu qazıntılar nəticəsində bu ölkənin qədim türk, daha doğrusu, Azərbaycan torpaqlarında yaradıldığına növbəti sübutu üzə çıxarıblar. Ermənilərin oraya kütləvi şəkildə köçürülməsinə isə XIX əsrin ilk yarısında başlanılıb. Çünki canavara sitayiş türk xalqlarında çox qədim zamanlardan həyata keçirilirdi və istənilən tarixçi bunu sübut edən onlarla dəlil göstərə bilər.

İndiyədək heç kəs saxtanı orijinal adı ilə uzun müddət və əsaslı şəkildə təqdim edə bilməyib.



MƏSLƏHƏT GÖR:

687