Müəllif: Zeytulla CABBAROV Bakı
Son illər aqrar sektor hesabına ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün götürülmüş kurs Azərbaycan kənd təsərrüfatının, demək olar ki, bütün seqmentlərinin fəaliyyətinin canlanmasına gətirib çıxarıb. Uyğun olaraq bu gün heyvandarlıqda da pozitiv dəyişikliklər müşahidə olunur. Bu sahədə ölkə kifayət qədər dinamik templərlə intensiv texnologiyalar relsinə keçir. Təkcə hələ bu il cins mal-qaranın alınması üçün Prezidentin Ehtiyat Fondundan 10 mln. manat vəsait ayrılıb. Bununla yanaşı, əhalinin yumurta və quş ətinə olan tələbatını tam həcmdə ödəyən quşçuluq da fəal şəkildə inkişaf edir.
Yeni strategiya
Bu sahədə əldə olunan uğurlar, heyvandarlıq sektorunun inkişafında, FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) ekspertlərinin də fəal iştirak etdiyi strategiyanın hazırlanmasına başlanğıc qoydu. Qarşıdakı 10 ildə ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması, yoxsulluğun azalması və təsərrüfatların gəlirlərinin artmasına yönəldilmiş bu sənədin reallaşması müəyyən investisiyaların cəlb olunmasını tələb edir. Yerli ekspertlərin hesablamalarına görə, bu sənəd sahənin bütün aspektlərini əhatə edir - otlaqların idarə olunması, heyvanların genetik müxtəlifliyi, cins mal-qara və heyvanların sağlamlığının yaxşılaşdırılması, onların yemlə təmin olunması, süd təsərrüfatlarının inkişafı, eləcə də dəniz məhsullarının istehsalı. Pozitiv və neqativ tərəfləri öyrənən FAO-nun mütəxəssisləri, həyata keçirilən zaman mövcud problemlərin kənarlaşdırılmasını nəzərdə tutan sənədi təqdim ediblər. Sənəd kommersiya istiqamətli heyvandarlıq sənayesinin rəqabət qabiliyyətli inkişafını istər yerli, istərsə də beynəlxalq səviyyədə stimullaşdıracaq. Sənəd hazırlanarkən sektorun inkişafının iqtisadi, sosial, mədəni və ekoloji faktorları nəzərə alınıb.
Aqrar islahatların aparıldığı illərdə ölkədə mal-qaranın istehsalının artması və sayının yüksəlməsində mühüm irəliləyiş olub. Bu gün gündəlikdə damazlıq mal-qaranın istər südlük, istərsə də ətlik istiqamətdə keyfiyyətinin yaxşılaşdırılması vəzifəsi durur. Bu məqsədi həyata keçirmək üçün hökumət cins mal-qaranın alınması üçün maliyyə vəsaitləri ayırıb. Onlar, əsasən, Avropa və MDB ölkələrindən gətirilir. 2005 - 2012-ci illərdə "Aqrolizinq" ASC 6290 baş cins mal-qara alıb və onları yerli fermerlərə paylayıb. Bu məqsədlərə 22,86 mln. manat xərclənib.
Bununla da, damazlıq maldarlıq istiqamətində addım atılıb - istər iribuynuzlu, istərsə də xırdabuynuzlu. İri heyvandarlıq komplekslərinin yaradılması ilə ət-süd məhsullarının istehsalı, çəkilib bükülməsi, daşınması və ticarət şəbəkələrinə çatdırılması məsələləri uğurla həll edilib.
Bir qədər statistika gətirək: Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq şöbəsinin 2013-cü il 1 oktyabr tarixinə olan məlumatlarına görə, ölkənin özəl təsərrüfatları və iri heyvandarlıq fermalarında, təxminən, 2,8 mln. baş iribuynuzlu və 8,8 mln. baş xırdabuynuzlu heyvan saxlanılır. Qeyd edilən müddətdə fermalar diri çəkidə 358 min tondan artıq ət istehsal ediblər ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 3,8% çoxdur. Süd istehsalı 1,4 mln. ton (artım 6,6%), yumurta 1,04 mlrd. ədəd, yun qırxımı isə 16,3 min tona çatıb. Dinamik inkişafa və məhsul artımına kənd sahibkarlarına edilən maliyyə və lizinq yardımı da ciddi kömək edib.
Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun məlumatına görə, ölkədə ət və südə tələbat əhəmiyyətli dərəcədə artıb. Əsas məqsəd isə maksimum daxili istehsal hesabına tələbatı ödəməkdir. Keçən il adambaşına 30 kq ət istehsal olunub, müşahidə olunan perspektivdə isə bu göstəricinin 70 kq-a çatdırılması planlaşdırılır.
Son illər həyata keçirilən islahatlar nəticəsində respublikanın regionlarında 12 müasir südçülük kompleksləri fəaliyyətə başlayıb. Bu yaxınlarda isə daha üç iri heyvandarlıq kompleksi işə düşüb. Onların hər birində 700 baş damazlıq inək saxlanılır.
Yeni texnologiyalar
Qeyd etmək lazımdır ki, bu sahədə fəallığın artmasına neqativ faktorlar təsir göstərib: son vaxtlar ölkədə damazlıq kəllərin sayının azalması prosesi müşahidə olunurdu - ötənillərki göstəricilərlə müqayisədə, Azərbaycanda onların sayı 400 mindən 265 minə qədər azalmışdı. "Qara mirvarilər" sürüsünün azalması 3% təşkil edib.
Eyni zamanda, bu il respublikanın bəzi regionlarında infeksion xəstəliklər mövcud idi, bunyavirusa yoluxmuş inəklərin olması faktı vardı. Hərçənd Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti irimiqyaslı tədbirlər keçirərək və 582 baş heyvanın simptomatik müalicəsini həyata keçirərək, vəziyyətə vaxtında reaksiya verdi. Amma rəsmi olaraq 148 heyvanın ölümü qeyd alındı.
Qeyd edək ki, son üç ildə respublikanın regionlarında əlavə olaraq 60 özəl baytarlıq məntəqəsi açılıb. 2007-ci ilə qədər 25, 2008-ci ilə qədər 30, 2013 -cü ilə isə 5, amma ilin sonuna qədər daha 6-nın açılması planlaşdırılır. Özəl baytarlıq məntəqələrinə 180 mütəxəssis cəlb olunub. Özəl baytarlıq məntəqələri şəbəkəsinin inkişafı üzrə işlər kənd təsərrüfatının inkişafı və kreditləşməsinə dair ikinci layihə çərçivəsində həyata keçirilir. Bu məntəqələrdə təmir işləri aparılıb, mütəxəssislər üçün heyvanların mayalandırılması üzrə zəruri şərtlər yaradılıb.
Mal-qaranın sayının artırılmasına dair tədbirlərə gəldikdə isə ölkədə heyvanların intensiv süni mayalandırılması proqramı həyata keçirilir. Respublika süni mayalandırma mərkəzi istifadəyə verilib, yüksək keyfiyyətli toxumun istehsalına başlanılıb. 2012-ci ildə 88,4 min baş heyvan süni mayalandırılıb. Bundan 59,5 min mələz alınıb. Bu il də eyni üsulla 140 min, 2014-də 200 min, 2015-də - 300 min inək və kəlin mayalandırılması planlaşdırılıb.
Keçiyetişdirmədə də yeniliklər müşahidə edilir. O, ölkəmizin qədim tarixinin bütün mərhələlərində uğurla inkişaf edib və bu gün damazlıq heyvandarlığın inkişafı, daha dəqiqi, bordaqda saxlanmasının yeni formasına keçir. Bir sıra Avropa ölkələri bu istiqamətdə artıq pozitiv təcrübə əldə ediblər və indi onu Azərbaycanda tətbiq edirlər.
Belə ki, 2013-cü ilin əvvəlində Ağcabədi rayonunun Ağabəyli kəndində süd emalı zavodunun ərazisində ilk ixtisaslaşmış keçi təsərrüfatı fermasının təqdimatı olub. Bu qeyri-adi fermanın ilk tikinti işləri ötən il başlayıb və bir neçə hektar ərazini tutur. Qışda keçilərə soyuq olmaması üçün tikintidə xüsusi materiallardan istifadə olunub. Qızmar yayda isə heyvanlar üçün normal temperaturun saxlanılması ilə əlaqədar yataqlarda kondisionerlərin quraşdırılması nəzərdə tutulub. Ferma xüsusi avadanlıqlarla təchiz olunub, yemləmə üzrə bütün proseslər avtomatlaşdırılıb, heyvanların mexaniki sağılması tətbiq edilir, südün keyfiyyət xüsusiyyətlərini müəyyən etmək üçün laboratoriya var, ferma mütəxəssislər və işçi kadrlarla təmin olunub.
"Təsərrüfat, əhalinin 2008-2015-ci illərdə ərzaq məhsulları ilə etibarlı təmin olunması üzrə Dövlət Proqramı"nın yerinə yetirilməsinə dəstək olmaq məqsədilə yaradılıb. Bizim investisiya layihəmizə iqtisadiyyat və sənaye nazirliklərində dəstək oldular, 3,5 mln. manat həcmində güzəştli kredit ayırdılar. Təsərrüfatın ümumi dəyəri isə 6 mln. manat təşkil edir. Yaxın gələcəkdə burada avtomatlaşdırılmış sağma sistemi istismara veriləcək", - deyə fermer təsərrüfatının rəhbəri Mülhazil Balakişiyev bildirib.
Qeyd edək ki, bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə "Aqrolizinq" ASC ölkəyə 1 000 baş "zanen" cinsindən olan keçilər gətirib. Onlar Ağabəyli kənd fermalarında yerləşdirilib. Ümumilikdə isə 40 mindən çox damazlıq mal gətirilməsi nəzərdə tutulub.
Bir sözlə, bu gün Azərbaycanda heyvandarlığın inkişafı göz qabağındadır. Məhsulun keyfiyyətinə gəldikdə isə o, bütün zamanlarda ən tələbkar istehlakçıların belə zövqünü təmin edə bilirdi. Bu da xarici alıcıların diqqətini cəlb edir. Əsas bundan sonra da adı saxlamaq, o cümlədən daxili tələbatı təmin etməklə, həcmi artırmaq və məhsulların geniş çeşidi ilə xarici bazara çıxmaqdır.
MƏSLƏHƏT GÖR: