
SAKİT OKEANDAN SİQNALLAR
Asiya-Sakit okean ASİƏ sammitində geniş regional inteqrasiya yolları müzakirə olunub
Müəllif: Natiq NAZİMOĞLU Bakı
İndoneziyanın kurortları ilə ad çıxarmış mənzərəli Bali adası müvəqqəti olaraq Asiya-Sakit okean regionunun işgüzar paytaxtına çevrilib. Səbəb orada Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (ASİƏ) sammitinin keçirilməsi idi. Sammitdə 21 dövlətin lideri iştirak edirdi.
Balidə müzakirə mövzusu nə idi?
1989-cu ildə yaradılmış bu forumun üzvlərini, oraya Tayvan və Honkonq kimi mübahisəli ərazilər də daxil olduğu üçün, "iqtisadiyyat" sayırlar. Dünya ÜDM-nin 57, beynəlxalq icarət dövriyyəsinin isə 48%-i dünya əhalisinin, təxminən, 40%-ni özündə birləşdirən ASİƏ iqtisadiyyatının payına düşür. Lakin sammitdə dünya iqtisadiyyatı və siyasəti nöqteyi-nəzərindən bu qədər fərqli ölkələrin - ABŞ və Bruney, Rusiya və Papua-Yeni Qvineya, Çin və Peru - iştirakı ASİƏ-ə beynəlxalq marağı cəlb etməklə yanaşı, regional həyatın müxtəlif problemlərinə forum iştirakçılarının yanaşmasında ziddiyyətləri də üzə çıxarır.
Ekspertlərin, demək olar ki, hamısı yaxın gələcəkdə Asiya-Sakit okean regionunda sülh, sabitlik və iqtisadi inkişafın ABŞ-Çin dialoqunun nəticəsindən açılı olacağına əmindirlər. Birləşmiş Ştatların bu regionda azad ticarət zonasının yaradılmasına dair razılaşmanın imzalanması ideyasına böyük maraq da buradan irəli gəlir. Amerikanın rəsmi olaraq Transsakit okean tərəfdaşlığı adlandırılan bu ideyası Avstraliya, Bruney, Kanada, Çili, Yaponiya, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, Vyetnam kimi ölkələr tərəfindən dəstəklənir. Lakin Vaşinqtondan fərqli olaraq, bu ölkələrin əksəriyyəti sözügedən razılaşmanı artıq bu il imzalamağa hazır deyillər.
ABŞ prezidenti Barak Obamanın Baliyə gedəcəyi gözlənilsə də, o, ölkəsindəki büdcə böhranı ilə əlaqədar olaraq, səfərini təxirə salıb. Nəticədə ABŞ-ı sammitdə dövlət katibi Con Kerri təmsil edib. Yeri gəlmişkən, bu, Obamanın ASİƏ sammitində iştirakdan ardıcıl olaraq, ikinci imtinasıdır. Bir il əvvəl o, Rusiyanın Vladivostok şəhərində keçirilən sammitə ölkəsində seçkiqabağı kampaniyanın getdiyi üçün qatıla bilməmişdi.
Əvəzində Rusiya prezidenti Vladimir Putin Bali forumunda ən fəallardan olub (o, hətta oktyabrın 7-də ad günü münasibətilə həmkarlarından təbriklər alaraq sammitin qəhrəmanlarından birinə çevrilib). ABŞ-dan fərqli olaraq, Rusiya ASİƏ çərçivəsində daha geniş inteqrasiya təşəbbüsü irəli sürür. O, bunu postsovet məkanındakı inteqrasiya proseslərilə əlaqələndirir. ASİƏ-nin keçən sammitində Putin Asiya əməkdaşlığına dair ilk dəfə yeni ideyalar səsləndirmiş, inteqrasiya prosesində Avrrasiya xəttinin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdı. Söhbət ASİƏ və Avropa İttifaqı iqtisadiyyatlarının Vahid İqtisadi Məkan və Gömrük İttifaqı vasitəsilə yaxınlaşdırılmasından gedir. Xatırladaq ki, son iki qurumun əsas simaları Rusiya, Qazaxıstan və Belarusdur.
Bali sammitində Putin diqqətin ABŞ-ın ideyasından qoparılaraq inteqrasiyanın Avrasiya xəttinə yönəldilməsinə daha bir cəhd edib. O, Gömrük İttifaqı və Vahid İqtisadi Məkanın ÜTT-nin prinsipləri əsasında fəaliyyət göstərdiyini və çoxtərəfli ticarətin möhkəmlənməsinə töhfələr verdiyini bildirib.
Məsələyə Rusiya yanaşmasının daha bir aspekti diqqətin daha çox inteqrasiya prosesinin sosial tərəfinə yönəldilməsidir. Putin bildirib ki, dövlətin iqtisadi siyasəti sosial problemlərin həllilə sıx bağlı olmalıdır. O, hesab edir ki, "maliyyələşmə, kapital qoyuluşları mənbələrinin təmini, onların riskinin daha ədalətli bölüşdürülməsi vacibdir".
Sosial ideya Bali sammitinin yekun sənədləri olan ASİƏ iqtisadiyyatları liderlərinin Bəyannaməsi və liderlərin çoxtərəfli ticarətin dəstəklənməsinə dair Bəyanatında da vacib yer tutub. Sammit iştirakçıları "ədalətli əsaslarla dayanıqlı inkişafa", kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətliliyinin artırılmasına, daha keyfiyyətli və effektiv iş yerlərinin açılması məqsədilə ümumregional tərəfdaşlığın genişləndirilməsinə, yoxsulluğun miqyasının azaldılmasına, həyat şəraitinin yaxşılaşdırılmasına dəstək ifadə ediblər.
Amma sammitin yekun sənədlərinin leytmotivi Asiya-Sakit okean azad ticarət zonasının yaradılması ideyası oldu (bu, heç də Transsakitokean layihəsi iştirakçılarının məhtud dairədə inteqrasiya prosesini inkişaf etdirmək istəyini inkar etmir).
Bali bəyannaməsində bildirilir ki, Asiya-Sakit okean azad ticarət zonasının yaradılması məqsədilə 2016-cı ilin sonunadək protekmionist cəhdlərə qarşı öhdəliklərin müddəti uzadılacaq.
Bali sammitində razılaşdırılmış iqtisadi məsələlər qısamüddətli perspektivdə reallaşdırılmaya yönəlibsə, onda forum çərçivəsində bir sıra beynəlxalq prblemlərin müzakirəsi "indii və burada" həll olunmalı məsələləri önə çıxardı. Belə məsələlər sırasında ilk yerdə duranı isə əlbəttə ki, Suriya böhranıdır.
"Cenevrə-2" yaxınlaşır
Sammit çərçivəsində Rusiya və Amerika Suriya böhranına dair müzakirələr aparıblar. Vladimir Putin sammitə qatılmayan ABŞ prezidenti Barak Obamanın ünvanına reverans edərək bildirib ki, Obamanın Suriyaya hərbi müdaxilədən imtinası "nəinki mövqelərin yaxınlaşmasına, həm də faciədən qaçmağa imkan verib".
Suriya münaqişəsi kontekstində ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilmiş növbəti görüşün son dərəcə vacib hadisə olduğunu söyləmək mümkündür. Kerrinin sözlərinə görə, onun Lavrovla Balidə apardığı danışıqlar son zamanlar baş tutmuş ən məhsuldar danışıqlardan olub. Amma Suriya ilə bağlı danışıqların növbəti səviyyəyə daşınmasına məhz Amerikanın mövqeyini yumşaltması imkan verib. Bu mənada Amerika tərəfinin münaqişənin həllində hərbi vasitələrin yolverilməz olduğunu bəyan etməsini nümunəvi hadisə saymaq olar. Birləşmiş Ştatların faktiki olaraq Suriyada müxalifət daxilində irticaçı qüvvələrin önə çıxa biləcəyini etiraf etməsi də çox maraqlıdır. "İstənilən xarakterli ekstremist fəaliyyət konkret qüvvələrin statusundan asılı olmayaraq, qəbuledilməzdir", - deyə Kerri bildirib.
Bununla da ABŞ bu məsələdə mövqeyini Rusiyanın mövqeyinə son dərəcə yaxınlaşdırıb. İndi o, Moskvanın Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı mübarizə aparan terrorçu və ekstremist təşkilatların dəstəklənməsinin yolverilməzliyilə bağlı mövqeyini bölüşür. Guman ki, artıq Vaşinqtonla Moskvanın daha bir son dərəcə vacib məsələdə də eyni mövqeyə malik olduqlarını söyləmək mümkündür. Söhbət Suriyaya məxsus kimyəvi silahın beynəlxalq nəzarətə verilməsinə dair razılaşmanın reallaşdırılmasından gedir. Bu həmrəylik hələ Bali sammitindən əvvəl nümayiş etdirilmişdi: ABŞ-ın dövlət katibi Suriyada kimyəvi silahın məhvinə başlanılmasını "yaxşı başlanğıc" adlandırmış, hətta rəsmi Dəməşqi BMT-nin kimyavi silah arsenalının məhvinə dair qəbul etdiyi qətnaməyə əməl etdiyi üçün tərifləmişdi də. Sergey Lavrov isə Suriya rəhbərliyinin kimyavi tərksilah məsələsində BMT ekspertləri ilə nöqsansız əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə əminliyini dilə gətirmişdi.
Suriya münaqişəsinin həlli prosesində əldə olunan son uğurlar beynəlxalq "Cenevrə-2" konfransının ən yaxın zamanlarda keçirilməsi ehtimalını kifayət qədər artırıb. Hər halda, ABŞ ilə Rusiya konfransı noyabrın ortalarında keçirməyi planlaşdırır. Toplantının baş tutmasına əsas maneə Suriya müxalifətinin Əsəd hökumətilə danışıqlar masası arxasına əyləşmək istəməməsidir. Lavrov Suriya müxalifətinin Milli Koalisiyasını "bir ağızdan danışmağa" çağırıb. O, Suriya müxalifəti liderinin "Cenevrə-2" sammitində iştirakla bağlı bir fikir söyləməsini, tərəfarlarının isə sonradan bu yanaşmanı rədd etmələrini pisləyib.
Suriya probleminin həllilə bağlı Rusiya ilə ABŞ-ın mövqeləri arasında yaxınlaşma haqda danışarkən qlobal təhlükəsizliyin təminində Rusiya-Amerika əməkdaşlığının perspektivinə aid daha bir məqamı da qeyd etməmək olmaz. Balidə Sergey Lavrovla Con Kerri SSRİ ilə ABŞ arasında nüvə təhlükəsinin azaldılmasına dair mərkəzlərin yaradılması haqqında 1987-ci ildə imzalanmış razılaşmaya dəyişikliklərin edilməsi haqda saziş imzalayıblar. Saziş silahların ixtisarı sahəsindəki razılaşmaların yerinə yetirilməsi mexanizmlərinin dəyişdirilməsini nəzərdə tutur. Ən önəmlisi isə hər iki dövlətin beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işində bundan sonra da sıx əməkdaşlıq etmək niyyətilərini təsdiqləməsidir. Bunu Balidən dünya ictimaiyyətinə verilmiş daha bir müsbət siqnal saymaq olar.
MƏSLƏHƏT GÖR: