Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
1994-cü il. 20 sentyabr. Azərbaycan dünyanın 8 ölkəsindən olan 12 şirkətlə "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənməsinə dair razılaşma imzalayır. "Gülüstan" sarayında keçirilən imzalama mərasimində dünyaca məşhur British Petroleum/Statoil, Unocal, TPAO və digər şirkətlərin rəhbərlərilə yanaşı, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç hökumətinin nümayəndələri də iştirak edir. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının əsasını təşkil edən bu müqavilə Azərbaycana 20 il əvvəl təsəvvür edilməsi mümkün olmayan iqtisadi və siyasi nailiyyətlər gətirməyə başlayır.
2013-cü il. 17 dekabr. Azərbaycan tərəfdaşları ilə birlikdə "Şahdəniz" qaz yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya razılaşması imzalayır. İmzalama mərasimində Azərbaycan və Çernoqoriya prezidentləri, Xorvatiya, Albaniya, Gürcüstan və Bolqarıstanın hökumət başçıları, Böyük Britaniya və İtaliyanın xarici işlər nazirləri, Türkiyənin enerji naziri və Avropa İttifaqının yüksək rütbəli təmsilçiləri iştirak edirlər. Dünyada artıq bu müqaviləyə "XXI əsrin müqaviləsi" adı verilib. Saziş müasir memarlıq şedevrlərinin siyahısına düşmüş Heydər Əliyev Mərkəzində imzalanır. Əgər təxminən 20 il əvvəl "Əsrin müqaviləsi" imzalanmasaydı, biz çətin ki, yeni əsrin müqaviləsinin imzalanmasına, üstəlik, onun bu cür müasir bir mərkəzdə imzalanmasına şahidlik edəydik.
"Şahdəniz-2" üzrə investisiya sazişi Azərbaycan qazının Avropaya yolunu açır, Azərbaycanın enerji si-yasətini regional miqyasdan qlobal miqyasa yüksəldir.
"Bu gün müasir Azərbaycanın həyatında tarixi bir gündür. Bu gün "Şahdəniz-2" enerji layihəsinin icrasına başlanılacaq. Bu isə ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək. "Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcək", - deyə Azərbaycan Prezidenti İlham Əliyev investisiya razılaşmasının imzalanması mərasimində bildirib.
Dövlət başçısı qeyd edib ki, bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişəcək. Çünki onun vasitəsilə Azərbaycan qazı bu resursları gözləyən bazarlara çıxarılacaq.
"TANAP və TAP da dünyanın ən iri enerji layihələrindəndir. La-yihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək (bu iki qaz kəmərinin tikintisi nəzərə alınmaqla - red.), marşrutboyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaq. Təbii ki, bu layihə əlavə səylər tələb edəcək. Amma o, ölkəmizin uzunmüddətli və da- yanıqlı iqtisadi inkişafını təmin edəcək", - deyə dövlət başçısı qeyd edib.
İndi Azərbaycan qazının vaxtında Avropa bazarlarına çatdırılmasını təmin etmək üçün əsas diqqət TANAP və TAR layihələrinin reallaşdırılmasına yönəldilib. Bunun üçün 3,5 min kilometrlik infrastruktur yaradılmalıdır. Bu isə "Şahdəniz" layihəsinin ilkin mərhələsində iştirak etmiş ölkələrin sıx əməkdaşlığını labüd edir. Söhbət Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstandan gedir.
Əldə etdiyi nailiyyətlərlə kifa- yətlənməyən Azərbaycan istehsal etdiyi qazı satmaq üçün yeni bazarların axtarışını gücləndirir. İlk mərhələdə bu, Çernoqoriya və Xorvatiyadır. Çernoqoriya prezidenti Filipp Vuyaniçin və Xorvatiyanın baş naziri Zoran Milanoviçin investisiya razılaşmasının imzalanması mərasimində iştirakları da bununla izah olunur. Mərasim çərçivəsində Azərbaycan, Albaniya, Xorvatiya və Çernoqoriya, "Cənub qaz dəhlizi" və Cənub-Şərqi Avropa dəhlizi arasında əməkdaşlığa dair Memorandum da imzalanıb.
Azərbaycanın daha uzunmüddətli planı isə təbii qazını Mərkəzi Avropa bazarına çıxartmaqdır. "Ümid edirəm ki, qarşıdan gələn illərdə Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla boru kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal iş görəcəyik", - deyə İlham Əli-yev qeyd edib.
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə Azərbaycan qazının "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya tədarükünün regionun vahid mənbədən, yaxud bir tranzit sistemindən asılılığını azaldacağını, bunun regionun bütün ölkələrinə təsir göstərəcəyini söyləyib.
"Qarşıdakı illərdə "Cənub qaz dəhlizi"nin genişləndirilməsi potensialı var. O, Yaxın Şərqə iri qaz tədarküçülərinin hamısını əhatə edə bilər. Bu, Avropanın enerji təhlükəsizliyinin təmininə böyük töhfə verəcək. Avropanın qaz bazarında rəqabət artacaq, nəticədə enerji daşıyıcılarının qiyməti daha məqbul səviyyədə də olacaq. Bundan başqa, Avropa İttifaqının qaz bazarı o qədər əlaqəlidir ki, bilavasitə Azərbaycandan qaz alan ölkələrlə yanaşı, digər dövlətlər də bunun xeyrini görəcəklər", - deyə nazir Bakıda investisiya razılaşmasının imzalanması mərasimində bildirib.
Yeri gəlmişkən, bu baxımdan Britaniyanın BP şirkətinin rəhbəri Robert Dadlinin bəyanatı da maraqlıdır. Azərbaycanlı jurnalistlərlə görüşü zamanı Dadli "R+" jurnalının əməkdaşının İranın Qərblə münasibətlərinin yaxşılaşması fonunda islam respublikası neftinin "Cənub qaz axını" sisteminə vurulması ehtimalına dair sualını cavablandırıb. O, sistemin gücünün üçüncü ölkənin də ona qoşulmasına imkan verdiyini söyləyib. "Biz vəziyyəti izləyirik. Amma bu haqda ciddi düşünməmişik. Türkiyədə boru xətti yüksək ötürücülük qabiliyyətinə malik olacaq. Onun vasitəsilə üçüncü ölkənin qazını da nəql etmək mümkün olacaq. Amma hələ ki, bu qədər uzaq gələcəyə baxmırıq", - deyə R.Dadli qeyd edib.
Azərbaycan qazının Avropaya nəqli perspektivinə isə BP rəhbəri heç bir şübhə etmir. Üstəlik, şirkət TANAP layihəsinin səhmdarıdır və layihədə SOCAR-a məxsus payın 12%-ni alıb. Yeri gəlmişkən, BP və SOCAR "Şahdəniz" yatağının işlənilməsi layihəsində Norveçin Statoil şirkətinin payının bir hissəsini də alıblar. "Statoil" şirkətinin məlumatına görə, bu iki qurum "Şahdəniz" yatağındakı 10%-lik paya görə 1,45 milyard dollar ödəniş edəcəklər. Bununla yanaşı, BP 3,3%lik pay alaraq, layihədəki ümumi payını 28,8%-ə, SOCAR isə 6,7% alaraq, 16,7%-ə qaldırıb. Statoil şirkəti la-yihədə 15,5%-lik paya malikdir. Sazişin 2014-cü ildə yekunlaşdırılması planlaşdırılır.
"Şahdəniz" yatağının işlənilməsinin ikinci fazası iki platformanın qurulmasını, platformalarla əlaqəli 26 sualtı quyunun qazılmasını, Azərbaycan ərazisindən Cənubi Qafqaz qaz kəmərinə birləşərək Gürcüstanadək uzanacaq yeni qaz kəmərinin tikintisini, Gürcüstanda iki böyük nasos stansiyasının inşasını, Səngəçal terminalında iki texnoloji xəttin (hərəsinin gücü ildə 8 milyard kubmetr qaz olmaqla) çəkilməsini nəzərdə tutur. Bu işlər yalnız Azərbaycanda 10 min iş yerinin açılmasına imkan verəcək. Bütün işlərin görülməsinə 28 milyard dollar investisiya xərclənməsi nəzərdə tutulub.
Bütün bunlar ildə 16 milyard kubmetr qaz hasilatına imkan verəcək. "Şahdəniz-2" çərçivəsində qaz hasilatına 2018-ci ildə başlanılması nəzərdə tutulub. Ümumilikdə isə "Şahdəniz" layihəsinin hər iki mərhələsinin işlənməsi nəticəsində maksimal hasilat ildə 25 milyard kubmetrdən artıq olacaq. Yataqdan kondensat hasilatı sutkada 55 min bareldən 120 min barrelə yüksələcək.
"Şahdəniz-2" çərçivəsində hasil edilməsi planlaşdırılan illik 16 milyard kubmetr qazın 10 milyard kubmetri Avropada (Yunanıstan və Bolqarıstan bazarlarına hərəsinə 1 milyard, İtaliyaya 8 milyard kubmetr qaz nəql olunacaq) reallaşdırılacaq, 6 milyard kubmetrini isə Türkiyə alacaq. Azərbaycan qazının alıcıları arasında 9 şirkət var - Gas Natural Fenosa, DEPA, E-On, GDF-Suez, HERA Trading, AXPO, Enel, Shell və BULGARGAZ.
Bununla yanaşı, "Şahdəniz" layihəsinin operatoru olan BP artıq yatağın işlənilməsinin üçüncü fazası haqda düşünməyə başlayıb. "Yataqda 2007-ci ildə qazılmış dərin kəşfiyyat quyusu daha dərin laylarda yaxşı ehtiyatların olduğunu göstərib. Tamhəcmli kəşfiyyat aparmaq lazımdır. Orada bizə hələ hazırlıq mərhələsində olan yeni texnologi-yalar lazımdır. Çünki həmin layların daha dərində yerləşməsi ilə yanaşı, orada qazın təzyiqi də yüksəkdir. İntuisiyama və təcrübəmə əsaslanaraq deyə bilərəm ki, orada gələn əsr üçün də kifayət edəcək həcmdə qaz ehtiyatı var", - deyə Robert Dadli qeyd edib.
Yeri gəlmişkən, "Şahdəniz" la-yihəsinin səhmdarları layihə çərçivəsində işlərini əminliklə planlaşdıra bilərlər. Çünki yatağın işlənilməsi müddəti 2048-ci ilədək uzadılıb. Bu da investisiya layihəsinin imzalanması mərasimində bəyan olunub.
1-ci və 2-ci fazalar çərçivəsində işlənilməsi planlaşdırılan kollektorlardakı qaz ehtiyatı 0,9 trilyon kubmetrdir. Üçüncü mərhələdə işlənilməsi nəzərdə tutulan daha dərindəki laylarda isə 1,4 trilyon kubmetr qazın olduğu bildirilir.
"Şahdəniz"in səhmdarları artıq gələn ildən yataqdan qaz hasilatını artırmağı düşünürlər. Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində 2014-cü ilin sonuna qaz hasilatı ildə 10,4 milyard kubmetrədək artırılacaq. Halbuki, əvvəllər illik maksimum 9 milyard kubmetr qazın hasil olunması planlaşdırılırdı. BP şirkətinin "Şahdəniz" layihəsi üzrə vitse-prezidenti Al Kukun sözlərinə görə, illik nəzərdə tutulan hasilatdan artıq olan 1,4 milyard kubmetr qaz Azərbaycana satılacaq.
20 il tarixi baxımdan bir göz qırpımıdır. Yəqin ki, 1994-cü ildə heç kəs Azərbaycanın Avropa üçün enerji resurslarının şaxələndirilməsini təmin edəcək əsas tədarükçü olacağını düşünməzdi. İndiki reallıqlar isə ölkənin hələ yüzilliklər boyunca regionun əsas oyunçusu olaraq qalacağını göstərir. İndi Azərbaycanın qaz ehtiyatının 3 trilyon kubmetr olduğu deyilir. Bununla yanaşı, ölkənin qaz potensialını yüksəldə biləcək daha bir neçə layihə də var. Bugünkü tərəfdaş münasibətləri, aparılan işlər Azərbaycanın qaz ehtiyatının yeni bazarlara da çıxarılmasına imkan verir.
İLK MƏNBƏLƏRDƏN
"Şahdəniz-2" layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. "Şahdəniz" layihəsinin imzalandığı 1990-cı illərdə bu, belə deyildi. Bu gün isə bu, artıq reallıqdır".
İlham Əliyev, Azərbaycan Prezidenti
"Çernoqoriya bu layihəyə qoşulmaqla öz uzunmüddətli enerji təhlükəsizliyini təmin edəcək. Çünki burada söhbət çox ciddi təchizatdan gedir".
Filipp Vuyanoviç, Çernoqoriya Prezidenti
"Dünyanın ən nəhəng enerji layihələrindən biri reallığa çevrilməkdədir. Biz Avropanın enerji marşrutlarının xəritəsini çəkirik".
Uilyam Heyq, Böyük Britaniyanın xarici işlər naziri
"Azərbaycan şirkətləri və resursları Cənubi Avropa ölkələri üçün yeni mənzərə yaradacaq. Albaniya isə vacib enerji layihəsi şəbəkəsinin tərkib hissəsi olacaq. Biz Albaniya və Cənub-Şərqi Avropa ilə bağlı bütün öhdəliklərə əməl olunacağına zəmanət veririk".
Edi Rama, Albaniyanın Baş naziri
"Azərbaycan bizim regionun və Avropa İttifaqı ölkələrinin enerjiyə olan tələbatlarının ödənilməsində vacib ölkəyə çevrilir. Bununla yanaşı, Gürcüstanın coğrafi mövqeyi ona Cənubi Qafqazda nəqliyyat bəndi rolu oynamaq imkanı verir. O, Avropanı Türkiyə ilə birlikdə Xəzər dənizi regionu ilə birləşdirməyin ən yaxın yoludur".
İrakli Qaribaşvili, Gürcüstanın Baş naziri
"Bu layihənin bizim üçün xüsusi əhəmiyyəti var… Bu, yalnız enerji təhlükəsizliyi demək deyil. Bu, həm də əməkdaşlıqdır. Bu, ölkələrin birliyi, yeni iş yerləri, yeni investisiyalar deməkdir".
Zoran Milanoviç, Xorvatiyanın Baş naziri
"Xəzərin sərvətlərinin dünya bazarlarına çıxarılması həm bu regionun, həm də digər regionların rifah halını daha da yüksəldəcək. Türkiyə bütün strateji, coğrafi üstünlüklərindən istifadə edərək, bu layihənin uğur qazanmasına yardım göstərəcək".
Taner Yıldız, Türkiyənin enerji və təbii resurslar naziri
"Yaxın keçmişdə bəziləri bu layihənin reallaşdırılmasını mümkünsüz sayırdı. Amma bu, tərəfdaşlığa əsaslanan əməkdaşlıq sayəsində bu regionda mümkünsüz sayılan layihələrin reallaşdırıldığı ilk hal deyil. Əvvəlcə Bakı-Tbilisi-Ceyhan, indisə "Cənub qaz dəhlizi"".
Günter Ottinger, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı
BİZİM ARAYIŞ
"Şahdəniz" yatağının işlənilməsinə dair müqavilə 4 iyun 1996-cı ildə imzalanıb və həmin ilin 17 oktyabrında Milli Məclis tərəfindən ratifikasiya olunub. La-yihənin səhmdarları BP - 28,8%, SOCAR - 16,7%, Statoil - 15,5%, LUKoil -10%, NICO - 10%, Total - 10% və TPAO - 9% şirkətləridir.
TANAP qaz kəməri "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsi çərçivəsində Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir. Layihənin iştirakçıları SOCAR (68%), BP (12%) və BOTAS (20%) şirkətləridir.
TAP qaz kəməri "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsi çərçivəsində təbii qazın Yunanıstan və Albaniya vasitəsilə İtaliyaya nəqlini nəzərdə tutur. Boru xətti ildə 10 milyard kubmetr qaz nəql edə biləcək. Bu həcmin tələbatdan asılı olaraq, ildə 20 milyard kubmetrədək artırılması mümkün olacaq. Səhmdarlar arasında pay bölgüsü belədir: SOCAR (20%), BP (20%), Statoil (20%), Fluxys (16%), Total (10%), E.ON (9%) və EGL-Axpo (5%).
MƏSLƏHƏT GÖR: