14 Mart 2025

Cümə, 21:43

BÜTÜN PROQNOZLAR DOĞRULDU

Azərbaycan, Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçməklə, sabitliyə və dayanıqlı inkişafa səs verdi

Müəllif:

15.10.2013

Azərbaycanda növbəti prezident seçkisi keçirildi. Mərkəzi Seçki Komissiyasının (MSK) seçici siyahısında 5 145 643 vətəndaşın adı var idi. Oktyabrın 9-da baş tutmuş seçkidə onlar 5273 daimi və 219 müvəqqəti seçki məntəqəsində səs vermək imkanı qazanmışdılar. Seçkinin gedişini 50 mindən artıq yerli, təxminən 1400 xarici müşahidəçi izləyirdi. 

Prezident seçkisində iştirak üçün MSK-da 10 namizəd qeydiyyatdan keçmişdi: "Yeni Azərbaycan" partiyasının sədri, hazırkı dövlət başçısı İlham Əliyev, "Ümid" partiyasının sədri, parlamentin deputatı İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri, deputat Qüdrət Həsənquliyev, "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri, parlamentin deputatı Fərəc Quliyev, "Ədalət" partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlu, namizədliyini müstəqil şəkildə irəli sürmüş deputat Zahid Oruc və nəhayət, Demokratik Qüvvələrin Milli Şurası tərəfindən prezidentliyə namizəd göstərilmiş tarixçi professor Cəmil Həsənli. Göründüyü kimi, prezidentliyə namizədlər geniş siyasi spektri əhatə edirdilər. Onların arasında 9 partiya lideri, o cümlədən 7 deputat var idi.

Namizədlərin kütləvi aksiyalar və seçicilərlə görüşlər keçirməsi üçün bütün respublika ərazisində, təxminən, 150 xüsusi yer ayrılmışdı. İctimai Televiziyada isə namizədlərin debatı təşkil olunurdu. Canlı efirdə aparılan debatlara gəlincə, bəzi namizədlərin sayəsində o, əsassız ittihamlar, hətta təhqirlər meydanına çevrilmişdi. Debatlarda bir namizədin digərinə butulka atması halına belə, rast gəlindi.

 Səsverməyə gəlincə, proses sakit məcrada keçdi. Proses yaxşı təşkil olunmuşdu və texniki baxımdan hər şey yüksək səviyyədə idi. Bu faktı, demək olar ki, bütün xarici müşahidəçilər etiraf edib. Azərbaycanda seçici fəallığı, adətən, prezident seçkisində parlament və bələdiyyə seçkiləri  ilə müqayisədə daha yüksək olur. Bu, Azərbaycanın prezident respublikası olması, ölkənin qarşıdakı 5 ildəki inkişaf perspektivlərinin məhz prezident tərəfindən müəyyənləşdirilməsi  ilə bağlıdır. Bu seçkidə də yüksək seçici fəallığı qeydə alınıb.

MSK-nın İnformasiya Mərkəzinin məlumatına görə, seçkiyə səsvermə hüququ olan vətəndaşların 72,31%-i və ya 3 720 643 nəfər qatılıb. MSK 5492 seçki məntəqəsinin hər biri  ilə bağlı ilkin məlumatları ən operativ şəkildə açıqlayıb. İlkin məlumatda İlham Əliyevin 84,55% səslə inamlı qələbə qazandığını göstərib. Onun əsas rəqibi olan Cəmil Həsənli İlham Əliyevdən, təxminən, 15 dəfə az - 5,53% səs toplaya bilib. Sonrakı yerləri İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Zahid Oruc, İlyas İsmayılov tutublar. Onlara 1%-dən bir qədər artıq seçici səs verib. Digər namizədlərin topladığı səslər isə 1%-ə çatmayıb.

Cəmil Həsənli istisna olmaqla, bütün prezidentliyə namizədlər məğlubiyyətlərini etiraf edib, İlham Əli-yevə qələbə münasibətilə təbriklərini göndəriblər. İlham Əliyevi prezident seçkisində qalib gəlməsi münasibətilə Türkiyə, İran, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Gürcüstan, İsrail, Litva və bir sıra digər ölkə başçıları da təbrik ediblər. Dövlət başçısının ünvanına təbriklər gəlməkdə davam edir.

Nüfuzlu xarici KİV, ümumilikdə, Azərbaycanda keçirilmiş prezident seçkisini və seçkidə İlham Əliyevin qələbə qazanmasını müsbət şərh edir. Məsələn, "EuroNews" telekanalı diqqəti seçki kampaniyasının dinc və sakit keçməsinə yönəldərək, İlham Əliyevin qələbəsinin gözlənilən olduğunu, seçki ərəfəsində ölkədə xarici və yerli təşkilatlar tərəfindən aparılmış sorğuların nəticələrinə tam uyğun gəldiyini  bildirib.

CNN telekanalı da hesab edir ki, Azərbaycanda keçirilmiş prezident seçkisinin nəticəsi heç kimi təəccübləndirməməlidir, çünki 70 illik sovet idarəçiliyinin xarabalığında müasir, dünyəvi və demokratik dövlətin qurulması o qədər də rahat iş deyil. Telekanal hazırkı prezidentin populyarlığının məhz bu amillə bağlı olduğu fikrindədir.

Amerikanın "The Washington Post" qəzeti isə Azərbycanda keçirilmiş prezident seçkisinin ilkin nəticələrinə həsr olunmuş məqaləsində İlham Əliyevin inamlı qələbə qazandığını yazır. "Bloomberg" agentliyinin İlham Əliyevin qələbə xəbərinin yer aldığı məlumatında onun sayəsində "son onillikdə ölkə iqtisadiyyatının üç dəfədən artıq inkişaf etdiyi, neft və qaz hasilatının genişləndirildiyi, nəticədə, Azərbaycanda orta aylıq əməkhaqqının 6 dəfə artaraq 500 dolları ötdüyü" bildirilir.

Seçki prosesini izləmiş əksər beynəlxalq müşahidəçilər, məsələn, AŞPA və Avropa Parlamentinin, MDB-nin, GUAM-ın, TürkPA-nın, İslam Əməkdaşlıq Təşkilatının təmsilçiləri səsvermənin azad və demokratik şəraitdə keçdiyini bəyan ediblər. AŞPA və Avropa Parlamenti nümayəndə heyətlərinin rəhbərləri Robert Uolter ilə Pino Arlaççi Azərbaycan hökumətinin seçkiyə texniki hazırlıq səviyyəsindən məmnunluqlarını ifadə ediblər. "Seçki günü seçicilərə təzyiq göstərilməsi halları müşahidə olunmayıb. Səsvermə məntəqələrində qanunvericilikdə əks olunduğu kimi, polis əməkdaşlarına rast gəlinməyib", - deyə onların yaydıqları bəyanatda bildirilir. Müşahidəçilərin sözlərinə görə, buna rəğmən bu sahədə irəliləyişlərin davam etdirilməsi mümkündür. "Ötən seçkilərlə müqayisədə debatlar daha sərbəst keçirilib. Müxalifət üçün müəyyən imkanlar yaradılıb. Bu tendensiya gələcəkdə də davam etdirilməlidir. Bu seçki başlanğıcdır. Biz Azərbaycan hökumətini ölkəni demokratiya yolunda ciddi şəkildə inkişaf etdirməyə çağırırıq", - deyə Uolter və Arlaççi qeyd ediblər.

Onların digər beynəlxalq qurumlardan olan həmkarları da ümumilikdə prosesi müsbət qiymətləndirsələr də, diqqəti seçkinin ümumi nəticəsini şübhə altına almayan cüzi pozuntulara yönəldiblər. Beynəlxalq müşahidəçilərin analoji hesabatları ilə uyğunsuzluğa yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının hesabatında rast gəlinir. Qurumun uzunmüddətli missiyasının hesabatında tənqidi məqamlar daha çoxdur. Onun səsvermə ərəfəsində və bilavasitə seçki günü monitorinq aparmış qısamüddətli missiyası proses zamanı ciddi pozuntular aşkarlamayıb. ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycanda keçirilən seçkinin müşahidəsi üzrə xüsusi koordinatoru Mişel Vuazen bildirib ki, elektroal prosesin yaxşı təşkilinə, seçki günündə atmosferin dinc olmasına baxmayaraq, müşahidəçilər "səslərin sayılması mərhələsində baş vermiş pozuntuları qeyd etməyə məcburdur". Vuazen bu fikrindən sonra jurnalistlər tərəfindən sual atəşinə tutulub və etiraf edib ki, onların hesablamaları ilə exit-poll-un nəticələri, həmçinin seçkinin ilkin nəticələri arasında fərq 4%-dən artıq deyil. Yəni, qeyd olunan pozuntular seçkinin ümumi nəticəsini və qalibi dəyişə bilməz.

ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Dorris Barnett də seçki məntəqələrində səsvermənin gedişini şəxsən izlədiyini və pozuntulara rast gəlmədiyini söyləyib.

Maraqlıdır ki, ATƏT-in baş katibi Lamberto Zanner operativ olaraq İlham Əliyevi növbəti dəfə Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. Bununla da o, dolayısı ilə rəhbərlik etdiyi təşkilatın müşahidə missiyasının seçkiyə verdiyi qiyməti bölüşmədiyini göstərib. ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara da eyni addımı atıb, Azərbaycanda keçirilmiş prezident seçkisinin demokratiya istiqamətində atılmış böyük addım olduğunu söyləyib.

ATƏT DTİHB-in tənqidi hesabatı ilə yalnız ABŞ Dövlət Departamentinin nümayəndəsi razılaşıb. ABŞ Konqresinin səsvermə prosesini bilavasitə müşahidə etmiş üzvləri  isə onu müsbət qiymətləndirib, pozuntulara rast gəlmədiklərini bildiriblər.

Belə qənaətə gəlmək olar ki, mənfi, tənqidi qiymətləndirmələr bilavasitə müşahidə olunmuş faktlara yox, müxalifətə yaxın mənbələrin məlumatlarına əsaslanır. Demokratik Qüvvələrin Milli Şurasından olan prezidentliyə namizəd Cəmil Həsənli səsvermədən sonra keçirdiyi mətbuat konfransında seçkinin nəticələrinin total şəkildə saxtalaşdırıldığını iddia edərək nəticələri tanımadığını bildirib. O, heç nəyə əsaslanmayan absurd bəyanat səsləndirərək, seçkidə ümumi səsvermə hüququna malik əhalinin yalnız 20%-nin (?) iştirak etdiyini, əslində, Azərbaycanda seçicilərin sayının 2 milyona çatmadığını (!?) söyləyib. Cəmil Həsənli seçkini müsbət qiymətləndirmiş Avropa Parlamenti və AŞPA müşahidəçilərini korrupsiyaya qurşanmaqda günahlandırıb.

Həsənlinin seçki qərargahı deyilənləri təsdiqləmək üçün MSK-ya guya baş vermiş pozuntuları göstərən 900-dən artıq fakt təqdim edib. Amma həmin sənədlərin nə qədər reallığı əks etdirdiyi onların öyrənilməsindən sonra üzə çıxacaq. Ötən parlament seçkilərinin təcrübəsindən çıxış etsək, Cəmil Həsənli o zaman da kütləvi saxtakarlıq hallarından danışırdı. Lakin yoxlamalar bunu təsdiqləmədi. O zaman Cəmil Həsənlinin mübarizə apardığı dairə üzrə bir məntəqənin də nəticələrindən şika-yət etmək mümkün olmamışdı. Həsənli şikayətlərini nə yerli məhkəmədə, nə də müraciət edəcəyi ilə hədələdiyi Strasburq məhkəməsində sübuta yetirə bilmişdi. Fikrimcə, onun bu müraciəti də eyni cür nəticələnəcək: maksimum səs-küy və əsassız ittihamlar, minimum sübutlar.

Cəmil Həsənlinin özünütənqidə üstünlük verməsi, müxalifətin isə daimi uğursuzluğunun səbəbləri haqda ayıq başla düşünməsi daha yaxşı olardı. Demokratik Qüvvələrin Milli Şurası yalnız vahid namizədin müəyyənləşdirilməsinə bir neçə ay sərf edib və səsverməyə cəmi bir ay qalmış bu məsələdə razılığa gələ bilib. Müxalifət seçki kampaniyasını da zəif qurmuşdu. 1998-ci ildə AMİP-nin lideri Etibar Məmmədovun və 2003-cü ildə Müsavat Partiyasının başqanı İsa Qəmbərin apardığı seçki kampaniyaları ilə müqayisədə Cəmil Həsənlinin seçkiqabağı kampaniyasının effekti xeyli az idi. Bu, sonda onun sözügedən müxalifət namizədləri  ilə müqayisədə daha zəif nəticə göstərməsi  ilə nəticələndi.

Cəmil Həsənli, hətta doğma kəndi olan Alarda İlham Əliyevdən 4 dəfə az səs toplayıb. Həsənlinin hamının bir-birini tanıdığı, onun çoxsaylı qohumlarının, sinif yoldaşlarının olduğu kənddə hakimiyyətin "seçki karuseli" təşkil etdiyinə dair iddiaları o qədər də inandırıcı görünmür. Prezidentliyə namizəd doğma kəndində ciddi səs toplaya bilmirsə, o, ölkəyə rəhbərliyə necə iddia edə bilər? Yalnız hazırkı hakimiyyəti əsassız şəkildə tənqid etməklə qələbə qazanmaq mümkün deyil. Bunun üçün ictimaiyyətə alternativ fəaliyyət proqramı və xalqın inana biləcəyi komanda təqdim etmək lazım idi. Bütün bunlar isə Cəmil Həsənlidə yox idi. Odur ki, seçkidə mübarizə olsa da, əhali üçün müxalifət və onun namizədi hazırkı hakimiyyətə alternativ deyildi. Bununla yanaşı, debatlar zamanı qaldırılan problemlər, xüsusilə arqumentləşdirilən və ictimaiyyətdə rezonans yaradan məqamlar diqqətdən kənarda qalmayacaq.

Seçkinin ilkin nəticələrinin açıqlanmasından dərhal sonra xalqa müraciət edən İlham Əliyev vətəndaşlara onu etimad göstərdiklərinə, üçüncü müddətə ölkə başçısı seçdiklərinə görə minnətdarlığını bildirib. İlham Əliyev islahatlar kursunun davam etdiriləcəyini, ölkənin bundan sonra da müasirləşdiriləcəyini, mənfi hallarla mübarizə aparılacağını bildirib. "Bir daha sizi əmin etmək istəyirəm ki, var gücümlç doğma xalqımızın rifahı, dövlətimizin möhkəmləndirilməsi üçün çalışacağam. Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq", - deyə İ.Əliyev qeyd edib.

Ölkədə, əlbəttə ki, dəyişikliklərə ehtiyac var. Amma söhbət yalnız insanların həyat şəraitini yaxşılaşdıracaq dəyişikliklərdən gedir. "Ərəb baharı"nın gedişində və ya postsovet məkanı respublikalarından Ukrayna, Qırğızıstan və Gürcüstanda müşahidə olunmuş inqilabların təcrübəsi göstərib ki, belə dəyişikliklər sabitliyin pozulmasına və ölkəni geriyə doğru aparır. Odur ki, Azərbaycan İlham Əliyevi üçüncü müddətə prezident seçməklə sabitliyə, dayanıqlı inkişafa səs verib.



MƏSLƏHƏT GÖR:

548