25 Noyabr 2024

Bazar ertəsi, 04:18

"FORMA 1"siz

Onlayn sistem Azərbaycanda daşınmaz əmlakın qeydiyyat prosesini sadələşdirəcək

Müəllif:

17.12.2013

İnformasiya-kommunikasiya texnologiyaları və müasir idarəetmə sisteminin tətbiqi ilə Azərbaycanda bir sıra vətəndaşlar üçün olduqca mühüm olan daha bir fəaliyyət sahəsi təkmilləşdirilib: daşınmaz əmlakın qeydiyyatı. Artıq bu gün Azərbaycan adıçəkilən sahə üzrə dünyada ən yaxşı nəticələrdən birinə sahibdir. 

Belə ki, hazırda Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı üçün dörd prosedura əməl olunması tələb olunur, prosesin özü isə cəmi 11 gün çəkir. Halbuki orta hesabla, regionda bu proses altı prosedur və 26,5 gün və əmlakın dəyərindən asılı olaraq onun 2,8%-i qədər xərc tələb edir.

Bundan çıxış edərək, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) 10 göstərici üzrə 189 ölkənin qiymətləndirilməsini əhatə edən "Doing Business-2014" hesabatında Azərbaycan əmlakın qeydiyyata alınmasına görə 13-cü yeri tutur. Müqayisə üçün: bu göstərici üzrə qonşu dövlətlərdən Rusiya 17-ci, Türkiyə 50-ci, İran isə 168-ci yeri tutub. 

 

Asan oldu

Əmlakın qeydiyyata alınması ilə bağlı prosedurların sadələşdirilməsi, təbii ki, bu proses üçün tələb olunan vaxtın azalmasına imkan verib: indi vətəndaşlar əmlak hüququnun təkrar qeydiyyata alınmasına dair çıxarışı yeddi gün ərzində, əmlak haqda arayışı isə bir günə ala bilərlər. Müasir informasiya texnologiyalarının köməyi ilə əmlakın qeydiyyata alınmasının milli sistemi və vahid korporativ kompyuter şəbəkəsi yaradılıb. Bu prosesi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin tətbiq etdiyi elektron xidmətlər bir qədər də sürətləndirdi. Hazırda onların sayı 16-ya çatır. Onların köməyi ilə əmlakın qeydiyyata alınmasının onlayn rejimdə həyata keçirilməsi üçün müraciət etmək imkanı yaranıb. Müraciətlərin elektron formada qəbulu prosesin etibarlılığını və operativliyini yüksəldib – dövlət komitəsində elektron müraciətlərin ümumi sayı artıq 7 minə yaxınlaşır.   

Bu fəaliyyətin nəticəsi olaraq, Azərbaycanda əmlakın qeydiyyatı sürətləndi. Əgər 2011-ci ildə ölkədə 147 min əmlak qeydiyyata alınmışdısa, 2012-ci ildə onların sayı 151 min olub. 2013-cü ilin yanvar-sentyabr aylarında isə təxminən, 130 min obyekt olub. Həmçinin 113 mindən artıq əmlak obyektinin texniki inventarizasiya aparılıb, texniki pasportları tərtib olunub. 

Daşınmaz əmlaka olan hüququn qeydiyyata alınmasının elektron forması rəsmiləşdirmə prosedurunu mühüm şəkildə sadələşdirəcək, əngəlləri kənarlaşdıracaq və vətəndaşlar üçün əlverişli mühit yaradacaq. Bu da sürətləndirilmiş yardımın və dövlət xidmətinin bu növündən istifadə etmək istəyənlərin sayının gələcəkdə ancaq artmasına xidmət edəcək. 

Bundan başqa, elektron qeydiyyata alınmanın müddətini qısaldacaq və dövlətin böyük həcmdə kağız sənədlərinin saxlanılmasına çəkilən xərclərini azaldacaq. Bu proqramın reallaşdırılmasından, hətta birbaşa iqtisadi effekt də gözlənilir. Torpaq resurslarının idarə olunmasının səmərəliliyinin yüksəldilməsi hesabına büdcənin gəlirlərinin artırılması mümkün olacaq. 

 

"Forma 1" ləğv olunur...

Hər şeydən savayı, elektron xidmətlərin genişləndirilməsi çərçivəsində Əmlak Məsələləri üzrə Dövlət Komitəsi gələn ildən real vaxt rejimində daşınmaz əmlaka dair arayışlar verəcək - xüsusən əmlaka qoyulan girov kağızı (qeydiyyata alınmış hüquqlar) haqda arayışlar. Bununla da, xalq arasında "Forma 1" adlandırılan sənədin alınması üçün olan ağır prosesin sonu gəldi - o, sənədləşdirmə zamanı lazım olmayacaq.  

Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun sözlərinə görə, hazırda əmlakın qeydiyyata alınması üzrə hüquq prosedurlarını həyata keçirən notariat orqanları ilə "onlayn" əlaqənin qurulması üçün ilkin hazırlıqlar aparılır. Bundan başqa, dövlət komitəsinin xidmətlərinin notariat orqanları və ərazi idarələri arasında informasiya mübadiləsinin yeni mexanizmi hazırlanıb. Bu da vətəndaşların əmlakın dövlət reyestrindən müvafiq arayış və çıxarışların alınması üçün sərf etdikləri vaxtı əhəmiyyətli dərəcədə qısaltmağa imkan verəcək. 

2014-cü ilin sonuna planlaşdırılan vahid rəqəmsal informasiya-kadastr bazasının yaradılmasına dair işlər yekunlaşdıqdan sonra, Azərbaycanda əmlakın satışı-alışı üzrə əməliyyatları da tamamilə elektron formada həyata keçirmək mümkün olacaq. Artıq gələn ilin yanvar ayından tətbiq olunacaq bu prosesin birinci mərhələsində vətəndaşlar notariat orqanlarına müraciət edə bilərlər. Onlarsa öz növbəsində dövlət komitəsinin informasiya elektron bazasına müraciət edərək, real vaxt re-jimində alış-satış əməliyyatlarını hə-yata keçirə bilərlər. 

Lakin bu da hamısı deyil. R. Cəlilovun sözlərinə görə, 2014-cü ilin birinci rübündə daha bir yenilik tətbiq olunacaq. Təkrar yaşayış üçün çıxarış almaq istəyən vətəndaşlar, bunu da notariusda edə bilərlər. Notariat xidmətinə müraciət edərək, vətəndaş müraciətini rəsmiləşdirə və rüsumunu ödəyə bilər. Notariat orqanları sənədləri elektron formada dövlət komitəsinin ərazi idarələrinə göndərəcəklər. Gələcəkdə vətəndaş öz ərazi idarəsinə cəmi bir dəfə – hazırlanmış arayışı almaq üçün gəlməli olacaq. Gələcəkdə elektron formada daşınmaz əmlakın ilkin qeydiyyatı da mümkün olacaq.  

Bu tədbirlər nəticəsində, qeydiyyat prosesi daha asan, operativ və şəffaf olacaq. Qeydiyyata alınma müddəti, həmçinin sənədləşdirmə prosesinə sərf edilən vaxt azalacaq.  

Bundan əlavə, vətəndaşların hə-yatını önəmli şəkildə asanlaşdıracaq daha bir neçə yenilik də tətbiq ediləcək: "Dövlət rüsumu haqqında" qanuna edilən düzəlişlərə uyğun olaraq, qeydiyyata alınma, küçə, prospekt, meydanların adları dəyişdirilərkən texniki səhvlərin ləğv edilməsi, hüquqi şəxslərin daşınmaz əmlak obyektlərinin ünvanlarının dəyişdirilməsinə dair rüsumlar da sıfra endirilib.  

Bu yaxınlarda Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxslərin ləğv edilməsi proseduru da sadələşdirildi və ilk dəfə olaraq onların ləğv edilməsi müddəti həyata keçirilib.  

Mülki kodeksə edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslərin ləğv edilməsi ilə bağlı uzunmüddətli və formal prosedurlar aradan qaldırılıb. İndi hüquqi şəxslərin ləğv edilməsi üçün maliyyə və digər problemlər zamanı maksimum bir ilə qədər vaxt lazım olacaq. Eyni zamanda ilk dəfə olaraq beynəlxalq  təcrübədə geniş tətbiq olunan hüquqi şəxslərin könüllü olaraq ləğv edilməsi həyata keçirilir. Düzəlişlərlə, həmçinin xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyata alınması da iki günə qədər azalır, məhdud məsuliyyətli (MMC) yerli cəmiyyətlərin isə - elektron müraciəti zamanı dərhal və adi müraciət zamanı bir gün ərzində icra olunur. 

Bu tədbirlər hüquqların qeydiyyata alınması və əmlakın kadastr uçotunun vahid sisteminin yaradılması çərçivəsində həyata keçirilir. Bu surətlə, güman olunur ki, bu addımlar növbələrin azalmasına və dövlət reyesetrinin şöbələrindən yükün bir hissəsinin götürülməsinə imkan verəcək. Və deməli, əhali üçün rahatlıq yaradacaq. Bu dəyişikliklər, ilk növbədə, vətəndaşlara göstərilən dövlət xidmətlərinin əlçatarlılığının səviyyəsini yüksəltmək üçün lazımdır. 

Hərçənd, lap bu yaxınlarda əmlakla bağlı sövdələşmələr bizə kifayət qədər uzun zaman, əsəb və əlbəttə ki, maliyyə bahasına başa gəlirdi...



MƏSLƏHƏT GÖR:

570