Müəllif: Gülarə MƏHƏRRƏM Bakı
Bu gün bütün dünyada diabetlə mübarizə günü kimi qeyd olunur. 14 noyabr ildən-ilə əhəmiyyətini artırır. Səbəbsə şəkərlidiabetxəstələrininsayınındurmadan çoxalmasıdır. Bəs, Azərbaycanda şəkərlidiabetxəstələrihansı problemlərlə qarşılaşırlar?
Aydan Şirinovanın (öz istəyilə adı dəyişdirilib) cəmi 20 yaşı var. O, birinci tip şəkərli diabet (insulindən asılılıq) xəstəliyinə hələ 12 yaşında olarkən tutulub. Elə o vaxtdan qızcığazın qayğısız həyatı da başa çatıb. O, günlərlə xəstəxanada yatıb, durmadan bədəninə insulin yeridilir, daim qanında şəkərin miqdarı nəzarətdə saxlanılır və üstəlik, qız bu xəstəliyi ömrünün sonunadək daşımalı olacağını dərk edir.
Aydan 14 yaşından şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır. O, qeydiyyatda olduğu səhiyyə ocağından hər ay tərkibində insulin olan aktropid preparatı alır. "Amma bu, kifayət deyil. Bundan başqa, bahalı (30 manat) ximulin preparatı da almalı oluram. Poliklinikalar onu vermir", - deyə Aydan Şirinova bildirir.
Gənc yaşlarında şəkərli diabetə tutulan şəxslər əksər hallarda birinci tip xəstə olurlar. İnsulindən asılı olan belə pasiyentlərə daim iynə vurulmalıdır. Daha böyük yaşda və ahıl dövrdə xəstəliyə tutulan insanlarda vəziyyət belə olmur. Onlara həblərlə aparılan daha yüngül müalicə kifayət edir.
Bahalı iynələr uzunmüddətli təsir üçündür. Xəstənin bütün gün ərzində normada qalması üçün iynə səhər vurulur. Qısamüddətli iynələr isə hər yeməkdən əvvəl vurulmalıdır.
Şəkərli diabetə tutulmuş insan üçün vacib olan şərtlərdən biri qanda şəkərin miqdarının daim nəzarətdə saxlanılmasıdır. Ona qlyukometr vasitəsilə nəzarət etmək mümkündür. Bu aparatlar satışda da var, səhiyyə ocaqları tərəfindən də verilir. Bunlar müxtəlif keyfiyyətli preparatlardır. Aydan kimi xəstələrdə "pulsuz" olanlar sadəcə qanda şəkərin miqdarına nəzarət etmək iqtidarında deyil. Çünki onlar mükəmməllikdən çox uzaqdırlar. Odur ki, Şirinova öz hesabından 80 manat ödəməklə, daha yüksək keyfiyyətli aparat almalı olub.
Sumqayıt sakini, şəkərli diabet xəstəsi olan Dilbər Ələkbərova da qlyukometri özü alıb. "Aparatı tibb ocaqlarından almış tanışlarım onun keyfiyyətinin yüksək olmadığını və tez bir zamanda sıradan çıxdığını bildirirlər", - deyə o, gileylənir.
Diabetli xəstələr üçün maneələr
Azərbaycanda şəkərli diabet xəstələrinin sayının getdikcə artmasını önləmək üçün 2003-cü il dekabrın 23-də "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun, həmçinin "Şəkərli diabet üzrə Dövlət Proqramı" qəbul olunub. Bu qanun və proqramın icrası, ona nəzarət yerli icra hakimiyyəti orqanlarına həvalə edilib. Proqrama əsasən, şəkərli diabet xəstələrinin diaqnostikası və müalicəsi dövlət hesabına həyata keçirilir. Təcili ilkin yardım, iynə, qanda şəkərin miqdarını aşağı salan insulin tərkibli və digər preparatlar, qanda şəkərin miqdarına nəzarət aparatı - bütün bunlar yerli icra hakimiyyəti orqanlarının ixtiyarındadır. Şəkərli diabet xəstələrinin uçotu və qeydiyyata alınmasını da bu qurumlar həyata keçirir.
Lakin diabetli xəstələr hesab edirlər ki, bu gün icra orqanları tibbi vəsaitlərin verilməsi prosesində süründürməçiliyə yol açır və bu, onların onsuz da çətin olan həyatlarını bir qədər də ağırlaşdırır. Onların fikrincə, "Səhiyyə Nazirliyi - tibb idarəsi - xəstə" zəncirində icra orqanı müalicə prosesində bir sıra bürokratik problemlərin meydana çıxmasına səbəb olur. Məsələn, Aydan Şirinova bildirir ki, şəkərli diabet xəstələri arasında uçota yalnız xəstəxanada "yatmış" şəxslər alınır. Bundan başqa, onlar uçotdan çıxarılmamaları üçün hər il komissiyadan keçməlidirlər. "Bunun mənasını anlamıram. Şəkərli diabetin müalicə olunmayan xəstəlik olduğu, xəstələrin insulindən asılılığı bəllidir. Demək, xəstəyə ömrünün sonunadək insulin vurulmalıdır. Mən bir il ərzində qəflətən sağala bilmərəm, axı. Amma komissiyadan keçməsəm, yəni xəstəxanada yatmasam məni uçotdan çıxaracaqlar və beləliklə, hökumətdən dərman ala bilməyəcəyəm", - deyə Aydan bildirir.
Şəkərli diabet xəstələrilə bağlı statistika, açıq desək, pisdir. 2005-ci ildə xəstələrin sayı 62 mindən artıq idisə, 2006-cı ildə onların sayı, təxminən, 68 min, 2008-ci ildə 100 min olub. Bu gün ölkədə şəkərli diabet xəstələrinin sayı 180 mindən artıqdır (əlbəttə ki, burada söhbət yalnız qeydiyyatda olan xəstələrdən gedir).
Səhiyyə Nazirliyindən "R+" jurnalına bildiriblər ki, xəstələrin sayının artması son zamanlar daha çox pasiyentin qeydiyyata düşməsilə əlaqədardır. Bununla yanaşı, sözügedən xəstələrin sayının artması ümumilikdə dünyada gedən prosesdir və artıq bu, yalnız tibbi deyil, sosial xarakterli problemə çevrilməkdədir.
Azərbaycan Diabet Cəmiyyətinin (ADC) sədri Möminə Ömərova "R+" jurnalına açıqlamasında bildirib ki, bu xəstəliyin yaranmasının əsas səbəbləri dünyada ekoloji vəziyyətin ağırlaşması, stress, pis qidalanma, düzgün olmayan, fiziki hərəkətlərin azlıq təşkil etdiyi həyat tərzidir.
Milli mətbəximizdə yağlı yeməklərin çoxluq təşkil etdiyini, insanlarımızın oturaq rejimə aludəçiliyini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanda şəkərli diabet xəstəliyi "milli" xarakter almaqdadır.
Möminə Ömərovanın fikrincə, bu gün ölkədə belə xəstələrin müalicəsi sahəsində də problemlər var. Məsələn, qlyukometrlər üçün xüsusi, birdəfəlik test çöpü (strip) lazımdır. Doğrudur, dövlət qurumları onları pasiyentlərə verir. Amma yenə də bu sahədə çatışmazlıq var. Xəstələr onları özləri almaq məcburiyyətindədirlər. Bəzi xəstələrə isə adi insulini vurmaq olmur (məsələn, hamilə qadınlara və uşaqlara). Onların insulinin xüsusi hazırlanmış analoquna ehtiyacları var. Belə iynələr baha başa gəlir və onu da xəstələr öz hesablarına almalı olurlar. Üstəlik, bu gün insulin heç də bütün xəstələrə çatacaq sayda deyil.
M.Ömərovanın sözlərinə görə, Bakı ilə müqayisədə regionlarda xəstələrin insulinlə təminatında daha ciddi problemlər var. Bu, xüsusilə uşaqlar üçün vacib olan insulin analoquna aiddir. Bundan başqa, regionlarda poliklinikalar tərəfindən pulsuz verilməli olan preparatlar xəstələrə yaxınlıqdakı apteklər tərəfindən baha qiymətlərlə satılır.
Azərbaycan bazarlarında rast gəlinən "qaçaqmal" insulinilə bağlı isə heç də hər şey aydın deyil. Dünyada bu sahədə ötən əsrin iyirminci illərindən fəaliyyət göstərən üç nəhəng şirkət ad çıxarıb: Xekst Aventis, Eli Lilli və Nova-Nordix. Rusiyada da insulin istehsal olunur. Lakin o, xeyli ucuz olsa da, ölkədə yeganə insulin istehlakçısı olan Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyadan bu preparatı almaqdan çəkinir. Səbəb onun aşağı keyfiyyətdə olmasıdır. Nazirlik Danimarka istehsalı olan insulinlərə üstünlük verir. Buna baxmayaraq, Azərbaycan bazarlarında Rusiya istehsalı olan insulinlərə də rast gəlinir və bunu hətta Səhiyyə Nazirliyi də izah edə bilmir. Qurumdan bildirirlər ki, buna nadir hallarda rast gəlinir və yerli bazarlara Rusiya istehsalı olan insulinlər qaçaqmalçılıq yolu ilə gətirilir.
Vəziyyət, həqiqətən, Səhiyyə Nazirliyindən açıqlandığı kimidirsə, əsas vəzifələrdən biri bu prosesə nəzarətin sərtləşdirilməsi olmalıdır. Bu, səhiyyə sahəsində keyfiyyətsiz məhsulların daxil olmasının önlənilməsi üçün vacibdir. Çünki bu cür məhsullar diabet xəstələrinin onsuz da çətin olan durumlarını bir qədər də ağırlaşdırır.
Nazirlikdə hesab edirlər ki, regionlarda insulinin xəstələrə satılmasının qarşısını almaq məqsədilə orada maliyyənin və xərclərin idarə olunmasına nəzarətin də sərtləşdirilməsi lazımdır.
Nə etməli?
Əsas problemlərdən biri ictimaiyyətin şəkərli diabetin yaratdığı risklər haqda ətraflı məlumatlandırılmamasıdır. ADC-nin rəhbəri bildirir ki, xəstələri müalicə edən həkimlərin bir çox hallarda pasiyentlərə xəstəlik haqda ətraflı informasiya verməyə vaxtı olmur. Hər gün poliklinikalarda endokrinoloqların yanına, təxminən, 30 xəstə gəlir. Onların hamısı poliklinikalara insulin üçün üz tuturlar. Həkimlər xəstələrə yalnız resept yazmağa macal tapır. Onlarla dialoq aparmaq, müəyyən məsləhətlər vermək üçün həkimin vaxtı yetmir. Halbuki diabet haqda daha ətraflı məlumata malik olan, onun yaratdığı risklərdən, yaşamalı olduğu həyat tərzindən xəbərdar pasiyentlərin özlərini daha yaxşı hiss etdikləri, müalicə prosesinin onlarda daha yaxşı effekt verdiyi məlumdur.
Bu mənada təhsil ocaqlarında və ümumilikdə ictimaiyyətdə insanların məlumatlandırılması prosesi də lazımi səviyyədə deyil. Ölkədə diabetin sürətlə yayılması ilə yanaşı, həm də cavanlaşdığını nəzərə alsaq, əhalinin maarifləndirilməsi təhsil-sosial siyasətin tərkib hissəsi olmalıdır.
Bu sahədə maarifləndirmə işləri regionlarda da "relsə salınmalıdır". Çünki orada xəstələrin heç də hamısının qeydiyyata düşməyə həvəs göstərməməsi vəziyyəti daha da çətinləşdirir. "Belə hallara Bakıda da rast gəlinir. Amma xəstələrin qeydiyyatdan yayınması halı daha çox regionlarda müşahidə olunur. Əsasən, gənc və yeniyetmələr şəkərli diabet xəstəsi olduqlarını həmyaşıdlarından gizlətməyə çalışırlar; qadınlar isə bunu özlərinə ayıb sayırlar: "Birdən şəkər xəstəsi olduğumu bilərlər, ərə gedə bilmərəm", - deyə Möminə xanım bildirir.
Hər il "Şəkərli diabet üzrə Dövlət Proqramı" çərçivəsində dövlət büdcəsindən xeyli vəsait ayrılır. Məsələn, 2008-ci ildə bu məbləğ 13,8 milyon manat, 2009-cu ildə 19,2 milyon manat olub. Ayrılan məbləğin ildən-ilə artmasına baxmayaraq, dövlət strukturları problemin həlli üçün bu vəsaitin az olduğunu iddia edirlər.
Möminə xanımın sözlərinə görə, 2013-cü ildə dövlət büdcəsindən bu sahəyə üç dəfə artıq vəsait - 33,7 milyon manat ayrılıb. 2014-cü ilin dövlət büdcəsində də analoji sahəyə eyni məbləğin ayrılması nəzərdə tutulub. Amma nə qədər ki, şəkərli diabetin profilaktikası üçün ayrılan vəsaitin hamısı mərkəzləşdirilərək yalnız səhiyyə sahəsi xəttilə xərclənməyəcək, sui-istifadə hallarının qarşısını almaq mümkün olmayacaq. "Dövlətin şəkərli diabet xəstələrinə diqqəti artıb. Amma bu, onların həyatının tamamilə yaxşılaşdırılması, əmək fəaliyyəti müddətlərinin artırılması, əlilliyin azaldılması üçün kifayət deyil. Biz Maliyyə Nazirliyi və Hesablama Palatası ilə birlikdə bu sahədə monitorinq aparmışıq və Şəkərli diabet üzrə Dövlət Proqramının mərkəzləşdirilmiş qaydada Səhiyyə Nazirliyi tərəfindən icrasını məqsədəuyğun saymışıq. "Şəkərli diabet üzrə Dövlət Proqramı"nın reallaşdırılmasına yönəldilmiş vəsaitin xərclənməsində bir sıra rayon və şəhərlərdə çatışmazlıqların olduğu Hesablama Palatasının rəyində də əksini tapıb. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində də eyni fikirdədirlər. Lakin dövlət büdcəsindən "Şəkərli diabet üzrə Dövlət Proqramı"nın reallaşdırılması üçün hər il ayrılan vəsait hələ də şəhər və rayonların büdcəsinə yönəldilir", - deyə ADC-nin rəhbəri bildirir.
Bu məsələdə Heydər Əliyev Fondu, şəxsən Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın böyük rolu var. Ölkədə ciddi insulin çatışmazlığının hiss edildiyi 2004-cü ildə Heydər Əliyev Fondu ADC ilə birlikdə "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsini reallaşdırdı. Nəticədə, bütün şəkərli diabet xəstəsi olan uşaqlara birillik insulin paylanıldı.
Fond analoji layihələri sonrakı illərdə də davam etdirib. Bu, diabet xəstələrinin müalicəsinə öz köməyini göstərib, onların həyat şəraitini yaxşılaşdırıb. Ümid edək ki, gələcəkdə Azərbaycanda şəkərli diabet xəstələrinin profilaktikası, müalicəsi və bərpasına ayrılan vəsaitin həcmi daha da artırılacaq, onların tibbi ləvazimatlarla təminatı tam qaydaya salınacaq.
MƏSLƏHƏT GÖR: