Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Son on bir il yarım ərzində Azərbaycan elektrik enerjisi sahəsini köklü şəkildə təkmilləşdirməyi və sistemin gücünü ikiqat artırmağı bacarıb. Gələcək iki-üç il üçün də sənayenin gücünün artımı planlaşdırılıb. Bu da ölkə qarşısında elektrik enerjisinin ixrac edilməsi üçün geniş imkanlar açır. Bu planların həyata keçirilməsinə bu yaxınlarda Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sistemlərini birləşdirən 500 kilovoltluq elektrik naqilinin istismara verilməsi də yardım edir.
Qeyri-neft sektorundan tələbat
Son illərin statistikasına əsasən, ölkənin elektrik stansiyaları hər il, orta hesabla, 19-21 mlrd. kVt/s elektrik enerjisi istehsal edirlər. Təqdirəlayiqdir ki, mülki sektorda enerjiyə tələbat nəzərəçarpacaq dərəcədə stabilləşib. Bu, daha çox paylayıcı şəbəkələrin miqyaslı təkmilləşdirilməsi və texniki itkilərin və elektrik enerjisinin oğurlanmasını minimum həddə çatdıran müasir istehlak uçot sistemlərinin tətbiq edilməsi ilə izah edilir. Müvafiq olaraq, istehlakın artım templəri bu seqmentdə o qədər də nəzərəçarpacaq deyil.
Elektrik enerjisinə əsas tələbat isə sənaye, tikinti, aqrar və telekommunikasiya sektorlarına, xidmət sahəsinə və iqtisadiyyatın digər istiqamətlərinin payına düşür.
2012-ci ildə elektrik enerjisinin istehsalının həcminə görə (21.3 mlrd. kVt/s) Azərbaycan böhrandan əvvəlki 2008-ci ilin göstəricilərini üstələyib. O zaman ölkədə enerji istehsalının pik göstəricisi - 21.2 mlrd. kVt/s qeydə alınmışdı. Ümumilikdə, elektrik enerjisinin hazırkı istehsal həcmləri daxili tələbatı artıqlaması ilə ödəyir və gələcək artım ixracla bağlı ola bilər.
Regionda ən güclü enerji sistemini yaradan Azərbaycan, artıq 2008-ci ildən bəri elektrik enerjinin idxalından qurtulub və elektrik enerjinin qonşu ölkələrinə ixrac etməyə başlayıb. Hələlik ixracın həcmləri "Azərenerji"nin potensial imkanlardan kifayət qədər azdır. Belə ki, cari ilin yanvar-oktyabr aylarında ümumi istehsalın 19,3 mlrd. kVt/s olduğu halda, ölkədən 104,700 mln. kVt/s enerji nəql olunub. Yəni ixracın göstəriciləri istehsal göstəricilərdən 184 dəfə az olub. Enerji ixracında həcmlərin artmasına əngəl olan əsas səbəb, xüsusilə qərb istiqamətdə olan ötürücü infrastrukturun kifayət qədər inkişaf etməməsi ilə bağlı olub.
Qeyd etmək lazımdır ki, son illərdə yüksək istehsal potensialı və kifayət etməyən ixrac arasında tənasübsüzlük artıb. Bu gün generasiya güclərin tam işləməsi ilə milli elektrik energetikası heç bir problemsiz ildə 25 mlrd. kVt/s enerji istehsal edə bilər və bu həcm ölkənin elektrik enerjisinə olan hazırkı tələbatını, orta hesabla, 20-22% üstələ-yir. Təxminən, 2015-ci ilədək "Şimal" İES-in ikinci fazasının və di- gər istehsal edici obyektlərin istismara verilməsi ilə, elektroenergetikanın gücü 7,5 min meqavat və daha da çox artırıla bilər. Bu da ölkə qarşısında ildə əlavə 5-6 mlrd. kVt/s elektrik enerjisi istehsal etmək və istifadə olunmayan elektrik enerjisinin ixracı ilə bağlı geniş imkanlar açır.
Yeni enerji körpüsü
Planlaşdırılır ki, istehsal olunan elektrik enerjisinin əsas hissəsi 2009-cu ilin aprelində üç qonşu ölkənin energetika qurumları tərəfindən imzalanan Tiflis anlaşma memorandumundan sonra start götürən "Enerji körpüsü Azərbaycan-Gürcüstan-Türkiyə" layihəsi çərçivəsində nəql olunacaq. Ötən illər ərzində layihə üzrə tərəfdaşlar layihə çərçivəsində ötürücü sistemin miqyaslı təkmilləşdirmə işlərini aparıblar, yüzlərlə kilometr elektrik naqillərini yeniləyiblər, bir neçə yarımstansiyanı rekonstruksiya ediblər və yenidən qurublar.
Bu planların reallaşdırılması ərəfəsində, hələ beş il bundan əvvəl "Azərenerji" ASC 2008-2015-ci illəri əhatə edəcək Azərbaycanda daxili enerji xətlərinin rekonstruksiyası ilə bağlı dövlət proqramını həyata keçirməyə başlayıb. İlk növbədə, təkmilləşdirilməli olan obyektlərin sırasına Mingəçevir və Şirvanda iri elektrik stansiyalarını birləşdirən 500-dən 0,4-dən kV-lıq elektrik naqilləri və bütün ölkə üzrə yarımstansiyalar daxil edilib. Həmin vaxt qərb istiqamətində ötürücü infrastrukturun rekonstruksiyasına başlanılıb. Xüsusilə ilk faza çərçivəsində Mingəçevirdən Samuxa qədər 70 kilometrlik elektrik naqil hissəsi və 500 kilovoltluq "Samux" yarımstansiyası tamamilə yenidən qurulub. Samuxdan Gürcüstan sərhədinə qədər 131 kilometrlik elektrik naqili və başlanğıcını Mingəçevirdən götürən, Qazax-Ağstafa istiqamətində 330 kilovoltluq elektrik naqillərinin yenidən qurulması üzrə işlər tamamlanıb. 2011-ci ilin sonunda 150 kilometrlik Muxranis - Vəli 500 kilovoltluq hava elektrik verilişi xətləri təkmilləşdirilməsi başa çatıb.
Ötən və bu il Gürcüstan tərəfində də tikinti işlərinin tam həcmi başa çatdırılıb: Gürcüstan və Türkiyə energetik sistemlərini birləşdirəcək 400 kilovoltluq Axaltsixe-Borçxa elektrik verilişi xətti çəkilib, eyni zamanda 330 kilovoltluq "Qardabani" elektrik naqili yenidən qurulub.
"Mingəçevir, Samux və Qardabani yarımstansiyaları istiqamətində bütün yüksəkvoltlu elektrik xətləri və yarımstansiyaları artıq tam olaraq yenidən təchiz edilib. Türkiyə istiqamətinə işlərin cüzi həcmini tamamlamaq qalıb, bundan sonra isə qısa zamanda tariflərlə bağlı məsələ müzakirə olunacaq, ondan sonra da Azərbaycanın elektrik enerjisi Türkiyəyə, ordan isə Avropa bazarlarına ixrac oluna bilər", - deyə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
Azərbaycan və Türkiyənin energetika qurumlarının rəhbərləri və eyni zamanda Avropa Birliyinin nümayəndələri dekabrın 11-də Gürcüstana rəsmi səfər zamanı yeni ener- getika dəhlizi obyektlərinin istismara verilməsi ilə bağlı təntənəli mərasimdə iştirak ediblər. İstismara 500/400/220 kilovoltluq "Axaltsixe" yarımstansiyası, Gürcüstan və Türkiyə energetika sistemlərini birləşdirən 400 kilovoltluq elektrik naqili verilib.
"Azərbaycan-Gürcüstan-Türkiyə energetika körpüsünün formallaşdırılması elektrik enerjisinin Türkiyə bazarına ordan isə Cənubi Avropaya ixracını nəzərdə tutan "Qara dəniz ötürücü şəbəkəsi" layihəsinin əsasını təşkil edir. Bu layihə Azərbaycana həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Biz xalqların rifahının yaxşılaşdırılmasına və regionun iqtisadi inkişafına yönələn bu cür başlanğıclarda iştirak etməkdən şadıq", - deyə Azərbaycan energetika naziri Natiq Əliyev bildirib.
"Qara dəniz ötürücü şəbəkəsi" layihəsi çərçivəsində Azərbaycan və Gürcüstan bərabər proporsiyalarda Türkiyəyə 1200MVt elektrik enerjisi nəql etməyi planlaşdırırlar. Ümumilikdə, layihə Türkiyə ərazisindən Bolqarıstana, Yunanıstana və Cənubi Avropanın digər ölkələrinə hər il 2 min MVt elektrik enerjisinin yenidən ixracını nəzərdə tutur. Lakin təkcə Azərbaycanın energetika sisteminin bugünkü potensialı Türkiyənin şərq vilayətlərinə 3 milyard kVt/s enerjinin ixracını təmin etmək gücündədir.
Maraqlısı odur ki, Azərbaycan yenicə yaradılan ötürücü infrastrukturdan ölkənin Türkiyə qarşısında olan borcunun ödənilməsi üçün də istifadə etməyi planlaşdırır. "Bu borc Türkiyə elektrik enerjisinin Naxçıvan MR-ə ixracı ilə bağlı yaranıb: son 5 il ərzində 3,6 milyard kVt/s olan ümumi borcdan yalnız 1,5 milyard kVt/s borcu ödənilib. Energetika körpüsündən istifadə Azərbaycan üçün daha əlverişlidir, çünki bu, eyni zamanda borcunu ödəməyə imkan yaradacaq, artan istehsalat-texniki xərclərlə prosesi 5-10 ilə uzatmayacaq", - deyə energetika nazirinin müavini Natiq Abbasov qeyd edib. Onun sözlərinə görə, Türkiyə qarşısında borcun ödənilməsi ilə bağlı bu cür sxem Azərbaycanın generasiya güclərini tam yükləməyə imkan verəcək, bu da "Azərenerji" sistemində elektrik enerjisinin istehsalının effektivliyini nəzərəçarpacaq dərəcədə artıracaq.
Enerji körpüsünün gürcü tərəfdaşları da birgə başlanğıcın perspektivlərini kifayət qədər müsbət qiymətləndirirlər. Gürcüstan baş nazirinin müavini İrakli Qaribaşvilinin sözlərinə görə, gürcü və türk energetika sistemlərinin birləşməsi bütün region üçün vacibdir. Söhbət hələ yeni infrastrukturun ölkənin qərbini davamlı enerji təminatı və elektrik enerjisinin artığını yay vaxtı Türki-yəyə ixrac edilməsi imkanından getmir. Türkiyə və Gürcüstan energetika qurumlarının rəhbərləri, həmçinin yeni elektrik enerjisi layihələri, xüsusilə energetika körpüsünün ötürücülük qabiliyyətinin gələcək artımı üçün yeni elektrik naqillərinin və yarımstansiyaların tikintisi üzərində çalışacaq hökumətlərarası komissiya yaratmağa razılaşıblar.
İxrac planları
Bununla da, artıq yaxın zamanda, yeni energetika körpüsünün iş rejiminə keçidindən sonra, Azərbaycandan Gürcüstana, ordan isə Türkiyəyə "böyük" elektrik enerjisinin tranziti başlayacaq.
Lakin "Azərenerji"nin ixrac planları, təkcə qərb istiqamətilə kifayətlənmir. Heç də perpektivsiz olmayan enerji mübadiləsinin genişləndirilməsi və elektrik enerjisinin tranzitinin inkişafı ilə bağlı layihəni Bakı, Moskva və Tehranın energetika qurumları reallaşdırırlar. Bu layihənin aspektləri oktyabrda Moskvada baş tutan MDB Elektrik Enerji Şurasının 44-cü iclası zamanı nazirliklərin rəhbərləri arasında da aktiv müzakirələrin mövzusu olub.
Cari ilin iyun ayında imzalanan RF və Azərbaycanın birgə energetika sistemlərinin paralel işinin təmin edilməsi üzrə tədbirlərlə bağlı hökumətlərarası saziş, iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar yaradıb.
Qeyd etmək lazımdır ki, bu razılaşmanın həyata keçirilməsi üçün hər hansı ciddi texniki əngəllər yoxdur. Azərbaycan və Rusiyanın energetika sistemləri artıq çoxdan bir -biri ilə "Dərbənd" (330kV) və "Yalama" (110 kV) elektrik naqilləri ilə birləşdirilib. Öz növbəsində Azərbaycanla İran arasında enerji mübadiləsi beş xətlə "Parsabad I" (230 kV), "Parsabad II" (330 kV), "Astara" (110 kV) və həmçinin Naxçıvan MR ərazisi ilə 132 kilovoltluq "Culfa" və "Araz" elektrik naqilləri vasitəsilə yerinə yetirilir. Bu ötürücü sistemlər artıq uzun illərdir ki, qarşılıqlı hesablama şərtləri ilə elektrik enerjisinin mübadiləsi üçün Azərbaycan, Rusiya və İran tərəfindən istifadə olunur.
Nəticədə isə elektrik enerjisinin ixrac edilməsi ilə bağlı razılaşmanın əldə edilməsi və Rusiyanın bu layihələrə qoşulması, həmçinin İranın həcmli bazarını da əhatə etməklə, təchizatın həcmlərini nəzərəçarpacaq dərəcədə artıracaq. İstisna olunmur ki, bu, gələcəkdə Yaxın Şərqin digər ölkələrinə də uzanacaq.
MƏSLƏHƏT GÖR: