Müəllif: Vəfa ZEYNALOVA Bakı
Adi şəhər mənzərəsi - göydələnlər və yaşayış məntəqələrinin dəyişməz görüntüsü - bir çox hallarda ağzınadək dolub-daşan zibil qutuları... Onların vasitəsilə əksər sakinlərin yalnız hansı mağazalardan mal aldıqlarını deyil, həyat tərzlərini də müəyyənləşdirmək olur. Bir çox hallarda, xüsusilə köhnə evlərin qarşısındakı zibil qutularında, üst-üstə yığılıb-qalmış köhnə mallarla dolu bağlamalara, köhnəlmiş kitablar yığınına və insanı istər-istəməz kədərləndirən köhnə, vaxtilə sevilən, indi isə atılan oyuncaqlara rast gəlinir. Hələ dünən hansısa uşağın ən sevimli dostu olan, onun bütün sirlərini, xəlvəti işlərini "bilən" kukla və ya oyuncaq maşın indi ömrünü zibil qutusunda davam etdirir. Amma zaman keçir, uşaqlar böyüyür və yaşları artdıqca onlar sadəlövhlüklərini, dünyaya açıqlığını bir qədər itirirlər. Ən yaxşı halda onlar oyuncaqlarını "irsən" kiçik qardaş və bacılarına ötürür, əksər hallarda isə "dostlar"ı ya şkaflarda toz basır, ya da zibilliyə atılır. Eyni sözləri köhnə geyimlərə, kitablara, məişət əşyalarına da aid etmək olar. Zibilliklərdə tez-tez bu əşyaları istifadəyə kifayət qədər yararlı halda tapmaq mümkündür. Onların arasında işlək mexanizmlərə, məişət cihazlarına da rast gəlinir.
Köhnəyə qayıdış
Dahi Leonardo da Vinçi deyirdi ki, bir əşya il ərzində istifadəsiz qalıbsa, onu atmağın vaxtıdır. Yaponların ənənəsinə görə isə Yeni ilin gəlişi ilə evdəki köhnə əşyaları atırlar. Guya onlar müsbət enerjinin qarşısını alır.
Bizim aclığın hökm sürdüyü müharibəsonrası illəri yaşamış nənələrimiz və babalarımız, total defisit dövründə yaşamış valideynlərimiz bizi qənaətcilliyə öyrədiblər. Oyuncaqlar daha kiçiklərə ötürülür, köhnə geyimlər tikilərək yeni görkəmə salınır, sınmış məişət cihazları təmizlənir və bərpa edilirdi. Bu cür yanaşma yalnız iqtisadi baxımdan və elementar olaraq, ustanın işinə hörmət nöqteyi-nəzərindən qiymətli deyil. Bu, ekoloji baxımdan da daha yaxşı haldır. Çünki istehlak artığı, həm də, məişət tullantılarının çoxluğu deməkdir. Amma indiki bolluq şəraitində köhnə əşyalara ehtiyac qalmır. Çünki indi xarab olmuş əşyaların əvəzinə hər zövqə və cibə uyğun yeni mal tapmaq mümkündür.
Bəs köhnə əşyalardan, oyuncaqlardan və məişət əşyalarından fərqli formada istifadə etmək mümkündürsə, onlardan bu cür qeyri-rasional formada qurtulmaq lazımdırmı? "Taleyin ümidinə atılmış" əşyaları hansı gələcək gözləyir?
İşlənmiş əşyalar bazarı
Müharibə, defisit, böhran illərində insanlar qazanc əldə etmək üçün əllərində olan qiymətli əşyaları satırdılar. Bəzən bu, həqiqətən qiymətli, antikvar əşyalar, zərgərlik məmulatları, bəzən hansısa dəbdəbəli büllur, servislər, geyimlər olurdu. İndinin özündə də bütün dünyada iri şəhərlərdə işlənmiş əşya bazarları var. Orada ticarət aparan şəxslərin məqsədi heç də hər zaman çörəkpulu əldə etmək olmur. Belə məkanlarda bacarıqlı insanlar təsərrüfatda lazım olan əşyaları sərfəli qiymətə taparaq əldə edir, sovet istehsalı olan məhsulların həvəskarları isə SSRİ dövrünə aid nə desən tapırlar. Məntiqi olaraq, postsovet ölkələrindəki bu cür bazarlar turistlər arasında böyük populyarlığa malikdir. Proletar sənayesinə aid kələ-kötür məhsullar isə burada əsl yadigar kimi qiymətlidir. Təbii ki, malın yaşı nə qədər çoxdursa, qiyməti də o qədər yüksəkdir. Böyük Vətən müharibəsi dövrünə aid mallar xüsusilə populyardır. Qədim fototexnika, nişanlar, sikkələr istənilən kolleksiyaçının ciddi maraq göstərdiyi əşyalardır. Qədim örtüklərlə bütöv bir nəslin tarixini izləmək olur; könhə və bəzən, hətta, sınıq qab-qacaq həvəskarların nəzərində çox dəyərlidir; gümüş stəkanaltı; vaxtilə qonaq otaqlarının əvəzedilməz bəzəyi olmuş çini fiqurlar; nənələrimizdən qalmış krujeva salfetlər; vaxtilə defisit sayılan alman oyuncaqları; dost sosialist düşərgənin istehsalı olan rezin kuklalar, sevimli plüş ayı balaları, kaleydeskoplar, durbinlər... Bir sözlə, nəslin tarixini izləməyi mümkün edən hər şey...
Bu gür bazar Bakıda da var. Çoxları bundan xəbərsizdir. O, Sabunçu stansiyasında yerləşir. Sovet İttifaqını xatırlamaq istəyən paytaxtın qonaqları da, Bakı sakinləri də bu əntiq bazarına baş çəkə bilərlər. Burada münasib qiymətə nəinki qədimi, melomanların ürəyincə olan plastinkalar, orijinal hədiyyələr və suvenirlər, həm də məişətdə istifadə üçün yararlı olan əşyalar da tapmaq mümkündür. Satıcılardan biri - Vitya dayı sovet dönəminə aid suvenirlər satır. Onun əsas müştəriləri şəhərin mərkəzi hissələrində suvenir satan şəxslərdir. Onlar Sabunçudan malı ucuz qiymətə alır, onu bir qədər baha qiymətə xarici turistlərə satırlar.
Kolleksiya əşyaları satan digər satıcı Mahir bazar günlərində 20-30 manat qazandığını deyir. O, diafilmlərlə birlikdə diaproyektorlar, patefonlar və s. satır.
Yəqin ki, çoxmərtəbəli binaların girişində bir çoxunuz qədim sikkə, medal, samovar və sovet dövrünə aid digər əşyaların alışına dair vurulmuş elanları görmüsünüz. Bir çox evdə bu cür əşyalara rast gəlimək mümkündür. Odur ki, bu, sizin artıq lazımsız saydığınız bir çox əşyadan xilas olmanız üçün ən yaxşı yoldur.
Sosial şəbəkələr
Müxtəlif mövzulara aid bölmələri olan sosial şəbəkələrin peyda olması həm insanlar arasında dialoqu, həm də lazımi informasiya axtarışını xeyli sadələşdirib. İndi əntiq həvəskarları evdən çıxmadan da bir-biri ilə təmas qurmaq və "lazımsız şeylər"i dəyişə bilirlir. Maraqlıdır ki, hazırda qədim oyuncaqların həvəskarları da kifayət qədər çoxdur. Burada söhbət yalnız kolleksiyaçılardan deyil, həm də geri qayıtmayacaq uşaqlığın həsrətini çəkən insanlardan, yaxud sadəcə övladlarına öz uşaqlığının sevincini yaşatmaq istəyənlərdən də gedir. Onlar cüzi məbləğ ödəməklə sizin üçün ciddi bir dəyəri olmayan, amma kimlər üçünsə fərqli önəm daşıyan əşyaları, oyuncaqları əldə etməyə hazırdırlar.
Uşaq əşyalarının pulsuz verilməsi və mübadiləsi prosesi də populyardır: övladları böyümüş analar ehtiyacı olan digər körpələri az işlənmiş çoxlu sayda oyuncaqla, di- gər əşyalarla təmin edə bilər. "Daim forumlardayam", - deyə gənc ana Solmaz Mövsümova danışır: "Uşaqlar sürətlə böyüyür və onlar daim nəsə tələb edir. Forumlarda ucuz qiymətə qarderobu doldura bilirəm".
Son zamanlar özünəməxsus fleşmoblar da dəbə minməkdədir: insanlar özlərinə lazım olmayan mallarının şəklini İnternetə yerləşdirir. Arzulayan şəxslər onları ya pulsuz, ya da ucuz qiymətə əldə edə bilirlər. Artıq qeyd edildiyi kimi, hazırkı bolluq şəraitində geyim və ya oyuncaqlar çox köhnəlmir və onlardan kimlərinsə istifadəsi mümkün olur. Oxunmuş kitabların mübadiləsi artıq çoxdan İnternetin xoş ənənəsinə çevrilib: hər halda, kitabın oxumaq istəyənə və ya kitabxanaya verilməsi onu günəbaxan tumu satanların necə cırmasını görməkdən daha xoşdur.
Sosial şəbəkələrdə fəal olmayanlar, oradan informasiya əldə edə bilməyənlər köhnə və lazımsız əşyalarını məscidlərə, kilsələrə də verirlər. "Mən köhnə geyimləri həmişə kilsəyə aparıram", - deyə Bakı sakini Nadejda Kolesnikova bildirir: "Keşiş və kilsə qulluqçuları kilsədəki dindarlardan hansıların daha yoxsul olduğunu bilir və paltarları onlara paylayırlar".
Xeyriyyəçilik
Cəmiyyətdə yetimlərin, evsizlərin və digər aztəminatlı təbəqələrin vəzyyətinə biganə olmayan şəxslər hər zaman var. Bu insanlar qeyd olunan təbəqədən olanların həyatında fəal iştirak edir, onlara bacardıqları yardımı göstərirlər. Yetimlər, uşaq evlərinin sakinləri, qocalar evlərində yaşayanlar çox tez-tez geyimə, oyuncaqlara, həyat üçün vacib olan əşyalara ciddi ehtiyac duyurlar. Bu üzdən çox vaxt könüllü fəallar bu cür sosial cəhətdən müdafiəsiz insanları lazımi əşyalarla təmin etmək missiyasını öz üzərilərinə götürürlər. Uşaqlar üçün oyunlar, paltar və oyuncaqlar, köhnə kitab və dərsliklər lazım olur. Pərvinə Quliyeva pul vəsaitinin, lazımi əşyaların toplanması ilə məşğul olan www.umid.az portalının fəallarındandır. O deyir: "İnternetdə çox tez-tez ehtiyac içərisində olan hər hansı ailəyə yardım edilməsinə çağırış yerləşdiririk. Belə şəxslər haqda məlumatları ən müxtəlif yollarla əldə edirik: ya kiminsə tənha qarı qonşusu olur, kimsə uşaq evində olur və oradakı uşaqların nəyə ehtiyac duyduqlarını bilir və sair".
Hələ də kiminsə işinə yaraya biləcək əşyalarınızı atmayın. Bəlkə də sizin çoxdan istifadə etmədiyiniz köhnə, sürtülmüş ədyal şaxtalı gecələrdə bir evsizin isinməsinə kömək edəcək, lazımsız, bir gözü olmayan oyuncaq dovşanınız hansısa uşaq üçün ən yaxşı hədiyyəyə çevriləcək. Növbəti dəfə lazımsız əşyanı zibil qutusuna atmağa gedərkən bu haqda düşünün.
MƏSLƏHƏT GÖR: