Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
"Balıq daha dərin, insan daha yaxşı yer axtarar". Məhz bu atalar sözləri mühacirətin fəlsəfi-sosial səbəblərini daha geniş formalaşdırır.
BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin hesabatına əsasən, dünyada mühacirlərin sayı 232 mln. nəfər və ya Yer əhalisinin 3,2%-ni təşkil edir. Bununla yanaşı, onların minimum yarısı - əmək mühacirləridir. Bu göstəricinin artımı əvvəlki sürətlə davam edərsə, 2050-ci ildə o, 400 mln. nəfərə çatacaq.
Dünya Bankının məlumatlarına görə, 2013-cü ildə mühacirlər bütün dünyada 550 mlrd. dollar məbləğində pul köçürmələri həyata keçirəcəklər. Eyni zamanda köçürmələrin böyük hissəsi inkişaf etməkdə olan ölkələrin mühacirlərinin payına düşür - 414 mlrd. dollar. 2016-cı ilə qədər mühacirlərin köçürmələrinin həcmi isə 700 mlrd. dollar, inkişaf etməkdə olan ölkələrin mühacirlərinin isə - 550 mlrd. dollara çatacaq.
Əlavə olaraq, pul köçürmələrini əsas alan ölkələrin siyahısı işçi qüvvəsinin əsas tədarükçülərinin mənzərəsini aşkar etməyə imkan verir. Belə ki, DB-nin məlumatlarına əsasən, 2013-cü ildə köçürmələri əsas qəbul edənlər - Hindistan (təxminən, 71 mlrd. dollar), Çin (60 mlrd. dollar), Filippin (26 mlrd. dollar), Meksika (22 mlrd. dollar), Nigeriya (21 mlrd. dollar) və Misirdir (20 mlrd. dollar). Digər yer alan ölkələr isə Pakistan, Banqladeş, Vyetnam və Ukraynadır.
Hələ 10-15 il əvvəl əmək mühacirlərinin problemi Azərbaycanı narahat etmirdi, çünki ciddi olaraq belə bir problem mövcud deyildi də. Lakin sürətli iqtisadi artım, iş yerlərinin sayının hiss ediləcək artımı ilə müşayiət olunan irimiqyaslı infrastruktur layihələri, Azərbaycanı əmək mühacirləri üçün yağlı tikəyə çevirdi.
Bu sahədə mümkün problemləri və onların həlli yollarının zəruriliyinə diqqəti Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ildə Dövlət Miqrasiya Xidmətini yaradaraq artırdı.
Əmək mühacirlərinin axını hələ xarici şirkətlərin cəlb olunduğu ölkənin neft-qaz resurslarının fəal şəkildə mənimsənilməsi ilə bağlı gözlənilirdi. Amma hələ o vaxt ayrıca yataqların istismarı üçün müqavilələr imzalanarkən şərt kəsilirdi ki, fəal hasilat dövründə yerli kadrların payı 90%-ə çatmalıdır.
Və ilk illər bu göstərici, demək olar ki, real hesab edilməsə də, hazırda yerli kadrların potensial səviyyəsi çox artıb.
Yerli kadrların ixtisaslaşmasının artırılması sahəsində pioner SOCAR və BP oldu. Hər bir şirkət yerli gəncləri işə cəlb etmək üçün ayrılıqda təhsil və təqaüd proqramları həyata keçirir.
Lakin birgə çalışmağın da zamanı yetişdi, SOCAR və BP noyabrın 14-də bu məqsədlə üç sənəd imzaladı: kadrların milliləşdirilməsi məsələləri üzrə əməkdaşlığa dair protokol; Qobustan regional tədris mərkəzində təhsil sahəsində əməkdaşlıq üzrə qarşılıqlı Anlaşma Memorandumu; Bakı Ali Neft Məktəbində təhsil sahəsində əməkdaşlığa dair qarşılıqlı Anlaşma Memorandumu.
Bu protokollar yerli kadrların inkişafı üzrə birgə işi, onların Azərbaycanda layihələrin icra edilməsinə cəlb edilməsi, Bakı ali neft məktəbinin ayrıca təhsil proqramlarının reallaşdırılması, eləcə də Səngəçal terminalına yaxın qəsəbələrdə yaşayan 100 nəfərin ixtisas artımı üzrə kurslar və treninqlərə cəlb olunmasını nəzərdə tutur.
Razılaşmaların imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev qeyd edib ki, şirkət ixtisaslı kadr çatışmazlığı ilə üzləşir və 2005-ci ildən onların hazırlanması məsələsinə xüsusi diqqət ayırır. "Bu sahədə ölkənin Təhsil Nazirliyi ilə islahatlar və PTM və texnikumların təkmilləşdirilməsi sahəsində əməkdaşlığını qeyd etmək istərdim. 2005-ci ildən dünyanın 20 universitetində 300-dən artıq azərbaycanlı tələbə təhsil alıb. Onlar indi ölkədə işləyirlər.
Bundan başqa, SOCAR Azərbaycan ali təhsil ocaqlarında 1500 tələbənin cəlb olunduğu təqaüd proqramı da həyata keçirir. Onlardan 150 nəfər hazırda SOCAR-da işləyir. İmzalanmış müqavilələrin əsas məqsədi - yerli peşəkar kadrların inkişafı və Azərbaycanda neft müqavilələri çərçivəsində əmək mühacirlərinin sayının azaldılmasıdır.
" Neft-qaz layihələrində əcnəbi işçi qruplarının yerli kadrlarla tədricən əvəz olunması məsələsinin həllinə diqqət artırılacaq. Bu isə tərəfdaşlar arasında imzalanmış hasilatın bölünməsi və digər müqavilələrə dair razılaşmalar, bununla bağlı tədris proseslərinin təşkili, tərəfdaşlarla əməkdaşlığın yaradılması və inkişafı, bu sahələrdə informasiya mübadiləsi və digər məsələlər əsasında baş tutacaq", - deyə Abdullayev bildirib.
O, qeyd edib ki, Azərbaycanda əmək bazarının hüquqi əsaslarının qorunması, neft-qaz sektorunda işləyən xarici şirkətlər üçün miqrasiya qanunvericiliyinə əməl edilməsi məcburi olmalıdır. Dövlət Miqrasiya Xidmətinin miqrasiya məsələləri üzrə rəisi İsmayıl Allahverdiyev ümid edir ki, imzalanmış sənədlər azərbaycanlı peşəkarların transmilli şirkətlərin neft-qaz əməliyyatlarında daha effektli işləmələri üçün imkanlar yaradacaq.
Mərasimdən sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrelin dediyi kimi, bu sənədlərin imzalanması şirkətin üzərinə götürdüyü öhdəliklər və BP-nin əməliyyatlarına cəlb olunan milli kadrlar üzrə uzunmüddətli strategiya çərçivəsində həyata keçirilir.
"Hazırda BP şirkətinin bilavasitə əməkdaşları olan Azərbaycan vətəndaşlarının sayı 2 798 nəfərdir. Eyni zamanda şirkətin 84% daimi ixtisaslaşmış əməkdaşlarını yerli mütəxəssislər təşkil edir", - deyə o, qeyd edib.
Onun sözlərinə görə, BP istər Azərbaycanda, istərsə də ondan kənarda yerli kadrların cəlb olunması üzrə bütün mümkün imkanları geniş şəkildə istifadə edir. Bunun nəticəsində, 2013-cü ilin əvvəlindən şirkət işə 300 nəfər Azərbaycan vətəndaşı, o cümlədən 100 təcrübəli əməkdaş, 100 texnik və 85 gənc mütəxəssis götürüb.
Bundan başqa, BP şirkəti 2014 -2018-ci illər kadrların milliləşdirilməsi üzrə beşillik plan hazırlayıb. "Bu plana uyğun olaraq 2018-ci ilin sonuna qədər şirkətin bütün mütəxəssislərinin 90%-ni yerli kadrlar təşkil edəcək. Bu o deməkdir ki, bir sıra vəzifələrdə yerli mütəxəssisləri xarici mütəxəssislər əvəz edir. Şirkətin qeyri-ixtisaslaşmış işçilərinin 100%-ni yerli sakinlər təşkil edəcək", - deyə o, əlavə edib.
SOCAR da, öz növbəsində, milli kadrların hazırlanması üzrə plan hazırlayıb. Plana yerli peşəkar kadrların məlumatlar bazasının yaradılması, tədris, attestasiya, ixtisas artırma və s. daxildir. Bu mühüm cəhətlərdən biri də əmək mühacirliyi məsələlərinin həllidir.
Bununla əlaqədar olaraq, SOCAR vasitəçiliyi ilə xarici vətəndaş üçün əmək fəaliyyətinə dair icazə alınması prosedurunun sadələşdirilməsi nəzərdə tutulub.
SOCAR-ın investisiyaların idarə olunması üzrə rəis müavini Teymur Mahmudovun kadrların milliləşdirilməsi üzrə planın təqdimatı zamanı məlumat verdiyi kimi, şirkət kadrlar üzrə məlumatlar bazasını neft-qaz sahəsi üzrə yaradıb. "Biz bu məlumatlar bazasını genişləndirmək və tərəfdaşlarımızın bu bazaya girişini təmin etmək niyyətindəyik ", - deyə T. Mahmudov bildirib.
Məsələn, xarici şirkətə müəyyən ixtisaslı işçi lazımdır və o, həmin işçini yerli bazarda tapa bilmir. Bu cür hallarda şirkət tələblərindən ibarət siyahı ilə SOCAR-a müraciət edir.
"Biz verilən tələblərin uyğunluğunu bazamız üzrə yoxlayacağıq, tələblərə cavab verən namizədlər olduğu təqdirdə, onları xarici şirkətə təqdim edəcəyik. Azərbaycanda belə kadr tapılmazsa, Dövlət Miqrasiya Xidmətinə (DMX) xarici vətəndaşa əmək fəaliyyəti üçün icazə verməsi üçün tövsiyə edəcəyik. Bütün sənəd dövriyyəsi elektron əsasda aparılacaq. Bu ümumi sistemə DMX də 2014-cü ildə qoşacağıq ", - deyə T. Mahmudov bildirib. O, qeyd edib ki, SOCAR-ın tövsiyəsi icazə alma prosesini xeyli dərəcədə sadələşdirəcək.
Eyni zamanda SOCAR xarici şirkətlərin ayrıca işçilərinin sertifikasiyası üçün öz tədris mərkəzlərinin xidmətlərini də fəal şəkildə təqdim edir. "Bütün bu mərkəzlər beynəlxalq təşkilatların attestasiyasını keçiblər. Bu vaxta qədər şirkətlər ixtisaslı işçilərin cəlb olunması zəruri olan hallarda, onları attestasiya keçmək üçün xaricə göndərməli və ya xarici mütəxəssisləri cəlb etməli olurdular. İndi isə SOCAR-ın tədris mərkəzi, demək olar ki, istənilən peşə üzrə işçilərin sertifikatlaşdırılmasını keçirməyə hazırdır. Hətta hazırda bu və ya digər peşə ixtisaslaşdırmağa imkanlarımız yoxdursa, biz beynəlxalq mərkəzlərdə akkreditasiyadan keçə bilər və sertifikasiyanı burada keçirə bilərik", - deyə SOCAR-ın nümayəndəsi bildirib.
Eyni zamanda o, qeyd edib ki, hazırda yerli kadrların müddəti bir ilə qədər olan qısamüddətli layihələrə cəlb olunmasında problemlər müşahidə olunur. "Bu sahədə biz maarifləndirmə işləri aparmaq niyyətindəyik. Həmçinin tərəfdaşlarımız ilə bu cür kadrların hazırlanması üçün işləyəcəyik",- deyə o, bildirib.
Hökumətin iş yerlərinin yaradılması üzrə birgə uğurlu səylərlə bu planların həyata keçirilməsi, perspektivli yerli gəncləri Azərbaycanda yüksək maaşlı işlərə cəlb olunmasına imkan verəcək. Təbii ki, bu, əhalinin ümumi təhsil səviyyəsinin artmasına və ölkədə yoxsulluq və işsizliyin azaldılmasında öz əksini tapacaq. Deməli, Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi haqda irəli sürdüyü şüar - bu gün reallığa çevrilir.
MƏSLƏHƏT GÖR: