Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Bu gün Bakıda uşaqların doyunca əylənə biləcəyi uşaq əyləncə mərkəzlərinin çoxluğu sevindirici haldır. Valideynlər uşaqlarını bir saat və ya daha artıq müddətə bu mərkəzə verərək vacib işləri ilə, alış-verişlə məşğul ola, yaxud körpələri ilə birlikdə onların sevincini bölüşə bilərlər. Amma qətiyyən sevindirici olmayan başqa bir məqam da var. Bu gün paytaxtın iri ticarət-əyləncə mərkəzlərində də rast gəlinən əksər belə otaqlarda saysız-hesabsız pozuntulara rast gəlmək mümkündür - sanitar-gigiyenik normalara əməl olunmamasından tutmuş, uşaqların oyun otaqlarına buraxılması qaydalarınadək.
Məsuliyyətsizlik ərazisi
Ümumiyyətlə, uşaqlar üçün oyun otaqları nədir? Bir qayda olaraq, bu, oyun qurğularının yığıldığı kiçik bir ərazidir. Orada uşaqlar üçün labirintlər, plastik evciklər, təpəciklər, batutlar, içi kürəciklərlə dolu quru hovuzlara və s. rast gəlmək mümkündür. Bütün bunlar uşaqlarda qeyri-adi sevinc yaradır. Bəs, uşaqların bu cür oyun komplekslərində əylənməsinin perspektivi təhlükəli deyil ki? Oyun otaqlarının personalı uşaqların təhlükəsizliyi və sağlamlığına həmişə məsuliyyətlə yanaşırmı? Bu otaqlarda övladı zədə almış valideyn haraya müraciət etməlidir? Bəs, otaqların sanitar durumu hansı vəziyyətdədir?
Uşaqlar üçün oyun otaqları bir qayda olaraq, saat 10:00-dan 22:00-dək işləyir. Uşaqların orada əylənməsinin saatı, təxminən, 5 manata başa gəlir. Amma şəxsi təcrübəmə, həmçinin "R+" jurnalının respondentlərinin dediklərinə əsaslanaraq deyə bilərəm ki, Bakıdakı belə mərkəzlərdə uşaqların saxlanılması ilə bağlı vahid sistem yoxdur. Bu sahəyə nəzarətin həyata keçirilməsi üçün hüquqi-normativ aktlar da mövcud deyil. Bəzilərində uşaqların mərkəzə buraxılması zamanı valideynə qəbz verilir, digərlərində verilmir, bəzilərində isə ödəniş plastik kart vasitəsilə həyata keçirilir və s. Başqa sözlə, uşağın oyun otağının tərbiyəçisinin himayəsinə verilməsinin fiksasiyası fərqlidir. Bəzən uşağın oyun mərkəzində olması heç cür qeydə alınmır - sizdən nə adınızı, nə uşağın adını soruşur, şəxsiyyəti təsdiq edən sənəd istəmirlər.
Uşaq oyun mərkəzlərində əylənə biləcək uşaqların yaşı 2-12 arasındadır. Amma burada uşaqlar heç də məsələn, məktəbəqədər təhsil ocaqlarında olduğu kimi, maraqlarına uyğun qruplara bölünmürlər. Aydındır ki, körpələr evlərində aşağı yaş qrupuna aid uşaqlar özlərindən böyüklərlə dil tapa bilməz və onların maraqları da fərqlənir. Amma oyun otaqlarında təəssüf ki, bu, nəzərə alınmır. Qladiator "spayderləri" (xüsusi əyləncə toru) ilə maksimum yüksəkliyə qalxan 8-10 yaşlı uşaq oradan sürətlə aşağı gəlir və bu zaman o, aşağıdakı körpələri zədələyə bilər. Eyni vəziyyət batutda tullanma zamanı da müşahidə olunur. Burada da təpədən aşağı gələn böyük uşaqların balacaları zədələmə ehtimalı yüksəkdir. Oradakı nəzarətçi vəziyyətə demək olar ki, nəzarət etmir. Doğrudur, bəzi otaqlarda körpələri zədədən qorumaq üçün onlar içəri yalnız valideynlərilə birlikdə buraxılırlar. Uşaqlarının əyləncəsini izləmək istə-yən digər valideynlərə isə baş verənləri yandakı otaqdan izləmələri məsləhət görülür. Oyun otağına yalnız 3 yaşdan böyük uşaqlar valideynsiz buraxılır. Amma bu faktlar körpələrin daha yuxarı yaş qrupuna aid uşaqlar tərəfindən zədələnməsi riskinin tamamilə istisna olunduğunu söyləməyə əsas vermir.
Əksər valideynlər oyun otaqlarında uşaqlar arasında daim mübahisələrin yaşandığını bildirir. Uşaqların təhlükəsizliyinə, otaqda qayda-qanuna nəzarət etməli olan şəxslər isə bu problemi aradan qaldırmaq iqtidarında deyillər. Mübahisələr ən çox otaqda oyun qur-ğularının sayının azlığı üzündən yaranır. Bəzən oyun otaqlarında uşaqların sayı həddindən artıq olur. Valideynlərin bildirdiklərinə görə, bir çox hallarda, hətta otaqda sınmış oyun qurğusu aylarla dəyişdirilmir və bu da uşaqların zədələnməsinə yol açır. Bundan başqa, uşağı oyun otağına bir valideynin gətirməsi, digərinin isə oradan götürməsi hallarına çox tez-tez rast gəlinsə də, əksər hallarda nəzarətçilər bunun heç fərqində belə, olmurlar. Halbuki mərkəzin valideynə verdiyi qəbz və ya turniketdən istifadə etməklə plastik kart vasitəsilə həyata keçirilmiş ödəniş mərkəz əməkdaşlarının təhlükəsizlik normalarına əməl etməli olduqlarını təsdiqləyir. Hər halda, oyun kompleksinin əməkdaşları otaqda əylənən uşağın həyatına və sağlamlığına görə cinayət məsuliyyəti daşıyırlar!
Qeyri-normativ norma
Bir çox oyun otaqlarında ən sadə sanitar-gigiyenik normalara əməl olunmaması da vurğulanmalıdır.
Belə hallarla qarşılaşmış şəxslərdən biri Dilarə Babayevadır: "Nəvəm yaşyarımlıqdır. Oyun otağının 1 saatlıq ödənişini etdim və nəvəmlə birlikdə otağa daxil oldum. Nəvəmin ayağında corablar var idi, mən isə ayaqyalın idim. Bu, əlbəttə ki, mənim səhvim idi. Ayağıma nəsə geyməyi unutmuşdum. Nəzarətçilərdən heç biri ayaqyalın otağa girməyə icazənin olmadığını yadıma salmamışdı. Otaqdan çıxarkən yalın ayağımın altının necə qaraldığını gördüm və dəhşətə gəldim. Bu, oyun otağını bürümüş çirkin göstəricisi idi. Nəvəmin əlləri, sifəti, corabları da qap-qara idi".
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemologiya Mərkəzindən "R+" jurnalına bildiriblər ki, uşaq əyləncə mərkəzlərinin direktor və əməkdaşları sanitar-gigiyenik normalara əməl etmədikləri üçün inzibati məsuliyyətə cəlb oluna bilərlər. Lakin belə obyektlərin hər birində aylıq monitorinqlərin aparılmasına rəğmən, indiyədək oxşar fakt qeydə alınmayıb. Bu yoxlamalarda əsas diqqət nəzarətçilərin tibbi müayinədən keçirilməsinə yönəldilir. Amma valideynlər bəzi hallarda otaq nəzarətçilərinin kəskin respirator xəstəlikdən əziyyət çəkdiklərinə şahid olduqlarını bildirirlər. Halbuki, bu halda obyekt administrasiyası işçinin işə çıxmasına icazə verməməlidir. Çünki onlar daim uşaqlarla təmasda olurlar.
Bakının iri ticarət-əyləncə mərkəzlərindən birinin oyun otağının direktoru jurnalımıza açıqlamasında əməkdaşların vəzifələrini açıqlayıb: qayda-qanunun, qurğuların düz işləməsinin təmini, uşaqların oyun qurğuları ilə tanışlığı, onların əylənməsinin təşkili, uşaqların otaqda rahat və təlükəsiz əylənmələrinə şərait yaradılması, onların həyatının, sağlamlıqlarının qorunması. Nəzarətçilərin otaqda əylənən uşaqları nəzarətsiz qoymağa ixtiyarları çatmır. Valideynlər oyun mərkəzlərinin əməkdaşlarından bütün bunları tələb edə bilərlər. Valideynlər onların fəaliyyətində nöqsanlar müşahidə etdikdə mütləq rəhbərliyə bu haqda məlumat verməlidirlər.
"Bizim mərkəzimizdə bütün bu tələblərə əməl olunur", - deyə direktor qeyd edib. O, oyun otağının fəaliyyəti haqnda daim ticarət-əyləncə mərkəzinin rəhbərliyinə hesabat verildiyini də söyləyib.
Uşaqların oyun otaqlarında olması xidmətləri istehlakçılara, yəni fiziki şəxslərə göstərildiyindən, bu münasibətlər Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunu ilə tənzimlənir.
Qeyd edək ki, bu qanunun 5-ci maddəsinə görə, satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Bu informasiya lövhədə yer almalıdır. Bundan başqa, istehlakçıya göstərilən xidmətlə bağlı onun düzgün seçim etməsinə imkan verəcək lazımi, ətraflı informasiya çatdırılmalıdır.
Qeyd olunanlardan belə çıxır ki, uşaqlar üçün oyun otaqlarında göstərilən xidmətlərə uyğun olaraq, icraçının öhdəlikləri var: istehlakçıya xidmətin əsas özəllikləri haqqında məlumat verilməsi, məhsuldan (xidmətdən) effetiv, təhlükəsiz istifadə qaydaları və şərtlərinin çatdırılması, xidmət qaydaları haqda informasiya verilməsi, müvafiq işi görəcək konkret şəxsin göstərilməsi, onun haqqında məlumat verilməsi və s.
Xidmətlərin istehlak özəllikləri, qiymət və yuxarıda sadalananlar haqqında məlumatların uşaq oyun mərkəzlərindən istifadə qaydalarında əks olunması çox vacibdir. Uşaqlara nəzarət edəcək şəxs haqqında məlumatların verilməsi də mütləqdir: vəzifəsi, soyadı, adı, atasının adı. Bakıdakı uşaq əyləncə mərkəzlərində bunlara rast gəlinmir. Ən yaxşı halda, artıq qeyd olunduğu kimi, fars-major hallarda valideynlə onlarla əlaqə saxlamaq üçün kontakt nömrə tələb olunmalıdır.
Bakıda uşaqlar üçün oyun otaqlarının qaydalara uyğun işləyəcəyi vaxtı söyləmək çətindir. Bunun yaxın gələcəkdə baş verəcəyinə ümid edək. Hər halda, valideynlərin seçim hüquqları var: ya uşaqlar oyun otaqlarının əməkdaşlarına etibar edilməlidir, ya da onlara valideynlərin özləri baxmalıdırlar. Doğrudur, istehlakçı qanunla haqqı olan keyfiyyətli xidməti tələb də edə bilər. Guman ki, yaranmış vəziyyətdən ən doğru çıxış yolu məhz budur, çünki bu məsuliyyət hissini xeyli artırardı.
MƏSLƏHƏT GÖR: