
BÖHRANLI UKRAYNA
Ukraynalı politoloq: "Həm Aİ, həm də Gİ ilə tərəfdaşlığın optimal variantı tapılmalıdır"
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Ukrayna rəhbərliyinin Aİ ilə Assosiativ Saziş imzalamaq qərarından imtinası, paralel olaraq Rusiya ilə münasibətləri yaxşılaşdırmağa başlaması ölkə ictimaiyyətində ciddi etirazlara səbəb olub. Artıq yarım aydır ki, Ukraynanın bir sıra şəhərlərində etiraz aksiyaları səngimək bilmir. Onların ən miqyaslısı Kiyevin Müstəqillik meydanında keçirilir. Ukrayna prezidenti Viktor Yanukoviç yaranmış siyasi böhrandan çıxış yolları arayır. Prosesə Aİ və ABŞ-ın yüksək rütbəli nümayəndələri də qoşulublar.
"Penta" Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir FESENKO "R+" jurnalına müsahibəsində ölkədə baş verənlər və hadisələrin mümkün nəticələri haqda fikirlərini bölüşüb.
- Kiyevdə yaşananlara necə tərif vermək olar?
- Kiyevdə son iki həftədə baş verənlər dərin siyasi böhrandır. Hər şey Ukrayna rəhbərliyinin Avropa İttifaqı ilə Assosiativ Sazişi imzalamaqdan imtinası ilə başladı. Bu, ukraynalıların bir hissəsinin etiraz olaraq Kiyev küçələrinə çıxmasına yol açdı. Amma əsas problem noyabrın 30-da, milis xüsusi təyinatlılarının Avropaya inteqrasiyanı dəstəkləyən mitinq iştirakçılarını qəddarlıqla dağıtmasından sonra baş qaldırıb. Mitinqçilərin döyüldüyünü əks etdirən kadrların xəbərlər proqramlarında, internetdə və s. yayılmasından sonra, artıq dekabrın 1-də Kiyevin mərkəzi meydanında keçirilən aksiyaya yüz minlərlə insan çıxdı. Artıq onlar hökumətin istefasını, növbədənkənar seçkinin keçirilməsini tələb etməyə başladılar. O vaxtdan Ukraynada siyasi böhran başlayıb. Hələ ki, etiraz edən tərəflə hökumət arasında birbaşa danışıqlar aparılmır. Amma üç sabiq və hazırkı prezident arasında böhrandan çıxış yolları ilə bağlı açıq müzakirələr aparılır. Söhbət Yanukoviç, Kravçuk, Kuçma və Yuşşenko arasında aparılan diskussiyalardan gedir. Kravçukun təşəbbüsü ilə milli "də-yirmi masa" da keçirilib. Amma müxalifət orada iştirak etməyib. Ukraynaya ABŞ və Aİ nümayəndələri - Viktoriya Nuland və Ketrin Eşton da səfər ediblər. Onlar prezidentlə görüşərək, Maydanla hökumət arasında vasitəçilik missiyasını həyata keçirməyə çalışırlar. Amma Kiyevdə vəziyyət son dərəcə gərgin olaraq qalır. Böhranın səbəbləri, hələ ki, aradan qaldırılmayıb.
- Telekanallarda Kiyevdə Avropaya inteqrasiyanın əleyhdarlarının da küçələrə çıxdığına dair xəbərlər gedir. Ölkədə vətəndaş qarşıdurması gözlənilmir ki?
- Maydana alternativ olaraq Regionlar Partiyasının fəalları və tərəfdarları küçələrə çıxıblar. Orada vəziyyət bir qədər fərqlidir. Regionlar Partiyası əvvəl Avropaya inteqrasiya ideyasını dəstəkləyirdi. Amma son anda Aİ ilə Assosiativ Sazişin imzalanması təxirə salındı. Yeri gəlmişkən, Ukrayna hökuməti Aİ ilə assosiativ tərəfdaşlıqdan tam imtina etməyib. Regionlar Partiyası Rusiya ilə yaxşı münasibətlərin qorunub-saxlanılması ilə Avropaya inteqrasiya arasında balansı tapmağa çalışır. Bu üzdən regionçuların mitinqini Avropaya inteqrasiya əleyhdarlarının aksiyası kimi qiymətləndirmək doğru olmazdı. Onlar Yanukoviçin opponentlərinə qarşıdır.
- Bəs, müxalifətin vahid lideri varmı?
- 2004-cü ildə yaşananlardan fərqli olaraq, bu gün Ukrayna müxalifətinin vahid lideri yoxdur. İndi ortada parlamentin müxalifətçi fraksi-yalarının üç rəhbəri var: Vitali Kliçko ("UDAR" partiyası), Arseni Yasenyuk ("Batkivşina" bloku) və Oleq Tyaqnibok ("Azadlıq" partiyası). Onlar vaxtaşırı ümumi mövqe ortaya qoyurlar. Amma onlar potensial olaraq dörd ildən sonra keçiriləcək prezident seçkisində bir-birlərinə rəqibdirlər. İctimai rəy sorğuları göstərir ki, ictimaiyyət arasında siyasi qüvvələrin tərəfdarları cəmi 4%-dir. Qalan etirazçılar, əsasən, ali təhsili olanlar, orta sinfin nümayəndələridir və onlar Avropaya inteqrasiyanın tərəfdarlarıdırlar. Yeri gəlmişkən, Ukraynada orta sinfin nümayəndələri arasında hazırkı hakimiyyətin əleyhdarları daha çoxdur.
- Hökumət mitinqi dağıtmaq və etiraz aksiyalarının təşkilatçılarını həbs etmək qərarı verərsə, bu, nə ilə nəticələnə bilər?
- Nəzərə almaq lazımdır ki, yüz minlərlə insanın iştirak etdiyi mitinqlər məhz etirazçılara güc tətbiqindən sonra başlayıb. Noyabrın 30-da tələbələrin mitinqinin amansızlıqla dağıdılması ölkədə ciddi etiraza səbəb olub. Nəticədə, yüz minlərlə insan Kiyev küçələrinə axışıb. Bu üzdən güc tətbiqi böhranın həlli yolu deyil. Bu, zəncirvari zorakılığa, bəlkə də, vətəndaş qarşıdurmasına yol aça bilər. Hökumət effektiv "yumşaq təmizləmə" taktikasından istifadə edir. Hökumət qüvvələri mitinqçiləri dağıtmır, sadəcə, meydandan sıxışdırır. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və parlamentin yerləşdiyi ərazidə keçirilən mitinqlərin qarşısı məhz bu yolla alınıb. Cüzi güc tətbiqi zamanı xəsarət alanlar olmayıb. Eyni zamanda prezident danışıqlara başlanılması təşəbbüsü ilə çıxış edir. Belə fikir yaranır ki, hakimiyyət ictimai narazılıq, qərbli tərəfdaşlarla münasibətlərdə böhran yarada biləcək çox aqressiv əməllərdən çəkinir.
Amma dekabrın 10-da Kiyev paytaxt administrasiyası binasının etirazçılardan zor tətbiqi ilə azad edilməsi cəhdi gərginliyi daha da artırıb. Xüsusi təyinatlılar binanı azad edə bilmədi. Mitinqçilər "Berkut"un həmləsini dəf etdilər. Nəticədə, barrikadalar daha da çoxaldı, avropalı tərəfdaşlarla münasibətlər daha da pisləşdi, ictimaiyyətdə hiddət yarandı, insanlar meydanları və küçələri doldurmağa başladılar. Bir sözlə, böhran daha da dərinləşdi.
- Müxalifət danışıqlara getməsə, hökumətin istefası tələbi davam etdirilərsə, hadisələr hansı formada inkişaf edə bilər?
- Müxtəlif variantlar ola bilər. Ukraynada siyasətlə bağlı proqnoz vermək çətindir. İki ay əvvəl Avropaya inteqrasiyaya, mitinqin dağıdılmasına görə küçələrə bu qədər insanın çıxa biləcəyini düşünmək olmazdı. Vəziyyət sürətlə dəyişir. Bir tərəfdən, müxalifət meydanlara getdikcə daha çox adam toplayır, digər yandan hakimiyyət təşəbbüsü ələ almağa çalışır. Müxalifət etirazların kütləviliyini təmin edə bilərsə, hakim elita kompromisə getməli olacaq. Əks təqdirdə, hakimiyyət yeni taktika ilə hərəkət edərək, addım-addım meydanı təcrid etməyə və paytaxtın mərkəzini tam nəzarətə götürməyə cəhd edəcək. Bu zaman yeni ilədək təşəbbüs hakimiyyətin əlinə keçəcək.
Aİ təmsilçilərinin tərəfləri barışdırmaq missiyasının öhdəsindən gələ bilib-bilməyəcəklərindən çox şey asılıdır. Hələlik tərəflərin heç biri güzəştə getmir. Ən yaxşı kompromis Maydanda saxlanılmış fəalların azadlığa buraxılması, 30 noyabr mitinqinin dağıdılması zamanı qeyri-adekvat güc tətbiq etmiş hərbçilərin, eyni zamanda mitinqçilər arasındakı təxribatçıların cəzalandırılması olardı.
- Müxalifətin danışıqlara getməməsinin səbəbi nədir? Bu, Yuliya Timoşenkonun çağırışı ilə bağlıdır?
- Timoşenko, ümumiyyətlə, Yanukoviç hakimiyyəti ilə hər hansı danışıqların əleyhinədir. Maydan liderlərinin danışıqlara getməməsinin səbəbi isə onların ilkin şərtlərinə əməl olunmamasıdır. Artıq böhran çox dərinləşib. Tərəflər bir-birini dinləmək istəmir və öz şərtlərini həyata keçirməyə çalışır. Danışıqların başlanmasına Qərb siyasətçilərinin "qayıq diplomatiyası" kömək edə bilər.
- Ukraynanın Gömrük İttifaqına üzv olma ehtimalı nə qədərdir?
- Bu məsələ istənilən halda müzakirə olunacaq. Məsələ prezident seçkisinə az qalmış qaldırılacaq. Son ictimai rəy sorğuları göstərir ki, əhalinin yarısı Maydandakı etiraz aksiyalarını dəstəkləyir, yarıdan bir qədər azı isə Meydanın əleyhinədir. Avropaya inteqrasiya ilə Gömrük İttifaqına üzvlük məsələsində də qüvvələr nisbəti eynidir. Bu qüvvələr bir-birlərinə qarşı barışmaz mövqedədirlər. Gömrük İttifaqına üzvlüklə bağlı veriləcək qərar daha ciddi siyasi təlatümlərə yol aça bilər. Ermənistan Aİ ilə Assosiativ Saziş imzalamağa hazırlaşdığı anda qəflətən Gömrük İttifaqına qoşuldu. Ukraynada bu, dərin siyasi böhrana səbəb olar.
Bu məsələnin referenduma çıxarılması da çətindir. Birincisi, yerli və Qərb siyasətçilərinin ümumi rəyinə əsasən, Ukraynanın referendum haqqında qanununa dəyişikliklər edilməlidir. Digər yandan, referendumda "lehinə" və "əleyhinə" səslərin, təxminən, bərabər olma ehtimalı yüksəkdir. Odur ki, bütünlükdə Ukrayna xalqını qane edən variant, həm Aİ, həm də Gİ ilə tərəfdaşlığın optimal variantı tapılmalıdır.
MƏSLƏHƏT GÖR: