14 Mart 2025

Cümə, 13:09

CENEVRƏDƏ HAVA MÜLAYİMLƏŞİR

İranla beynəlxalq "altılıq" arasında aparılan danışıqlarda irəliləyiş hiss olunur

Müəllif:

23.10.2013

Cenevrədə İran və beynəlxalq vasitəçilər olan "altılıq" (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) nümayəndələri arasında görüş keçirilib. Düzdür, Tehranın nüvə proqramının gələcəyinə dair müzakirələrin aparıldığı görüşdə hər hansı ciddi nailiyyət əldə olunmayıb. Lakin danışıqların əvvəlki raundlarından fərqli olaraq, tərəflər ilk dəfə problemin diplomatik yolla həlli üçün real imkanların olduğunu dilə gətiriblər. Bu, Cenevrə görüşünün ən vacib nəticəsi sayıla bilər.

İlk qeyd olunması vacib, danışıqlarda müəyyən irəliləyişin əldə olunacağına ümid yaradan məqam İranın nümayəndə heyətinə xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etməsi idi. Xatırladaq ki, bunadək nüvə danışıqlarında İranı Milli Təhlükəsizlik Şurası təmsil edirdi. İnadkar mövqeyilə tanınan bu Şura indiyədək danışıqlarda irəliləyişə nail olunmamasının səbəbkarı kimi göstərilir - hər halda, Qərbdə belə hesab edirlər.

Cenevrə görüşünün lap əvvəlində İran tərəfi nüvə proqramı ilə bağlı problemin həllinə dair öz planını ortaya qoyub. Sənədin məzmunu açıqlanmır. İranın XİN başçısının sözlərinə görə, məsələnin ciddiliyi nəzərə alınaraq, Tehranın təklif etdiyi plan "tərəflər razılığa gələnədək" "məxfi" qrifli olaraq qalacaq.

Dünya KİV-i isə etibarlı mənbələrə istinadən İranın "altılıq"a nüvə sahəsində əməkdaşlığın MAQATE-nin nəzarəti altında, şəffaflıq şəraitində inkişaf etdirilməsinə dair təklif irəli sürdüyünü yazır. Sənəddə "altılıq"dan Tehranın uranın zənginləşdirilməsi, müxtəlif nüvə obyektlərindən, o cümlədən tədqiqat reaktorlarından istifadə haqlarının tanınması tələb olunur. İran qarşı tərəfdən BMT TŞ-nin sanksiyalarının ləğvini də tələb edir. Əvəzində Tehran nüvə enerjisindən birmənalı şəkildə dinc məqsədlərlə istifadə edəcəyinə söz verir.

Artıq bəzi detallar haqda da danışmaq mümkündür. Tehran sentrifuqaların sayını azaltmağa, uranın 20%-dək zənginləşdirilməsi prosesini müvəqqəti olaraq dayandırmağa razıdır. Bu isə İranla Qərb arasında hər hansı razılığın əldə olunması üçün əsas məsələdir. Çünki Qərb əmindir ki, Tehran konkret həcmdə uran zənginləşdirsə, bu, İranın gələcəkdə nüvə silahı əldə edəcəyini  istisna etmir. 

Eyni zamanda daha bir ümidverici məqam var - ABŞ əvvəllər İranın uranı 5%-dək zənginləşdirməsinə də etiraz edirdisə, indi fikrini dəyişib. Tehranın dinc xarakterli nüvə proqramı reallaşdırması üçün ona uranı məhz bu qədər zənginləşdirmək lazımdır.

İranın təklif etdiyi planda nüvə obyektlərində əvvəlcədən planlaşdırılmamış yoxlamaların aparılmasına razılıq da var. Amma bunun üçün ona tətbiq edilmiş beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalıdır. Son aspekt İran üçün prinsipial xarakterə malikdir: islam respublikasının xarici işlər nazirinin müavini Abbam Araqçı bildirib ki, tərəflər arasında istənilən yekun razılaşmada Tehrana tətbiq olunmuş sanksiyaların aradan qaldırılması, ona uranın zənginləşdirilməsi imkanının verilməsi nəzərdə tutulmalıdır.

Qərb isə öz növbəsində hadisələrin bu cür inkişafının mümkün olduğunu bildirir. Amma bunun üçün Tehranın nüvə proqramının dinc xarakterinə zəmanət verməsi tələb olunur. Bu məqam İran tərəfinə Qərblə münasibətlərdə "yeni fazanın başlandığı" haqda danışmağa əsas verib.

Ən maraqlısı isə Cenevrədə baş tutmuş danışıqlara ABŞ-ın müsbət qiymət verməsidir. Ağ Evin mətbuat katibi Cey Karni bildirib ki, Tehran vasitəçilərə "əvvəllər müşahidə olunmamış ciddilik və məzmuna malik yeni təkliflər verib".

Vaşinqtonun Tehranla birbaşa dialoq qurmaq niyyətini göstərən daha bir məqam isə Cenevrədə ABŞ dövlət katibinin müavini Uendi Şerman ilə İranın xarici işlər nazirinin müavini Abbas Araqçı arasında baş tutmuş görüşdür. Bu, ötən ay iki ölkə başçısı Barak Obama ilə Həsən Ruhaninin telefonla danışması, fikir ayrılıqlarının dinc yolla aradan qaldırılmasında maraqlı olduqlarını bildirmələrindən sonra yüksək səviyyədə baş tutmuş ilk görüşdür.

İranla Böyük Britaniya arasında da ikitərəfli formatda dialoq olub. Ekspertlər Tehran və London təmsilçilərinin Cenevrə görüşünü iranlıların qərblilərlə apardıqları danışıqlarda ən effektiv görüş adlandırırlar. Məlumata görə, Böyük Britaniya ilə İran iki həftə ərzində diplomatik münasibətlərin bərpası üçün xüsusi vəkillərin təyinatına dair razılıq əldə ediblər.

İran-"altılıq" danışıqları ilə bağlı Rusiya da müəyyən nikbinlik nümayiş etdirir. Tehranın ümumi beynəlxalq nəzarət altında nüvə proqramını reallaşdırmasının tərəfdarı olan Rusiya Tehrana qarşı birtərəfli sanksiyaların tətbiqini qəbuledilməz və qeyri-legitim sayır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ölkəsinin Almatı danışıqları ilə müqayisədə, son danışıqların nəticəsindən razı qaldığını bildirib. Moskvada hesab edirlər ki, İranla "altılıq" arasında bundan əvvəl Almatıda baş tutmuş görüş Cenevrə danışıqlarına müsbət təsir göstərib.

Əlbəttə ki, Cenevrə görüşünün nəticələri hələ ki, İranla Qərb arasındakı münaqişənin sülh yolu ilə çözüləcəyinə tam əminlik yaratmır. Hələlik diplomatik irəliləyiş niyyətlərin ifadəsi səviyyəsindədir. Tərəflərin mövqelərindəki ziddiyyətlər kifayət qədər dərindir. Üstəlik, beynəlxalq dairələrdə Tehranın nüvə proqramının hərbi xarakterli olduğu fikri hələ də hökmranlıq etməkdədir. Bu, hələ də müəyyən qüvvələri İrana hərbi zərbələrin endirilməsi planını irəli sürməyə vadar edir.

Məsələn, İsrail hesab edir ki, Tehran hamını aldatmaqla məşğuldur. Beynəlxalq birliyi İranla qeyri-müəyyən razılaşmaya getməməyə çağıran İsrail hökuməti islam respublikasından uranın təkbaşına zənginləşdirilməsi prosesinin tam dayandırılmasının tələb edilməsini vacib sayır. Yəhudi dövləti İrana qarşı sanksiyaların zəiflədilməsini də yolverilməz sayır. İsrail hökuməti Cenevrə görüşünü İrana tətbiq olunmuş sərt sanksiyaların nəticəsi hesab edir. Təl-Əvivdə hesab edirlər ki, "arzulanan nəticənin bu cür yaxın olduğu bir vaxtda" İrana təzyiqlər azaldılmamalıdır.

İsraillilərin arqumenti müəyyən mənada əsaslıdır. İran üçün ölkə iqtisadiyyatına ciddi ziyan vuran sanksiyaların ləğvi vacibdir. Sələfi Mahmud Əhmədinejadla müqayisədə beynəlxalq birliklə dialoqa daha açıq olan Həsən Ruhaninin hakimiyyətə gəlişi də  böyük ölçüdə həm də bununla bağlıdır. Ruhaninin prezident seçilməsilə uzun illərdən sonra tərəflər arasında Cenevrədə baş tutmuş ilk görüş İranla Qərb arasında gərginliyin azaldılması baxımından real perspektiv açıb.

Qərbin, ilk növbədə, Birləşmiş Ştatların mövqeyində də əvvəlki dövrlərlə müqayisədə ciddi sülhpərvərlik müşahidə olunur. Görünür, Amerika İran və Əfqanıstandakı yorucu hərbi kampaniyadan, Liviyadakı "inqilab"a hərbi yolla dəstəkdən sonra Suriyada qan tökülməsinin hələ də davam etdiyini də nəzərə alaraq, "nəfəs dərmək" qərarına gəlib.

Bir şey aydındır - ABŞ və digər beynəlxalq elçilər İranla nüvə proqramı ilə bağlı problemin həlli üçün konkret mexanizmlərin, texniki detalların müzakirəsinə başlayıblar. Bu gün üçün bu, heç də az nəticə deyil: hələ dünən dünya ekspertləri az qala Qərbin İrana aviazərbələr endirəcəyi tarixi müəyyənləşdirməyə çalışırdılar. Amma əlbəttə ki, danışıqlarda bir anın içində irəlilə-yişə nail olmaq mümkün deyil. Bu, mərhələli şəkildə baş verəcək. Bu prosesdə növbəti addım İranla "altılıq" arasında danışıqların növbəti raundu olacaq. Onun noyabrın 7-8-də Cenevrədə aparılması nəzərdə tutulub.



MƏSLƏHƏT GÖR:

581