14 Mart 2025

Cümə, 21:44

DÜNYANI TƏNGƏ GƏTİRMİŞ MƏSƏLƏ

Bir daha beynəlxalq terrorla mübarizə yolları haqqında

Müəllif:

15.10.2013

Pentaqonun rəhbəri Çak Heygel Amerika xüsusi təyinatlılarının oktyabrın 4-5-də Liviya və Somalidə həyata keçirdiyi əməliyyatın məqsədini qısa və konkret izah edib: "Beynəlxalq terrorçuların məsuliyyətə cəlb olunması" və "ABŞ-ın terrorçuları harada gizlənməsindən, ədalət mühakiməsindən nə qədər yayınmasından asılı olmayaraq, məsuliyyətə cəlb etmək üçün əlindən gələni əsirgəməyəcəyini göstərmək".

Heygelin sözlərini Birləşmiş Ştatların dövlət katibi Con Kerri də təsdiqləyib. O bildirib ki, "Əl-Qaidə" və digər terrorçu təşkilatların üzvləri "haraya qaçsalar da, ABŞ hökumətindən gizlənə bilməyəcəklər".

Beləliklə, ABŞ Hərbi Dəniz Qüvvələrinin 2011-ci ilin mayında Pakistanda "Əl-Qaidə" lideri Üsəma ben Ladeni uğurla zərərsizləşdirmiş xüsusi təyinatlılarının ("Dəniz pişikləri" elit bölüyü) məxfi əməliyyatı nəticəsində Somalinin Baraave şəhərində somaliəsilli Keniya vətəndaşı, daha çox “İkrima” ləqəbilə tanınmış Abdikadir Mohamed Abdikadir öldürülüb (bəlkə də, yox) və ya ələ keçirilib (bəlkə də, heç tutulmayıb da). İkrima "Əl-Şabab" ("Gənc mücahidlər hərəkatı") qruplaşmasının liderlərindən biridir. Son altı ildə bu qruplaşma Somalinin mərkəzi hökumətinə qarşı silahlı mübarizə aparır, BMT-nin bu ölkədəki humanitar fəaliyyətinə mane olur, qoşu ölkələrin ərazilərinə də hücumlar edir. İkrimanın "Əl-Qaidə" əlaqəsinin olduğu da bildirilir. O, 1998-ci ildə ABŞ-ın Nayrobidəki səfirliyinin yaxınlığındakı terror aktının təşkilində, eyni zamanda 2002-ci ildə Mombasda törədilmiş terror aktlarında da ittiham olunur. Bilavasitə "Əl-Şabab"a gəlincə, son zamanlar onun adı dillərdən düşmür. Buna səbəb sentyabrın 21-də terrorçuların Nayrobinin mərkəzindəki dəbdəbəli ticarət mərkəzinə  təşkil etdikləri hücumdur. Həmin terror aktı nəticəsində 60-dan artıq insan həlak olub. Ölənlər arasında ABŞ və Böyük Britaniya vətəndaşları da var. "Əl-Şabab" Keniya hökumətindən qoşunlarını Somalidən çıxarmasını tələb edir. Bəs terrorçu nədən "bəlkə də tutulub", və ya "bəlkə də, öldürülüb"? Məsələ ondadır ki,  əməliyyat zamanı yaraqlıların ciddi müqavimətilə üzləşmiş "pişiklər" təxminən 1 saat davam edən atışmadan sonra geri çəkilməli olublar. Onların hansı nəticə ilə geri çəkildiklərisə dəqiq məlum deyil. "Əl-Şabab" təmsilçiləri döyüşdə ABŞ tərəfinin itki verdiyini bildirirlər. Amerikalılar isə "Əl-Şabab"a ciddi zərbə vurulduğunu, ölənlər arasında İkrimanın da olduğunu iddia edir. Qərb mətbuatında amerikalı döyüşçülərin hücum etdikləri villada çoxlu sayda qadın və uşağın olduğunu gördükdən sonra geri çəkildiyini də yazır. Hər halda, ABŞ əməliyyatın iflasa uğradığını etiraf etmir. Amerikalılar hesab edirlər ki, əməliyyat nəticəsində əsas məqsədlərinə çatıblar: "Amerikanın istənilən yerə əlinin çatdığı sübut olunub". Amma burada müəmmalı olan yalnız İkrimanın taleyi deyil. Əməliyyatda əsas hədəfin məhz İkrima olub-olmadığı da tam aydın deyil. Çünki hücumun edildiyi villanın "Əl-Şabab" lideri Əhməd Abdi Qodaninin iqamətgahı olduğuna dair məlumatlar var.

Bu əməliyyatla eyni vaxtda amerikalılar Liviyada da xüsusi əməliyyat keçiriblər. Nəticədə "Əl-Qaidə"nin yüksək rütbəli nümayəndələrindən olan Anas əl-Libi (nazih Abdul-Hamed Rukay) ələ keçirilib. O, 1998-ci ildə ABŞ-ın Tanzaniya və Keniyadakı səfirliklərində törədilmiş və 220-dən artıq insanın həyatına son qoymuş terror aktlarının təşkilində günahlandırılır. Somalidəki əməliyyatdan fərqli olaraq, burada əl-Libi döyüşsüz ələ keçirilib. ABŞ quru qoşunlarının Delta xüsusi təyinatlı dəstəsinin döyüşçüləri ter-rorçunun evinin yaxınlığındakı avtomobil dayanacağında onu 3 maşınla mühasirəyə alıb, avtomobilin şüşəsini sındıraraq terrorçunu ələ keçiriblər.

Əl-Liblinin bioqrafiyası terrorçular haqqında səfeh bir filmin personajını xatırladır. Sanki istəsən də belə bir personajı yarada bilməzsən. 2002-ci ildə o, Sudanda həbsxanada yatıb. Amerikalılar terrorçunun onlara təhvil verilməsinə çalışsalar da, sonradan sanki fikirlərindən daşınıblar. Bunadək isə əl-Libi Böyük Britaniyada (burada məlum olmayan səbəblərdən onun siyasi sığınacağı və təhsillə məşğul olmaq imkanları olub), Qətərdə yaşamağa macal tapıb, sonralar Suriya və Liviyada gizlənib. Terrorçunun hələ 2007-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən saxlanıldığına dair iddialar da var. Hazırda Əl-Libi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi-nəqliyyat gəmisindədir və orada terrorçunun dindirilməsi həyata keçirilir. Pentaqonun mətbuat katibi Corc Littl bildirir ki, dindirilmə "tam qanunauyğun" və müharibə qanunlarına əsasən aparılır.

Maraqlıdır ki, Liviya hökuməti keçirilən əməliyyatlara heç bir aidiyyatının olmadığını bəyan edib. Amma bir neçə gün sonra yaşananlar tamamilə gözlənilməz axar alıb. Oktyabrın 10-na keçən gecə ölkənin baş naziri Əli Zeydan Tripolidəki Corinthia mehmanxanasından oğurlanıb. Onu mülki geyimdə olan şəxslər "hörmətlə və bir dəfə də olsun, atəş açmadan" aparıblar. Bunun ABŞ-ın Anas əl-Libinin saxlanılması ilə nəticələnmiş əməliyyatına hökumətin verdiyi dəstəyə görə qisas olduğu açıqlanıb. Yaraqlılar isə baş nazirin ölkənin milli təhlükəsizliyinə zərər vurduğu üçün və az qala prokurorun sanksiyası ilə saxlanıldığını iddia edirdilər. Sonradan Zaydan... Daxili İşlər Nazirliyinin cinayətkarlıqla mübarizə şöbəsində "peyda olub". Bloomberg və “Əl-Qaidə” xəbər verir ki, keçmiş yaraqlılar dövlət qurumuna onların üzərində nəzarət qurulması məqsədilə işə götürülüblər. Amma digər mətbuat orqanlarında (lenta.ru, Agence France-Presse) Liviya DİN-nin Əbu Anas əl-Libi ilə yaxın əlaqələri olan keçmiş qiymaçıların nəzarətində olduğunu yazır. Zeydanın əl-Libinin saxlanılmasını qəti şəkildə pisləməsi də bununla əlaqələndirilir.

Bəs əslində nə baş verir? ABŞ terrorçuların liderlərinin məqsədyönlü şəkildə məhvini davam etdirir. Üsəma ben Laden, Ənvər əl-Avlaki (“Əl-Qaidə”nin Ərəbistan yarımadasındakı lideri, 2011-ci ildə Amerika pilotsu təyyarələrinin Yəmənə endirdiyi zərbələr zamanı həlak olub), Abdikadir Mohamed Abdikadir (İkrima), Anas əl-Libi və digərləri... Bu, terrorçuluqla uğurlu mübarizənin davamı kimi təqdim olunur. Amma bu strategiya əslində nə dərəcədə uğurludur? Asanlıqla başqalarının əvəzlədiyi liderlərin "ovu" nə dərəcədə məqsədəuyğundur? Ümumiyyətlə, terrorçu təşkilatların liderlərinin məhvi doğru addımdırmı? Axı bu təşkilatların tərkibi müxtəlifdir və onların çoxlu sayda "filialları" var. Onlar müxtəlif klanlara bölünüb və hətta bir-birlərilə düşmənçilik edirlər. Mütəxəssislər Somalidə fəaliyyət göstərən "Əl-Şahab" qruplaşmasını məhz bu cür xarakterizə edirlər. Amerika desantının bu ölkəyə tökülməsində məqsəd bu qruplaşmanın liderlərindən birinin ələ keçirilməsi idi. Amma onun sıralarında 9000-dək yaraqlı var və məgər onlardan heç biri məhv edilmiş lideri əvəzləyə bilməyəcəkmi?

Belə çıxır ki, bu məsələdə əsas problem terrorçu təşkilatı kimin idarə etməsində yox, onların möhkəmlənməsi, kök atması və çiçəklənməsi üçün ərazilərinin olub-olmamasındadır. "Əl-Şabab" üçün bu ərazi dünya xəritəsinin "qara dəliklərindən" olan Somalidir. Dövlət adlandırmağın belə, çətin olduğu Somalidə daim özünü müstəqil sayan müxtəlif ərazilərin rəhbərliyi, ayrı-ayrı klanlar, qruplaşmalar arasında döyüş gedir, yaraqlılar, piratlar, cinayətkarlar arasında çəkişmələr gedir. Somalidə mərkəzi hökumət yoxdur. Beynəlxalq birlik tərəfindən tanınmış hökumət yalnız Moqadişo və bir neçə kiçik rayona nəzarət edir. Yaraqlılar bu ölkədə özlərini daha sərbəst hiss edirlər. İndiyədək Somalidən gələn təhlükəni Keniya və Efiopiya aradan qaldırmağa çalışıb. Onlar bu işi ABŞ-ın da köməkliyilə Afrika Şurası qüvvələrinin tərkibində ediblər. Amma uğur qazana bilməyiblər. Bu uğursuzluğun səbəbisə qətiyyən İkrima və ya onun yerindəki hər hansı bir terrorçunun əla lider, strateq və rəhbər olması yox, terrorçuların məskunlaşmağa ərazilərinin və digər vasitələrinin olmasıdır.

Terrorçular daxili və xarici siyasi münaqişələrdən, dini, etnik, tayfa, klan qarşıdurmalarından bacarıqla istifadə edirlər. Şimali Afrikada bir neçə rejimin dyişməsilə nəticələnmiş "ərəb baharı" onlar üçün daha bir effektiv vasitə oldu və terrorçular üçün məskunlaşma, fəaliyyət göstərmə ərazisini daha da genişləndirdi. Əslində yeni "çevrilişdən çevrilişədək" tarixi ilə bir çox Afrika ölkəsi əhalisinin böyük bir hissəsinin yoxsulluğu, səhiyyədə, təhsildə və sair sahələrdəki ciddi problemləri, müxtəlif etnik tərkibi, çətin coğrafiyası, məhdud su resursları ilə terrorçular üçün ideal baza rolunu oynayırlar. Hər hansı Afrika ölkəsində karbohidrogenlərin və qiymətli metalların olması, üstəlik onların beynəlxalq dəniz yollarının nəzarətinə imkan verən əlverişli mövqedə yerləşməsi bu ölkələri sabit maliyyə mənbəyinə çevirir.

Bundan başqa, bəzi ölkələrdə terrorçu qruplar faktiki olaraq dövlətin idarə olunmasına əl qoya biliblərsə, müntəzəm olaraq terrorçu liderlərin öldürülməsinin mənası nədir? Yalnız Somalinin nümunəsində deyil, Liviyanın baş nazirinin oğurlanması hadisəsində də görürük ki, bu ölkələrdə indi milli təhlükəsizliyin qeydinə köhnə, hətta lap köhnə yaraqlılar qalır...

Əlbəttə ki, terrorçuların məsuliyyətə cəlb olunmaları vacibdir, lakin, bu, terrorun kökünün kəsilməsi anlamına gəlmir. Deyəsən, biz yenidən terroru yaradan səbəblər haqda zəhlə tökən məsələyə qayıdırıq. Bir çox ölkələrdə sabahın terrorçuları olacaq böyük bir nəsil formalaşmaqdadırsa, radikal liderlərinin axtarışına bu qədər güc sərf etməyin nə mənası var?

Niyə? Bu suala min dəfə cavab vermək bu qədərmi vacibdir? Oktyabrın 3-də, yəni, Liviya və Somalidə həyata keçirilmiş xüsusi əməliyyatlardan bir gün əvvəl İtaliyanın məşhur Lampeduza adasının sahillərində Afrikadan olan qaçqınları gətirən növbəti qayıq batdı. Qayıqdakılar Liviya, Efiopiya, Eritreya kimi ölkələrin daha yaxşı həyat -  yaraqlılarsız, aclığın, səfalətin olmadığı həyat axtaran sakinləri idi. Amma onların hamısı istəyinə nail ola bilmədi. Qayığın batması nəticəsində 210 kişi, 83 qadın və 9 uşaq olmaqla, 302 nəfər dünyasını dəyişdi.



MƏSLƏHƏT GÖR:

462