25 Noyabr 2024

Bazar ertəsi, 04:30

DÜNYAYA AÇILAN DƏNİZ

Xəzər regionunun dünya iqtisadi xəritəsində əhəmiyyəti artır

Müəllif:

10.12.2013

Xəzər regionu bu və ya digər dərəcədə 1,9 mlrd. insanın həyatına təsir göstərir. Bu isə dünya əhalisinin dörddə birini təşkil edir. Xəzər və ona bitişik region ölkələrinin ümumi ÜDM-si 20 trln. dolları üstələyir ki, bu da dünya ÜDM-nin dörddə birinə bərabərdir. Bu maraqlı faktlar keçən həftə İstanbulda keçən III Xəzər forumunun gedişi zamanı səsləndirilib. Türkiyə gömrük və ticarət naziri Həyati Yazıcının sözlərinə görə, Xəzər regionu ölkələrində 12% neft ehtiyatı, 4% təbii qaz ehtiyatı cəmlənib. Bununla da, bu region iri nəqliyyat dəhlizində yerləşməklə də, dünyada mühüm iqtisadi sahələrdən birinə çevrilib. Sərmayə yatırımı üçün də olduqca cəlbedici  ərazidir. 

 

Biznesin zərərinə olan münaqişələr 

"HASEN" Xəzər Strateji İnstitutu tərəfindən təşkil olunmuş forum dünyanın 30-dan artıq ölkəsindən yüksək səviyyəli rəsmi şəxsləri, şirkət nümayəndələrini və aparıcı mütəxəssisləri bir araya toplayıb. Azərbaycan və Türkiyə prezidentlərinin forum iştirakçılarına müraciəti oxunub. Xüsusilə İlham Əliyev müraciətində qeyd edib ki, Şərqlə Qərbi qovuşduran Xəzər regionu, ötən yüzilliyin sonlarından dünyanın önəmli geostrateji mərkəzlərindən birinə çevrilib.

"Hesab edirəm ki, hökumət rəsmilərinin, siyasətçilərin, elm adamlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin və biznes nümayəndələrinin iştirak etdiyi bu mötəbər toplantılar, region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı sərmayə qoyuluşunun artırılması, tarixi İpək Yolunun canlandırılması, Avropanın enerji xəritəsini dəyişməyə qadir olan yeni-yeni nəhəng transmilli layihələrin reallaşdırılması işinə əhəmiyyətli töhfə verə bilər",- deyə dövlət başçısı vurğulayıb.

Abdullah Gül  isə öz növbəsində, bildirib ki, Xəzər hövzəsinin həqiqi potensialının reallaşmasını dəstəkləyir. Bunun üçün mövcud işbirliyi mexanizmləri işlənilməli, qarşılıqlı fayda verə biləcək iş modelləri üzərində çalışılmalıdır. Abdullah Gül müraciətində regiondakı dondurulmuş münaqişələrin həlli istiqamətində atılan addımların tezləşdirilməsinə çağırıb. "Bütün beynəlxalq güclərin sülh üçün iş fəaliyyətlərini davam etdirməsi bizim üçün öndə gələn məsələlərdən biridir",- deyə A. Gülün müraciətində qeyd edilib.  

Bununla əlaqədar olaraq, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qeydləri də diqqətəlayiqdir. Nazir qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün regionda layihələrin həyata keçirilməsinə mane olur və regionun təhlükəsizliyinə mənfi təsir edir. Nazirin sözlərinə görə, münaqişələrin sülh yolu ilə həll edilməsi dünyada biznes mühitinin yaxşılaşmasında, ticarətin artmasında və risklərin azaldılmasında vacib rol oynayır. Lakin bu və ya digər şəkildə Xəzər ətrafında regional layihələr sürətlə inkişaf edir. Odur ki, düşünülməmiş siyasi mövqelərinə görə bu böyük təşəbbüslərdən kənarda qalan ölkələr, artıq bu gün itkilərinin acısını hiss edə bilərlər. Uğurlu coğrafi yerləşməsinə və qonşularının böyük əksəriyyəti ilə sadiq qarşılıqlı əlaqələri sayəsində Azərbaycan bu cür layihələrin gerçəkləşməsindən artıq real gəlirlər əldə edir. Hətta yeni layihələrin reallaşdırılmasının təşəbbüskarı kimi də çıxış edir. 

 

Enerji şəbəkəsi  

Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldızın sözlərinə görə, Azərbaycan və Türkiyə enerji sahəsində əməkdaşlığı gücləndirməlidirlər. Belə ki, Avropada təbii resurslara tələbatın artması şəraitində bu tərəfdaşlığın əhəmiyyəti ancaq artacaq. "Transanadolu (TANAP) və Transadriatik boru kəməri (TAP) layihələrinin həyata keçirilməsi ilə təbii qazın Xəzər hövzəsindən Avropaya çatdırılması üzrə çox önəmli dairə formalaşır",- deyə o, bildirib.  

Mütəxəssislərin hesablamalarına görə, 2030-cu ilə qədər dünyada enerji resurslarına tələbat 60%-ə, yaxın 20 ildə Avropada isə 45%-ə yüksələcək. Bundan başqa, bu gün Avropada təbii qazın gündəlik istehlakı 500-520 mlrd. kubmetrdir. 2030-cu ilə qədərsə istehlakın 700 mlrd. kubmetrə qədər artacağı gözlənilir. Bu isə "Cənub qaz dəhlizi"nin əhəmiyyətini artırır. Bu layihəyə Türkmənistan, İran, İraq da öz töhfələrini verə bilərlər. Yaxın illərdə Türkiyədə qaz istehlakı 50-52 mlrd. kubmetrə qədər artacaq. "Bu gün Türkiyə əhalisinin 83%-i qazdan istifadə edir, 2015-ci ilə qədər bütün ölkə qazla təmin olunacaq", - deyə T. Yıldız vurğulayıb.  

Bununla bərabər, SOCAR prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, "Şahdəniz" yatağının istismarının ikinci mərhələsində birinci qaz 2018-ci ildə Türkiyəyə, 2019-cu ildə isə Avropaya çatdırılacaq. Lakin şirkətin planları "Cənub qaz dəhlizi"nin açılması və onunla qazın "Şahdəniz-2"dən nəql olunması ilə yekunlaşmır. "Biz "Şahdəniz"dən qazın nəqlini, təkcə, bu zəncirin ilk halqası kimi görürük", - deyə R. Abdullayev bildirib. 

Şirkət rəhbərinin qeyd etdiyi kimi, hazırda "Şahdəniz" konsorsiumu Avropa Komissiyası ilə birgə qazın Bolqarıstana nəql olunması ilə bağlı alternativ imkanlar üzərində işlər aparır. "Əminliklə demək olar ki, Azərbaycanın 2025-ci ilə qədər ümumi ixrac potensialı ən azı 40-50 mlrd. kubmetrə çatdırılacaq. Hesab edirik ki, bu qazın böyük hissəsi Avropa bazarlarına nəql oluna bilər", - deyə R. Abdullayev qeyd edib. 

R. Abdullayevin sözlərinə görə, Azərbaycan qazının Avropaya nəql olunma layihəsinin ümumi dəyəri 45 mlrd. dollardır. Forum çərçivəsində Azərbaycan Dövlət Neft Fondunun (ADNF) icraçı direktoru Şahmar Mövsümov məlumat verib ki, fond Azərbaycanın TANAP layihəsindəki iştirak payının maliyyələşdirilməsinə hazırlaşır. Qurum boru kəmərinin tikinti layihəsinin reallaşdırılmasına 800 mln. manat həcmində investisiya yatıracaq. Layihənin reallaşmasına ümumi sərmayə 8-10 mlrd. dollar təşkil edəcək. SOCAR-ın "Şahdəniz" qaz kondensatı yatağının işlənməsi layihəsi üzrə tərəfdaşları artıq TANAP-da pay əldə etmək haqda ilkin niyyətlərini açıqlayıblar. İlkin məlumatlara görə, tərəfdaşları TANAP-da 29% iştiraklarının bu şəkildə bölmək niyyətindədirlər: "Statoil" və "BP" - 12%, "Total" - 5%.

SOCAR Turkey Eneji-nin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuzun sözlərinə görə, boru kəmərinin buraxılış qabiliyyətinin artırılması imkanı önəmlidir, çünki gələcəkdə qaz kəmərindən digər istehsalçılar da istifadə edə bilərlər. "Burada söhbət rəqabətdən gedə bilməz, çünki bazar böyükdür və qaza tələbat yüksəkdir", - deyə o, bildirib.

 

Nəqliyyat dəhlizi 

Bu surətlə, regionda enerji layihələri rəvan şəkildə tranzit-nəqliyyat layihələrinə keçir, həm də buraya, təkcə Xəzər ölkələri cəlb olunmurlar. Belə ki, forumda məlum olub ki, Bakı-Tiflis-Qars marşrutu üzrə dəmir yolu xəttinin açılması çərçivəsində ilk pilot qatar 2014-cü ilin sonunda işə salınacaq. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, "Marmaray" layihəsinə start verildikdən sonra BTQ-nin işə salınması Avropa və Asiya arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasını təmin edəcək. 

Eyni zamanda o, qeyd edib ki, Azərbaycanda Ələtdə yeni beynəlxalq dəniz ticarət limanının tikintisi aparılır. Limanın ərazisində iri logistik mərkəzin yaradılması planlaşdırılır. "I mərhələnin yekunlaşdırılmasından sonra limanın daşıma imkanları ildə 10 mln. ton yük və 50 min ton iri həcmli konteyner təşkil edəcək. Sonrakı mərhələlərdə imkanlar 25 mln. ton quru yükə və 1 mln. ton konteynerə çatacaq", - deyə Z. Məmmədov qeyd edib. 

Bununla bərabər, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev hesab edir ki, Xəzər dənizində gəmilərlə yük daşınmalar stabil şəkildə artır. 1996-cı ildə onların həcmi 1,4 mln. ton təşkil edirdisə, ötən il 10,3 mln. tonu ötüb. "Regional layihələrin kommersiya imkanlarını artırmaq, regionun tranzit potensialının yüksəldilməsi üçün bizim şirkətlər və bu layihələrə cəlb olunan ölkələrin müvafiq strukturları ilə əməkdaşlıq son dərəcə vacibdir. Bu cür layihələrin reallaşmasının yolu strukturlar arasında dialoqların təşkil edilməsi, addımların koordinasiya olunması, tarif, gömrük prosedurları məsələlərində birgə addımların həyata keçirilməsi, bürokratik sədlərin kənarlaşdırılmasından ibarətdir. Avrasiya nəqliyyat dəhlizinin potensialından səmərəli istifadə olunması şirkətin strategiyasının əsas istiqamətlərindən biridir", - deyə R.  Vəliyev qeyd edib. 

Bu şəkildə, "Marmaray" tunelinin işə salınması, Axalkalaki-Qars dəmir yolunun qolunun tikilməsi, Qazaxıstan, Azərbaycan və Gürcüstanın uğurlu əməkdaşlığı ümumilikdə Transadriatik nəqliyyat dəhlizinin potensialını yüksəldir. Bu dəhliz Çin bazarından yükləri Avropaya daşımağa imkan verir. Və regionda nəqliyyat-tranzit infrastrukturunun inkişafı ilə bərabər bu dəhliz yenidən Şərqlə Qərb arasında ticarət əlaqələrinin mərkəzi olacaq. 

Bundan başqa, III Xəzər forumunun nəticələrinə əsasən, qəbul olunan bəyannamədə deyildiyi kimi, Asiya İnkişaf Bankının məlumatlarına görə, Xəzər tranzit dəhlizinin reallaşdırılması regionda ÜMD-nin artımına ən azı 16-17% təkan verəcək. 

Nəqliyyatdan savayı, yuxarıda artıq qeyd edildiyi kimi, iqtisadi müstəqilliyin faktoru və ölkələri birləşdirən, regionun çiçəklənməsini təmin edən vasitə enerjidir. " Xəzər forumu "Cənub qaz dəhlizi"ni bu yeni nəzər nöqtəsi üçün təməl kimi diqqətdən keçirir. "Dəhliz"in potensialı onu, təkcə Xəzərin enerji resurslarının deyil, həm də Aralıq dənizinin şərq hissəsindən, Türkmənistan və Şimali İraqdakı yataqlardan qazın daşınması üçün əsas yol olmağa imkan verir",- deyə yekun bəyannamədə bildirilir. Bununla da, forum ədalətli olaraq Xəzər regionunun yeni təsviri üçün nəqliyyat və energetikanı əsas məqamlardan hesab edir. Bu iki sütun regionu dünya iqtisadiyyatında daha böyük əhəmiyyətə gətirmək qabiliyyətinə malikdir. 

 

AZƏRBAYCAN PREZİDENTİ "XƏZƏR REGİONUNDA İLİN DÖVLƏT XADİMİ" MÜKAFATINA LAYİQ GÖRÜLÜB 

Xəzər forumu çərçivəsində bir sıra mükafatların təqdim olunma mərasimləri keçirilib. 

"Xəzər regionunda ilin dövlət xadimi" mükafatına Azərbaycanın dövlət başçısı İlham Əliyev layiq görülüb.  

Xəzər dənizi regionunda "İlin layihəsi" Bakı-Tiflis-Qars dəmiryol layihəsi seçilib.  

"İlin alimi" Kamal Karpat, "İlin idmançısı" Şəhriyar Məmmədyarov (Azərbaycan), "İlin jurnalisti" Murad Etkin, "İlin teleaparıcısı" Oğuz Haqsevər, "İlin incəsənt xadimi" Tünzalə Ağayevə (Azərbaycan) seçilib.  



MƏSLƏHƏT GÖR:

546