14 Mart 2025

Cümə, 20:50

"PARÇALA, HÖKM SÜR"

"Birləşmiş Avropa"nın parçalanması ssenarisi nə dərəcədə realdır?

Müəllif:

24.12.2013

Sən demə, siyasətdə də qazanc əldə etmək mümkün imiş. Əlbəttə ki, bu, kifa-yət qədər əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan  gəlir növüdür. Amma digər yandan, qazanc məqsədilə həyata keçirilən digər maliyyə yatırımlarından heç də daha riskli deyil. William Hill bukmeker təşkilatı arzulayanlara belə imkan yaratmağa hazırdır. Qaliblər 2014-cü il sentyabrın 18-də müəyyənləşəcək. Həmin gün Şotlandiyanın Böyük Britaniyadan müstəqillik əldə etməsi məsələsi  referenduma çıxarılacaq. Skottiş-Bordersdən olan bir nəfər artıq 5 min funtdan bir qədər çox pul qoyuluşu edib. Onun proqnozuna görə, şotlandlar Birləşmiş Krallığın parçalanmasına səs verəcəklər. Bunun əksinə olan iddiaya maksimal pul qoyuluşu isə 200 min funtdur. Onu Qlazqo sakini edib.

Hər şey son dərəcə sadədir. XXI əsrdə oturduğun yerdən qalxmadan kimin bayrağı altında yaşamağa hazırlaşdığına qərar verə, daha sonra mübarizənin gedişini sakit şəkildə İnternetdən izləmək mümkündür. Bennokbörndəki məşhur döyüşdən artıq əsər-əlamət yoxdur. Şotlandlar, əlbəttə ki, gələn ilin yayında həmin hadisənin 700-cü ildönümünü qeyd edəcəklər. Bu döyüş Şotlandiyaya İngiltərədən müstəqillik qazandırıb, ölkənin dirçəlişinin əsasını qoyub, şotland xalqının özünüdərkinin formalaşmasına ciddi təsir göstərib. Amma o vaxtdan 7 əsr sonra şotlandlar yenidən müstəqillik qazanmaq şansı əldə ediblər. Bu dəfə Allaha şükürlər olsun ki, onlar bunu sivil, silahsız yolla edə bilərlər.

Sentyabrda keçiriləcək referendumda qoyulacaq sual ifayət qədər sadədir: "Şotlandiya müstəqil dövlət olmalıdırmı?". Xatırladaq ki, hazırda Şotlandiya ilə İngiltərəni 1707-ci ildə imzalanmış ittifaq aktı birləşdirir. İki ölkə Birləşmiş Krallığın yaradılmasına dair müqaviləni məhz həmin ildə imzalayıblar. Üç əsr sonra - 1999-cu ildə Şotlandiya yenidən özünün birpalatalı parlamentini seçmək hüququnu qazanıb. İndi isə şotlandlar daha bir addım atıblar - 15 oktyabr 2012-ci il tarixli "Yedinburq razılaşması"na əsasən, Böyük Britaniya hökuməti Şotlandiya parlamentinə sözügedən referendumun keçirilməsi üçün məhdud hüquq verib. Bununla yanaşı, hər iki tərəf üzərinə səsvermənin nəticəsindən asılı olmayaraq, Şotlandiya xalqının maraqlarına uyğun şəkildə konstruktiv əməkdaşlıq etmək öhdəliyi götürüb.

Şotlandiyanın Krallıqdan ayrılmasının əsas təşəbbüskarı hazırda hakimiyyətdə olan sol-mərkəzçi Şotlandiya Xalq Partiyasıdır (SNP). Qəti şəkildə millətçi mövqe nümayiş etdirən partiya ötən əsrin 70-ci illərində ölkə nefti  ilə bağlı ortaya qoyduğu mövqe sayəsində mövqelərini gücləndirib. O vaxt SNP bəyan etmişdi ki, ingilislərlə şotlandların dövləti ümumi olsa da, Şotlandiya sahillərindən hasil edilən neft yalnız şotlandlarındır. Şotlandiyanın hazırkı birinci naziri, SNP lideri Aleks Selmond Norveçi ölkəsi üçün nümunə sayır - Norveç Avropada nəinki büdcə defisiti yaşamayan yeganə ölkədir, o, gələcək nəsillər üçün də güclü fond yarada bilib. Selmond təbii resurslarla zəngin, iqtisadi cəhətdən inkişaf etmiş Şotlandiyanın Britaniyanın ümumi büdcəsindəki payını hesablayıb və indi həmvətənlərinin müstəqil yaşamağa çalışmasının vacibliyinə əmindir. 2013-cü il noyabrın 26-da Şotlandiya hökuməti Böyük Britaniyanın tərkibindən çıxmaq planını açıqlayıb. 670 səhifəlik sənəddə hər şey təfsilatı ilə göstərilir. Şotlandlar hər şeydən əvvəl Britaniya monarxiyasının nominal tabeliyində qalmağa hazırdırlar (məsələn, onlar kraliça II Yelizavetaya böyük simpatiya bəsləyirlər). Bununla yanaşı, lazım olarsa, respublikaya çevrilmək hüququ əldə etməyə hazırlaşırlar. Funt sterlinqin milli valyuta kimi saxlanılması, İngiltərə Bankının isə Mərkəzi Bank rolunu davam etdirməsi də planda əksini tapıb. Şotlandlar VVS korporasiyasının yayımını dayandırmağı da düşünmürlər. Amma şotlandlar müstəqil dövlət olacaqları təqdirdə, NATO-ya üzvlüyün qorunub-saxlanması ilə bərabər, birtərəfli şəkildə nüvə tərk-silahı qərarı verəcək (Britaniyanın əsas sualtı donanma bazası Şotlandiyanın qərb sahillərindəki Fasleyndə yerləşir. Nüvə başlıqla ballistik raketlər daşıyan gəmilər də bu bazadadır. Bazanın fəaliyyət müddəti 2020-ci ilədək uzadılıb). Bu yaxınlarda açıqlanmış hesabatda Şotlandiyanın öz ordusunu yaratması üçün ciddi səylərə ehtiyacın olduğu, amma bu işin prinsipcə, reallıqdan uzaq olmadığı da bildirilir.

SNP-nin sosial siyasəti daha ciddi tənqidlərə tuş gəlib. Çoxları partiyanın bu sahədə qarşıya qoyduğu vəzifələrin öhdəsindən gəlinməsini qeyri - mümkün sayır. Əsas şübhələr isə Şotlandiyanın Avropa İttifaqı ilə gələcək münasibətləri  ilə bağlıdır. Çünki Yedinburq müstəqillik əldə edəcəyi təqdirdə, birləşmiş Avropanın tərkib hissəsi kimi qalmaq fikrindədir. Çətinlik isə Brüsseldə belə prosedurun (Aİ üzvü olan ölkənin iki hissəyə parçalanması) mövcud olmamasındadır. Güman ki, Şotlandiyanın Aİ-yə üzvlüyü/üzvlüyünün qorunub-saxlanması üçün qurumun digər üzvlərinin də razılığı lazım gələcək. Məsələ İspaniya, Belçika, İtaliya kimi ölkələrin buna razılıq verib-verməyəcəklərindədir. Çünki onların da öz "şotlandları" var. Aİ-nin büdcəsinə maliyyə ayırmaları məsələsinin necə olacağı da bəlli deyil - London üçün bu işdə güzəştlər var. Bu güzəştlər müstəqil Yedinburqa da şamil olunacaqmı? Nəhayət, Şotlandiyanın müstəqiliyi Londonun Aİ-dəki səsinə hansı təsiri göstərəcək?

Yeri gəlmişkən, maraqlısı ölkələrin parçalanması məsələsinin məhz son onillikdə meydana gəlməsi və möhkəmlənməsinə, bunun Aİ-nin tərkibində baş verməsindədir.

Məsələ ondadır ki, müstəqillik haqda düşünənlər arasında İspaniyanın sosial-iqtisadi baxımdan ən çox inkişaf etmiş bölgəsi olan (ÜDM-in dörddəbiri) Kataloniya da var. Madridin maddi durumu ağırlaşdıqca, kataloniyalılar bu haqda daha fəal düşünməyə başlayırlar. Onlar ümumi büdcəyə İspaniyanın bütün regionlarından daha çox vəsait versələr də, ən az dövlət maliyyəsinin məhz Kataloniyaya ayrıldığına əmindirlər. 2014-cü il noyabrın 9-da Kataloniyada da müstəqillik məsələsi referenduma çıxarılacaq. Bunu muxtar vilayətin rəhbəri Artur Mas bəyan edib.

Londondan fərqli olaraq, Madrid kataloniyalıların separatçı hərəkatını sakit şəkildə qarşılamaq fikrində deyil. İspaniyanın baş naziri Mariano Rahoy kataloniyalıların bu tələbini qanunsuz  sayır. O, "heç bir referendumun olmayacağını" bildirib və bu fikrini belə addımın İspaniya Konstitusiyasına zidd olması ilə əsaslandırıb. Xatırladaq ki, 2008-ci ildə ölkənin Konstitusiya Məhkəməsi Basklar ölkəsinin sakinlərinin bu istəyini rədd edib.

"Hökumət xalqın birliyini gücləndirmək üçün böyük işlər görür. Ölkə daxilində bəzi qüvvələrin buna qarşı çıxmağa çalışmasından çox təəssüflənirəm. Kataloniya hökumətinin qanunsuz tələbləri cəmiyyətdə parçalanma yaratmağa, dövləti zəiflətməyə yönəlib. Bu, məni son dərəcə məyus edir", - deyə Rahoy qeyd edib.

Mas isə əmindir ki, o, qalan müddət ərzində Madridlə ümumi dil tapa biləcək.

Bununla yanaşı, Şotlandiyanın mümkün müstəqilliyi ilə bağlı şübhələr Kataloniyaya, həmçinin Aİ-nin istənilər ölkəsinin müstəqillik arzusunda olan regionuna da aiddir. Belə regionların sayı isə heç də az deyil. Elə həmin Böyük Britaniyada Qibraltarın, Şimali İrlandiyanın, İspaniyada Basklar ölkəsinin, Qalisiyanın, Kastilyanın, Andalusiyanın, Kanar adalarının və sairin adını çəkmək olar. Danimarkada Farer adaları və Qrelandiya, Belçikada Flamandiya və Valloniya, Almaniyada Bavariya, Şimali İtaliyada bir çox vilayətlər, Rumıniyada macarların yaşadığı bölgələr, Makedoniyada İlliriya, Fransada Korsika və Elzas, Çexiyada Moraviya... Bu, tam siyahı deyil. Hətta Serbiyadan ayrılmış Kosovonun özündə belə (hələ Aİ üzvü olmamış respublikada), oxşar problemlər yaşanmaqdadır.

Yuqoslaviya ayrı-ayrı hissələrə parçalandıqda Avropa ölkələri bu prosesə təmkinlə, sakit yanaşırdılar.  Amma 20-ci əsrin ikinci yarısında Avropadakı inteqrasiya prosesləri heç kəsi çaşdırmasın - bu qitədə uzun müddət fərqli tendensiyalar da olub. Bu ərazi (xüsusilə Almaniya və İtaliya) əsrlərboyu "udel knyazlıqları"na bölünüb, nəhəng dövlətlər isə ərazi uğrunda bir-birləri  ilə savaşıblar. İndi Avropada sakit dönəm həqiqətənmi başa çatır? Axı millətçilik əhval-ruhiyyəsi maliyyə və iqtisadi böhran dönəmində daha aqressiv şəkildə üzə çıxır. Sabit və do-  yumlu illərdə heç kəs parçalanma haqda düşünmür. Amma elə ki, iştahı azaltmaq tələbi səslənməyə başlayır, dərhal kimin daha varlı, daha layiq olması, kimin hüququnun pozulub-pozulmaması kimi məsələlər gündəmə gəlir...  

Hələliksə daha böyük məbləği kimin əldə edəcəyi bəlli deyil - Şotlandiyanın müstəqilliyinə şəkk edən qlazqolu, yoxsa Skotitiş-Bordersdən olan nikbin? Hər şey əksinə də ola bilər - qlazqolu nikbin və Skottiş-Bordersdən olan skeptik.

Belə bir fikir var - Avropa ölkələrinin parçalanması Brüsselə sərf edir. Burada çoxdan məşhur olan, köhnəlmiş, amma hər zaman özünü doğrultmuş "Parçala, hökm sür" prinsipi  işləyir. Aİ-də yalnız nəhəng, hərbi, iqtisadi və siyasi baxımdan güclü dövlətlər özləri üçün əlverişli olan qərarları "işə keçirə" bilirlər.

Belə olan təqdirdə real hakimiyyət heç zaman Brüsselin əlində olmayacaq.



MƏSLƏHƏT GÖR:

622