Müəllif: Zeytulla CABBAROV Bakı
İqlimin qlobal dəyişikliyi və bununla bağlı təbiət kataklizmləri, bir tərəfdən planet əhalisinin artması, buna uyğun olaraq kənd təsərrüfatı məhsullarına tələbatın çoxalması, digər tərəfdən ölkələrin hökumətlərini və beynəlxalq təşkilatları da daim təşviş içində saxlayır.
Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində risklər, onlarla mübarizə yolları və bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlıq məsələləri dekabrın əvvəlində Bakıda keçən Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (ICARDA) Himayədarlar Şurasının 53-cü toplantısı zamanı müzakirə olunub.
Mütəxəssislər və alimlər mərkəzin təklif etdiyi ikiqat rentabelliyi təmin edən kənd təsərrüfatı istehsalına dair yeni texnologiyaları müzakirə ediblər.
Şura sədri Kamilla Tulminin sözlərinə görə, ICARDA bu cür tədbiri ilk dəfədir ki, Bakıda keçirir və bu, Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əməkdaşlığın mühümlüyünün inikasıdır. Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev öz növbəsində qeyd edib ki, ICARDA-nın fəaliyyəti aqrar sektora getdikcə daha güclü təsir göstərən iqlim də- yişiklikləri ilə əlaqədar qlobal əhəmiyyətə malikdir. Ölkədə kənd təsərrüfatının fəaliyyətinin optimallaşdırılması üçün Azərbaycan mərkəz ilə əlaqələrin genişləndirilməsinə hazırdır.
Bu əməkdaşlığın prioritetləri sırasına torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, suvarılan torpaqların strukturunun təkmilləşdirilməsi, ildə iki dəfə məhsulun əldə olunması üçün tədqiqatların aparılması da daxildir. Və ICARDA ilə ən görkəmli xidmət Azərbaycanda bitkilərin genetik bankının yaradılmasıdır. Hazırda burada respublikanın bütün regionlarından götürülən 7 mindən artıq bitki növlərinin nümunələri var, açıq havada isə 2900-dan çox nümunə saxlanılır.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən ICARDA-nın üzvüdür və bu əməkdaşlıq çərçivəsində ölkəyə böyük miqdarda genetik materiallar daxil olub. Onların 25 mindən artığı yumşaq buğda, 8 800 bərk buğdanın genetik növüdür.
Dənli bitkilərdən bərk və yumşaq buğdanın 48 900 növü və paxlalı bitkilərdən isə 7 814 növü əldə olunub. Bu surətlə, bitki bankı 56 094 növə qədər artıb. Aqrar alimlər yumşaq buğdanın "Əzəmətli-95", "Qobustan", "Taleh-38" kimi perspektivli növlərini becəriblər. Bu buğda növləri 360 min hektar sahədə və ya dənli bitkilərin bütün əkininin 35%-də əkilir. Yumşaq buğdanın 4 növü rayonlaşdırılıb. Azərbaycanda elmi mərkəzlərin birgə səyləri ilə sarı pas xəstəliyinə qarşı yüksək davamlılığı ilə seçilən payızlıq buğdanın yeni perspektivli növləri yaradılıb. Bu, məhsuldarlığın yüksəlməsinə imkan verib. ICARDA ilə əməkdaşlıq çərçivəsində yaradılan buğdanın təkmilləşdirilmiş növləri bu gün respublika ərazisinin yarı sahəsini tutur, onun 6%-i arpa, 20%-i paxlalı bitkilər, noxud və mərciməklə örtülüdür.
1993-cü ildən ICARDA ehtiyata qənaət edən kənd təsərrüfatı (EKT) əsasında əkinçilik sisteminin inkişafında fəal iştirak edir. Bu tədbirlər suyun istifadə olunmasının səmərəliliyinin yaxşılaşdırılması və eroziyanın qarşısının alınmasına yardım edir. Hazırlanan üsullar kənd təsərrüfatının məhsuldarlığının artması, istehsal xərclərinin azalmasına imkan verir, eyni zamanda su və torpaq ehtiyatlarından rasional şəkildə istifadə etməyə yol açır.
Torpaqların deqredasiyası məhsul artımına ciddi şəkildə təsir edən əsas yerli problemlərdən biridir. Bununla bağlı, aqrar elmin əsas vəzifəsi - hərtərəfli tədqiqatların aparılması və torpaqların münbitliyinin artırılmasıdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayevin sözlərinə görə, respublikanın kənd təsərrüfatı bitkilərinin əkin sahələri altında 1 mln. 683 min ha torpaq yatır. Bu isə ölkə ərazisinin 37%-ni təşkil edir. Qeyd edilən rəqəmlərin 575 min hektarı eroziyaya məruz qalıb, 660 min ha-dan artığı şoranlaşıb, daha doğrusu, 1 mln. ha torpaq az məhsuldarlığı ilə səciyyələnir. Fəal bataqlıqlaşma prosesləri, mal-qaranın nizamsız şəkildə otarılması, irriqasiya sistemlərinin köhnə infrastrukturları, o cümlədən drenaj da bu problemin aktuallığını sübut edir. Buna ölkənin bütün sahəsinin, demək olar ki, yarısı və meşələrin 20%-nin eroziyaya məruz qaldığını əlavə etmək olar.
2011-ci ildən ICARDA FAO ilə birgə Azərbaycanda kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasına və suvarma sistemlərinin səmərəliliyinin artımı hesabına ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş layihə həyata keçirir. Layihənin nəticələrinə əsasən, müəyyən edilib ki, Azərbaycanda ənənəvi üsullarla əldə olunan payızlıq buğdaya nisbətən, minimum şumlanma tətbiq edilməklə, dənli bitkilərin becərilməsinə, əsasən, eyni və ya daha yüksək qarğıdalı məhsulu almağa imkan verir.
Ə.Musayevin sözlərinə görə, ICARDA tərəfindən təklif edilən bir sıra texnologiyalar ölkədə eksperimental aprobasiyanı keçiblər və müsbət səmərə veriblər. "Becərmə üsulunun təklif edilmiş lazer texnologiyaları məhsuldarlığı 5-6 sentner//ha artırmağa, təsərrüfatçılığın effektivliyini 15-20% yüksəltməyə imkan verir. İlk məhsul yığılandan sonra, ikinci bitkilərin təkrar səpininin yeni texnologiyası daha çox səmərə verir. Bu halda bir bitkinin məhsulunun yığılmasından sonra, artıq ikincisi əkilir. Bu üsulla məhsuldarlıq 52,4 sentner//ha (birinci yığım) və 51,5 sentner//ha (ikinci bitkilər) təşkil edir. Həmçinin əldə olunan gəlir də uyğun olaraq 168 və 197% təşkil edir. Eyni zamanda ikinci bitkilərin yığımından dərhal sonra, birincilərin əkininə başlamaq olar. Bu, əsasən, Azərbaycanda aztorpaqlı fermer təsərrüfatları üçün vacibdir", - deyə Ə. Musayev çıxışını yekunlaşdırıb.
2012-ci ildə kənd təsərrüfatının ehtiyata qənaət edən üsulları 1246 ha sahədə tətbiq edilib. Su və torpaq ehtiyatlarının istifadə üsulları düzənlik ərazilərdəki rayonların çoxunun fermerləri tərəfindən həyata keçiriləcək. Bundan başqa, beynəlxalq inkişaf Fondu OPIC, ICARDA-nın dəstəklədiyi ayrıca layihə çərçivəsində istehsalın intensivləşdirilməsi və diversifikasiya olunmasının bərpası üzrə yanaşmaların sınaqları keçirilib. Sınaqlar mal-qara üçün yem istehsalına dair deqradasiya olunmuş düzənlik ərazilərdə reallaşdırılıb. Birbaşa səpinin innovasiya forması şitillərin bir yerdən çıxarılıb başqa yerdə əkilməsi üsulu ilə müqayisədə daha sürətli və ucuzdur.
Ümumilikdə, qeyd etmək lazımdır ki, son 10 ildə Azərbaycan əkinçiləri kənd təsərrüfatı bitkilərinin becərilməsi və onların məhsuldarlığının artmasında az uğurlara nail olmayıblar. 2001-ci ildə kəndlilər vergilərin bir çox növlərindən azad edilərkən, istehsalın artımı pul ekvivalentində 1,5 mlrd. dollardan 6, 1 mlrd. dollara yüksəldi. Bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı üç dəfə, ət və quş istehsalı isə dörd dəfə artdı.
Bununla yanaşı, Azərbaycan ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalında müqayisəli üstünlüklərlə şərtləşdirilmiş artım üçün güclü potensiala malikdir, əlverişli torpaq-iqlim şəraiti, nisbətən ucuz işçi qüvvəsi, eləcə də dəmir yolu nəqliyyatına çıxışa sahibdir. Bitkiçiliyin diversifikasiya edilməsi və istər dənli, istərsə də tərəvəz və meyvələrin daha yüksək dəyərli kənd təsərrüfatı bitkilərinin istehsalı imkanları mövcuddur. Ölkə, təkcə Rusiyanın deyil, həm də qonşu dövlətlərin ixrac bazarlarına çıxmaq imkanlarına malikdir.
Bu gün Azərbaycan kəndliləri əhalinin çörək və çörək məhsullarına olan tələbatının ancaq 85%-ni ödə- yir. Buna görə də, xaricdən 1,5 mln. ton buğda alınmalı olur. Bu çatışmazlığın aradan qaldırılması üçün yeni texnologiyaların tətbiqi və dənli bitkilərin becərilmə üsullarının yaxşılaşdırılmasına dair əlavə tədbirlərin görülməsi zəruridir. Bu xüsusda beynəlxalq institutlar və kənd təsərrüfatı mərkəzləri ilə əməkdaşlıq, digər ölkələrdən olan həmkarlarla fəal və gündəlik təcrübə mübadiləsi ən qiymətli məqsədə uğurlu şəkildə nail olmağa yol aça bilər.
MƏSLƏHƏT GÖR: