
DİALOQ BƏRPA OLUNUR
Vacib olanı münaqişə tərəflərinin - Ermənistanla Azərbaycanın danışıqlara hansı "yük"lə getmələridir
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
Noyabrın əvvəllərində ATƏT-in vasitəçi missiyası regiona növbəti səfərini edib. Noyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Jak Foru (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşiki qəbul edib. Vasitəçilər elə həmin gün xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycanın müdafiə naziri postuna bu günlərdə təyin olunmuş Zakir Həsənovla da görüşüblər. Daha sonra İrəvana yollanan həmsədrlər orada Ermənistan prezidenti Serj Sarqsyan və digər rəsmi şəxslərlə danışıqlar aparıblar.
Minsk qrupu həmsədrlərinin re-giona növbəti səfərinin əsas nəticəsi Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini dalandan çıxarmaq üçün dialoqun bərpasına razılıq vermələridir. Həmsədrlərin səfərin yekunlarına dair yaydıqları bəyanatda deyilir: "Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqelərini ortaya qoyublar, bu prosesin bundan sonra necə inkişaf etdiriləcəyinə dair müzakirələrin aparılması üçün no- yabrda görüşməyə razı olduqlarını təsdiqləyiblər".
Münaqişə tərəfləri "yerlərdə, həmçinin açıqlamalarında təmkin nümayiş etdirməyə" çağırılır. Bəyanatda bildirilir ki, "xüsusilə hazırkı mərhələdə hərbi əməliyyatlara yalnız sülh prosesinə zərər vurulması cəhdi kimi baxıla bilər".
Minsk qrupunun həmsədrləri KİV nümayəndələri ilə görüşlərində qarşıdakı danışıqlardan gözləntiləri və düşüncələri haqda bəzi fikirlərini açıqlayıblar. Məsələn, rusiyalı həmsədr Popov son iki ildə yalnız XİN başçıları səviyyəsində görüşlərə nail olunduğunu xatırladıb. Onun fikrincə, artıq yüksək səviyyədə danışıqların bərpasının zamanı çatıb. Diplomat hesab edir ki, bu, qrafikin müəyyənləşdirilməsi və mövqelərə aydınlıq gətirilməsi baxımından vacibdir.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə Azərbaycanın "Trend" agentliyinə müsahibəsində münaqişənin həllində "imkanlar pəncərəsi"nin açıldığını söyləyib. O, son dövrlərdə belə imkanın yaşanmadığını, ABŞ-ın sülh prosesində irəliləyişə nail oluna biləcəyinə inandığını qeyd edib: "Bu gün biz əsas prinsiplər üzərində işləyirik. Vəzifəmiz hər şeyi əhatə edən danışıqlara yardım göstərməkdir". 20 illik fəaliyyətinin heç bir ciddi nəticə vermədiyi Minsk qrupunun işində effektivliyi artırmağın yollarına dair suala diplomatın cavabı belə olub: "Məsələ prosesdəki bütün tərəflərin qəbul etdiyi format olan Minsk qrupunda deyil. Əsas məsələ irəliləmək, konkret olaraq, geniş danışıqların aparılmasına nail olmaqdır".
Minsk qrupunun danışıqlara dinamika qazandırmaq məqsədilə Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun bərpasına israrla çalışmalarını anlamaq olar. Yüksək səviyyədə görüşlərin təşkilində verilmiş ikiillik fasilə, ümumilikdə, sülh prosesinə öz mənfi təsirini göstərib və proses faktiki olaraq dayanıb. Bu isə öz növbəsində "Madrid prinsipləri" ətrafında uzun illər aparılmış danışıqlar nəticəsində əldə olunmuş müsbət məqamların aradan qalxması riskini yaradıb.
Həm Azərbaycanda, həm də Ermənistanda seçki mərhələsi geridə qalıb və artıq hökumət elektorial konyukturaya daha az diqqət göstərməlidir. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçiriləcəyini nəzərə alsaq, Azərbaycanın bu beynəlxalq tədbir ərəfəsində iş-ğal altındakı ərazilərini hərbi yolla azad etmək qərarına gələcəyi inandırıcı görünmür. Ermənistan isə "1915-ci il soyqırımı"nın 100-cü ildönümü ərəfəsində bütün səylərini qondarma soyqırımın tanınması və pislənməsinə yönəltməyə çalışır. Bu üzdən də Minsk qrupunun həmsədrləri 2014-cü ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində sıçrayışa olmasa da, ciddi irəliləyişə nail olunması baxımından "imkanlar pəncərəsi" kimi baxırlar.
Vacib olanı münaqişə tərəflərinin danışıqları hansı "yüklə" bərpa etmələridir. Ötən iki ildə Azərbaycan iqtisadi və hərbi baxımdan güclənib, öz xarici siyasi mövqelərini xeyli dərəcədə möhkəmləndirib. Nəhəng qaz nəqli layihələrinin (TANAP, TAP) reallaşdırılmasına başlanılıb, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq genişlənib və möhkəmlənib. Azərbaycanla ABŞ arasında da Əfqanıstana daşımalarda tranzitin təmini, İran və Yaxın Şərq ətrafında yaşananlar baxımından tərəfdaşlıq qorunub saxlanır. İki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü olmağı, nəhəng beynəlxalq tədbirlərin təşkilini, ermənilərin Xocalıda törətdikləri soyqırımın pislənilməsi kampaniyasında uğurlu irəliləyişi, Azərbaycan ərazilərinin BMT TŞ qətnamələrinə əsasən işğaldan azad olunması tələbinə dəstəyin genişləndirilməsini də Bakının aktivinə yazmaq olar. Buna son misal kimi, Rumıniyanın xarici işlər naziri Titus Korlesean və Albaniyanın XİN başçısı Ditmir Buşatinin müvafiq olaraq sentyabr və oktyabrda səsləndirdikləri rəsmi bəyanatları da göstərmək olar. Hər iki nazir Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildirib, Ermənistanı işğal etdiyi əraziləri dərhal boşaltmağa çağırıblar. Əvvəllər bu cür prinsipial mövqeyi əsasən İƏT-ə, GUAM-a üzv olan ölkələr, o cümlədən Qoşulmama Hərəkatına üzv olan bəzi dövlətlər nümayiş etdirirdisə, indi avropalılar da bu eyni mövqeyi açıq şəkildə ortaya qoymağa başlayıblar.
Məsələn, Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi "Avropa mehriban qonşuluq siyasəti haqqında" qətnaməsinin 16-cı paraqrafında bildirilir ki, "Şərq tərəfdaşlığı" proqramının üzvü olan bir dövlətin proqramda iştirak edən digər bir dövlətin ərazisini işğal etməsi "Şərq tərəfdaşlığı"nın fundamental prinsiplərinə və məqsədlərinə ziddir. Sənəddə deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin 1993-cü ildə BMT TŞ-də qəbul olunmuş 4 qətnaməyə əsasən, ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransa prezidentlərinin 10 iyul 2009-cu ildə Akvildə qəbul etdikləri bəyanatla təsdiqlədikləri baza prinsiplərinə uyğun həlli vacibdir.
Ermənistanla bağlı vəziyyət isə tam fərqlidir. Bu ölkə 2008-ci ildə dünyada yaşanmış qlobal iqtisadi böhrandan 5 il keçməsinə rəğmən, hələ də ÜDM-dəki 15%-lik tənəzzülü aradan qaldıra bilməyib. Yoxsulluq həddində yaşayan əhalinin sayı artır, işsizlik çoxalır. Biznes üçün yaradılan şəraitlə bağlı süni reytinqlərə rəğmən, əslində, ölkə iqtisadiyyatının bütün sahələri çoxdan bölüşdürülüb və kriminal-oliqarx qruplaşmalar tərəfindən monopoliyaya alınıb. Vəziyyətdən çıxış yolunun olmadığını görən ermənilər bir tikə çörək ardınca kütləvi şəkildə ölkəni tərk edirlər. Nəticədə ildən-ilə Ermənistanın nəinki iqtisadi vəziyyəti, həm də demoqrafik durumu (əhalinin sayı, yeni doğulan uşaqların sayı və s.) ağırlaşır.
Serj Sarqsyanın Avropa İttifaqı ilə Assosiativ Sazişin hazırlanması istiqamətində ikiillik əziyyətli işdən sonra qəflətən Ermənistanın Gömrük İttifaqına və Kremlin layihəsi olan Avrasiya İttifaqına qoşulmaq qərarını açıqlamasından sonra, qərbli tərəfdaşların ona və ermənilərə inamı xeyli azalıb. Sarqsyan bu qərarını ölkəyə ucuz qiymətə enerji daşıyıcılarının tədarükü və Rusiyanın onlara maliyyə yardımı vəd etməsi ilə əsaslandırır. Sarqsyan Qarabağ münaqişəsi kontekstində təhlükəsizlik baxımından Moskvadan asılı olduqlarını da seçiminə təsir göstərən amillər sırasına qoyur. Amma onun bütün arqumentlərinə qarşı ciddi şübhə var və məqsəd Serj Sarqsyanın Rusiya prezidenti V. Putinin iradəsinə qeyd-şərtsiz tabe olması faktını ört-basdır etməkdir.
İndi məlum olur ki, Ermənistanda dəmir yolu kommunikasiyasının inkişafına və ya AES-in yeni blokunun inşasına hər hansı böyük Rusiya investisiyasının yatırılmasından söhbət belə getmir. Hələlik hətta güzəştli qiymətlərlə qaz satışı məsələsinə də tam aydınlıq gəlməyib. Ermənistanın enerji və təbii resurslar naziri Armen Movsisyan ölkə parlamentindəki çıxışı zamanı bildirib ki, İrəvanla Moskva arasında qaz tariflərindəki fərqə dair danışıqlar davam etdirilir. "Əvvəllər biz Rusiya tərəfinin tarifin bir hissəsini subsidiyalaşdırmasına tərəfdar idik. İndi isə başqa varianta üstünlük veririk. Bu variantın nədən ibarət olduğunu gələcəkdə açıqlayacağıq", - deyə nazir qeyd edib.
Rusiya Ermənistan AES-də yeni blokun inşası üçün tələb olunan 5-6 milyard dollarlıq yükü də üzərinə götürmək istəmir. Hələlik söhbət AES-in hazırda mövcud olan 2-ci enerji blokunun fəaliyyət müddətinin 2026-cı ilədək uzadılması üçün müvafiq proqrama kredit ayrılmasından (160 milyon dollar) gedir. Əvvəllər blokun fəaliyyətini 2016-cı ilədək davam etdirə biləcəyi deyilirdi. Ermənistan hökuməti, hətta onun fəaliyyətinin dayandırılması üçün Avropa İttifaqından maliyyə yardımı da alıb. Amma göründüyü kimi, həmin vəsait yeyilib. İndi ermənilər başqa enerji resusrlarının olmadığını əsas gətirərək, üzərlərinə götürdükləri bu öhdəliyə əməl etməkdən boyun qaçırırlar.
İrəvanın Moskvadan güzəştli kreditlər gözləməsinə dəyməz. Bundan başqa, Ermənistan hökuməti Rusiyadan hələ 2009-cu ildə qlobal iqtisadi böhran zamanı yardım kimi aldığı 500 milyon dollarlıq krediti tezliklə ödəmək niyyətində olduğunu açıqlayıb. Bunun üçün Ermənistanda 700 milyon dollarlıq avrobondların buraxılmasından əldə ediləcək vəsaitin böyük bir hissəsinin xərclənməsi nəzərdə tutulur. Ödəniş 7 il ərzində illik 6%-lə həyata keçirilməlidir. Ekspertlər bu qərarı təəccüblə qarşılayıblar. Çünki praktikada yüksək faizli kreditləri daha ucuzu ilə, qısamüddətli kreditləri isə uzunmüddətli kreditlə ödəmək təcrübəsi var. Ermənistan hökuməti isə bunun tam əksini edir. Halbuki, Rusiyanın krediti daha uzunmüddətli və ucuz idi (illik 4% olmaqla, 15 il müddətinə).
Görünür, ya Ermənistan iqtisadiyyatı, hətta o qədər də çox olmayan kreditləri belə effektli şəkildə qaytarmaq iqtidarında deyil, ya da Rusiya kreditinin vaxtından əvvəl ödənilməsi istəyi kreditin təyinatı üzrə xərclənmədiyini, daha doğrusu, Serj Sarqsyan və ətrafının cibinə qoyulduğunu gizlətmək məqsədi güdür. Həqiqətən də, Ermənistan prezidentinin Moskvada nümayiş etdirdiyi üzüyolalığa səbəb guya Rusiya prezidenti Vladimir Putinin təzyiq üçün Qarabağ amilindən istifadəsi deyil, bu cür faktların yer aldığı dosye ola bilər. Ola bilsin ki, Sarqsyan bu dosyenin ictimaiyyətə açıqlana bilənəcəyindən ehtiyatlanıb.
Amma Gömrük İttifaqına üzvlüyün xüsusi maddi-iqtisadi qazanc gətirmədiyi təqdirdə, Sarqsyanın Ermənistan qarşısında Avropa perspektivlərini bağlamasından heyrət içərisində olan əhali üçün hələ də "Qarabağ kartı"ndan istifadə olunur. Bu yerdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı Andrey Ruzinskinin səlahiyyətlərini aşan bəyanatının da heç bir yeri yoxdur. Söhbət onun Qarabağda hərbi əməliyyatların bərpa olunacağı təqdirdə, sözügedən bazanın əməliyyatlara müdaxilə edə biləcə-yinə dair açıqlamasından gedir. Onun ardınca Rusiya Dövlət Dumasının RLDP-dən olan deputatı Roman Xudyakov da bəyan edib ki, "Ermənistan Rusiya ilə birlikdə Qarabağın da Gömrük İttifaqına daxil edilməsi yolları haqda düşünməlidir. Əgər DQR Rusiyanın tərkibinə əlavə olunarsa, bütün digər dövlətlər bu problemə fərqli yanaşmağa başlayacaqlar.
MƏSLƏHƏT GÖR: