
ERMƏNİSTAN "TÜRKİYƏ İMTAHANI"ndan ÇIXA BİLMİR
İrəvan həmişə olduğu kimi, Ankara ilə münasibətlərin real olaraq normallaşdırılmasna hazır deyil
Müəllif: NURANİ Bakı
Suriyada vəziyyət beynəlxalq birliyin diqqət mərkəzində saxladığı əsas məsələ olaraq qalır. "Cenevrə-2" adlandırılan sülh konfransı bu dəfə yanvarın 22-nə təyin olunub. Amma onun növbəti dəfə də təxirə salınmayacağına zəmanət yoxdur.
Bu arada erməni lobbiçilər Türkiyə ilə "informasiya müharibəsi"ndə Suriya münaqişəsindən son dərəcə fəal şəkildə istifadə edirlər. Məlum olduğu kimi, Suriyada çoxsaylı və nüfuzlu erməni icması var. Hazırkı hərbi əməliyyatlar dövründə bu icmanın nəzəri baxımdan belə, Suriyada davam edən vətəndaş müharibəsindən kənarda qalması mümkün deyil. Üstəlik, Suriyadakı vəziyyətlə tanış olan əksər ekspertlərin qeyd etdikləri kimi, məsələn, Suriya türkmənləri ciddi təzyiqlə üzləşiblərsə, "etibarsız" elan olunublarsa, hakimiyyət yerli ermənilərə qarşı əksinə, böyük mərhəmət göstərib, Dəməşqlə İrəvan arasında münasibətlər kifayət qədər isti olub.
Vətəndaş müharibəsinin tüğyan etdiyi, üstəlik, Türkiyənin Suriya qiyamçılarına açıq dəstək verdiyi indiki şəraitdə Ermənistan KİV-i çox sadə bir kombinasiya irəli sürürlər. Onlar Suriya münaqişəsini az qala "erməni soyqırımı"nın davamı kimi təqdim edirlər.
Bu iddia ilə məşhur Robert Fisk çıxış edib. O, Britaniyanın, sanki, nüfuzlu nəşri olan "The Independent" qəzetinin səhifələrində yazır ki, guya, "Türkiyədə baş vermiş "soyqırımı"ndan (dırnaq işarəsi bizə məxsusdur - red.), təxminən, yüz il sonra ermənilər indi də Suriyada qətliamla üz-üzə qalıblar. Bu haqda mətbuatda heç nə yazılmasa da, onların müqəddəs məkanları da murdarlanır".
Oxuculara Habur çayı sahillərində "soyqırımı qurbanları"nın qalıqlarını şəxsən aşkar etməsi haqda nağıl danışan Fisk Suriya reallıqlarına qayıdır. "Bu yaxınlarda Suriyada müxalifətçi qrupun erməni kilsəsində vandalizm aktı həyata keçirdiyini, oradakı mebelləri yandırdıqlarını" yazan Fisk daha sonra sözünün "canını" deyir: guya, "1915-ci ildə erməni millətini məhv etməyə çalışmış türklərin nəslindən olan yüzlərlə türk döyüşçü bu dəfə "Əl-Qaidə"yə qoşulmuş yaraqlılarla birlikdə erməni kilsəsinə hücum edib". Suriya münaqişəsinin hər hansı hücum deyil, daxili vətəndaş müharibəsi olması, ermənilərin bundan "zərər görməməsinin" hətta nəzəri baxımdan mümkün olmadığı cənab "Fiski qətiyyən maraqlandırmır.
Qeyd etmək lazımdır ki, Robert Fiskin məqaləsi KİV-də, məhz, dünyada yenidən Ermənistan-Türkiyə dialoqunun canlandırılması imkanları haqda söhbətlərin başladığı vaxta təsadüf edib. Üstəlik, Ankara və İrəvanda analitiklər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin dekabrın 12-nə təyin olunmuş görüşünün bunun üçün yaxşı imkan yaradacağına əmin idilər. Son günlər bununla bağlı, həqiqətən də, kifayət qədər "siqnal" var idi. Ermənilərin "soyqırımı"nın 100-cü ildönümünü qeyd edəcəkləri 2015-ci ilin yaxınlaşması ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması yenidən aktuallıq qazanıb. Ekspertlər, bu səbəbdən, "erməni lobbisi"nin qüvvələri səfərbər edəcəyini proqnozlaşdırır və Türkiyənin xoşagəlməz sürprizlərlə üzləşəcəyini düşünürlər.
Ankaradan ilk belə mesajlar hələ baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri ərəfəsində gəlirdi. Hakim Ədalət və İnkişaf Parti- yasına yaxınlığı ilə tanınan "Zaman" qəzeti "öz mənbələrinə istinadən" Ərdoğan və Davudoğlunun İsveçrə rəhbərliyinə müraciət etdiklərini, onlardan Ermənistanla yeni əlaqələrin qurulmasında yardım istədiklərini yazırdı. Xatırladaq ki, tərəflər arasında Sürix protokollarının imzalanması ilə nəticələnmiş ilk danışıqlarda vasitəçi, məhz, İsveçrə olmuşdu. Lakin elə o zaman da Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu açıq şəkildə bildirmişdi ki, Ankara Ermənistanla münasibətləri 2015-ci ilədək qaydaya salmağı arzulasa da, Azərbaycan ərazilərinin işğaldan azad olunmasınadək iki ölkə arasında sərhədlərin açılması mümkün deyil. O, ölkə parlamentinin xarici əlaqələr komissiyasının qapalı toplantısındakı çıxışında Türkiyənin Ermənistandan nə tələb etdiyini bir daha ortaya qoyub: Azərbaycan torpaqları işğaldan azad olunmalıdır: "Tələbimiz Qarabağın işğalına son qoyulmasıdır. Biz bu məsələdə irəliləyiş gözləyirik".
Qeyd edək ki, Ermənistan Türkiyənin onunla danışıqlara başlamağa verdiyi razılığı ilk gündən sülhsevər addım kimi yox, az qala Ankaranın "dünya ictimai rəyi" qarşısında "kapitulyasiya" kimi qiymətləndirib. Özü də, "dünya birliyinin bu mövqeyi" ilə erməni lobbiçilərinin tələbləri arasında bərabərlik işarəsi qoyulur. Bəzi erməni siyasətçilər hesab edirlər ki, Ermənistan-Türkiyə dialoquna verilən dəstək Avropa və ABŞ-ın erməni liderlərinə hələ Birinci dünya müharibəsi ərəfəsində verilmiş vədləri "xatırlamasının" nəticəsidir. Onlar sərhədlərin açılması ilə eyni vaxtda Türkiyənin "erməni soyqırımı"nı tanımağa məcbur olacağına, hətta işlərin lap yaxşı gedəcəyi təqdirdə, Ermənistana əlavə ərazilərin "hədiyyə olunacağına" da ümidli idilər. Onlar ən azı sərhədlərin "avansla" açılmasına, "soyqırımı"nın tanınması məsələsinin isə başqa vaxta təxirə salınmasına razı idilər. Serj Sarqsyanın Vilnüs sammitində Avropa liderlərini "blokada"ya son qoyulmasına "yardım etməyə" çağırması isə yalnız bir şeydən xəbər verirdi: İrəvan Azərbaycan ərazilərindən qoşunlarını çıxarmaq niyyətində deyil, amma bununla yanaşı, Türkiyə ilə sərhədlərin açılmasına ümidlidir. Üstəlik, Ermənistan Türkiyəyə qarşı ərazi və digər iddialarından da əl çəkmir. Əslində isə "erməni məsələsi" və ya "soyqırımının nəticələrinin aradan qaldırılması" kimi nisbətən xoşagələn evfemizmlərin altında Şərqi Anadoluya, bəzən isə Adana, Ceyhan və "İncirlik" bazası da daxil olmaqla, Kilikiyayadək olan daha böyük bir əraziyə iddialar dayanır. Ermənilərin məhkəmədə Türkiyənin "erməni mülkiyyətini qanunsuz şəkildə ələ keçirdiyinə" dair iddiaların qaldırılmasına cəhdlərə tez-tez rast gəlinir və "İncirlik" bazasının da adı bu kontekstdə çəkilir. İndi "erməni lobbisi"nin Türkiyəyə qarşı yenidən "Suriya kartı"ndan istifadə etməyə çalışmasını, onun köməyilə "erməni soyqırımı" məsələsini təzələmək cəhdini yalnız bir cür qiymətləndirmək olar: bir sözlə İrəvan həmişə olduğu kimi, Ankara ilə münasibətlərin real olaraq normallaşdırılmasına hazır deyil.
MƏSLƏHƏT GÖR: