Müəllif: Vəfa ZEYNALOVA Bakı
Seçimli abortlar problemi Azərbaycanda öz aktuallığını itirmir. Məsələ o qədər ciddidir ki, onun "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinə salınması planlaşdırılır. Amma əhali arasında maarifləndirmə işi aparılmır, cəmiyyətin özülü anaları arzu edilməz cinsə malik uşaqdan yaxa qurtarmağa sövq edir.
Qanunsuzluq və əxlaqsızlıq
Azərbaycan dünyəvi dövlət olsa da, bu gün də bir çox hallarda qadınlara dünyaya uşaq gətirilməsində seçim imkanı verilmir. Döl ailəni qane etməyən cinsdədirsə (söhbət, əlbəttə ki, daha çox qız uşaqlarından gedir), qadın ya özü ondan xilas olmaq qərarına gəlir, ya da buna ailəsi tərəfindən məcbur edilir. Şübhəsiz, bu faktlar dini postulatlara da tam ziddir. İlahiyyatçı Anar Əlizadə deyir ki, bütün təkallahlı dinlərdə, xüsusilə İslamda abortlara münasibət birmənalı olaraq mənfidir. "Amma eyni zamanda, müsəlman ilahiyyatçılar Buxari hədislərinə istinad edərək bildirirlər ki, dölün 40 günü tamam olanadək abort etmək olar, çünki dölə 40-cı günündən sonra ruh verilir", - deyə Əlizadə bildirir. İlahiyyatçıların seçimli abortlara da münasibəti bu cür birmənalıdır. Anar Əlizadənin sözlərinə görə, ərəb cəmiyyətlərində islamadək olan dövrdə qızların öldürülməsi qəbul olunmuş hal idi. Amma islam din xadimləri buna qarşı çıxırlar. Bununla bağlı Quranda ayə də var. Ayədə cinsinə görə embrionu məhv edən valideynlər pislənirlər. Bu məsələdə ailədə oğlan uşağının doğulmasını prioritet sayan müsəlman mentalitetinə istinad etmək yanlışdır.
Qanunvericilik bazası isə öz ciddiliyi ilə seçilir. Qanun layihəsi qəbul olunarsa, orada abortlarla bağlı bir sıra məqamlar da öz əksini tapacaq. Məsələn, Milli Məclisin sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyevin sözlərinə görə, "seçimli abort edən həkimlərə qarşı sanksiyalar tətbiq olunacaq. Sanksiyalar onların həkimlikdən kənarlaşdırılmasını, cərimələnməsini, cinayət məsuliyyətinə cəlbini nəzərdə tuta bilər. Çünki bu məsələdə inzibati və cinayət sanksiyalarına əl atılmasa, maarifləndirmə işləri ilə problemi aradan qaldırmaq mümkün olmayacaq".
Qanunvericilikdə, ali tibbi təhsili olmayan insanlar tərəfindən həyata keçirilən qeyri-qanuni abortlarla bağlı məsələ də nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş yeni dəyişikliklərə görə, qeyri-qanuni abort etmiş şəxs 30-40 saat müddətinə ictimai işə cəlb olunacaq və ya barəsində 1 ilədək islah işləri qərarı çıxarılacaq.
Amma söhbət abortların total şəkildə qadağan edilməsindən getmir. Abortun tam qadağan olunması ölkədəki demoqrafik problemlərlə bağlı ola bilər. Xoşbəxtlikdən bizdə belə problem yoxdur. Azərbaycan dünyəvi dövlət olduğundan, bizdə dini səbəblər də aktual deyil. Bakı klinikalarının birində çalışan həkim-ginekoloq ona tez-tez cavan xanımların abort üçün müraciət etdiklərini, bu istəklərini bətnlərindəki uşağın qız olması ilə əsaslandırdıqlarını bildirir. Həkimin sözlərinə görə, bu müraciətlərə səbəb əksər hallarda qadının ailədə üzləşdiyi təzyiqlər olur: "Bəzən qadın həyat yoldaşının, qayınanasının təzyiqi ilə üzləşir; yeni doğmuş qadınlar tezliklə yenidən hamilə qalırlar. Çünki onlardan tez bir zamanda dünyaya oğlan uşağı gətirmələri tələb olunur".
Sosial gender
Qadın Böhran Mərkəzində də xanımların üzləşdiyi analoji təzyiqlər haqda danışırlar. "Əslində, qadına bətnindəki qız uşağından yaxa qurtarması üçün birbaşa, kobud təzyiq halları az-az olur. Burada söhbət daha çox psixoloji təzyiqlərdən gedir. Nəticədə, qadın ailəyə varis gətirmədikdə özünü pis hiss edir. Ondan ailənin soyadını daşıyacaq oğlan uşağı doğması gözlənilir. Qadın üzərinə düşən bu funksiyanı yerinə yetirməyibsə, hər addımda ona "yerini göstərirlər"", - deyə mərkəzdən verilən açıqlamada bildirilir. Bütün bunların səbəbi isə cəmiyyətdəki çətin stereotiplərdir: Azərbaycanda ailələrində oğlan uşağı dünyaya gətirmiş qadın hər zaman daha yüksək qiymətləndirilir və o, özünü daha inamlı hiss edir. Qadınlar çox nadir hallarda ailənin arzusuna qarşı gedə bilir və könüllü olaraq aborta üz tuturlar.
Bu faktların əsas səbəbi bir çox ailələrdə köhnə adət-ənənənin qalmasıdır. Bu ənənələrə görə, qadının statusu onun həyat yoldaşı və ana kimi rolundan asılıdır. Bununla yanaşı, qadına imkan verilərsə, o, özünü digər sahələrdə də göstərə bilər. Müxtəlif ailələrdə müxtəlif modellərə üstünlük verilir. Onlar arasında qadınların sosial həyatda kifayət qədər fəal olduqları modellər də var. Bu məsələdə əsas rol kişinin üzərinə düşür - o, xanımının təşəbbüslərini dəstəkləyəcək, yoxsa əksinə. Beləliklə, "qız, yoxsa oğlan" problemi ailə problemindən sosial-gender probleminə çevrilir.
Dövlət tərəfindən görülən tədbirlərin və qanunvericilik aktlarının effektivliyindən danışırıqsa, onların qiymətləndirilməsi çətindir. Çünki belə olduqda, əksər hallarda abortların aparılması üçün əlverişli olmayan şəraitdə həyata keçiriləcək gizli abortların sayı artacaq. Təbii ki, bu halda ana ölümlərinin sayında da artım olacaq. Beynəlxalq ekspertlər bu halda uşaq qətllərinin də çoxala biləcəyindən ehtiyatlanırlar. Qadına bütün qanunvericilik aktlarına rəğmən, abortu qadağan etmək mümkün deyil. Çünki bu, birbaşa olaraq qadınların hüquqlarının pozulmasıdır.
Daha effektiv vasitə əhali arasında iş aparılması olardı. "Məsələn, ABŞ-da abortların əleyhdarları xüsusi videoçarx hazırlayıblar. Orada embrionun ana bətnindən çıxarıldığı zaman "yaşadıqları" əks olunub. Çarxa baxan hər kəs embrionun, az qala, yetişkin insan kimi emosiyalar, dəhşət yaşadığının şahidi olur", - deyə Qadın Böhran Mərkəzindən bildirirlər. Bundan başqa, abortun qadın orqanizminə hansı qorxulu zərərlər vurduğuna dair maarifləndirmə işi də aparmaq olar. Bu işin psixoloji yükü də az deyil. Aborta məruz qalmış qadın ağır depressiya keçirə, nevroz xəstəliyinə tutula, əsəb sisteminin pozulması halları ilə üzləşə bilər. Bununla yanaşı, qadınlar ailələrində qız uşağının üstünlüklərindən də danışa bilər. Yeri gəlmişkən, statistikaya görə, atalar qız uşaqlarını daha çox istəyir və onlara daha bağlı olurlar.
Nəhayət, hələ məktəb illərində anatomiya kursundan məlum olan fiziologiya. Məlum olduğu kimi, insan hüceyrələri genetik informasiyaların daşıyıcısı olan xromosomlardan ibarətdir. Hər bir insanda onlar 46 - 23 cüt olur, onların 22-si isə hər iki cinsdə eynidir; fərq yalnız cinsi fərqləndirən bir xromosomdadır: qadınlarda bu XX, kişilərdə XY-dir. Mayalanma zamanı yumurta hüceyrə və spermatozoid yalnız bir cinsi xromosoma malik olur: qadınlar hər zaman X, kişilər isə X və ya Y. X yumurta hüceyrəsi X spermatozoidi ilə görüşürsə, 9 aydan sonra dünyaya qız uşağı gəlir. Qadının hüceyrəsi Y spermatazoidi ilə mayalanırsa, demək, uşaq oğlan olacaq. Beləliklə, dünyaya gələcək uşağın cinsinin birmənalı şəkildə kişidən asılı olduğu bəllidir. Amma xanımını "brak istehsalı"nda ittiham edən kişilərin çox az faizi bundan xəbərdardır.
Statistikaya görə, doğulan oğlan uşaqlarını sayı qız uşaqlarından çox olur. Təbiət qanunlarına görə, bu belə də olmalıdır, çünki oğlanlarda həyatın ilk ilində ölüm halları qızlardan 30% çoxdur. Bəzi məlumatlara görə, dünyada aparılan seçimli abortlar indiyədək 60 milyon qız uşağının doğulmasını önləyib. Hər bir qız uşağının gələcək ana olduğunu nəzərə alsaq, kifayət qədər ciddi rəqəm alınır. Beləliklə, vəziyyət dəyişməsə, bir neçə onillikdən sonra biz ciddi demoqrafik disbalansla qarşılaşa bilərik.
MƏSLƏHƏT GÖR: