
ƏSAS TREND
Azərbaycanın 2014-cü il Dövlət Büdcəsi yeni iqtisadi doktrinanın təməli olacaq
Müəllif: Nurlanə QULİYEVA Bakı
Qəbul olunan qanunvericilik və möhkəmlənmiş ənənələrə uyğun olaraq, son illər noyabr ayı ölkənin iqtisadi ictimaiyyəti üçün müzakirələr və Azərbaycanın dövlət, icmal və s. büdcə layihələrinin təsdiq olunması ilə assosiasiya olunur. Bütün bu prosedur və hadisələrdən sonra 22 noyabrda Milli Məclisin iclasında 100 səsin böyük çoxluğunun "lehinə" və ikisi "əleyhinə" olmaqla, 2014-cü ilin bütün büdcə paketi qəbul olunub. Öncə qeyd edək ki, Maliyyə Nazirliyi tərəfindən yeni Dövlət Büdcəsinin parametrlərinin artıq ilk təqdimatından sonra, ekspertlərin, iqtisadçıların, jurnalistlərin, hətta ən adi insanların belə reaksiyası birmənalı olmadı. Buna görə: 2014-cü ildə büdcə gəlirləri bu ilin proqnoz göstəricilərinə nisbətən 4% az, xərclər isə 1,1% çox olacaq. Qeyd edək ki, neftin qiyməti gələn il bir barrelinə görə 100 dollar səviyyəsində müəyyən edilib.
Eyni zamanda, hökumətdə inandırırlar ki, narahatlıq üçün heç bir səbəb yoxdur, 2014-cü ilin büdcəsi balanslaşdırılıb. Onun əsas nailiyyəti qeyri-neft istiqamətinin dərinləşməsi və Dövlət Neft Fondundan transferlərin həcminin azalması yolu ilə neft sektorundan asılılığın səviyyəsinin aşağı salınmasıdır.
Transfertlər az, qeyri-neft ÜDM çox
Bununla da, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri - 18,384 mlrd. manat, xərcləri - 20,063 mlrd. manat, büdcə kəsrinin yuxarı həddi 1,679 mlrd. manat və ya ÜDM-in 2,87%-i təşkil edəcək. Eyni zamanda, Dövlət Büdcəsi kəsrinin örtülməsi üçün özəlləşdirmədən gələn daxilolmalar, Maliyyə Nazirliyinin xəzinədarlıq hesabında qalıq vəsaitləri, daxili və xarici alınmalar da bura yönəldiləcək.
Bununla belə, 2014-cü ildə icmal büdcənin gəlirləri 21,986 mlrd. manat səviyyəsində müəyyən edilib ki, bu da bu ilin proqnozlaşdırılan göstəricisini 6,1% üstələyir, xərclər isə 24,444 mlrd. manat - 0,2% aşağıdır. Öncədən də qeyd edildiyi kimi, Dövlət Büdcəsinin gəlirlərinin azalması 2014-cü ildə ARDNF-dən dövlət xəzinəsinə daxil olan transfertlərin həcmi 2,013 mlrd. manat azalaraq - 9,3 mlrd. dollara və ya 17,7% azalacaq. ARDNF-in transferlərini nəzərə almasaq, Dövlət Büdcəsi 2013-cü illə müqayisədə 15,9 % və ya 1,2 mlrd. manat artacaq.
"Büdcənin gəlir hissəsinin formalaşması zamanı qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisinin artımı, vergi borcunun azaldılması prioritet olacaq", - deyə maliyyə naziri Samir Şərifov parlamentdə müzakirələrdə çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının neft sektorunun qeyri-neft sektoru ilə əvəzlənməsi tendensiyası, ən azı, 2017-ci ilədək davam edəcək. "Gözləntilərə əsasən, gələn il ölkə ÜDM 5,2 faiz, yerli iqtisadiyyatın qeyri-neft sektoru isə 10 % artacaq. 2014-cü ildə Dövlət Büdcəsinin gəlirlər sektorunda qeyri-neft sahəsinin payının artması tendensiyası saxlanacaq", - deyə maliyyə naziri S. Şərifov bildirib. O, əmin edib ki, büdcə paketi qlobal iqtisadiyyatda mümkün neqativ hadisələrdən qorunub, çünki bütün müasir tendensiyalar nəzərə alınmaqla tərtib olunub.
Eyni zamanda, neft sektorundan daxilolmalar 12 mlrd. manatdan artıq nəzərdə tutulur və bu məbləğin üçdəbirindən çox hissəsini birbaşa vergilər üzrə daxilolmalar təşkil edəcək. Qeyri-neft sektorundan daxilolmalara gəlincə isə gələcəkdə onlar 6 mlrd. manatı ötəcək. 2013-cü ildə bu göstərici 5,1 mlrd. manat səviyyəsində qoyulmuşdu. 2014-cü ildə Azərbaycan Dövlət Büdcəsinin qeyri-neft gəlirləri vergi-gömrük inzibatçılığının gücləndirilməsi hesabına təmin ediləcək.
ARDNF-dən transferlərin ciddi şəkildə azalması - yeni büdcənin əsas trendidir. Bu, ola bilsin, "Hollandiya sindromu" təhlükəsi və bir çox hasilatçı dövlətlərin iqtisadiyyatına xas olan digər neqativ faktorların aradan qaldırılmasına parlaq nümunədir. Göstərmək kifayətdir ki, 2014-cü ildə Azərbaycanın ÜDM-si tamamilə qeyri-neft sektorunun hesabına təmin olunacaq. 2011-ci ildə qeyri-neft sektorunda ÜDM-nin xüsusi çəkisi 48,6% təşkil edib, 2014-cü ildə bu göstərici proqnozlara əsasən, 61,5%, 2017-ci ildə isə 72,4%-ə çatacaq. Bu şəkildə, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanın da qeyd etdiyi kimi, yaxın illərdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda stabil inkişaf müşahidə olunacaq.
Bir sözlə, Azərbaycan növbəti dəfə səsləndirilən planların praktiki reallaşmasının qətiyyətini nümayiş etdirdi. "Ötən 10 il ərzində ölkənin Dövlət Büdcəsi 19 dəfədən çox artaraq, milli iqtisadiyyatın artım sürətini 6 dəfə qabaqlayıb. Neft Fondundan transfertlərin həcminin azalması ondan xəbər verir ki, ölkənin gələcək iqtisadi artımı digər amillərə - qeyri-neft sektoruna söykənəcək", - deyə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Onun fikrincə, 2014-cü il Dövlət Büdcəsi ölkənin yeni iqtisadi doktrinasının özülünü qoyur və ARDNF-nin fəlsəfəsinə də əməl etməyə tam ölçüdə imkan verir. "Fond diqqəti əsas funksiyaya - qənaət, ölkənin neft gəlirlərinin çoxalması və ən əhəmiyyətli layihələrin və istiqamətlərin maliyyələşdirilməsinə cəmləyəcək. ARDNF-dən transfertlər ən müxtəlif sahələrə - infrastruktur, təhsil və digərlərinə investisiyalarla əvəz ediləcək. Gələn ilin Dövlət Büdcəsi özündə Azərbaycanın iqtisadi inkişafına və qeyri-inflyasiya mənbələrinin hesabına büdcə kəsrinin maliyyələşdirilməsinə yeni yanaşmanı ehtiva edir", - deyə E. Rüstəmov qeyd edib. Yeri gəlmişkən, inflyasiya, manatın kursu kimi stabil səviyyədə saxlanılacaq (istehlak qiymətləri indeksinin artım tempi 3-4% həddində proqnozlaşdırılır).
Saxlamaq və artırmaq
Son dərəcə vacibdir ki, yeni tendensiyalarla yanaşı, Dövlət Büdcəsi sosial və investisiya səmtini saxlaya bilib. Bu, artıq uzun illərdir ki, dövlət xəzinəsinin xərclər hissəsinin əsas prioritetidir. "Sosial siyasətin davamı, pensiyaların və maaşların artırılması üçün maliyyə təminatı, qaçqınların və məcburi köçkünlərin rifahının yaxşılaşması Azərbaycanın 2014-cü il üzrə Dövlət Büdcəsinin prioriteti olacaq", - deyə S. Şərifov bildirib.
Qeyd edək ki, sosial və investisiya kimi məqsədlərə Dövlət Büdcəsi xərclərinin üçdəikisi yönəldiləcək.
Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin sözlərinə görə, 2014-cü ildə təhsil, səhiyyə, mədəniyyət, elm sahələrinə xərclərin böyük artımı proqnozlaşdırılır. Belə ki, onun sözlərinə görə, 2013-cü illə müqayisədə 2014-cü illərdə təhsil sahəsinə xərclər 12%, səhiyyəyə - 14%, elmə isə 15% artırılacaq.
"Azərbaycanda təhsil sahəsində ciddi islahatlar reallaşdırılacaq. Təhsil sahəsinin inkişafına dair dövlət strategiyası təsdiq edilib. Bu sahədə biz çoxlu yeniliklər gözlə-yirik. Bununla əlaqədar 2014-cü ildə təhsil sahəsinə 1,655 mlrd. manat ayrılması planlaşdırılır. Bu illə müqayisədə təxminən 0,2 mlrd. manat çox", - deyə deputat qeyd edib.
Büdcə xərclərinin bu və ya di-gər maddələrinin yerinə yetirilməsinə, problemin yarana biləcəyinə gəldikdə isə, maliyyə nazirinin sözlərinə görə, Dövlət Büdcəsinin xərcləri ilk dəfə olaraq, sosial öhdəliklərin icrasını təmin edəcək, büdcə sektorunu zəruri maliyyə resursları ilə təchiz edəcək.
Bundan başqa, Hesablama Palatası sədrinin birinci müavini Adil Məhərrəmovun fikrincə, ümumilikdə, Dövlət Büdcəsinin faktiki kəsri proqnozlaşdırılandan aşağı olacaq. Belə ki, "Biz, gəlirlərin planlaşdırıldığından artıq olacağını gözləyirik. Eyni zamanda, xərclər, çətin ki, tam həcmdə icra olunsun. Ona görə də real kəsr proqnozdan aşağı olacaq", - deyə A. Məhərrəmov bildirib.
İstər hökumət, istərsə də parlament nümayəndələrinin fikrincə, 2014-cü ilin Dövlət Büdcəsi tamamilə real göstəriciləri və vəzifələri əks etdirir və onun icrası ciddi çətinliklərlə müşayiət olunmayacaq. Bundan başqa, iqtisadiyyatın dinamik inkişafının əksi olaraq, əsas sosial-iqtisadi göstəricilərin yaxşılaşdırılması, gələn ilə makroiqtisadi proqnozların yerinə yetirilməsi yaxın gələcəkdə iqtisadi inkişaf üzrə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmağa imkan verəcək.
Belə ki, Z. Səmədzadənin sözlərinə görə, bu gün Azərbaycan Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 75%-ni formalaşdırır, halbuki, 1990-cı illərin əvvəlində bu göstərici 49% təşkil edirdi. Eyni zamanda, adambaşına düşən ÜDM-in hesabına görə MDB-yə daxil olan ölkələrin çoxundan Azərbaycanda bu göstərici xeyli yüksəkdir. Bu fərq heç də neft amili hesabına deyil. Respublikanın qeyri-neft sektorunda ÜDM-in adambaşına düşən həcmi bütövlükdə qonşu respublikalardakı müvafiq göstəricilərdən yüksəkdir. "Azərbaycanın Dövlət Büdcəsi Gürcüstanın büdcəsindən 5, Ermənistanın büdcəsindən isə 6 dəfə çoxdur. Cənubi Qafqaz ölkələrinin ümumilikdə dövlət büdcələrinin 80%-i Azərbaycanın payına düşür", - deyə Z. Səmədzadə qeyd edib.
Bununla da məmurlar və deputatlar, o cümlədən ekspertlər də razılaşırlar ki, 2014-cü ilin büdcəsi Azərbaycanın inkişafı üçün yeni mərhələ olacaq. Ən əsası isə o, ölkəyə tamamilə diversifikasiya olunmağa can atan, stabil inkişaf etməkdə olan ölkə imicini qorumağa və vətəndaşlar üçün yüksək rifaha nail olmağa imkan verəcək.
MƏSLƏHƏT GÖR: