Müəllif: Mirabbas MƏMMƏDOV Bakı
1913-cü ildə Bakıda ictimaiyyətin diqqətini özünə cəlb etmiş bir neçə məhkəmə prosesi keçirilib. Onlardan biri də "Hacı İmaməli" məscidinin axundu Molla Ruhulla Axundovun qətli ilə bağlı baş tutub. Məscid Marinski və Karantin küçələrinin (indiki R.Rza və H.Aslanov küçələri - red.) kəsişməsində yerləşirdi. Axund 1912-ci il yanvarın 16-da öz mənzilində namaz qılan zaman öldürülmüşdü. Hadisə zamanı onun 14 yaşlı qızı Səfurə evdə olub. O, ilkin istintaq zamanı qətldən yarım saat əvvəl evə iki kişinin girdiyini bildirib. Onlar axundla nə haqdasa söhbət edibmiş. Atəş səsi eşidən Səfurə dərhal atasının otağına qaçıb və axundu dizləri üstə oturmuş vəziyyətdə görüb. Molla Ruhulla Axundovun ölümündən əvvəl dediyi son cümlə belə olub: "Allah bəlanızı versin"!
Elmli molla
Molla Ruhulla Axundov çox elmli din xadimi olub. O, təxminən, 20 il İranın müxtəlif dini təhsil mərkəzlərində oxuyub. Dini fanatizmə qarşı olan Axundov ma- arifçiliyi təbliğ edirdi. İctimaiyyət arasında o, müsəlman ruhanilərinin ən mütərəqqi nümayəndələrindən biri kimi tanınıb. O, hər zaman fanatikləri tənqid edir, cahil mollaların İslamı yanlış şərh etməsinə qarşı çıxır, dini xurafatı, müsəlman həyatının qaranlıq tərəflərini ifşa edirdi. Prixod mollası olan Ruhulla Axundov Bakının rus-tatar məktəblərində dərs də deyirdi. O, cəmiyyətin maariflənməsini, qadınların azadlığını təbliğ edirdi.
Molla Ruhulla Axundov tez-tez Azərbaycan nəşrlərinin səhifələrində çıxış edirdi və bu, o dövrün din xadimləri üçün nadir hal idi. Axundov fars və ərəb dillərində yazılmış kitabları Azərbaycan dilinə tərcümə edir, onları o qədər də geniş olmayan imkanları hesabına nəşr etdirir və əhaliyə paylayırdı. Axund Hacı Zeynalabdin Tağıyevin bioqrafiyasının müəllifi kimi də tanınırdı. Həmin kitab 1903-cü ildə Bakıda işıq üzü görmüşdü.
Axundovun qətli bütün Bakı ictimaiyyətini sarsıtmışdı. Özü də hadisədən sarsılanlar heç də yalnız müsəlmanlar deyildi. Molla Ruhaninin dəfn mərasimində 10 mindən artıq insan iştirak edirdi. Onların arasında qradonaçalnik Martınov, polismeyster Nazanski, şəhərin rəhbəri Rayevski, İranın konsulu, müəllimlər, ziyalılar, başda H.Z.Tağıyev olmaqla, xeyriyyə cəmiyyətlərinin nümayəndələri də var idi. Matəm yürüşü Şəhər Dumasının binası qarşısında (indiki Bakı Şəhər İcra Hakimiyyəti - red.) dayanıb. Burada Bakı qazisi Mirməhəmməd Kərim Mircəfərzadə namaz qılıb, daha sonra matəm mitinqi keçirilib. Mitinqdə ziyalılar adından Əlimərdan bəy Topçubaşov çıxış edib.
Molla Ruhulla Axundovun qətli ilə bağlı cinayət işinə Tiflisdən gəlmiş hakimlərdən ibarət dairə-hərbi məhkəməsi baxırdı. Proses İçərişəhərdə keçirilirdi. Qəzetlərin yazdığına görə, keçmiş Duma meydanı (hazırkı Gənclər meydanı - red.) insan kütləsi ilə dolu olur, qala qapıları isə atlı polis dəstələri tərəfindən ciddi mühafizə altında saxlanılırdı.
Müttəhimləri məhkəməyə gətirən və proses zamanı mühafizə edən konvoylar da gücləndirilmiş rejimdə işləyirdilər.
Bu cür ciddi ehtiyat tədbirlərinin görülməsi başadüşülən idi. Müttəhimlər kürsüsündə məşhur qoçu, Novxanı kəndinin sakini Hacı Məşədi Hacı oğlu və onun əlaltıları əyləşmişdilər. İlkin istintaqa ifadə vermiş, daha sonra isə məhkəmədə şahid kimi çıxış edən şəxslər onun Ruhulla Axundova nifrət etdiyini təsdiqləyirdilər. Bu nifrətin səbəbini isə məhkəmədə müsəlman ictimai xadimi, vəkil Mustafa bəy Əlibəyov detallarınadək danışmışdı.
Həlledici şikayət
Onun sözlərinə görə, 1906-cı ildə bəzi tanınmış müsəlmanlar Bakıda "Hidayət" cəmiyyətini yaradıblar. Cəmiyyətin məqsədi qətl, pul əldə etmək məqsədilə insan oğurluğu və digər cinayətləri həyata keçirənlərin təqib edilməsi idi. Onun rəhbərliyində həm mülki şəxslər, həm də ruhanilər yer alırdı. Molla Ruhulla Axundov da onlardan biri idi. Bakı qazisi Mirməhəmməd Kərim Mircəfərzadə cəmiyyətin sədri seçilmişdi. "Hida-yət"in İdarə Heyətində Hacı Zeynalabdin Tağıyevin olması, İsa bəy Mustafa bəy Əlibəyovun isə əvvəlcə qurumun katibi, sonradan isə vəkil postunu tutması cəmiyyətin nüfuzundan xəbər verirdi.
Mustafa bəy Əlibəyov məhkəmədə danışırdı ki, "Hidayət" cəmiyyətinin təsis olunması rəsmi dairələr tərəfindən müsbət qarşılanmışdı: "1903-1905-ci illərdə qətllər, talanlar, qanlı qisaslar o dərəcədə təhlükəli həddə çatmışdı ki, müsəlman ictimaiyyəti polislə birlikdə bu hallara qarşı mübarizə aparmaq haqda düşünməyə başlamışdı. Çünki bu vəziyyət əhalinin mənəvi və təsərrüfat baxımından tam intizamsız hala gəlməsinə yol açırdı. Biz yaranmış vəziyyəti müzakirə etmək üçün məscidə toplaşırdıq. Hər kəsin səbir kasası artıq dolmuşdu. Nəhayət, müsəlman əhali arasındakı şər elementlərlə mübarizənin aparılması üçün cəmiyyətin yaradılması qərarına gəldik. Ona ərəb dilindən tərcümədə "xilas" mənası verən "Hidayət" adı qoyuldu. Cəmiyyət fəaliyyətə başlar-başlamaz ona qoçuların əməllərindən çoxsaylı şikayətlər gəlməyə başladı. General-qubernator Fadeyevin simasında administrasiya cəmiyyətin vəzifə və məqsədlərinə müsbət yanaşırdı. Müsəlmanların cinayətləri ilə bağlı bütün şikayətlər rəy verilməsi üçün cəmiyyətə göndərilirdi. Fadeyev bizim rəylərimizlə hesablaşırdı".
M. Əlibəyov məhkəmədəki çıxışında 1906-cı il noyabrın əvvəllərində "Hidayət" cəmiyyətinə Novxanı kəndinin bir qrup sakini tərəfindən də şikayət gəldiyini bildirib. Onlar "Hacı Məşədi Hacı oğlundan xilas olunmalarını" istəyir, qoçunun kənd sakinlərinə qarşı terror həyata keçirdiyini bildirirdilər. Şikayət məktubunda Hacı Məşədinin çoxsaylı qətllər törətmiş dəstənin başında dayandığı qeyd olunurdu. Novxanılılar eyni məzmunlu şikayəti dövlət qurumlarına, məsələn, Bakı general-qubernatorluğuna da göndəribmişlər.
Cəmiyyətin İdarə Heyəti məsələnin araşdırılmasını Novxanı sakinlərini yaxşı tanıyan Molla Ruhulla Axundova tapşırır. Onun novxanılıları yaxşı tanıması bu kənddə bağ evinin olması ilə bağlı idi. Axundovun araşdırması kəndlilərin şikayətinin əsaslı olduğunu üzə çıxarır və o, vəziyyətlə bağlı ətraflı məruzə hazırlayır. Məruzəni müzakirə edən "Hidayət" cəmiyyəti Hacı Məşədi Hacı oğlunun Qafqaz ərazisindən çıxarılmasına dair ərizə hazırlanması qərarına gəlir. M.Əlibəyovun sözlərinə görə, məhz bundan sonra qoçuda Axundova qarşı nifrət yaranır və o, Molla Ruhullanı öldürmək qərarına gəlir. Əlibəyov ifadəsində bildirirdi ki, o vaxtdan dəfələrlə naməlum şəxslər Molla Ruhulla Axundovun yanına gələrək, Hacı Məşədi Hacı oğlundan onun öldürülməsinə dair təklif aldıqlarını, lakin bundan imtina etdiklərini bildirirmişlər. Xudaverdi adlı şahidlərdən biri məhkəməyə verdiyi ifadədə Axundun ölümünə görə ona 300 rubl mükafat vəd olunduğunu etiraf edib. Axundu öldürməkdən imtina etmiş daha bir şahid isə Hacı Məşədi tərəfindən pul oğurluğunda təqsirləndirilərək həbsə atılıbmış.
Bir müddət sonra "Hidayət" cəmiyyətinin qərarı təyinatı üzrə göndərilsə də, nəticə əldə olunmur. Sonradan məhkəmədə məlum olub ki, Hacı Məşədinin rəsmi şəxslərin yanında böyük nüfuzu var imiş. Bakı qəzasının rəisi Lazarev məhkəmədə Hacı Məşədinin polis əməkdaşı olduğu və ona xeyli kömək etdiyini bildirib. Administrasiyanın qərarına əsasən, Hacı Məşədiyə silah da verilibmiş. Lazerev ötən dövr ərzində Hacı Məşədinin əməllərində pis heç nə görmədiklərini, hətta onun Xalıq adlı məşhur cinayətkarın ələ keçirilməsinə köməklik göstərdiyini də söyləyib: "Təəssüf ki, quldur şəhər və məhəllə nəzarətçilərinin əlindən çıxaraq qaçmağa nail olub".
Pristav polkovnik Poltoratski də Hacı Məşədi haqda müsbət ifadə verib, onu "cinayətkarların axtarışında polis üçün qiymətli köməkçi" adlandırıb.
Polkovnik-leytenant Martınovun Bakı qradonaçalniki təyin olunması ilə vəziyyət dəyişib. "Hidayət" cəmiyyətinin müraciəti əsasında Hacı Məşədi Hacı oğlu və qardaşı Əlibaba 1909-cu ilin dekabrında həbs ediliblər. 1911-ci iln yanvarın 23-də qəbul edilmiş qərar isə onların Bakıda yaşamalarını qadağan edib. Nəticədə, onlar sözügedən əraziyə daxil olmayan Hökməli kəndində yaşamağa başlayıblar.
İstintaq Molla Ruhulla Axundovun sənədləri arasında onun qradonaçalnikə yazdığı müraciətin qaralama variantını tapmışdı. Orada Hacı Məşədinin cinayətkar əməllərindən bəhs olunurdu. Axund müraciətinin sonunda yazırdı: "Sizə bu haqda məlumat verməklə, sizi məsələni araşdırmağa çağırmıram. Çünki şahidlərdən heç biri qorxusundan heç nə danışmayacaq. Yalnız bir şeyi demək istəyirəm ki, mənim ondan və onun adamlarından başqa düşmənim yoxdur. Mənim və ya övladlarımın qətlə yetiriləcəkləri təqdirdə, yalnız onu günahkar saymanızı xahiş edirəm. Ümid edirəm ki, mənə inanacaqsınız". İstintaqçılar məktubun orijinalını qradonaçalnikin dəftərxanasından tapıblar.
Məhkəmədə cinayətkarı Bakının tanınmış vəkilləri - knyaz Baratov, Makalinski, Leontoviç və Klank müdafiə edirdilər. Lakin onlar müttəhimlərin günahsızlığını sübuta yetirə bilmədilər. Nəticədə, Hacı Məşədi Hacı oğlu və üç əlaltısı barəsində hər biri 20 il müddətinə sürgün qərarı çıxarıldı.
MƏSLƏHƏT GÖR: