5 Dekabr 2025

Cümə, 19:08

MÜHƏRRİKLƏRİN GURULTUSU ALTINDA

Bakıda möhtəşəm FİA GT Series avtomobil yarışı başa çatdı

Müəllif:

03.12.2013

Başgicəlləndirən sürətlə şütüyən Ferrari, Lamborghini, BMW, Porsche, Mersedes və Audi avtomobilləri, idman mühərriklərinin gurultusu və adrenalin dolu anlar. Bütün bunları Bakı sakinləri Beynəlxalq Avtomobil İdmanı Federasiyasının keçirdiyi BakuWorldChallenge yarışının paytaxtımızda təşkil olunmuş final mərhələsində izləmək imkanı qazandılar. Bir çox sıravi avtomobil həvəskarları isə hətta yarışdan əvvəl gecə saatlarında Bakı küçələrində nümayişə çıxmış yarış avtomobilləri ilə yan-yana maşın sürmək şansı da əldə etdilər.

Beləliklə, indiyədək Fransa, Belçika, Hollandiya, Slovakiya və İspaniyada keçirilmiş FİA GT Series yarışları Azərbaycanda başa çatdı. Damalı bayraq altında finiş xəttini birinci keçmək uğrunda 14 komandadan olan Ferrari, Mclaren, Audi, Mercedes, Corvette, Lamborghini, Porsche, BMW markalı 30 idman maşını yarışırdı.

Yarışlar Xəzər dənizi boyunca yaradılan 4 kilometrlik, dünyanın ən hündür bayraqlarından biri yerləşən Dövlət Bayraq Meydanının yanından ötən marşrut üzrə keçirilib. 1970 və 1980-ci illərin bolidlərinin səsi isə tamaşaçıları heyrətləndirib. Mübarizəni izləməyə gələn çoxsaylı tamaşaçılar möhtəşəm şounun şahidi olub.

Yarışın təsnifat mərhələsi dörd avtomobilin qəzaya uğramasıyla yadda qaldı. Onlardan biri Mercedes, ikisi Audi, digəri isə Corvette idi. Qəza zamanı Audi markalı avtomobillərdən birində yanğın baş verdi, lakin alovun qarşısı dərhal alındı. Pilot vaxtında avtomobili tərk etdiyindən xəsarət almadı. 

Turnirin final mərhələsində isə tamaşaçılar Ferrari-458, Mclaren MP-4, Audi R8, Mercedes SLSAMG, Chevrolet Corvette, Lamborghini, Porsche, BMW Z4 avtomobillərinin Pro, Pro-AZ və Gentlemen Trophy kateqoriyalarında mübarizəsini seyr etdilər. 

Gərgin mübarizə şəraitində finişə birinci WRT komandasının pilotu Laurens Vantur çatdı. Audi R8 avtomobilində ona Stefan Ortelli assistentlik edirdi. İkinici yerdə finiş xəttini Hexis Racing komandasının şərəfini qoruyan Kevin Estre və Rob Bellin idarə etdikləri Mclaren MP-4 keçdi,üçüncü isə HTP Gravity Charouz komandasının Mercedes SLSAMG (pilotlar Maksimilian Buk və Alon Dey) maşını tutdu. 

Lakin yarışdan sonra hakimlər Hexis Racing və HTP Gravity Charouz komandalarının pilotlarını finişə üç dövrə qalmış qəsdən toqquşma törətdikləri üçün 10 saniyəlik cərimə ilə cəzalandırdılar. Hakimlərin diqqətini Dey və Estrenin Mclaren MP-4 avtomobili ilə Sebastien Loeb Racing komandasının şərəfini qoruyan Alvaru Parentlə mübarizə epizodu çəkmişdi. Parent daxili trayektoriya ilə Estrenin maşınını keçmək istəyərkən, Dey Parentin  avtomobili ilə toqquşma törədib, o isə, öz növbəsində, opponentinin maşınını vurub. Bu insidentdən sonra Estre qabağa çıxıb, ondan sonra isə Dey və Parent qərarlaşıb. Cərimə sanksiyaları nəticəsində Parent və Sebastyan Löb ikinci yerə qalxıb, Estre və Bell üçüncü yerə enib, toqquşmanın səbəbkarları olan Dey və Buk isə dördüncü yerlə kifayətlənməli olublar. 

Dövlət Bayraq Meydanında keçirilən təntənəli mükafatlandırılma mərasimində qaliblərə kubok və pul mükafatları təqdim olunub.

Birinci yerin sahibi 100 min, ikinci yeri tutan 50 min, üçüncü nəticə göstərən idmançı isə 25 min avro qazanıb.

Yarışın qalibi Laurens Vantur "R+"a açıqlamasında qələbə qazandığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib: "Birinci yerə çıxmaq möhtəşəm bir hissdir. Bakıda bu qalibiyyəti əldə edə bilməyimiz komandamız üçün böyük addımdır. İki gün ərzində maraqlı yarış izlədik. Həyəcan çox idi. Amma mübarizə zamanı hə-yəcan unuduldu və hər bir pilot finişə tez çatmağa çalışdı. Bizim qələbəmiz layiqli idi."  

Yeri gəlmişkən, Bakıdakı qələbə nəticəsində Vantur və Ortelli dueti FİAGTSeries yarışlarının dünya çempionu adını qazanıblar. 

Vanturun assistenti Stefan Ortelli isə yarışın təşkilatçılığını yüksək qiymətləndirib: "Yarışda qalib olmağımız, uğurun bizim tərəfimizdə olmasından asılı idi. Komandamız yüksək səviyyədə mübarizə apardı və bütün rəqibləri arxada qoydu. Çox yüksək səviyyədə təşkil olunan yarışda iştirak etmək xoş idi. Bakıda qurulan yollar dar olduğu üçün, hər bir kiçik səhv  ağır nəticələrə gətirib çıxara bilərdi. Lakin bu yarışa daha çox cəlbedicilik əlavə edir. Bakıda maşın sürməkdən ləzzət aldım. Səmimi deyirəm, yarışda iştirak etməkdən qürur duyuram. Bakıda mövcud ab-hava insanı valeh edir."

Qeyd edək ki, final yarışı "Eurosport" telekanalı ilə Avropa, Yaxın Şərq, həmçinin Avstraliya, Asiya, Amerika və Afrikada canlı yayımlanıb.



MƏSLƏHƏT GÖR:

749