Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Son onillikdə hasilat sahəsindəki sürətlə irəliləmə və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində artıq uzun illərdir ki, Azərbaycanla Qazaxıstanı postsovet məkanında iqtisadi inkişaf templərinə görə ardıcıl olaraq ilk yerləri tuturlar. Bakı ilə Astananın qarşıya qoyduqları prioritetlərdən biri də çoxqütblü nəqliyyat infrastrukturunun formalaşdırılmasıdır. Artıq yaxın zamanlarda bu işlər iki ölkəni Qərb, Şərq və Cənub arasındakı ticarət yollarının böyük bir hissəsini birləşdirən regional xaba çevirməlidir.
Avropa ilə Asiya arasında körpü
Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin tranzit potensialının gücləndirilməsi baxımından Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) önəminə qiymət vermək çətindir. Son illərdə Xəzəryanı ölkələrdən Avropa istiqamətində daşınan illik karbohidrogen xammalının beşdə dördü bu dəhlizin payına düşür. Eyni zamanda hazır (qeyri-xammal) məhsullarının daşınmasında da nəzərəçarpacaq artım var. Söhbət, ilk növbədə, Çindən Avropaya daşınan konteynerlərin tranzitindən gedir.
Gələn il Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun və "Yeni Bakı" Beynəlxalq Ticarət Limanının ilk obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur.
Yaxın iki ildə Qazaxıstanda və həmsərhəd ölkələrdə yeni dəmiryol xətləri - Jezkazqan-Beyneu və Uzen-Qorqan istismara veriləcək, Aktau limanı genişləndiriləcək. Nəticədə, Xəzər dənizinin şərq və qərb sahillərinin nəqliyyat infrastrukturu potensialının birləşdirilməsindən sonra bu geniş regionda TRACECA dəhlizi ilə tranzit yük daşımaları üçün prinsipial əhəmiyyətli yeni imkanlar yaranacaq.
Mövcud nəqliyyat potensialından tam istifadə olunması üçün ötən ilin noyabrında Qazaxıstan, Azərbaycan və onların TRACECA dəhlizi üzrə tərəfdaşları arasında yeni logistik Silk Wind marşrutunun yaradılmasına dair memorandum imzalanıb. Məqsəd Asiyadan Avropaya dəmir yolu və bərələr vasitəsilə yüklərin daşınmasıdır.
Noyabrın əvvəlində Astanada keçirilmiş II Beynəlxalq Nəqliyyat və Logistika biznes-forumunda milli dəmir yolu şirkətləri olan "Qazaxıstan Dəmir Yolları", "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" SC-nin rəhbərləri Transxəzər Beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin yaradılmasına dair razılaşma imzalayıblar. Sənəd effektiv milli strukturun yaradılmasını nəzərdə tutur. Onun əsas vəzifəsi marşruta qeyri-neft yüklərinin cəlbi olacaq. Koordinasiya komitəsinin vəzifələrinə vahid tariflərin müəyyənləşdirilməsi üçün müvafiq qiymət siyasətinin aparılması, inzibati gömrük və sərhəd prosedurlarının sadələşdirilməsilə marşrutun ümumi rəqabətədavamlılığının təmini, daşımaların rəsmiləşdirilməsi, birgə inteqrasiya olunmuş logistik məhsulun formalaşdırılması da daxildir. Müqaviləyə əsasən, onun imzalanmasından sonrakı 30 gün ərzində işçi qrupu yaradılacaq. Komitənin əsasnaməsini də məhz bu qrup hazırlayacaq. Sonunda bu marşrut kifayət qədər qısa və təhlükəsiz tranzit dəhlizidir. O, Şərqlə Qərb arasında digər iki marşruta alternativ olacaq. Söhbət Transokean daşımaları və Transsibir magistralından gedir. Razılaşmanı imzalamış tərəflər bu təşəbbüsün TRACECA dəhlizi vasitəsilə yalnız Mərkəzi Asiyadan deyil, Çindən də yüklərin daşınacağını, sonradan buraya Cənub-Şərqi Asiyanın digər ölkələrinin də (xüsusilə konteynərlərin) qoşulacağını düşünürlər. TRACECA dəhlizinin strateji bəndi olan Transxəzər beynəlxalq nəqliyyat marşrutu ildə 15 milyon tondan artıq yük daşımaları potensialına malikdir. O, Çin, Qazaxıstan, Türkmənistan, İran, Fars körfəzi ölkələri, Cənubi Qafqaz, Türkiyə və Avropa ölkələrinin yük göndərənlərilə qəbul edənlərini əlaqələndirmək iqtidarındadır.
"Proqnozlara görə, yalnız Çinlə Türkiyə arasında ticarət dövriyyəsi artaraq 2023-cü ildə hazırkı 24 milyard dollardan 100 milyard dollara çata bilər", - deyə "Qazaxıstan Dəmir Yolları" SC-nin prezidenti Əsgər Mamin bildirir.
Yeni marşruta Dünya okeanına çıxışı olmayan Mərkəzi Asiya ölkələrinin marağı da böyükdür. Məsələn, Türkmənistan və Özbəkistan rəhbərliyi Navoi-Türkmənbaşı-Bakı-Tiflis-Qars nəqliyyat layihəsinin reallaşdırılmasına hazır olduqlarını bəyan ediblər. Bu, pambıq və digər aqrar xammal məhsullarının beynəlxalq bazarlara çıxarılmasını xeyli yüngülləşdirərdi. Beynəlxalq bazara buğda, mədən konsentratları, kömür və digər quru yükləri çıxarmaqda maraqlı olan Qazaxıstan da layihəyə maraq göstərənlər sırasındadır. Bundan başqa, dəhliz əks istiqamətdə Köhnə Dünyadan Mərkəzi Asiyaya və Əfqanıstana ciddi həcmdə sənaye məhsullarının, istehlak mallarının daşınması baxımından son dərəcə cəlbedicidir. Ümumi uzunluğu 4192 kilometr olan "Yeni İpək Yolu"nda yüklərin çatdırılmasının maksimal müddəti 12 gündür. Bu, rəqib marşrutlarla müqayisədə xeyli azdır. Layihənin reallaşdırılması zamanı yeni infrastruktur obyektlərinin inşası da nəzərdə tutulub: Jezkazqan-Beyneu dəmir yolu, Qazaxıstanda müasirləşdirilmiş Aktau limanı, Ələtdə "Yeni Bakı" beynəlxalq dəniz limanı, həmçinin Bakı-Tiflis-Qars dəmir yolu və bu günlərdə istifadəyə verilmiş, Bosfor boğazının altından keçən "Marmaray" sürətli dəmir yolu tuneli. "Yeni İpək Yolu" marşrutunun əsas elementi multmodal yüklənmə sxemli dəmiryolu - bərə sürət blok-qatarların istismara buraxılması olacaq. Yeni təsis olunan koordinasiya komitəsinin məqsədlərindən biri də Silk Wind qatarının maksimum yüklənilməsidir. Bunun üçün dəhlizə yük axınını cəlb etmək məqsədilə ilkin informasiya mübadiləsi sistemi təkmilləşdirilməlidir. Silk Wind marşrutunun tam gücü ilə işləməsi üçün həlli ən vacib olan problem region ölkələri arasında gömrük və sərhəd əməliyyatlarının sinxronlaşdırılmamış olmasıdır. Söhbət sərhədin digər tərəfindəki gömrük xidmətinin aparılan yükün həcmi və xarakteri haqda əvvəlcədən məlumatlandırılmasından, xüsusilə təkərli avtonəqliyyat vasitələrilə yük axınının RO-RO gəmilərilə və bərə daşımaları ilə fasiləsizliyinin təmin olunmasından gedir. Standart uzunluğa malik iki və ya daha artıq qatardan ibarət Silk Wind blok-qatarın müntəzəm sürətdə hərəkətini təmin etmək üçün koordinasiya komitəsi dəhlizə daxil olan dövlətlərin sərhədlərinin keçilməsi müddətini minimuma endirməyə nail olmalıdır. Bir neçə nöqtədə qatarların yenidən təşkili, yüklənməsi üçün sərf olunan müddətin optimallaşdırılması da vacibdir. Misal kimi, Çinlə sərhədin keçilməsini, Aktauda liman əməliyyatlarını göstərmək olar. Məsələn, məhz Aktauda yük RO-RO tipli gəmiyə və ya Bakıyadək bərəyə yüklənir, Bakıdan isə Tiflisə, oradan yeni BTQ xəttilə Türkiyə və Avropaya daşınır. Maraqlıdır ki, tarif cədvəlinin optimallaşdırılması, sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi, həmçinin "Böyük İpək Yolu" məkanında yeni tranzit sistemlərinin formalaşdırılması haqda müzakirələr noyabrın 14-də Qəbələdə "İpək Yolu" ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair 6-cı Beynəlxalq Forumda da müzakirə edilib.
BTC neft tranzitini cəlb edir
Azərbaycanın Mərkəzi Asiya ölkələrilə karbohidrogen xammalının Avropa istiqamətində daşınması sahəsində də əməkdaşlığı fəal şəkildə inkişaf edir. Nəzərə almaq lazımdır ki, Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin bugünkü gücü Azərbaycan neftinin real ixrac həcmindən artıqdır. Boru xəttinin fəaliyyətinin optimallaşdırılması məqsədilə operator oraya üçüncü ölkələrdən əlavə neftin vurulmasında maraqlıdır. Artıq bir neçə ildir ki, BTC Türkmənistanın Xəzər dənizindəki yataqlarından neftin tranziti məqsədilə də istifadə olunur. Türkmənistan nefti BTC-yə 2010-cu ildən vurulmağa başlayıb və o vaxtdan hər il bu boru xəttilə nəql olunan Türkmənistan neftinin həcmi artır. Bu ilin əvvəlindən boru xətti sistemilə ixrac 2,3 milyon tonu ötüb. SOCAR-ın məlumatına görə, ötən ilin yekununda Türkmənistan neftinin BTC ilə nəqlinin həcmi 3 milyon tonu keçib. Bu neftin əsas tədarükçüsünün yeni obyektlər tikən, Xəzərin Türkmənistan sektorunda hasilatı getdikcə artıran "Dragon Oil" şirkəti olduğunu nəzərə alsaq, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisilə neft nəqlinin həcminin getdikcə çoxalacağını proqnozlaşdırmaq mümkündür.
Neft tranzitinin bərpası ilə bağlı Azərbaycanı qonşu Qazaxıstanla daha perspektivli planlar bağlayır. Bu yaxınlarda Aktau dəniz limanının və nəhəng neft-qaz hasilatı şirkəti olan "Tengizchevroil" birgə müəssisəsinin təmsilçiləri Cross Caspian və BTC neft kəməri şirkətilə müqavilə imzalayıblar. Sənədə əsasən, 2014-cü ildən Azərbaycan vasitəsilə hər il 4 milyon ton neft daşınacaq. Qərb istiqamətində nəql ediləcək ümumi neftin 3 milyon tonu BTC sisteminə vurulacaq, yerdə qalanı isə dəmir yolu ilə Azərbaycan və Gürcüstandan tranzit kimi keçməklə, Gürcüstanın Kulevi limanına daşınacaq. Dəmir yolu daşımalarını SOCAR və "AzTransRail"in birgə müəssisəsi olan “Cross Caspian Oil and Gas Logistics” həyata keçirəcək.
Bu layihə Qazaxıstanın qərbindəki "Kaşaqan" və "Tengiz" yataqlarından karbohidrogen xammalının ixracı üzrə daha nəhəng transxəzər marşrutunun tərkib hissəsidir. "Tengizchevroil" BM Qazaxıstanın quruda yerləşən nəhəng "Tengiz" yatağını işləyir. Onun neft ehtiyatının 750 milyon - 1,1 milyard ton arasında olduğu bildirilir. "Tengiz"dən hasil olunacaq neftin ixracı üçün əsas marşrut Rusiya ərazisindən keçən Xəzər Boru Kəməri Konsorsiumu olub və olaraq qalır. Neft hasilatının həcmini ildən-ilə artıran şirkət artıq yatağın işlənilməsi üzrə üçüncü fazaya start verib. Bu, hasilat həcmini ildə 26 milyon tondan 38 milyon tona qaldırmağa imkan verir. Amma artıq bu gün Xəzər Boru Kəməri Konsorsiumu "Ten- giz" yatağından çıxarılan neftin hamısının nəqli üçün kifayət etmir. Bu marşrutun imkanlarının artırılması layihəsinin reallaşdırılması hələ ki, ləngiyir. Odur ki, BTC sistemilə neft tranziti üçün imkanlar artmaqdadır.
MƏSLƏHƏT GÖR: