Müəllif: Abbas AXUNDOV Bakı
Sahibkarlığın inkişafı Azərbaycan iqtisadi siyasətinin əsas komponentlərindən biridir. Müxtəlif alətlər və mexanizmlər tətbiq edərək, hökumət biznesin inkişafı üçün maneələri aradan qaldırmağa çalışır və artıq bu istiqamətdə müəyyən uğurlara da nail olub.
Hazırda özəl şirkətlər, o cümlədən kiçik və orta müəssisələrin (SME) inkişafı üçün əsas maneələrdən biri maliyyə mənbələrinə çıxışın məhdudluğudur. Dünya Bankının (DB) hesabatında qeyd edildiyi kimi, onların sərmayələrinin 65%-dən çoxu hələ də daxili mənbələr hesabına təmin olunur.
Əgər 2004-cü ildə özəl sektora verilən kerditlərin payı ölkə ÜDM-nin 9%-ni təşkil edirdisə, 2012-ci ildə isə bu göstərici 24,5%-ə çatıb. Bununla belə, DB mütəxəssislərinin hesablamalarına əsasən, bu rəqəm yüksək orta gəlirli (Bolqarıstanda 72%) ölkələr və region ölkələrindəki (Gürcüstanda 32,8%) analoji göstəricidən aşağıdır. Bu şərtlərdə kiçik və orta müəssisələrə yardım üçün vəsaitlərin cəlb edilməsinin mühüm mənbəyi mikromaliyyələşmənin dinamik inkişaf edən sektoru ola bilər.
Bazar
Azərbaycanda, təxminən, 30 qeyri-bank kredit təşkilatı (QBKT) və 100-dən artıq kredit ittifaqı fəaliyyət göstərir. Mikrokreditlər təqdim edən bankların sayı da artmaqda davam edir. Asiya İnkişaf Bankının (AİB) qiymətləndirilmələrinə görə, Azərbaycanda banklar və qeyri-bank kredit təşkilatları (QBKT) mikrokreditləşmə üzrə müvafiq olaraq 1,4 mlrd. və 0,6 mrld. dollar həcmində portfelə malikdirlər, eyni zamanda kredit götürənlərin ümumi sayı isə 600 min nəfəri (yəni ölkə əhalisinin, təxminən, 7%-i) üstələyir. Lakin onların ümumi aktivləri isə hələ də ÜDM-nin 2% az hissəsini təşkil edir ki, bu da orta beynəlxalq göstəricidən aşağıdır. Ancaq 9 təşkilat 10 mln. dollardan artıq səhmə malikdir. Bununla belə, yaxın gələcəkdə mikromaliyyələşdirmə bazarında yeni oyunçular peyda ola bilərlər. Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ilin əvvəlindən qüvvəyə minəcək nizamnamə kapitalını minimum 50 mln. manatadək artıra bilməyəcək bankların qeyri-bank kredit təşkilatına (QBKT) çevrilməsi üçün artıq hüquqi baza hazırlayıb.
Eyni zamanda, nizamlayıcının bank sektorunu kapitallaşdırmaq səyləri QBKT-ə toxunmayacaq. Mərkəzi Bankın baş direktoru Rəşad Orucovun "R+"a bildirdiyinə görə, bugünkü gündə qeyri-bank kredit təşkilatlarının kapitalına dair tələblərin sərtləşdirilməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, QBKT 2009-cu ilin sonunda "Qeyri-bank kredit təşkilatları haqda" qanun qəbul ediləndən sonra hələ indi fəaliyyətlərini genişləndirməyə başlayırlar. Belə ki, kredit verərkən girov əmanəti qəbul etmək hüququna malik QBKT üçün nizamnamə kapitalına dair minimum tələb 300 min manat həddində, bu hüquqa malik olmayan kredit təşkilatları üçün - 30 min manat müəyyənləşdirilib.
Bəzi mikromaliyyələşmə təşkilatları isə əksinə, banka transformasiya olunmaq imkanlarını nəzərdən keçirirlər. Lakin R. Orucovun iddialarına görə, yaxın vaxtlarda Mərkəzi Bank yeni bank lisenziyalarının verilməsini planlaşdırmır. "Kimsə bank bazarına girmək istəyirsə, o, mövcud bankda pay ala, səhmdarı və ya tərəfdaşı ola bilər. Hələ ki, Mərkəzi Bankın siyasəti mövcud bankların möhkəmləndirməyə və kapitallaşdırmağa yönəlib", - deyə R. Orucov bildirib.
Fondlaşma və inkişaf
Bu arada son illər mikromaliyyə təşkilatlarının portfelinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, şirkətlər xüsusən fondlaşmanın məhdudluğu ilə əlaqədar olaraq ödəyə bilmədikləri böyük qeyri-qənaətbəxş tələbatın olmasını bildirirlər. QBKT vəsaitlərinin böyük hissəsini beynəlxalq investorlar və inkişaf agentliklərindən əsasən xarici valyutada alırlar.
Azərbaycan Mikromaliyyələşmə Assosiasiyasının (AMA) icraçı direktoru Jalə Hacıyevanın fikrincə, bu gün QBKT maliyyələşmənin kiçik seçim alətlərinə malikdir - onlar ya kredit götürürlər, ya da xarici investorları öz təsisçilərinin sıralarına cəlb edirlər.
Onun sözlərinə görə, Azərbaycanın mikromaliyyələşmə bazarında, təxminən, 30 xarici investor, o cümlədən "Incofin", "Triple Jump", "Symbiotics", AİB, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Almaniya İnkişaf Bankı (KfW) fəaliyyət göstərirlər. Bundan başqa, ilbəil yerli bazar bir-iki xarici investorlarla dolur. "Bu gün maliyyələşmənin alternativ mənbələrinə zərurət var", - deyə "R+"la söhbəti əsasında J. Hacıyeva qeyd edib.
Fondlaşma mənbələrinin diversifikasiyası üçün yaxşı imkan QBKT ölkənin birja valyuta sisteminin pul bazarında iştirakı ola bilər. Bakı Banklararası Valyuta Birjası QBKT ilə sonuncunun Birja Elektron Ticarət Sisteminin ("BEST") "Money-Market" pul bazarında iştirak etməsi məqsədilə artıq danışıqlar aparır. QBKT BEST istifadəçilərinin üçüncü (bank və sığorta şirkətlərindən sonra) kateqoriyasını təşkil edəcək. "Bu alətin gələcəkdə inkişafı qeyri-bank kredit təşkilatlarının beynəlxalq investisiyadan asılılığını azalda bilər. QBKT pul bazarının tamhüquqlu iştirakçısı ola bilər. Daha doğrusu, həm kredit alan, həm də kredit verən qismində işləyə bilər", - deyə J. Hacıyeva əlavə edib.
Bununla yanaşı, QBKT-nin ölçülərinin kiçik olmasına baxmayaraq, onlar kənd yerlərində maliyyə xidmətlərinə girişin təmin olunmasında mühüm rol oynayırlar, halbuki banklar əsasən şəhərlərdə cəmləşiblər.
J. Hacıyevanın fikrincə, son iki ildə ölkənin regionlarında kredit mütəxəssisləri üçün treninqlərə tələbat son dərəcə artıb. "Bu maraqlı tendensiya istər QBKT, istərsə də banklarda müşahidə olunur. İndi bu strukturlar müştərilərinin fikirlərinə qarşı çox həssas olublar. Hərçənd əvvəllər kredit şöbəsinin əməkdaşları müştəri axtarışı ilə də, kreditlərin monitorinqi ilə də məşğul olurdularsa, bu gün həmin tapşırıqlar ayrılırlar", - deyə o, vurğulayıb.
Bundan savayı, onun sözlərinə görə, bu gün QBKT müştərilərə xidmət göstərilməsində xərclərin azaldılması üçün texnoloji innovasiyalar axtarışlarındadırlar.
Bu nöqteyi-nəzərdən AİB-nin (Asiya İnkişaf Bankı) Azərbaycanda mikromaliyyələşmə sektorunun inkişafı üçün təqdim etməyə hazırlaşdığı texniki yardım faydalı ola bilər. 300 min dollar həcmində texniki yardım aşağı gəlirli fiziki şəxslərin və kiçik müəssisələrin maliyyə xidmətlərinə girişlərini genişləndirəcək, mikromaliyyələşmə sahəsində nəzarətin effektliyini yüksəldəcək. AİB Azərbaycana maliyyə inklüzivliyi üzrə siyasət və strategiyanın inkişafında yardım edəcək və informasiyanın əlçatanlığı üçün vəziyyətin yaxşılaşmasına köməklik göstərəcək. Bu siyasət strateji investisiyaları ödəmələr, əmanətlər, mikrosığorta, mikrolizinq, filialsız bankçılıq və s. yeni xidmətlər cəlb etməyə imkan verəcək.
Kreditlərin keyfiyyəti və dəyəri
QBKT-nin daha ucuz kreditlər təklif edən banklarla rəqabət apara bilməsi üçün xərclərin azaldılması kreditlər üzrə faiz dərəcələrinin aşağı düşməsinə yardım edəcək. J. Hacıyevanın sözlərinə görə, mikromaliyyə məhsulları üzrə faktiki illik faiz dərəcəsi 26-33%, effektli faiz dərəcəsi isə 11-15% həddində dəyişir. Eyni zamanda şəhərlərdə mikrokreditin orta həcmi 2-3 min manat, kənd yerlərində isə 1-1,5 min manat təşkil edir.
Ölkədə mikromaliyyə təşkilatlarının sayının artmasına baxmayaraq, kreditlər üzrə faiz dərəcələri bu gün dəyişməz olaraq yüksək qalır. Bu o deməkdir ki, Azərbaycanda mikrokreditlərə tələbat təklifi bir qədər üstələyir.
J. Hacıyevanın qeyd etdiyi kimi, məhz mikromaliyyə təşkilatları əhalinin yoxsul təbəqəsinə kredit tarixçələrini başlamağa yardım etdi, QBKT-də yaxşı kredit etimadı isə onlara gələcəkdə banklardan kredit almağa imkan verəcək.
Kredit portfelinin keyfiyyətinə gəldikdə isə Azərbaycan mikromaliyyələşmə bazarı sağalma dövrünü yaşayır. Tarixən Azərbaycanda problemli kreditlər mikromaliyyələşmə üzrə bütün portfelin cəmi 1%-ni təşkil edirdi, 2009-2010-cu illərdə böhrandan sonra bu göstərici 4-4,5%-ə qədər artdı. Hazırda risk zonasında, orta hesabla, portfelin 1%-dən az hissəsini təşkil edir: qeyri-bank kredit təşkilatları və banklar problemli mikrokreditlərin payı 0-dan 2,5%-ə qədər tərəddüd edir.
"Banklarda mikromaliyyə kreditlər üzrə göstəricilər, kreditlərin di- gər növlərindən aşağıdır. Böhranın ikinci dalğası keçəndən sonra kredit portfelinin keyfiyyətinə diqqət artdı", - deyə Hacıyeva vurğulayıb.
Onun sözlərinə görə, bu sahədə vəziyyət mikromaliyyə təşkilatlarının mərkəzləşdirilmiş kredit reyestrinə girişinin genişlənməsini önəmli dərəcədə yaxşılaşdırdı. "Mikrokreditlər, əsasən, girov deyil, zəmanətlə verilir. Kredit verilərkən təşkilatlar təkcə kredit alanın deyil, həm də 3-4 zaminin kredit tarixçəsini yoxlamalıdırlar. Ona görə də assosiasiya Mərkəzi Bankın sorğuların dəyərini 1 manata qədər azaltmasını alqışlayır. Biz ünsiyyətdə olduğumuz bütün təşkilatları ruhlandırmağa, məbləğindən asılı olmayaraq, verilən bütün kreditləri yoxlamağa çalışırıq. Hazırda bir çox hallarda kreditin məbləği 2 min manatdan azdırsa, onlar kredit tarixçələrini yoxlamırlar, hərçənd problemli kreditləri məhz belə kiçik borclar formalaşdırır", - deyə ekspert yekunlaşdırdı.
Öz tərəfimizdən qeyd edim ki, mikromaliyyələşmə bazarına yüksək maraq oktyabrın əvvəlində Bakıda keçirilən investorların yarmarkasında nümayiş olundu. Sayca üçüncü olan yarmarka AMMA tərəfindən təşkil edilmişdi və sektorun hazırkı və potensial oyunçularını, xarici sərmayədarları, bazar nizamlayıcılarının nümayəndələrini toplamışdı.
Ümumilikdə, müşahidələrə görə, maliyyə sektorunun bu sahəsinin inkişafı hökumətin biznesmenlərin pul mənbələrinə girişinin vəziyyətini yaxşı tərəfə dəyişmək planları fonunda xüsusi önəm qazanır. Bu günlərdə açıqlanan ölkənin 2014-2017-ci illərdə sosial-iqtisadi inkişaf konsepsiyasına əsasən, bu məqsədlər Azərbaycanın sahibkarlığı dəstəkləmək sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birini formalaşdırır.
MƏSLƏHƏT GÖR: