
BÜTÜN BƏNDLƏRDƏN UCA
"Samur-Abşeron suvarma sisteminin bərpası kimi meqalayihələrin reallaşdırılması ölkənin iqtisadi qüdrətinin bariz göstəricisidir"
Müəllif: Sara EMİLQIZI Bakı
Son 10 ildə Azərbaycanın ərzaq təminatı məsələsi Prezident İlham Əliyev tərəfindən hökumətin əsas vəzifələri sırasına çıxarılıb. Amma məqsədə çatılması üçün ölkənin öz aqrar potensialından istifadə, kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli şəraitin yaradılması da qarşıya vəzifə kimi qoyulub.
Əlbəttə ki, SSRİ-nin dağılmasından sonra tam tənəzzül yaşamış meliorasiya və irriqasiya sistemini yaxşılaşdırmadan bu məqsədlərə nail olmağa çalışmaq əbəs olardı. İqtisadiyyatın bir çox sahələri kimi, bu sahənin də dirçəlişinin əsası Heydər Əli-yev tərəfindən qoyulub. İlk xarici investisiyaları bu sahəyə məhz o istiqamətləndirib, kompleksin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına start verib. Çünki Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına da ciddi ehtiyac yaranmışdı.
Beləliklə, 2007-ci ildə Taxtakörpü su anbarı və elektrik stansiyasının inşasına start verildi. Eyni zamanda Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının tikintisinə də başlanıldı. «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sifarişçisi olduğu həmin layihəni «Azərkörpü» - indi Avro-Asiya İnşaat Korporasi-yası «EVRASCON» Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirib. Cəmi bir neçə il ərzində çətin relyefə malik ərazi ilə Vəlvələçaydan Ceyranbatan gölünədək böyük həcmdə tikinti işləri aparılıb.
Bu yaxınlarda - sentyabrın 28-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına inşa olunmuş Taxtakörpü su anbarının, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyasının açılışı olub.
Görülmüş işlər nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcək. Bu layihə həm də respublikanın şimal zonasında ekoloji balansın təmininə böyük töhfədir. Ümumilikdə Samur-Abşeron suvarma sisteminin bərpası 14 il ərzində 4 mərhələdə həyata keçiriləcək.
Görülən işlərin baş podratçısı olan Avropa-Asiya İnşaat Korporasiyası «EVRASCON» ASC-nin sədri, respublikanın əməkdar mühəndisi Əfəndi İsmiyev «R+» jurnalına görülmüş işlər və gələcək planlar haqda danışıb.
- «EVRASCON»a bu cür miqyaslı layihələrin reallaşdırılması ilk dəfə deyil ki, həvalə olunur və korporasiya bu işlərin öhdəsindən yüksək səviyyədə gəlir. Bu dəfə belə vacib meqalayihə çərçivəsində hansı həcmdə işlər görülüb?
- Hər şeydən əvvəl onu demək istəyirəm ki, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və belə yüksək səviyyəli digər layihələr ölkəmizin durmadan artan iqtisadi qüdrətinin göstəricisidir. Biz belə meqalayihələrin podratçısı olduğumuz üçün fəxr edirik.
Taxtakörpü-Ceyranbatan kanalının tikintisini baş podratçı “Azərkörpü” ASC olmaqla “Azərkörpü” - “Cengiz İnşaat” - “Körpü-Bina Tikinti” Konsorsiumu icra edib.
Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometr, bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754 metr, hündürlüyü 142,5 metrdir. Bu, nəinki respublikamızda və regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərdən biridir. Tikinti zamanı 37,5 milyon kubmetr torpaq, 74,3 min kubmetr beton, 7,8 min ton armatur işləri görülüb.
- Layihə çərçivəsində qurulmuş su elektrik stansiyası şimal bölgəsi rayonlarının elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. Bu su anbarında toplanacaq su elektrik enerjisinin əldə olunması başqa hansı məqsədlərə qulluq edəcək?
- Su Elektrik Stansiyasında ümumi gücü 25 meqavat olan üç hidroaqreqat quraşdırılıb. Stansiyada sərfiyyata nəzarət hovuzu yaradılıb. Buraya su xüsusi ötürücü vasitəsilə verilir. Hovuzdakı dörd qapıdan üçü elektrik enerjisinin alınması məqsədilə suyun turbinlərə verilməsinə xidmət edir. Həmin hovuzdan dəryaçaya sutullayıcı inşa edilib. Beləliklə, Taxtakörpü-Ceyranbatan kanalında gələcəkdə təmir işlərinin aparılmasına ehtiyac olarsa və ya digər zəruri hallar yaranarsa, hovuzdakı normadan artıq su sutullayıcı vasitəsilə dəryaçaya yönəldiləcək. Su Elektrik Stansiyası və açıq paylayıcı qurğuda, əsasən, Almaniya, Çexiya və digər xarici ölkələrdən gətirilən avadanlıqlar quraşdırılıb. Tikinti-quraşdırma işlərini, əsasən, yerli mütəxəssislər yerinə yetiriblər. 110 kV-luq açıq paylayıcı qurğu da mükəmməlliyi ilə seçilir. Burada Almaniyanın "Siemens" şirkətinin avadanlığı quraşdırılıb. Açıq paylayıcı qurğudan elektrik enerjisi 110 kilovoltluq hava xətləri vasitəsilə 110 kV-luq 1-ci Xaçmaz hava xəttinə və 110 kilovoltluq 4-cü Siyəzən hava xəttinə ötürülür.
Taxtakörpü su anbarında toplanan sudan elektrik enerjisinin alınması ilə yanaşı, içməli, texniki və suvarma suyu kimi də istifadə olunur. Taxtakörpü Su Elektrik Stansiyasından su Taxtakörpü-Ceyranbatan kanalı ilə Ceyranbatan gölünə verilir. Taxtakörpü-Ceyranbatan kanalının açıq 1,3 kilometrlik hissəsindən sonra su 5,1 kilometr məsafədə təzyiqli boru vasitəsilə ötürülür. Taxtakörpü-Ceyranbatan kanalının uzunluğu 110 kilometr, dərinliyi 4, dibdən eni isə 2,1 metrdir.
Taxtakörpü-Ceyranbatan kanalı da Vəlvələçay-Taxtakörpü kanalı kimi olduqca çətin relyefə məxsus ərazidən keçir. Bu kanalların orijinallığı ondan ibarətdir ki, Samur-Abşeron kanalından götürülən su Ceyranbatan gölünə qədər dağlar boyunca yalnız öz axarı ilə hərəkət edir. Bu da hər il, orta hesabla, 167 milyon kilovatt/saat elektrik enerjisinə və ya 13-15 milyon dollar məbləğində vəsaitə qənaət olunması deməkdir. Taxtakörpü-Ceyranbatan kanalı üzərində mürəkkəbliyinə görə seçilən 238 hidrotexniki qurğu inşa olunub. O, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı çərçivəsində yenidən qurulan Abşeron kanalı ilə paytaxtın qəsəbələrinə suvarma suyunun verilməsinə də imkan yaradır.
- «EVRASCON» ASC Azərbaycanda və ölkədən kənarda daha hansı layihələri reallaşdırır?
- Belə layihələr az deyil. Misal olaraq, başlanğıcını Taxtakörpü-Ceyranbatan kanalının son hissəsindən götürən və Abşeron yarımadasını suvarma suyu ilə təmin edən 73 km uzunluğunda “Abşeron Magistral Kanalı”nın yenidənqurulmasını göstərə bilərəm. Tovuzçay Su Anbarının tikintisini də başa çatdırırıq. Salyanda Kür çayı üzərində, Hacıqabul-Horadiz avtomobil yolunda Şirvanda Kür çayı üzərində körpülərin, Abşeron yarımadasında Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunda körpü keçidinin tikintisi layihələri üzərində iş gedir. Həmçinin böyük strateji əhəmiyyətli obyekt olan Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisini, Bakı Metropoliteninin inşasında fəal iştirakımızı da vurğulamaq lazımdır. Xaricdə görülən işlərə gəlincə, Kiyev-Kovel-Yaqodin avtomobil yolunun əsaslı təmirini, Ukraynada Zdvij çayı üzərində körpü keçidinin tikintisini, Qızılordu və Şımkənddən yan keçməklə çəkilən 2 avtomobil yolunun və Jezqazqan - Beyneu dəmir yolunda 4 ədəd dəmir yolu körpüsünün tikintisi layihələrini qeyd edə bilərik. Bu il Rusiya Federasiyasının Kazan şəhərinin mərkəzində çətin konstruksiyalı avtomobil körpüsü də tikilərək istifadəyə verilib.
Əlbəttə ki, bizim üçün bütün la- yihələr vacibdir. Çünki sifarişçilərin bizə göstərdikləri inam şirkətimizin işinin yüksək keyfiyyətindən xəbər verir. Əməyimizə verilən ən böyük mükafat da məhz budur.
MƏSLƏHƏT GÖR: